Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-720/2021 04.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkili) X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsinin boşaldılması və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu, Qayabaşı kəndində yerləşən, xüsusi müslkiyyətlərində olan, Cavabdeh tərəfindən istifadə olunan 4,04 hektar torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi və Cavabdeh vurulmuş zərərə (əldən çıxmış fayda) görə 10504 (on min beş yüz dörd) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək göstərdi ki, o, xx.xx.1993-cü il tarixdə Şəki rayon Qayabaşı kəndində anadan olmuşdur. Şəki rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 1998-ci il tarixli 41 nömrəli qərarı ilə 3 nəfər ailə üzvlərinə 6,06 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə DTXK-nin Şəki rayon şöbəsi tərəfindən ailə üzvlərinin adına Torpağa Mülkiyyət Hüququna X13 hazırlanaraq verilmişdir. Qeyd edilən Dövlət Aktına əsasən onlara iki hissədə torpaq sahəsi ölçülərək təhvil verilmişdir. Torpaq sahəsi onlara verildikdən sonra səkkiz il müddətində istifadə etmişlər. 2006-cı ilin may ayında atası ilə anası arasında olan nikah pozulmuşdur. Bundan sonra anası xəstələnmiş, onun müalicə olunması üçün pula ehtiyacları olmuşdur. Həmin vaxt atası, hazırki iş üzrə Cavabdeh 600 (altı yüz) manat borc pul almışlar. Bir ay sonra cavabdeh onlardan borcu tələb etmiş lakin imkanları olmadığı üçün ödəyə bilməmişlər. Bundan sonra cavabdeh borcu hissə-hissə ödəməyi təklif etmiş, onlar də imkanlarının olmaması səbəbindən borc bitənədək torpaqlarını əkib-becərməsini bildirmişlər. Həmin vaxt onun 13 yaşı olduğu üçün bütün bu qeyd edilən məsələlər onun ana nənəsinin vasitəçiliyi ilə olmuşdur. X9 əslini də cavabdehə vermişdir. 03.07.2006-cı il tarixdə anası İlyasova (Bayramova) Aliyə Fərman qızı vəfat etmişdir. Növbəti ildə taxıl biçini zamanı onlar cavabdehə müraciət etdikdə cavabdeh, onlara etiraz etmiş, torpağı qaytarmaq fikrinin olmadığını demiş və onlara heç bir yardım etməyəcəyini bildirmişdir. Beləliklə 2007-ci ildən başlayaraq hər il taxıl biçilən vaxt cavabdehdən torpağı qaytarmasını tələb etmişlər. Lakin hər dəfə müxtəlif bəhanələrlə torpaqlarını qaytarmaqdan yayınmışdır. Onların mülkiyyətlərində olan torpaq sahəsindən çıxmağı cavabdehə təklif etsələr də cavabdeh buna razı olmamışdır. Həmçinin onun himayəsində fiziki qüsuru olan azyaşlı uşaq vardır. Mərhum anası və onun mülkiyyətlərində olan 4.04 hektar torpaq sahəsindən 14 (on dörd) il istifadə edən cavabdeh öz nəvəsinin müalicəsi üçün də onlara kömək etməmişdir. Bu yaxınlarda o, cavabdehə yenidən müraciət etmişdir. Cavabdeh torpağın qardaşı X1 tərəfindən əkildiyini və ona aid olduğunu bildirmişdir. Cavabdeh Saleh və Əhməd adlı qardaşları ilə birlikdə onların ailəsi kimi çarəsiz vəziyyətdə olmuş digər ailələrin də torpaqlarını heç bir haqq ödəmədən əkib-becərirlər. Onlar hətta həmin torpaqları özlərinin mülkiyyəti hesab edirlər. Göstərilənləri nəzərə alaraq, Şəki rayonu, Qayabaşı kəndində yerləşən, anası ilə onun xüsusi müslkiyyətlərində olan, Cavabdeh tərəfindən istifadə olunan 4,04 hektar torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi və Cavabdeh vurulmuş zərərə (əldən çıxmış fayda) görə 10504 (on min beş yüz dörd) manat pulun alınaraq ona verilməsi barədə qətnamə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) X7 izahat verərək göstərdi ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi onların ailə üzvlərinə ayrılmış pay torpaq sahəsidir. Həmçinin tərəflərin payları müəyyən olunmadığından cavabdehin istifadə etdiyi torpaq sahəsinin iddiaçıya məxsus olan hissəsinə düşüb-düşməməsini müəyyən etmək mümkün deyildir. Buna görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını tam və hərtərəfli araşdırıb, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş JN- 0009, KOD 40402048 nömrəli “Torpağa mülkiyyət hüququna X13”nın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən Cavabdeh, X4, İddiaçı cizgidə göstərilən sərhəd daxilində 6,06 hektar torpaq sahəsi verilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş JN-213A, KOD 40402048 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarına əsasən Şəki rayonu, Qayabaşı kənd sakinləri Cavabdeh, X4, İddiaçı, X5 və X2 0,10 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcələsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcələsinin 157.4-cü maddəsinə əsas əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İşdə olan JN-0009, KOD 40402048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından aydın olur ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən Cavabdeh, X4, İddiaçı cizgidə göstərilən sərhəd daxilində 6,06 hektar torpaq sahəsi verilmişdir. Göründüyü kimi qeyd edilən torpaq sahəsi hər üç şəxsin birgə istifadəsinə olmaqla birgə mülkiyyətindədir. Yəni qeyd edilən dövlət aktı üzrə nə iddiaçının nə də ki, cavabdehin payları müəyyən deyil və bu pay naturada ayrılmamışdır. Belə olan halda Cavabdeh istifadə etdiyi torpaq sahəsinin İddiaçı mülkiyyətində olan torpaq sahəsi olub-olmamasını araşdırmaq mümkün deyil. Buna görə də iddiaçı ilk olaraq ailə üzvlərinə verilmiş torpaq sahələri üzrə paylarının müəyyən edilməsi və naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli, daha sonra tərəflərin payları müəyyən olunduqdan sonra əgər cavabdeh ona məxsus torpaq sahəsini qanunsuz istifadə edirsə, ona qarşı hazırki iddia tələbi ilə məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, iddiaçı vəfat etmiş anasına düşən payı da tələb etməkdədir. Məhkəmə bu hala münasibətdə qeyd edir ki, vəfat etmiş ananın payının kim tərəfindən qəbul edilməsi məsələləri də araşdırılmalı və bu məsələ də tərəflər arasında və ya hüquqi müstəvidə öz həllini tapmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh tərəfindən ona 10504 manat ziyan vurması barədə də hər hansı sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Şəki rayonu Qayabaşı kəndində yerləşən, xüsusi mülkiyyətlərində olan, Cavabdeh tərəfindən istifadə olunan 4,04 hektar torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi və Cavabdeh vurulmuş zərərə (əldən çıxmış fayda) görə 10504 (on min beş yüz dörd) manat pulun alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Şəki rayonu Qayabaşı kəndində yerləşən, xüsusi mülkiyyətlərində olan, Cavabdeh tərəfindən istifadə olunan 4,04 hektar torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi və Cavabdeh vurulmuş zərərə (əldən çıxmış fayda) görə 10504 (on min beş yüz dörd) manat pulun alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-720/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-720/2021
04.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver