Məhkəmə qərarları › İş №2(075)-703/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-703/2021

20.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-703/2021 20.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X4, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisinə qarşı «müqavilənin etibarsız hesab edilməsi və əmlakda payın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu 2 saylı Dövlət notariat kontorunda bağlanılmış 16 oktyabr 2008-ci il tarixli, 4Ə-2/366 nömrəli müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsində onun payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının razılığı ilə “xxxx” KB ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, 1954-cü il tarixdə X5 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. 1966-cı ildə hazırda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini inşa etdirmişlər. Həmin vaxtdan o, həmin evdə yaşayır və həmin evin yarısının mülkiyyətçisidir. Lakin 10 gün qabaq öyrənmişdir ki, 16 oktyabr 2008ci il tarixdə onun xəbəri və razılığı olmadan mərhum əri X5 birgə nikah zamanı əldə etdikləri, ümumi birgə mülkiyyətlərində olan daşınmaz əmlakı, yəni ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini oğulları Cavabdeh1 bağışlamışdır. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirmiş, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən verilən suallara cavab olaraq bildirmişdir ki, əmlakın bağışlanmasından xəbəri olmamışdır. Əmlakda digər övladlarının da payı vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 göstərmişdir ki, mübahisəli əmlak 2008ci ildə ona bağışlanmışdır. Əmlakın bağışlanılmasından anasının xəbəri olmamışdır. Sonradan əmlakı “xxxx” KB ASC-yə ipotekaya qoymuş və kredit götürmüşdür. Anası əmlakın ona bağışlanmasını “xxxx” KB ASC tərəfindən bildirişlər göndərildikdə bilmişdir. Məhkəmə tərəfindən verilən suallara cavab olaraq bildirdi ki, anasını evdən o deyil, bank çıxarır. O, anasının həmin evdə yaşamasına etiraz etmir. Bundan başqa iddia tələbinin təmin edilməsinə etirazı yoxdur. Digər cavabdeh Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” KB ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 25 avqust 2006-cı il tarixdə verilmiş MH seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, S.Rəhman küçəsində 0.07 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 115.8 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 135 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəki şəhər İHB-nin “Topqarağac” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 06 sentyabr 2008-ci il tarixli, 1420 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X3 məxsusdur və onun aşağıdakı ailə üzvləri vardır: arvadı – İddiaçı, gəlini – X8, nəvələri – X12 və X11. İddiaçı və X8 tərəfindən ünvan 2 ünvanlanmış 16 oktyabr 2008-ci il tarixli notarial ərizələrin təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı və X2 Məhərrəməli Adıgözəl oğluna məxsus əmlakın Cavabdeh1 bağışlanılmasına etirazlarının olmadığını bildirmişlər. Şəki rayon 1 saylı dövlət notariat kontorunda bağlanmış 16 oktyabr 2008-ci il tarixli, 4Ə-2/366 reyestr nömrəli bağışlama müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X5 ona məxsus ümumi sahəsi 115.8 kv.m olan fərdi yaşayış evini oğlu Cavabdeh1 bağışlamışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 06 noyabr 2020-ci il tarixdə verilmiş **********35-10301 reyestr, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, S.Rəhman küçəsində 0.07 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 115.8 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə “xxxx” KB ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 135 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləyə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər (MM-in 153.3-cü maddəsi). Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi). Həmin Məcəllənin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Beləliklə, yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqlənmə ilə təsdiq olunur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli əmlak tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra evdə qeydiyyatda olan şəxslərin, o cümlədən İddiaçı razılıqları 16 oktyabr 2008-ci il tarixli, 4Ə-2/366 reyestr nömrəli bağışlama müqaviləsi ilə Cavabdeh1 bağışlanılmışdır. Əmlak kredit müqaviləsinin təminatı kimi ipotekaya qoyulmuş və hazırda “xxxx” KB ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Həmin Məcəllənin 339.4-ci maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. İddiaçı bağışlama müqaviləsindən xəbəri olmadığını bildirsə də iş materiallarında onun 16 oktyabr 2008-ci il tarixli razılıq ərizəsi mövcuddur və ərizə notariat kontoru tərəfindən təsdiqlənmişdir. Bundan başqa notarius tərəfindən tərəflər arasında qeyd edilən müqavilə bağlanarkən həmin müqavilənin bağlanmasında etibarsızlığa səbəb ola biləcək hər hansı qanun pozuntusuna yol verilməmiş, qeyd olunan mübahisəli mənzilə dair bağışlama müqaviləsi qanunvericiliyin və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” tələblərinə əməl edilməklə rəsmiləşdirilmişdir. Həmçinin, iddiaçı onun tərəfindən verilmiş razılıq ərizəsinin etibarsızlığını və ya həmin ərizəni imzalamağa məcbur edildiyini (zorakılıq və ya hədələmə) sübut edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsində onun payının müəyyən edilməsini xahiş etsə də, hazırda əmlak “xxxx” KB ASC-nin tam mülkiyyətində olduğundan və əmlakın bağışlanmasında hər hansı qanunsuzluğa yol verildiyi aşkar edilmədiyindən iddiaçı əmlakda payının müəyyən edilməsini məhkəmə qaydasında tələb etməkdə haqlı deyildir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisinə qarşı «müqavilənin etibarsız hesab edilməsi və əmlakda payın müəyyən edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı «Şəki rayonu 2 saylı Dövlət notariat kontorunda bağlanılmış 16 oktyabr 2008ci il tarixli, 4Ə-2/366 nömrəli müqavilənin etibarsız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsində onun payının müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar