Məhkəmə qərarları › İş №2(075)-808/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-808/2021

17.06.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-808/2021 17.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “müqaviləsinin bağlanmış hesab edilməsi və şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında 14.02.2004-cü il tarixli torpağın və evin alqı-satqısına dair müqavilənin bağlanmış edilməsi, Cavabdeh2 və ailə üzvlərinin adına verilən JN 1125 nömrəli (kod ********) "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki rayon məhkəməsinin 17.06.2021-ci il tarixli, 2(075)-808/2021 saylı qərardadı ilə iddianın Cavabdeh2 və ailə üzvlərinin adına verilən JN 1125 nömrəli (kod ********) "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi hissəsinə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir. Həmçinin iddiaçıya MPM-nin 54-cü maddəsinin tələbləri baxımından iddia tələbinin birinci - “müqavilənin bağlanmış hesab edilməsi” hissəsi üzrə Cavabdeh2 da cavabdeh qismində cəlb edilməsi təklif edilmiş, lakin iddiaçı buna razı olmamışdır. Məhkəmə iclası zamanı İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, o, 14.02.2004-cü il tarixdə Baş Göynük kənd sakinləri X16, X17 və X1 iştirakları ilə Şəki rayonunun Baş Göynük kəndi ərazisində 0.12 ha torpaq sahəsi və 8mx3.6m və 8mx3m ölçüdə yaşayış evini Cavabdeh1 6 000 000 manata satın almışdır. Alqı-satqı prosesi rəsmi qaydada həyata keçirilmiş, Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Göynük kəndindəki Nümayəndəliyi tərəfindən notariat əməliyyatlarını təsdiq edən möhürlərlə təsdiq edilmişdir. Göstərmişdir ki, Cavabdeh1 həmin əmlakı 1996-cı ildə kənd sakini X9 almışdır. Həmin sahənin M.Musayevə məxsus olması da 26.11.1992-ci il tarixli akta əsasən "Qafqaz" kolxozunun yerquruluşu mütəxəssisləri tərəfindən ölçüləri və sərhədlərinin sxemi müəyyən edilərək təsdiq edilmişdir. Göstərmişdir ki, evi aldıqdan sonra həmin yerdə 5-6 ay təmir işləri aparmış və təxminən 2004-cü ilin yay aylarından etibarən ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Hal-hazıradək nə X14, nə Cavabdeh1, nə də Cavabdeh2 əmlakla bağlı hər hansı etirazları və tələbləri olmamışdır. O, Cavabdeh1 X2 aldığı evi və 0.12 ha torpaq sahəsini alqı-satqı yolu ilə almış və 17 ildir öz ailə üzvləri ilə birlikdə həmin evdə yaşayırlar. Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Göynük kəndindəki Nümayəndəliyi tərəfindən verilən 13.10.2020-ci il tarixli arayışdan görünür ki, o, 2004-cü ildən ailə üzvləri ilə birlikdə Yeni Göynük kəndindəki aldığı evdə yaşayır. Göstərmişdir ki, Cavabdeh1 və Cavabdeh2 doğma qardaşdırlar. Cavabdeh2 qardaşı Cavabdeh1la aralarında olan mübahisədən sonra ondan Şəki rayonu Aşağı Göynük kəndindən 4 sot torpaq almağı tələb etmişdir. O isə razılaşmadığı üçün Cavabdeh2 ona və Cavabdeh1 qarşı evdən və torpaqdan çıxarılma tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli, 2(075)-92/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən tərəfindən apellyasiya şikayəti verilmiş və iş hazırda Şəki Apellyasiya Məhkəməsinin icraatındadır. Birinci instansiyası məhkəməsindəki icraat zamanı onlara məlum olmuşdur ki, Cavabdeh2 və ailə üzvlərinin adına 2002-ci ildə verilən JN 1125 nömrəli (kod ********) “Torpağın mülkiyyə veilməsinə dair şəhadətnamə" mövcuddur. Həmin iddia verilənədək 1 dəfə də olsun P.İsmayıov və yaxud onun ailə üzvləri qanuni sahibliyində olan evin onlara aid olması barədə heç bir fikir, etiraz bildirməmişdir. Hətta məhkəmə iclasında Cavabdeh2 etiraf etmişdir ki, ailə münaqişələri olduğu üçün o, qardaşı Cavabdeh1 məxsus hazırda mübahisə predmeti olan evə köçərək orada yaşamışdır. Məhkəmə iclası zamanı göstərmişdir ki, Cavabdeh1 qeyd edilən bir otaqlı evi və torpaq sahəsini alarkən ona ev və torpaqla bağlı heç bir sənəd təqdim edilməmişdir. Onlar sadəcə adi qaydada Səfərəli ilə gedərək evə və torpaq sahəsinə baxmış, razılaşaraq pulunu Səfərəliyə ödəmişdir. Hazırda qeyd edilən yerdə tikinti işləri apararaq evi genişləndirmiş və özü tikdirdiyi evi 2004-cü ildə aldığı bir otaqlı evə birləşdirmişdir. Onun qeyd edilən ərazidə 20 sota yaxın torpaq sahəsi vardır. Qeyd etmişdir ki, Şəki Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli, 2(075)-92/2021 saylı qətnaməsi çıxarılarkən ekspertiza aparılmış və müəyyən edilmişdir ki, hazırda onun tərəfindən inşa edilmiş ev Cavabdeh2 və ailə üzvlərinin adına 2002-ci ildə verilən JN 1125 nömrəli (kod ********) “Torpağın mülkiyyə veilməsinə dair şəhadətnamə" üzrə torpaq sahəsinin hüdudları daxilində inşa edilmişdir. O 2004-cü ildə evi və torpaq sahəsini alarkən həmin torpaq sahəsinin Cavabdeh2 və ailə üzvlərinin adına olmasından xəbəri olmamışdır. Göstərmişdir ki, iddianı müdafiə edir və hesab edir ki, iddia əsaslıdır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək göstərmişdir ki, Cavabdeh2 ilə soyadları fərqli olsa da doğma qardaşdırlar. Hazırda isə onu özünə qardaş hesab etmir. Bildirmişdir ki, hazırda Şəki rayonunun Baş Göynük kəndində yaşayır. Qeyd etmişdir ki, o, mübahisə predmeti olan evi və torpaq sahəsini 1996-cı ildə Baş Göynük kənd sakini X9 almış, lakin heç vaxt həmin evdə yaşamamışdır. Həmin sahə "Qafqaz" kolxozunun 26.11.1992-ci il tarixli aktı ilə X15 verilmişdir. Qeyd edilən evi və torpağı alarkən ona dair heç bir rəsmi sənəd olmamışdır. Təxminən 1998-ci ildə qardaşı Pənah atası ilə dalaşdıqlarından atası Pənahı evdən çıxarmışdır. Buna görə də o, hazırda mübahisələndirilən evi Pənahın və onun ailə üzvlərinin müvəqqəti sığınması və yaşaması üçün ona vermişdir. Pənah da həmin evdə cəmi 2-3 ay yaşamışdır. Bundan sonra Pənah ailəsini də götürüb Ukraynaya getmiş və təxminən 1.6-2 il sonra qayıdaraq atasının evində yaşamağa başlamışdır. 14.02.2004-cü il tarixdə Baş Göynük kənd sakinləri X10, X11 və X1 iştirakları ilə Şəki rayonunun Baş Göynük kəndi ərazisində 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan bir otaqlı evi Cavabdeh1 6 000 000 manata satmışdır. Qeyd edilən ərazini satarkən evə və torpaq sahəsinə aid heç bir rəsmi sənəd olmamışdır. Evi satarkən cavabdeh Pənah və onun ailə üzvləri də sözügedən evdə yaşamışlar. Bildirmişdir ki, həqətəndə hazırda mübahisələndirilən 0.12 ha torpaq sahəsini və üzərində olan bir otaqlı evi iddiaçıya satmasını qəbul edir. 2004-cü ildən etibarən iddiaçı həmin evdə yaşayır. Bu müddət ərzində o, qeyd edilən ərazidə tikinti işləri apararaq evi genişləndirmiş və əlavə təsərrüfat tikililəri də tikmişdir. Birinci instansiyası məhkəməsindəki icraat zamanı onlara məlum olmuşdur ki, Cavabdeh2 və ailə üzvlərinin adına 2002-ci ildə verilən JN 1125 nömrəli (kod ********) “Torpağın mülkiyyə veilməsinə dair şəhadətnamə" mövcuddur. Həmin şəhadətnamənin Pənahın adına necə verilməsindən xəbəri yoxdur. İddianı qəbu edir. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək göstərmişdir ki, soyadları fərqli olsa da Cavabdeh1 da doğma qardaşdırlar. Bildirmişdir ki, 1966-cı ildə Baş Göyünü kəndində anadan olmuş, 1990-cı ildə ailə qurmuş və 1991, 1992, və 1995-ci illərdə 3 uşaqları dünyaya gəlmişlər. 1990-cı ildən 2013-cü ilədək atasına məxsus evdə yaşamışdır. Lakin 1998-ci ildə atası ilə münasibətləri korlandığından evdən çıxmış və qardaşı Səfərəli hazırda mübahisələndirilən evi müvəqqəti yaşamaq üçün ona vermişdir. O, həmin evdə 3 ay yaşadıqdan sonra ailəsi ilə birlikdə Ukraynaya getmişdir. Təxminə 1 il 6 aydan sonra o, Ukraynadan qayıdaraq atasının evində yaşamağa başlamış və bundan sonra heç vaxt hazırda mübahisələndirilən evdə yaşamamışdır. Sözügedən torpaq sahəsini o almamışdır. Aqrar İslahat nəticəsində həmin torpaq sahəsinin onun adına qeydə olunmasından uzun müddət xəbəri olmamışdır. Göstərmişdir ki, Nəsib və onun ailəsi uzun müddətdir ki, qeyd edilən mübahisəli evdə yaşayırlar. Belə ki, Nəsib həmin ərazidə olan bir otaqlı evə əlavə evlər tikərək evini genişləndirmişdir. O, özü həmin torpaq sahəsinə hər hansı evə və ya başqa tikili tikməmiş, orda təsərrüfatla məşğul olmamış, həmin yerdə 1998-ci ildə cəmi 3 ay yaşamışdır. Qeyd olunan torpaq sahəsinin onun adına olmasını 2019-cu ildə bilmişdir. Düşünür ki, həmin torpaq sahəsini qardaşı Səfərəli onun adına yazdırmışdır. O, həmin torpaq sahəsinin və üzərində olan evin alqı-satqısı ilə bağlı İddiaçıla hər hansı yazılı müqavilə bağlamamışdır. Nəsibin və ailə üzvlərinin uzun müddət həmin yerdə yaşamalarının şahididir. Bundan sonra Nəsibin həmin evdən və torpaq sahəsindən çıxarılması barədə məhkəmədə iddia qaldırmış və Şəki Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli, 2(075)-92/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qeyd etmişdir ki, həmin qətnamə çıxarılarkən ekspertiza aparılmış və müəyyən edilmişdir ki, hazırda Nəsib tərəfindən inşa edilmiş ev onun və ailə üzvlərinin adına 2002-ci ildə verilən JN 1125 nömrəli (kod ********) “Torpağın mülkiyyə veilməsinə dair şəhadətnamə" üzrə torpaq sahəsinin hüdudları daxilində inşa edilmişdir. Əlavə olaraq göstərmişdir ki, qardaşı Səfərəli atadan qalan bütün mirasa sahib çıxmış, ona hər hansı əmlak verilməmişdir. Hazırda ailəsi ilə kirayədə yaşayır. Həm iddiaçıya həm də qardaşı Səfərəliyə demişdir ki, ona başqa bir yerdən 0.04 sot torpaq alıb versinlər. Lakin onların hər ikisi buna razı olmamışlar. Buna görə də hazırda hesab edir ki, iddia əsassızdır və iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş JN-1125A, KOD 40406018 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarına əsasən Cavabdeh2, X12, X13, X8 və X5 0,04 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı mülkiyyətinə verilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş JN-1125B, KOD 40406018 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 06 nömrəli qərarına əsasən Cavabdeh2, X12, X13, X8 və X5 0,00 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı mülkiyyətinə verilmişdir. İşdə olan İddiaçı, Cavabdeh1, X16, X17 və X3 tərəfindən tərtib edilmiş 14 fevral 2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh1 Şəki rayonunun Baş Göynük kəndi ərazisində 0.12 ha torpaq sahəsi və 8mx3.6m ölçüdə yaşayış evini İddiaçı 6 000 000 manata satması göstərilmiş və bu barədə 14 fevral 2021-ci il tarixdə akt tərtib edilmişdir. Şəki Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli, 2(075)-92/2021 saylı qətnaməsinin məzmununda olan 30.12.2020-ci il tarixli, 600 saylı ekspert rəyindən görünür ki, İddiaçı məxsus mübahisələndirilən yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərlə və ərazinin ümumi xəritəsinə əsasən Şəki rayonu Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarına əsasən Şəki rayonu Baş Göynük kənd sakinlərinə torpaq sahəsinin verilməsi barədə JN-1125A, KOD 40406018 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə Cavabdeh2, X12, X13, X8 və X4 ümumi birgə mülkiyyətlərində olan 0.04 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşməsi müəyyənləşdirilmişdir. Məhkəmə biavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi tərəflər arasındakı hüquq münasibəti 14.02.2004-cü il tarixdə yaranmışdır. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni 01 noyabr 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Həmin Məcəllənin 336.2-ci maddəsinəəsasən əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.4-cü maddəsinə əsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli Qərarında əqdin notarial formasına riayət edilməməsinin nəticələri iləəlaqədar Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini bir daha təsdiq etməklə qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Yuxarıda sadalanan maddi hüquq normalarının və Konstitusiya Məhkəməsi Plenumunun şərh olunan qərarları əqdin etibarlı hesab edilməsi üçün əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Göründüyü kimi Şəki rayonunun Baş Göynük kəndi ərazisində 0.12 ha torpaq sahəsi və 8mx3.6m ölçüdə yaşayış evinin İddiaçı satılmasını ehtiva edən AKT 14.02.2004-cü ildə torpağın mülkiyyətçilərindən biri olan Cavabdeh2 arasında deyil, bu torpaq sahəsini və ya evi satmaq səlahiyyətinə malik olmayan digər Cavabdeh1 arasında tərtib olunmuşdur. Halbuki, Şəki rayonunun Baş Göynük kəndi ərazisində 0.12 ha torpaq sahəsi və 8mx3.6m ölçüdə yaşayış evi Cavabdeh1 mülkiyyətində olmamış və ya həmin ev və torpaq sahəsinə dair onun gələcəkdə mülkiyyət hüququ əldə edə bilməsini əks etdirən “gözlənilən hüququnu“ ehtiva edən hər hansı ilkin sənədləri olmamışdır. Əksinə alqı-satqını ehtivan edən AKT tərtib edildiyi 14.02.2004-cü il tarixdən təxminən 2 il öncəsinə qeyd edilən evin yerləşdiyi torpaq sahəsi hüquqmüəyyənedici sənədlərlə və ərazinin ümumi xəritəsinə əsasən Şəki rayonu Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarına əsasən Şəki rayonu Baş Göynük kənd sakinlərinə torpaq sahəsinin verilməsi barədə JN-1125A, KOD 40406018 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə Cavabdeh2, X12, X13, X8 və X4 ümumi birgə mülkiyyətlərində olmuşdur. Hansı ki, Cavabdeh1 artıq başqasının mülkiyyətndə olan torpaq sahəsini sataraq AKT tərtib etmişdir. Buna görə də məhkəmə hesab edir ki, həm torpağa həm də evə dair ilkin sənədlərin olmamsı, həm də torpaq və ev satılarkən ev və torpaq sahəsi başqa şəxslərin ümumi birgə mülkiyyətdə olmasına görə iddia əsassızdır və belə iddia təmin edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Bütün yuxarıda şərh edilənlərə qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 ilə aralarında 14.02.2004-cü il tarixli torpağın və evin alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 10 manat məbləğində rüsumu tələb etmədiyinə görə, dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh1 ilə aralarında 14.02.2004-cü il tarixli torpağın və evin alqısatqısına dair müqavilənin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı dövlət büdcəsinə ödədiyi 10 manat məbləğində dövlət rüsumu xərci onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar