Məhkəmə qərarları › İş №2(075)-637/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-637/2021

08.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-637/2021 08.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Rüstəmli Məmmədemin Siracəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “payın müəyyən edilməsi, evə köçürülməsi və həmin evdən istifadəsinə edilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh ilə ailə qurarkən gəlin düşdüyü və bu günədək yaşadığı ünvan 1 ünvanında yerləşən evdən istifadə hüququnun tanınması, həmin evə köçürülməsi və həmin evdən istifadəsinə edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin artırılması barədə ərizə göndərərək, onun Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri, Şəki Rayonlararası Texniki İnvertarlaşdırma Bürosu tərəfindən 12 aprel 2000-ci il verilmiş qeydiyyat vəsiqəsinə əsasən tam olaraq Cavabdeh adına qeydə alınmış ünvan 2 ünvanında yerləşən evinin (torpaq sahəsi ilə birlikdə) 1/2 hissəsinə onun payının tanınması, onun həmin evə köçürülməsi və həmin evdən istifadəsinə edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəməyə gəlməmişdir. Lakin İddiaçı 06 may 2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək, bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi və iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək göstərmişdir ki, o, Cavabdeh ilə 02 aprel 1993-cü il tarixdə nikah bağlayaraq ailə qurmuşdur. Bu nikahdan onların 05 may 1996-cı il təvəllüdlü X4 və 29 aprel 2005-ci il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Sonradan cavabdehin təqsiri ucbatından Şəki Rayon Məhkəməsinin 2(075)-28/2021 saylı, 25.01.2021-ci il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuşdur. O, cavabdehlə ailə qurarkən onun ailə üzvlərinin razılığı ilə onlara məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Gəlin köçdüyü gündən həmin evdə yaşamışdır. O, öz evində yaşamaq istəyir. Gələcəkdə də bu hüquqlarının qorunması üçiü məhkəməyə müraciət etməyi qərara almışdır. Hesab edir ki, uzun müddət yaşadığı evdə onun yaşamaq və oradan istifadə etmək hüquqları vardır. Onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə payı müəyyən edilməli və o həmin evə rəsmi qaydada köçürülməlidir. Çünki onun həmin evdən istifadəsinə müxtəlif yollarla maneəçiliklər yaradırlar. İddianı müdafiə etmiş və qanuna müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh izahat verərək bildirdi ki, o, iddiaçı ilə 02 aprel 1993-cü il tarixdə nikah bağlayaraq ailə qurmuşdur. Bu nikahdan onların 05 may 1996-cı il təvəllüdlü X4 və 29 aprel 2005-ci il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Sonradan iddiaçı onu və uşaqlarını atıb getmiş və Şəki Rayon Məhkəməsinin 2(075)-28/2021 saylı, 25.01.2021-ci il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuşdur. Göstərmişdir ki, mübahisəli evi əslində atası onlar nikaha girməmişdən əvvəl almış, sadəcə həmin ev onlar birgə nikahda olduqları dövrdə yəni 2000-ci il tarixində onun adına rəsmiləşdirilmişdir. İddiaçı boşanmaq üçün məhkəmədə özü iddia qaldırmış və uşaqlarını da evi də tərk edib getmişdir. Hesab edir ki, iddiaçının onlarla birlikdə sözügedən evdə yaşaya bilməz və həmin evə köçürülməməlidir. Buna görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdırıb sübutlara məcmuu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıda şərh olunanlara əsaslanmışdır. İş materiallarında olan Şəki rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(075)- 28/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 02 aprel 1993-cü il tarixdə bağlanmış 14 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları - 29 aprel 2005-ci il təvəllüdlü X1 ata X2 himayəsində saxlanılması qət edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 16.05.2000ci il tarixli qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, 23-cü rayon, D.Bünyadzadə küçəsində yerləşən 2 otaq, 20,5 kv/m-dən ibarət 54 nömrəli yaşayış evi Cavabdeh adına qeydə alınmışdır. Beləliklə, məhkəmə iclasında işin araşdırılan halları ilə təsdiq olundu ki, İddiaçı Cavabdeh ilə 02 aprel 1993-cü il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə yaşadıqları müddətdə 05 may 1996-cı il təvəllüdlü X4 və 29 aprel 2005-ci il təvəllüdlü X3 adlı iki uşaqları olmuşdur. Şəki Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(075)- 28/2021 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Tərəflər birgə nikahları dövründə Şəki şəhəri, 23-cü rayon, D.Bünyadzadə küçəsində yerləşən 2 otaq, 20,5 m2-dən ibarət 54 nömrəli yaşayış evi əldə etmişlər və həmin yaşayış evi Cavabdehun adına qeydə alınmışdır. İddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə iddianı qəbul etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Həmin Məcəllənin 9.4-cü maddəsinin tələbinə görə ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylar bərabər hesab edilir. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Yuxarıda şərh olunan işin hallarına tətbiq edilməli olan hüquq normalarına əsasən qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, ünvan 3 ünvanında yerləşən yaşayış evi tərəflərin birgə nikahları dövründə əldə edilmiş əmlakdır. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən ibarət yaşayış evi üzərində İddiaçı hüquqlarının olması aşkardır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən yaşayış evi birgə nikah dövründə əldə edilməklə həmin evin üzərində pay hüququnun olması ilə bağlı iddiaçının tələbi qanuni və əsaslıdır. Beləliklə, məhkəmə hesab edir ki, ünvan 3 ünvanında yerləşən ev üzərində İddiaçı ½ pay hüququ müəyyən edilməli, İddiaçı həmin evə köçürülməli və onun həmin evdən istifadəsinə edilən maneələr qadağan edilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Tələb etmədiyindən ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 222.2, 227.1 və 238, 244, 252 və 360-cı maddələrinin tələblərinə əsasən məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh adına qeydə alınmış ünvan 3 ünvanında yerləşən ev üzərində İddiaçı ½ pay hüququ müəyyən edilsin. İddiaçı ünvan 3 ünvanında yerləşən evə köçürülsun və onun həmin evdən onun istifadəsinə edilən maneələr qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar