Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-785/2021 21.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, cavabdeh Şəki rayonu Böyük Dəhnə kənd 1 saylı tam orta məktəbinin direktoru Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Şəki rayonu Böyük Dəhnə kənd 1 saylı tam orta məktəbi, Cavabdeh2 və 4 saylı Ərazi X1rşı «əmək haqqı, maddi və mənəvi ziyan» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Şəki rayonu Böyük Dəhnə kənd 1 saylı tam orta məktəbinin direktoru Cavabdeh1, Cavabdeh2 və 4 saylı Ərazi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 12 sentyabr 2018-ci il tarixli pedaqoji şuranın qərarı ilə verilmiş 6 saat dərsin davam etdirilməsi haqqında, ona məcburi iş buraxmaya görə 15 sentyabr 2018-ci il tarixdən bu günə kimi dəymiş təxminən 2200 (iki min iki yüz) manat məbləğində pulun 4 saylı ƏMHM-dən, müəllimlərin diaqnostik qiymətləndirilməsindən keçmədiyinə görə ona dəymiş təxminən 1300 (bir min üç yüz) manat məbləğində pulun Cavabdeh2ndən, həmin dövr üçün onun səhhəti ilə əlaqədar ona dəymiş 2000 (iki min) manat məbləğində mənəvi ziyana görə pulun məktəbin direktoru Cavabdeh1 alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının razılığı ilə Şəki rayonu Böyük Dəhnə kənd 1 saylı tam orta məktəbinin direktoru Cavabdeh1 əsl cavabdeh olan Şəki rayonu Böyük Dəhnə kənd 1 saylı tam orta məktəbi ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, 1982-ci ildə ADPU-nun Riyaziyyat fakültəsini bitirmişdir. Həmin ildən bu günə kimi fasiləsiz olaraq riyaziyyat müəllimi və psixoloq işləyir. 2002-ci ilin sentyabrın 1-dən ailə vəziyyəti ilə əlaqədar olaraq Şəki rayonu Böyük Dəhnə kəndinə köçmüşdür. Həmin gündən bu günə kimi də əmək fəaliyyətini Böyük Dəhnə kənd 1 saylı orta məktəbdə riyaziyyat müəllimi və psixoloq kimi davam etdirir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 yanvar 1999-cu il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil, təlim-tərbiyə müəssisələrinin rəhbər, inzibati təsərrüfat, tədris köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü aparmaları haqqında” Normalarının 3-cü bölməsinin 4-cü abzasının tələblərinə uyğun olaraq 2002-2003 və 2003-2004-cü tədris ilində 0.5 stavka (6 saat), həmin ildən başlayaraq 2017-ci ilin sentyabrına kimi, yəni 13 il fasiləsiz olaraq 1 stavka, yəni 12 saat dərs demişdir. Bu haqda məktəbin direktoru Cavabdeh1 imzaladığı 23 oktyabr 2017-ci il tarixli, 569 nömrəli arayış mövcuddur. 2007-ci ildən başlayaraq Təhsil Nazirliyi sistemində işləyən müəllimlərlə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21 iyul 1999-cu il tarixli, 602 saylı əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemi üzrə əmək müqaviləsinin yenidən bağlanması işləri aparılmışdır. O da məktəbin sabiq direktoru Elşad Yusifovla 20 oktyabr 2007-ci ildə Əmək Məcəlləsinin 42.1, 43.1, 44.1, 45.1 və 49.1-ci maddələrini əsas götürərək əsas vəzifəsi riyaziyyat müıəllimi, psixoloq olmaqla “xxxxxxx000100” nömrəli əmək müqaviləsi bağlamışdır. Azərbaycan Respublikasının sabiq Təhsil naziri cənab M.Cabbarovun “Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi haqqında” müvafiq əmri ilə təsdiq edilmiş ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydalarının 3-cü bəndinə əsasən, başqa sözlə Qaydaların 3.1.1-ci maddəsinə əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri olaraq əmək müqaviləsi əsasında müddətsiz işləyən müəllimlər diaqnostik qiymətləndirməyə cəlb olunurlar. Onun da müqavilədə göstərildiyi kimi əsas iş yeri Böyük Dəhnə kənd 1 saylı tam orta məktəb olmaqla, müddətsiz riyaziyyat müəllimi, psixoloqdur. Məktəbin direktoru Cavabdeh1 müəllimlərin sənədlərini diaqnostik qiymətləndirməyə hazırlayıb təqdim edərkən onun sənədlərini təqdim etməmişdir. O, məktəbin direktoru Cavabdeh1 bunun səbəbini soruşduqda o, sadəcə olaraq “texniki səhv olub” cavabını vermiş və əlavə etmişdir ki, müəllimlərin növbəti diaqnostik qiymələndirilməsi keçirilərkən onun sənədləri də təqdim ediləcək. Lakin 2017-ci ilin avqust ayında növbəti dəfə müəllimlərin və rəhbər işçilərin diaqnostik qiymətləndirilməsi keçirilərkən direktor onun sənədlərini yenə təqdim etməmişdir. Bununla da o, müəllimlərin növbəti diaqnostik qiymətləndirilməsi aparılanadək əmək haqqının artırılmasından məhrum edilmişdir. Belə ki, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin 1 stavka üçün əmək haqqı 595 manat, diaqnostik qiymənləndirmədən keçməyən müəllimlərin əmək haqqı isə 450 manatdır. 12 sentyabr 2018-ci il tarixdə məktəbin pedaqoji şurasında 2018-2019-cu tədris ili üçün müəllimlərin növbəti dərs bölgüsü aparılarkən pedaqoji şuranın qərarı ilə ona Vİ sinifdə 5 saat riyaziyyat dərsi və həmin sinifdə 1 saat fakültativ olmaqla, cəmi 6 saat dərs verilmişdir. Onun şifahi tələbi ilə məktəbin direktoru Cavabdeh1 bu dərslərin ona verilməsi haqqında 12 sentyabr 2018-ci il tarixli, 1 nömrəli pedaqoji şura qərarından çıxarış, pedaqoji şura qərarının təsdiq edilməsi haqqında 15 sentyabr 2018-ci il tarixli, 75 nömrəli əmrdən çıxarış və Şəki Rayon Məhkəməsinə təqdim etmək üçün 15 sentyabr 2018-ci il tarixli, 674 nömrəli arayış təqdim etmişdir. Bir müddət keçdikdən sonra məktəbin direktoru Cavabdeh1 onu dərsə buraxmamış, 10 oktyabr 2018-ci il tarixdə onu yanına dəvət edərək dərsləri şifahi əmrlə ondan almışdır. Bununla da onu məcburi işburaxmaya vadar etmişdir. O, dəfələrlə dərslərinin qaytarılmasını xahiş etsə də direktor onun dərslərini qaytarmamışdır. Məktəbin daimi riyaziyyat müəllimi kimi müxtəlif vaxtlarda istehsalatdan ayrılmaqla Cavabdeh2 göndərişi ilə müxtəlif kurslarda iştirak edərək müxtəlif sertifikatlar almışdır. Belə ki, əmək müqaviləsinə uyğun olaraq məktəbin daimi riyaziyyat müəllimi kimi ŞŞTŞ-nin göndərişi ilə 02.06.2014-25.06.2014-cü il tarixlərdə istehsalatdan ayrılmaqla AMİ-nin Şəki filialında “Riyaziyyat müəllimlərinin bir aylıq ixtisasartırma təhsili”ni bitirərək İB №131973 nömrəli sertifikat almışdır. Həmçinin, əmək müqaviləsinə uyğun olaraq məktəbin daimi riyaziyyat müəllimi kimi ŞŞTŞ-nin göndərişi ilə Azərbaycan Respublikası “xxxx” MMC-nin Təlim və İnkişaf Mərkəzində təşkil edilmiş “Ümumi orta təhsil səviyyəsində fənn kurrikulumlarının tətbiqi” sahəsində təşkil etdiyi əlavə təhsil üzrə kursda iştirak edərək ixtisasına uyğun olaraq riyaziyyatdan nəzərdə tutulmuş 10 kreditin hamısını müvəffəqiyyətlə verərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin İB №147641 nömrəli sertifikatını almışdır. Bundan başqa psixoloq kimi 2002-ci ilin may ayında Azərbaycan Qadınları Cənubi Qafqazda Sülh və Demokratiya uğrunda Cəmiyyətinin təşkil etdiyi “İnsan Haqlarının və Qadın Hüquqlarının Müdafiəsi sahəsində” treninq seminarlarını bitirərək sertifikat almışdır. Bütün bunlar onu göstərir ki, o, məktəbin müddətsiz müqavilə üzrə işləyən daimi riyaziyyat müəllimi və psixoloqudur. Əmək müqaviləsində vəzifəsi müddətsiz riyaziyyat müəllimi yazıldığı üçün o, müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak etməli idi. Lakin məktəb rəhbərliyinin və Təhsil Şöbəsinin rəhbərlərinin səhvi üzündən onun adı müəllimlərin diaqnostik qiymətləndirilməsi siyahısına salınmamışdır. Buna görə də ona xeyli miqdarda maddi ziyan dəymişdir. Belə ki, Ona məcburi işburaxmaya görə 15 sentyabr 2018-ci ildən bu günə kimi təxminən 2200 (iki min iki yüz) manat, müəllimlərin diaqnostik qiymətləndirilməsindən keçmədiyinə görə isə təxminən 1300 (bir min üç yüz) manat olmaqla, cəmi 3500 manat maddi ziyan dəymişdir. Ona görə də onun əmək müqaviləsi ilə bağlı tərəflərin öhdəliklərinə müvafiq olaraq daimi riyaziyyat müəllimi, psixoloq kimi işinin və fəaliyyətinin davam etdirilməsini qanuni və əsaslı hesab edir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfindən verilən suallara cavab olaraq bildirdi ki, bütün bu qanunsuzluqlar iddiaçının səhhətinə mənfi təsir göstərmişdir. Hazırda onun əlində 2940 manatlıq müayinə-müalicə məsrəfləri ilə bağlı sənədlər mövcuddur və bugünkü günədək iddiaçı müalicə alır. Məhkəmə iclasında cavabdeh Şəki rayonu Böyük Dəhnə kənd 1 saylı tam orta məktəbinin direktoru Cavabdeh1 iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı 02 sentyabr 2002-ci ildən Şəki rayonu Böyük Dəhnə kənd 1 saylı tam orta məktəbdə əmək fəaliyyətinə başlamışdır. Məktəbdə həm psixoloq, həm də riyaziyyat müəllimi kimi müddətsiz əmək müqaviləsi ilə fəaliyyətini davam etdirmişdir. 2015-ci ildən ölkədə diaqnostik qiymətləndirmələr başlanılmışdır. 2017-ci ildə bölgədə diaqnostik qiymətləndirmələr aparılarkən həmin qiymətləndirmələrin aparılma qaydalarında nəzərdə tutulmuşdur ki, vəzifəli şəxslər (direktor, direktorun müavini, psixoloq, uşaq birliyinin rəhbəri və s.) diaqnostik qiymətləndirməyə buraxılmır. Həmin qaydalara görə yuxarıda qeyd olunan vəzifəli şəxslər vəzifəsindən azad olunaraq diaqnostik qiymətləndirməyə buraxıla bilərlər. Odur ki, o özü də bir direktor kimi diaqnostik qiymətləndirmədə iştirak etməmişdir. İddiaçının qeyd etdiyi kimi sənədlərin Təhsil Nazirliyinə göndərilməməsi və ya natamam göndərilməsi ilə bağlı onu qeyd edir ki, o və ya məktəbin digər vəzifəli şəxsi məktəbdə işləyən heç bir şəxsin (diaqnostik qiymətləndirmədə iştirak edən və ya etməyən) sənədini heç bir yerə aparmamışlar. Qiymətləndirmə qaydaların təsdiq edildikdən bir neçə ay sonra məktəbdə işləyən bütün şəxslərin sənədləri elektron qaydada Cavabdeh2 tərəfindən tələb edilmiş və elektron qaydada Təhsil Nazirliyinə göndərilmişdir. Bundan sonra Təhsil Nazirliyi tərəfindən sənədlərə baxılaraq diaqnostik qiymətləndirmədə iştirak edəcək şəxslərin siyahısı Cavabdeh2nə, oradan da müvafiq məktəblərə göndərilmişdir. Yəni burada hər hansı insan faktoru rol oynamamışdır. Bundan başqa o, özü şəxsən iddiaçının tələbi ilə yenidən sonuncuya məxsus sənədləri Cavabdeh2nə aparmış, Cavabdeh2 müdiri onun yanında İddiaçı barədə məlumatları sistemə işləmiş, lakin sistem ona vəzifəli şəxs kimi imtina vermişdir. İddiaçıya 6 saat dərs yükünün verilməsi ilə bağlı onu qeyd etdi ki, o, bir direktor kimi müəllimlərə bacardığı qədər dərs yükü verməyə çalışmışdır. İddiaçıya da tədris ilinin əvvəlində 6 saat dərs yükü vermiş, lakin sonuncu vəzifəli şəxs olduğundan həmin dərslərin pulunu ala bilməmiş, məhkəmə mübahisəsi yaranmışdır. Buna görə də iddiaçıya pedaqoji şuranın qərarı ilə dərs yükünün verilməsi nəzərdə tutulsa da, pedaqoji şuranın növbəti iclasında digər riyaziyyat müəllimlərinin dərs yükü olmadığından verə bilməmişdir. Belə ki, iddiaçıya o halda dərs saatı verilə bilər ki, məktəbdə fəaliyyət göstərən digər riyaziyyat müəllimlərinin dərs yükü 18 saatı keçsin. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X3 iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı ştat üzrə psixoloqdur. Yəni məktəblərin tarifləşmə cədvəlində müəllim kimi deyil, məktəbin vəzifəli şəxsi – psixoloq kimi qeyd olunur. Şəki rayonunda fəaliyyət göstərən 96 tam orta məktəbin 71-də psixoloq ştatı mövcuddur. 2015-ci ildən diaqnostik qiymətləndirmələr aparılmağa başlamışdır. Həmin diaqnostik qiymətləndirmə müəllimlər üçün nəzərdə tutulmuş və diaqnostik qiymətləndirmədə bir nəfər də olsun psixoloq iştirak etməmişdir. Belə ki, diaqnostik qiymətləndirmə üzrə Təhsil Nazirliyi tərəfindən yaradılmış elektron sistem mövcuddur ki, həmin sistemdə vəzifəli şəxslərin adları daxil edilərkən sistem onları qəbul etmir. Həmin vəzifəli şəxslərə onlar yalnız MİQ imtahanında iştirak etdikdən, lazımi keçid balını topladıqdan və məktəbdə dərs bölgüsü zamanı ştat üzrə müəllim kimi fəaliyyət göstərən şəxslərin dərs saatı 18 saatı keçdikdən sonra dərs yükü verilə bilər. Yəni dərs saatı məktəbdə fəaliyyət göstərən müəllimlər arasında bölüşdürüldükdən sonra əgər əlavə dərs saatı qalarsa, həmin vəzifəli şəxslər (direktor, direktorun müavini, psixoloq və s.) dərs deyə bilər. Hazırda iddiaçı əlavə olaraq müəllim kimi fəaliyyət göstərsə də, yeni tədris ilində dərs saatı olmadığı təqdirdə məktəb ona dərs verməyəcək. Bundan başqa ölkədə də heç bir vəzifəli şəxs (direktor, direktorun müavini, psixoloq, uşaq birliyinin rəhbəri, katibə və s.) diaqnostik qiymətləndirməyə buraxılmayıb. Çünki həmin şəxslərin diaqnostik qiymətləndirməsi ayrıca aparılır. Əlavə olaraq bildirdi ki, diaqnostik qiymətləndirmələr birbaşa Təhsil Nazirliyi tərəfindən aparılmışdır. Həmin imtahanlarda hazırkı iş üzrə cavabdehlərin heç bir müdaxiləsi, birbaşa və ya bilavasitə iştirakı olmamışdır. İddiaçının hər hansı etirazı varsa, bu etirazını Təhsil Nazirliyinə edə bilər. Bundan başqa əmək haqqına əlavələr ancaq diaqnostik qiymətləndirmələrdə iştirak edən müəllimlərə aid edilir. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh 4 saylı Ərazi Hesablaşma Mərkəzinə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, təmin etməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə olan İddiaçı məxsus 030842 nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1978-1982-ci illərdə Lenin adına “X6” ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsində təhsil almışdır. İşdə olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 02 sentyabr 2002-ci il tarixdən Şəki rayonu Böyük Dəhnə kənd 1 saylı tam orta məktəbinə praktik-psixoloq köçürülmüşdür. İşdə olan Şəki rayonu Böyük Dəhnə kənd 1 saylı tam orta məktəbi ilə İddiaçı arasında bağlanmış 20 oktyabr 2007-ci il tarixli əmk müqaviləsindən görünür ki, İddiaçı müddətsiz əmək müqaviləsi ilə riyaziyyat müəllimi və psixoloq təyin edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli, 2(075)-1170/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı Şəki rayonu Böyük Dəhnə kənd 1 saylı tam orta məktəbində 15 sentyabr 2017-ci il tarixdən 04 yanvar 2018-ci il tarixədək tədris etdiyi 6 saat riyaziyyat dərslərinin əmək haqqının ona ödənilməsi, İddiaçı 04 yanvar 2018-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yeri olan Şəki rayonu Böyük Dəhnə kənd 1 saylı tam orta məktəbində riyaziyyat müəllimi ixtisası üzrə müəllimlik fəaliyyətinin bərpa edilməsi qət edilmişdir. İşdə olan Şəki rayonu Böyük Dəhnə kənd 1 saylı tam orta məktəbinin 15 sentyabr 2018-ci il tarixli, 674 nömrəli arayışından görünür ki, 2018-2019-cu tədris ilinin dərs bölgüsü aparılarkən ona 12 sentyabr 2018-ci il tarixli, 01 nömrəli pedaqoji şuranın qərarı və məktəb direktorunun 15 sentyabr 2018-ci il tarixli, 75 nömrəli əmri ilə İddiaçı Vlb sinfində 5 (beş) saat riyaziyyat dərsi və Vlb sinfində bir saat riyaziyyatdan fakültativ məşğələ olmaqla, cəmi 6 (altı) saat riyaziyyat dərsi verilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli, 8(075)-141/2019 saylı qərardadından görünür ki, Şəki Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli, 2(075)- 1170/2018 saylı icra sənədi üzrə icraata xitam verilməsi haqqında Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin 16 avqust 2018-ci il tarixli qərarının ləğv edilməsi, Şəki Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli, 2(075)-1170/2018 saylı icra sənədi üzrə icraatın davam etdirilməsi qərara alınmışdır. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 22 aprel 2019-cu il tarixli, 8(107)-38/2019 saylı qərardadından görünür ki, Şəki Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli və bununla bağlı 28 mart 2019-cu il tarixli qərаrdаdlarının ləğv edilməsi, ərizəçi İddiaçı nümayəndəsi Nümayəndə ərizəsinin təmin olunmaması qərara alınmışdır. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 22 aprel 2019-cu il tarixli, 8(107)-38/2019 saylı qərardadından görünür ki, Şəki rayonu Böyük Dəhnə kənd 1 saylı tam orta məktəbinin 14 noyabr 2018-ci il tarixli, 680 nömrəli arayışı ilə psixoloq İddiaçı 2018-2019cu tədris ili üçün müəllimlər arasında dərs bölgüsü aparılan 12 sentyabr 2018-ci il tarixli, 01 nömrəli pedaqoji şuranın iclasında İddiaçı psixoloq olduğuna və digər riyaziyyat müəllimlərinin kifayət qədər dərs yükü olmadığına görə riyaziyyat dərsi verilməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, Konstitusiyanın 68-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəs ona dəymiş zərərin əvəzi tələb etmək hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəalarının yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulduğunu qeyd etmişdir. Qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarının 4.6-cı bəndinə əsasən müəssisələrdə digər kadrların (müəllim köməkçiləri, tərbiyəçilər, defektоlоqlar, lоqоpedlər, praktik psiхоlоqlar, məktəb uşaq birliyi təşkilatı rəhbərləri, laborantlar, kitabxana müdiri və kitabхanaçılar) işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Qeyd olunan kateqoriyadan olan işçilərin çalışdıqları və yaxud digər ümumi təhsil müəssisəsinə müəllim vəzifəsinə işə qəbul edilməsi yalnız Müəllimlərin işə qəbulu üzrə müsabiqə yolu ilə həyata keçirilir. Göründüyü kimi bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində o şəxslər iştirak edə bilər ki, onlar müddətsiz müqavilə əsasında ümumi təhsil müəssisələrində və ilk peşəixtisas təhsili müəssisələrində müəllim vəzifəsində işləyirlər. Bundan əlavə, ümumi təhsil müəssisələrinin direktor, direktor müavini və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri də qiymətləndirilmədə iştirak edirlər. Təhsili yerliidarəetmə orqanlarında dövlət qulluğu və metodist vəzifələrində işləyənlərin də qiymətləndirilmədə iştirakına icazə verilib. Lakin İddiaçı Şəki rayonu Böyük Dəhnə kənd 1 saylı tam orta məktəbində psixoloq vəzifəsində çalışır. Ona əlavə olaraq dərs saatının verilməsi onun müəllim vəzifəsində çalışmasına və diaqnostik qiymətləndirilməyə buraxılmasına dəlalət etmir. Odur ki, İddiaçı haqlı olaraq bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmək üçün buraxılmamış, ştat üzrə psixoloq kimi fəaliyyət göstərdiyindən onun diaqnostik qiymətləndirmədə iştirakı təmin edilməmişdir. İddiaçı onunla direktor və Təhsil Şöbəsi tərəfindən bağlanan müddətsiz müqavilənin şərtləri kobud surətdə pozulduğundan, diaqnostik qiymətləndirməyə buraxılmadığına görə ona dəymiş təxminən 1300 manat məbləğində pulun Cavabdeh2ndən alınaraq ona ödənilməsini xahiş etməsinə baxmayaraq, cavabdehin qanunsuz hərəkətlərinin nədən ibarət olması, diaqnostik qiymətləndirməyə buraxılmalı olduğu halda cavabdehlər tərəfindən qəsdən iştirakının təmin edilməməsi ilə bağlı hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Beləliklə, iddiaçının tələbinin heç bir qanuni və hüquqi əsası yoxdur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarının 2.2-ci bəndinə əsasən müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır. Dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri nəzərə alınır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunması məsələsinə baxılır, bu mümkün olmadıqda həmin dərs saatları vakant hesab olunur və müsabiqəyə çıxarılması üçün təqdim edilir. İddiaçı ona 12 sentyabr 2018-ci il tarixli pedaqoji şuranın qərarı ilə verilmiş 6 saat dərsin davam etdirilməsi haqqında, ona məcburi iş buraxmaya görə 15 sentyabr 2018-ci il tarixdən bu günə kimi dəymiş təxminən 2200 manat məbləğində pulun 4 saylı ƏMHM-dən alınaraq ona ödənilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, iddiaçı ştat üzrə psixoloq olduğundan ona o halda dərs yükü verilə bilər ki, məktəbdə fəaliyyət göstərən digər riyaziyyat müəllimlərinin dərs yükü 18 saat müəyyənləşdirilsin. İddiaçı 12 sentyabr 2018-ci il tarixli, 01 nömrəli pedaqoji şuranın iclasında dərs yükünün verilməsi nəzərdə tutulsa da, digər riyaziyyat müəllimlərinin kifayət qədər dərs yükü olmadığına görə riyaziyyat dərsi verilməmişdir. Odur ki, iddiaçı ona verilməyən və tədris edilməyən dərslərin əvəzinin cavabdehdən tələb edilməsində haqlı deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli Qərarında qeyd edilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq hesab edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X2 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Məhkəmələrə mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutması izah edilmişdir. Həmin Qərarın 1-ci bəndinin 3-cü abzasında mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Həmin Qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X2 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı , zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Plenumun Qərarının 11-ci bəndinə əsasən, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı həmin dövr üçün onun səhhəti ilə əlaqədar ona dəymiş 2000 (iki min) manat məbləğində mənəvi ziyana görə pulun məktəbin direktoru Cavabdeh1 alınaraq ona ödənilməsinə xahiş edərək, bu ziyanın cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində vurulduğunu iddia etsə də, səhhətinə vurulmuş ziyanın nədən ibarət olması, qeyd edilən ziyanın məhz cavabdeh tərəfindən vurulmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia tələbi mənəvi ziyan hissəsində də əsaslı deyildir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Şəki rayonu Böyük Dəhnə kənd 1 saylı tam orta məktəbi, Cavabdeh2 və 4 saylı Ərazi X1rşı «əmək haqqı, maddi və mənəvi ziyan» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Şəki rayonu Böyük Dəhnə kənd 1 saylı tam orta məktəbi, Cavabdeh2 və 4 saylı Ərazi X1rşı «ona 12 sentyabr 2018-ci il tarixli pedaqoji şuranın qərarı ilə verilmiş 6 saat dərsin davam etdirilməsi haqqında, ona məcburi iş buraxmaya görə 15 sentyabr 2018-ci il tarixdən bu günə kimi dəymiş təxminən 2200 (iki min iki yüz) manat məbləğində pulun 4 saylı ƏMHM-dən, müəllimlərin diaqnostik qiymətləndirilməsindən keçmədiyinə görə ona dəymiş təxminən 1300 (bir min üç yüz) manat məbləğində pulun Cavabdeh2ndən, həmin dövr üçün onun səhhəti ilə əlaqədar ona dəymiş 2000 (iki min) manat məbləğində mənəvi ziyana görə pulun məktəbin direktoru Cavabdeh1 alınaraq ona ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-785/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-785/2021
21.05.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver