Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-826/2021 24.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı X1, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona çatası 10900 (on min doqquz yüz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı tələbin azaldılmasına dair ərizə təqdim edərək, 7750 manat əsas borc və 2400 manat mənəvi ziyanın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı X3 izahat verərək bildirdi ki, o, Kəlbəcər rayonundan məcburi köçkün düşərək Tərtər rayonunun Şıxarx kəndində məskunlaşmışdır. Cavabdeh bir tanışı vasitəsi ilə tanımış, münasibətləri yaxşı olmuşdur. Belə ki, Cavabdeh məskunlaşdığı kəndə yaxın ərazidə “N” saylı hərbi hissənin giziri olmuşdur. Onunla tanış olduqdan sonra aralarında səmimi münasibət yaranmış və bir-birlərinə etibarlığı artmışdır. 18 avqust 2020-ci ildə Cavabdeh problemi yarandığı üçün ondan 1500 manat, təxminən 2 ay sonra isə 7000 manat borc pul istəmişdir. O da münasibəti yaxşı olduğu üçün cavabdehə inanıb həmin məbləğlərdə yəni cəmi 8500 manat pulu şəxsən Samirə borc olaraq vermişdir. Cavabdeh ondan borc pul alması ilə bağlı hər iki məbləğ üzrə İltizamqəbz yazıb ona vermiş və həmin pulu 4 aya qaytarmağı və hər ay qaytarmadığı ay üçün 600 manat verəcəyinə söz vermişdir. Beləliklə o, Cavabdehla aralarında bağladıqları şifahi müqavilənin şərtlərinə əməl etməklə cavabdehə 8500 manat pulu vermişdir. Lakin Cavabdeh müqavilə ilə öz üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Pulu vaxtında qaytarmadığı üçün Cavabdeh verdiyi borc pulu istəmiş, cavabdeh isə sonra verəcəyini bildirmişdir. Hətta Samir onun telefonuna “sms”-lər yazaraq borcunu qısa zamanda qaytaracağını vəd etmişdir. Həmin SMS mətnlərini işə əlavə etmişdir. Dəfələrlə pulunu geri istəyəndə cavabdeh ona yenə yalan vədlər verərək qaytaracağını bildirmişdir. O, pulunu ala bilmədiyindən və o cümlədən hüquqlarının qorunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Pulunu qaytarmadığı üçün dəfələrlə Cavabdeh yaşadığı ünvana və qulluq etdiyi hərbi hissəyə getmişdir. Lakin müsbət nəticə əldə edə bilməmişdir. Bütün bunlarla əlaqəli əsəb, sarsıntı keçirmiş, get-gələ düşmüş və beləliklə də ona mənəvi zərər də dəymişdir. Göstərmişdir ki, cavabdeh məhkəmə prosesi ərəfəsində ona cəmi 750 manat məbləğində pul ödəmişdir. Buna görə də məhkəməyə iddia həcminin azaldılması barədə ərizə verərək 7750 manat əsas borc və 2400 manat mənəvi ziyanın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh izahat verərək göstərdi ki, o, iddiaçını bir tanışı vasitəsi ilə tanımış, münasibətləri yaxşı olmuşdur. Belə ki, o, cavabdehin məskunlaşdığı kəndə yaxın ərazidə “N” saylı hərbi hissənin giziri olmuşdur. Onunla tanış olduqdan sonra aralarında səmimi münasibət yaranmış və bir-birlərinə etibarlığı artmışdır. 18 avqust 2020-ci ildə o, problemi yarandığı üçün cavabdehdən 1500 manat, təxminən 2 ay sonra isə 7000 manat borc pul istəmişdir. Cavabdeh isə ona məbləğlərdə yəni cəmi 8500 manat pulu borc olaraq vermişdir. Başa düşür ki, iddiaçı tərəfindən ona verilmiş borc məbləğinin iddiaçıya vaxtında qaytarmamış və buna görə də iddiaçıya mənəvi zərər dəymişdir. Məhkəmə prosesi ərəfəsində öz borcundan cavabdehə 750 manat məbləğində pul ödəmişdir. İddiaçı məhkəmədə ona qarşı qaldırmış olduğu 8500 manat əsas borc və 2400 manat mənəvi ziyan tələbini qəbul edir. İddianın təmin edilməsinə heç bir etirazı yoxdur. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, 7750 manat əsas borc və 2400 manat mənəvi ziyan Cavabdeh alınaraq iddiaçı X2 verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 7750 (yeddi min yeddi yüz əlli) manat əsas borc və mənəvi ziyan kimi 2400 (iki min dörd yüz) manat alınaraq X2 verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-826/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-826/2021
24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver