Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-641/2021 10.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X5, Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “pul və mənəvi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə cavabdeh X3 qarşı məhkəməyə müraciət edərək, cavabdeh X1 2250 (iki min iki yüz əlli) mant borc, 250 (iki yüz əlli) manat dəymiş ziyan və 30 (otuz) manat dövlət rüsumu olaraq, ödənilmiş pulun məcburi qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh X1 2250 manat borc, 250 manat dəymiş mənəvi ziyan və 30 manat dövlət rüsumu olaraq, ödənilmiş pulun məcburi qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, Cavabdeh 04 noyabr 2020-ci il tarixdə yaşadığı Qax rayonu, Qum kəndində onun evinə gələrək ona məxsus 3 baş iri buynuzlu malları 2250 manata onunla razılaşaraq almış və pulunu 1 həftəyə gətirib verəcəyini bildirmişdir. Həmçinin cavabdeh ona pasportunu verərək pulu gətirənədək onda qalmsını demişdir. Lakin o, cavabdehə inanmış, pasportunu almamış və onunla razılaşmışdır. Lakin cavabdeh dəfələrlə ona xəbərdarlıqlar olunmasına baxmayaraq borclu olduğu pulu ona ödəməmişdir. O, bir neçə dəfə cavabdehin atası Tələt Abdurahmanovun yanına, Şəki rayonu, Oxut kəndinə getmiş və atası bildirmişdir ki, o, oğlu Xaqaninin ondan aldığı 3 baş iri buynuzlu malı görmüş və oğluna bildirmişdir ki, malların pulunu vermək lazımdır. Dəfələrlə tərəfindən cavabdehə pulun qaytarılması barədə xəbərdarlıq etməyisinə baxmayaraq cavabdeh, borclu olduğu pulu ödəyəcəyini bildirsə də, bu günədək puldan ona heç bir məbləğ ödənilməmişdir. Həmçinin bildirdi ki, o, həmin pulu almaq üçün dəfələrlə Şəki rayonuna, həmçinin məhkəməyə taksi vasitəsi ilə getmiş, bununla da ona mənəvi zərər dəymişdir. Belə ki, o cavabdehin bu hərəkətlərindən əsəbləşmiş və stres keçirmişdir. Əlinin zəhməti ilə yetişdirdiyi mallara görə pulu 04.11.2020-ci ildən bəri uzun müddətdir ki, ona qaytarmamışdır. Buna görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) X7 da, İddiaçı ilə eyni məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X4 izahat verərək göstərdi ki, o, 04 noyabr 2020-ci il tarixdə yaşadığı Qax rayonu, Qum kəndində cavabehin evinə gələrək ona məxsus 3 baş iri buynuzlu malları cəmi 2250 manata onunla razılaşaraq almış və pulunu 1 həftəyə gətirib verəcəyini bildirmişdir. Lakin sonradan işləri tərs gətidiyindən və maddi imkanı aşağı olduğundan borcunu ödəyə bilməmişdir. Buna baxmayaraq borclu olduğunu bilir və 2250 manat borcunu tam hissədə qəbul edir. Həmçinin iddiaçıya əlavə olaraq 50 manat verəcəyini bildirmişdir. Etdiyi hərəkətlərdən adət-ənənəyə uyğun olmadığını anlayır və buna görə də iddiaçının 250 manat mənəvi zərər tələbini də qismən olmaqla 100 manat məbləğində qəbul edir. Həmçinin o bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, cavabdeh iddiaçının 2250 manat əsas borc məbləğini mübahisələndirməmiş, əksinə onu etiraf edərək qəbul etmişdir. Buna görə də məhkəmə cavabdehin iddianın 2250 manat hissəsinə münasibətdə etirafını qəbul edir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Məhkəmə iddiaçının iddiasının mənəvi zərər hissəsinə münasibətdə aşağıdakıları bildirir. Belə ki, məhkəmə iclası zamanı cavabdeh iddianın 250 manat mənəvi zərər hissəsini 100 manat məbləğində, yəni qismən qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri- əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə iddia tələbinin 250 manat mənəvi ziyanla bağlı hissəsinə hüquqi qiymət verərək və yuxarıda adı çəkilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarlarında səpgilənən hüquqi mövqeyi nəzərə alaraq onu qeyd edir ki, cavabdehin maddi ziyanla bağlı mülki məsuliyyəti müəyyən edilərək iddiaçıya maddi ziyanın vurulması məhkəmə iclasında öz təsdiqini tapdığından və iddia edilən mənəvi ziyan da maddi ziyanla bilavasitə bağlı olduğundan şəxsə mənəvi ziyanın vurulması da qaçılmazdır. Belə ki, həqiqətən də cavabdehin qeyri-hüquqi hərəkəti iddiaçının şüurunda hər hansı sarsıntılara səbəb ola bilər və iddia ərizəsində artıq o hala toxunulması iddiaçının hazırda da hüquqa zidd hərəkətlərdən mənəvi əzab çəkməsinin göstəricisi kimi qiymətləndirilməlidir. Ancaq iddiaçının cavabdehin bu hüquqa ziddi hərəkətləri nəticəsində səhhətində hər hansı dəyişikliyə məruz qalmasını təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə mənəvi ziyanı 150 manat həddində müəyyən etməyi məqsədə müvafiq hesab edir. Bu səbəbdən də məhkəmə iddia tələbinin mənəvi ziyanla bağlı hissəsinin iddia tələbində göstərilən həddə, yəni 250 manat məbləğində təmin edilməsini qanuni və ədalətli əsaslı hesab etmir. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 2250 manat borc, 150 manat dəymiş mənəvi ziyan və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 2250 manat borc, 150 manat dəymiş mənəvi ziyan və 30 manat dövlət rüsumu məcburi qaydada alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-641/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-641/2021
10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver