Məhkəmə qərarları › İş №2(075)-592/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-592/2021

03.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-592/2021 03.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Cavabdeh5 etibarnamə üzrə nümayəndəsi (vəkili) X1 iştirakı ilə İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Daşınmaz Əmlakın Dövlət Reyestrində 5 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınan Seriya MA, ******* nömrəli çıxarışa əsasən Şəki şəhəri, M.Əzizbəyov küçəsində yerləşən 49 nömrəli fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı BOKT MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh5 etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 mülki işə mahiyyəti üzrə baxılması barədə məhkəməyə ərizə təqdim etmişdir. Cavabdeh5 etibarnamə üzrə nümayəndəsi (vəkili) X1 mülki işə mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq MPM-nin 259.0.7-ci maddəsinə əsasən mülki iş üzrə məhkəmə prosesi davam etdirilmişdir. İddiaçı BOKT MMC iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, 31 may 2011ci il tarixdən başlayaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən, Daşınmaz Əmlak Dövlət Reyestrində 5 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınan Seriya MA, ******* nömrəli çıxarışa əsasən, Şəki şəhəri, M. Əzizbəyov küçəsində yerləşən 49 nömrəli fərdi yaşayış evi İddiaçı BOKT MMC-yə məxsusdur. Lakin həmin mənzil İddiaçı BOKT MMC-nin adına keçsə də mənzilin qeydiyyatında olan, bu iddia ərizəsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 hal-hazıradək qeydiyyatdadır və həmin evdə yaşayırlar. Ona görə də kredit təşkilatı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı BOKT MMC cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılmaları barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərin hal-hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evi onların mülkiyyətindədir və buna görə də onlar həmin mənzildən çıxarılmalıdır. İddiaçı tərəfin tələbi ilə razılaşmırlar. Belə ki, iddiaçı tərəf kimi kimin evindən çıxardığını hələ də bilmir. İddiaçı tərəf iş materiallarına DƏDRX-nin Şəki Ərazi İdarəsindən verilmiş ******* nömrəli çıxarışı təqdim etmişdir. İddiaçılara çıxarışın verilməsi üçün əsas Şəki Rayon Məhkəməsinin 05 may 2009-cu il tarixli qərarı olmuşdur. Həmin qərarla iddiaçının tələbi təmin edilmiş və borc tələbi ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən yaşayış evinə yönəldilmişdir. Hərrac protokolu ilə həmin ev iddiaçı tərəfin adına qeydə alınmışdır. Lakin sonradan Şəki Rayon Məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə cinayət işi qaldırılmış və daha sonra çıxarış ləğv edilmişdir. Şəki Rayon Məhkəməsinin 05 may 2009-cu il tarixli qərarından apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 02 sentyabr 2011-ci il tarixli, 2(107)-253/2011 saylı qərardadı ilə İddiaçı BOKT MMC-nin ipoteka predmetinə yönəldilmə barədə iddiası baxılmamış saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin 19 yanvar 2017-ci il tarixli, 2(075)-244/2017 saylı qərarı ilə Cavabdeh5 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 22 oktyabr 2007-ci il tarixli, 12172/07 saylı ipoteka müqaviləsi etibarsız hesab edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18 aprel 2018-ci il tarixli, 2-1(84)-425/2018 saylı qərarı ilə çıxarışın verilməsi öhdəliyi DƏDRX-nin Şəki Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bundan sonra ünvan 1 ünvanında yerləşən yaşayış evi 24 avqust 2018-ci il tarixdə Cavabdeh5 adına qeydə alınmışdır. Beləliklə, iddiaçı bu tələblə Cavabdeh5 onun özünə məxsus evdən çıxarmaq istəyir. 2009-cu ildən bu günə kimi iddiaçı tərəfin iştirakı ilə müxtəlif məhkəmə prosesləri olmuşdur. Cinayət işi üzrə iddiaçı tərəf özü zərərçəkmiş şəxs olmuş və proseslərdə iştirak etmişdir. Bu günə kimi iddiaçı tərəf öz adlarına almış çıxarışın qüvvədə olub-olmadığını araşdırmamışdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edir. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən onların iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 19 yanvar 2017-ci il tarixli, 2(075)-244/2017 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh5 ilə İddiaçı BOKT QSC arasında bağlanmış 22 oktyabr 2007-ci il tarixli, 12172/07 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və onun İddiaçı BOKT QSCnin xeyrinə yüklü edilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yüklülükdən azad edilməsi qət edilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 20 avqust 2018-ci il tarixdə verilmiş 9745 inventar nömrəli texniki pasportun və 24 avqust 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 (yeni qaydalarla ünvan 2 ünvanında 0.04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində 67 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə iclasında tərəflərin izahatı işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, mübahisəli fərdi yaşayış evi kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş, sonradan Cavabdeh5 tərəfindən mübahisələndirilmiş və ipoteka müqaviləsi etibarsız hesab edilərək ipoteka predmeti yüklülükdən azad edilmişdir. Bundan sonra fərdi yaşayış evi Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda iddiaçı əmlakın yüklülükdə olduğu dövrdəki çıxarışa istinad edərək faktiki olaraq cavabdehin adına qeydiyyata alınmış əmlakdan mülkiyyətçinin və onun ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməsi və çıxarılmalarını xahiş edir. Məhkəmə biavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitutsiyasının 60-cı maddəsinin tələblərinə əsasən qeyd edir ki, məhkəmələr pozulmuş hüquqların müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci və 5.3-cü maddələrinin tələbinə görə iddiaçı yalnız özünün qanunla qorunan hüquq və azadlıqları, eləcə də maraqları ilə bağlı məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddiaçı BOKT MMC Şəki şəhəri, M.Əzizbəyov küçəsində yerləşən 49 nömrəli fərdi yaşayış evinin mülkiyyətçisi olmadığından, həmin əmlak hazırda Cavabdeh5 tam mülkiyyətində olduğundan iddiaçı cavabdehlərin həmin evdən istifadə hüquqlarına xitam verilməsi və çıxarılmalarını mübahisələndirmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apelyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı» olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz» Göründüyü kimi şəxsin tələblə məhkəməyə müraciəti zamanı ilk növdədə onun həmin tələblə iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması və cavabdeh tərəfindən şəxsin subyektiv hüququnun pozulub-pozulmaması halları araşdırılmalıdır. Subyektiv hüququn yaranması üçün ən vacib elementi olan öz hərəkətlərinə hüquqi ixtiyar hazırkı tələbdə iddiaçıya məxsus deyildir. Birinci element olmadığı təqdirdə subyektiv hüququn digər elementlərindən söhbət gedə bilməz. “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. İddiaçının qeyd edilən fərdi yaşayış evinə dair mülkiyyət sənədləri olmadığından hazırkı iddiaya baxılması mümkün deyildir. Odur ki, iddiaçı mülkiyyətində olmayan evdən cavabdehlərin çıxarılmalarını tələb etməkdə haqlı deyildir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası əsaslı olmadığından təmin edilməməlidir. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı BOKT MMC-nin “Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Daşınmaz Əmlakın Dövlət Reyestrində 5 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınan Seriya MA, ******* nömrəli çıxarışa əsasən Şəki şəhəri, M.Əzizbəyov küçəsində yerləşən 49 nömrəli fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları” tələbinə dair iddiası təmin edilməsin. İddiaçının dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar