Məhkəmə qərarları › İş №2(075)-612/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-612/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-612/2021 24.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əmlak» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 750 manat pul məbləğinin, 650 (altı yüz əlli) manat qiyməti olan 5 qram bir cüt qızıl sırğa və 300 (üç yüz) manat qiyməti olan 3.5 qram qızıl üzük və ya onların dəyəri – ümumilikdə 950 (doqquz yüz əlli) manat pul məbləğinin Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmədə baxılarkən iddiaçının razılığı ilə Cavabdeh2 cavabdeh qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun qardaşı qızıdır. Cavabdeh 2015-ci il tarixdə ondan 800 azn pul məbləği, bir ədəd qızıl üzük və bir cüt sırğa almışdır. Aralarında olan müqavilə şifahi şəkildə bağlanmışdır. Həmin şəxs daha sonra nəzərdə tutulan pul məbləğini ödəməmiş və 750 manat borcu yaranmışdır. Bundan əlavə cavabdeh ondan almış olduğu bir ədəd 3.5 qram qızıl üzük (əvvəlki dəyəri 400 azn olmaqla) və bir cüt 5 qramlıq qızıl sırğanı (əvvəlki qiyməti 650 azn olmaqla) da qaytarmamışdır. Dəfələrlə cavabdehlə telefon vasitəsilə əlaqə saxlayıb pulun və qızılziynət əşyalarının qaytarılmasını tələb etsə də cavabdeh buna heç bir əhəmiyyəti verməmiş, onun telefon nömrəsini qara siyahıya salmışdır. 2019-cu il tarixdə isə cəmi 50 manat pul vermişdir. İlk əvvəllər onunla telefonla danışdığı zaman telefon vasitəsilə səs yazılarını qeydə almışdır. Pulu və qızıl-ziynət əşyalarını şahidlərin yanında vermişdir. Onlar da bunu təsdiq edə bilərlər. Hazırkı işlə bağlı 102 qaynar xəttinə zəng vurmuş, Qaradağ RPİ-də iş getmiş, mübahisə mülki xarakterli olduğundan icraata xitam verilmişdir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh1 digər Cavabdeh2 ilə qeyri-rəsmi nikahda yaşamışlar. Cavabdeh1 və Cavabdeh2 verəcəkləri olduğu üçün ondan borc istəmişlər. O da cavabdehlərə inanıb onlara borc vermişdir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, cavabdehlər ona indiyə kimi cəmi 50 manat pul qaytarmışlar. Cavabdehlər ondan növbəti dəfə borc istədikdə pulu olmadığı üçün qızıl sırğa və üzüyünü onlara vermişdir. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, İddiaçı onun bibisidir. 2015-ci ildən Cavabdeh2 ilə qeyri-rəsmi nikahda yaşamışlar. Həmin vaxtlar Ataş maşın aldığı üçün pul lazım olmuş, bibisi İddiaçı 800 manat borc pul istəmişlər. Həmin pul Cavabdeh2 şəxsən özünə verilmişdir. Sonradan Ataş həmin puldan 200 manat qaytarmış və 600 manat borcu qalmışdır. Qızıl-ziynət əşyalarına münasibətdə qeyd etmişdir ki, bibisi ona özünə məxsus bir cüt qızıl sırğa hədiyyə etmişdir. Cavabdeh2 ilə birgə yaşadıqları dövrdə borcu olduğundan lombarda qoyub satmışdır. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, 800 manat borc pul şəxsən Cavabdeh2 tərəfindən iddiaçıdan istənilmiş və şəxsən ona göndərilmişdir. Onun bu işdə yeganə təqsiri odur ki, iddiaçı Cavabdeh2 onun vasitəsilə tanıyıb, inanıb və borc verib. Bir cüt qızıl sırğanın isə yenisini alıb iddiaçıya qaytaracaqdır. İddia ərizəsində qeyd edilən bir ədəd qızıl üzükdən isə ümumiyyətlə xəbəri yoxdur. Bütün bunları nəzərə alaraq məhkəmədən qanuni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər Cavabdeh2 məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X1 bildirdi ki, İddiaçı onun bacısı, Cavabdeh1 onun qardaşı qızıdır. İddiaçı Cavabdeh1 800 manat pul, bir cüt özünə məxsus sırğa və üzüyü vermişdir. Lakin Ramiyə bu günə kimi qızılları verməmiş, borcdan isə cəmi 50 manat qaytarmışdır. İddiaçı bu hadisələrdən stressə düşüb infarkt keçirmiş, lakin cavabdehlər bir dəfə də olsun ona baş çəkməmişlər. Əlavə olaraq bildirdi ki, iddiaçı Cavabdeh1 onu da aldadaraq 500 manatlıq kartını almış, pulu çıxarsa da banka olan borcu bu günə kimi ödəməmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X2 bildirdi ki, İddiaçı onun anasıdır. 5 ildir ki, anası ilə birlikdə yaşayır. Dayısı qızı Cavabdeh1 onlardan 800 manat borc pul istəmiş, daha sonra iddiaçı ona özünə məxsus bir cüt sırğa və bir ədəd firuzə qaşlı üzüyü vermişdir. Lakin indiyə kimi qızılları və pulu qaytarmamışdır. 2018-ci ildə anası ilə birlikdə maşın tutub Bərdə rayonuna – Cavabdeh2 yaşadığı evə getmişlər. Həmin vaxt evdə Ataş və atası olmuşdur. Pullarını tələb etdikdə yaxın vaxta qaytaracağını bildirmişdir. Onlar geri qayıdarkən Cavabdeh2 50 manat maşın pulunu ödəmişdir. Sonradan cavabdehlər pulu verməkdən boyun qaçırmış, məhkəməyə vermələrini bildirmişlər. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X5 bildirdi ki, İddiaçı Şəki rayonu Kiçik Dəhnə kənd sakini kimi tanıyır. Özü Şəki-Bakı avtobusu sürür. İddiaçı mütəmadi olaraq Cavabdeh1 "zənbil" göndərmişdir. 5-6 il əvvəl İddiaçı Bakı şəhərinə aparmış, Müşfiq qəsəbəsinə çatdıqdan sonra Cavabdeh1 və onun yanında Ataş adlı şəxs onları qarşılamışdır. Bundan sonra İddiaçı onun yanında yaylığın içinə bükülmüş pulu çıxarıb saymış, 800 manatı Cavabdeh1 vermişdir. İddiaçı elə həmin gün onun avtobusu ilə Şəkiyə qayıtmışdır. İşdə olan «Kristal MM Qiymətləndirmə» tərəfindən 26 aprel 2021-ci il tarixdə verilmiş 1103/21 nömrəli qiymətləndirmə rəyindən görünür ki, İddiaçı aid qızıl-ziynət əşyalarının təqribi bazar qiymətləri aşağıdakı kimidir: 1 ədəd 3 qram çəkidə 583 əyarlı firuzə qaşlı qızıl üzük – 340 manat və 1 ədəd 4.40 qram çəkidə 583 əyarlı şüşə qaşlı qızıl sırğa – 500 manat olmaqla, cəmi 840 manat. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin PB-nin baş təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən HK-1/217 nömrəli material üzrə qəbul edilmiş 02 fevral 2021-ci il tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, 28 yanvar 2021-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzinə və eləcə də Qaradağ RPİ-nin 10-cu PB-nə ərizə ilə müraciət edərək, 2015-ci ildə qardaş qızı Ramiyəyə 800 manat borc pul verdiyini, sonuncunun həmin pulu qaytarmadığını və həmin gün onu ölümlə hədələdiyini bildirmişdir. Material üzrə izahatı alınmış, İddiaçı bildirmişdir ki, Ramiyə qardaşı qızıdır. Əvvəllər münasibətləri yaxşı olmuş, 2015-ci il tarixdə Ramiyəyə 800 manat borc pul vermiş, Ramiyə o pulu geri qaytarmadığı üçün münasibətləri pozulmuşdur. 28 yanvar 2021-ci il tarixdə Ramiyənin yaşadığı ünvana gedib ondan borcunu istəmiş, Ramiyə onu söyərək, bir də onlara gələcəyi təqdirdə onu öldürəcəyini bildirmişdir. Verilən suallara cavab olaraq Ramiyənin onu öldürmək üçün heç bir hərəkət etmədiyini, ona heç bir zərər yetirmədiyini, sadəcə olaraq sözlə hədələdiyini bildirmişdir. Material üzrə izahatı alınmış, Cavabdeh1 bildirmişdir ki, Ofelya bibisidir. Əvvəllər münasibətləri yaxşı olmuşdur. 2015-ci il tarixdə onunla birlikdə qeyri-rəsmi nikahda yaşayan Ataş adlı şəxs Ofelyadan 800 manat borc pul almış, sonra geri qaytarmamışdır. 28 yanvar 2021-ci il tarixdə Ofelya onun yaşadığı ünvana getmiş və həmin pulu ondan istəmişdir. O da pulu olmadığı üçün Ofelyanı evdən qovmuşdur. Mübahisə zamanı o, Ofelyanı sözlə hədələmiş, lakin heç bir zərər yetirməmişdir. Toplanmış materialdan görünür ki, 28 yanvar 2021-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzinə və eləcə də Qaradağ RPİ-nin 10-cu PB-nə ərizə ilə müraciət edərək, 2015-ci ildə qardaşı qızı Ramiyəyə 800 manat borc pul verdiyini, sonuncunun həmin pulu qaytarmadığını və həmin gün onu ölümlə hədələdiyini bildirmişdir. Sonrakı araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh1 qohumdurlar. Əvvəllər münasibətləri yaxşı olmuş, aralarında heç bir mübahisə baş verməmişdir. Qeyd edilən tarixdə tərəflər arasında şəxsi münasibətlərin pozulması zəminində münaqişə baş vermiş, Cavabdeh1 İddiaçı sözlə hədələmişdir. Lakin Cavabdeh1 İddiaçı həyat və sağlamlığı üçün real təhlükə hesab ediləcək heç bir hərəkət etməmiş, ona zərər yetirməmişdir. Buna görə də Cavabdeh1 əməlində cinayət tərkibi yoxdur. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı 2015-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borc olaraq nağd şəkildə 800 manat pul, həmçinin bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük vermişdir. Cavabdehlər həmin məbləğdən 50 manat ödəniş etmiş, lakin bu günə kimi qalıq 750 manat borcun icrasını təmin etməmiş və qızıl-ziynət əşyalarını qaytarmamışlar. Bu səbəbdən də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddianı müdafiə etmişdir. Cavabdeh1 iddianı borc pul və qızıl sırğa hissəsində qəbul etmiş, digər Cavabdeh2 isə məhkəmə iclaslarında iştirak etməməklə iddiaya münasibət bildirməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən iddiaçının özgəsinin qanunsuz sahibliyindən öz əmlaklarını geri tələb etmək hüququ vardır. Həmin maddənin mənasına görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılmasını tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmadığını sübut etməlidir. Göründüyü kimi cavabdehlər iddiaçıdan 800 manat borc pul alsalar da, borcu bu günə kimi tam şəkildə qaytarmamışlar. Cavabdeh1 məhkəmə iclasında həmin borcdan 200 manat qaytardıqlarını bildirsə də, Qaradağ RPİ-nin 10-cu PB-də verdiyi izahatında iddiaçıya 800 manat borcları olduğunu etiraf etmişdir. Odur ki, məhkəmə cavabdehin məhkəmə iclasında verdiyi izahatına tənqidi yanaşır və qeyd edir ki, iddiaçı cavabdehlərin 800 manat puldan 50 manat qaytardıqlarını bildirməsini nəzərə alaraq, iddiaçını cavabdehlərdən xeyrinə 750 manat borcun qaytarılmasını tələb etməkdə haqlı hesab edir. Bundan başqa iş materialları ilə müəyyən olunur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük almaqla, qanuni və müqavilə əsası olmadan əsassız varlanmışlar. Ona görə də cavabdehlər əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdırlar. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı ona məxsus qızıl-ziynət əşyalarını, olmadıqda onların dəyərini cavabdehlərdən tələb etməkdə haqlıdır. Lakin məhkəmə həmin qızıl-ziynət əşyalarının çəkisi və dəyəri ilə bağlı hissədə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində həmin əşyalar – 650 manat qiyməti olan 5 qram bir cüt qızıl sırğa və 300 manat qiyməti olan 3.5 qram qızıl üzük şəklində göstərilsə də iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qiymətləndirmə rəyində həmin əşyalar – 1 ədəd 340 manat dəyərində 3 qram çəkidə qızıl üzük və 1 ədəd 500 manat dəyərində 4.40 qram çəkidə qızıl sırğa şəklində göstərilmişdir. İddiaçı tərəfindən ərizədə qızıl-ziynət əşyalarının çəkisi və dəyəri məhz tələb edilən miqdarda olması digər bir sübutla əsaslandırılmadığından məhkəmə «Kristal MM Qiymətləndirmə» tərəfindən verilmiş 26 aprel 2021-ci il tarixli, 1103/21 nömrəli qiymətləndirmə rəyində göstərilən məbləği daha əsaslı və cavabdehlərin iddiaçıya olan borcunun müəyyənləşdirilməsində məhz həmin rəyə istinad edilməsini doğru hesab edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 750 manat məbləğində pul, həmçinin 1 ədəd 340 manat dəyərində 3 qram çəkidə qızıl üzük və 1 ədəd 500 manat dəyərində 4.40 qram çəkidə qızıl sırğa, olmadıqda onların dəyəri olan 840 manat alınaraq İddiaçı verilməli, əsassız olduğundan iddia qalan hissədə təmin edilməməlidir. Tələb etməməsi nəzərə alınaraq Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 222-227, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 750 manat məbləğində pul, həmçinin 1 ədəd 340 manat dəyərində 3 qram çəkidə qızıl üzük və 1 ədəd 500 manat dəyərində 4.40 qram çəkidə qızıl sırğa, olmadıqda onların dəyəri olan 840 manat alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar