Məhkəmə qərarları › İş №2(075)-888/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-888/2021

13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-888/2021 13.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2538.83 manat pul və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddianı müdafiə edir. Özü uzun müddət Şəki RMX-da tibb bacısı işləmişdir. Cavabdeh təcili 500 manat pul lazım olduğunu bildirmiş, ona zamin durmasını xahiş etmişdir. O, işdə olarkən qəfil gəlib aparmış, bankda boş vərəqləri qollatmışdır. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh onu aldatmış, bankdan 500 ABŞ dolları deyil, 2500 ABŞ dolları götürmüşdür. 30 yanvar 2014-cü il tarixdə öhdəliyin təminatı olaraq onunla "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kreditor qarşısında öhdəliklərini icra etmədiyi üçün "xxxx" ASC onlara qarşı ərizə ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 23 iyun 2015-ci il tarixli, 2(075)-3126/2015 saylı məhkəmə əmri ilə 1115.76 ABŞ dolları əsas, 453.26 ABŞ dolları faiz borcu və 20 manat dövlət rüsumunun ondan və Cavabdeh müştərək qaydada tutulması əmr edilmişdir. Məhkəmənin sözügedən əmri icraya yönəlmiş və tələbin könüllü icrası tələb olunmuşdur. Tələb könüllü icra olunmadığı üçün icra məmuru məcburi icra tədbirlərini həyata keçirmiş, onun əmək haqqının 50%-nə tutma yönəldilmişdir. Cavabdeh vaxt qazanmaq üçün 29 mart 2017-ci il tarixdə əmrdən etiraz vermiş, Şəki Rayon Məhkəməsinin 23 iyun 2015-ci il tarixli, 2(075)-3126/2015 saylı məhkəmə əmri ləğv edilərək işə iddia icraatı qaydasında baxılmışdır. Şəki Rayon Məhkəməsinin 05 may 2017-ci il tarixli, 2(075)-2927/2017 saylı qətnaməsi ilə 1115.76 ABŞ dolları əsas, 205.75 ABŞ dolları faiz və 49.83 ABŞ dolları cərimə borcu və 30 manat dövlət rüsumunun ondan və Cavabdeh müştərək qaydada tutulması qət edilmişdir. Məhkəmənin sözügedən qətnaməsi icraya yönəlmiş və tələbin könüllü icrası tələb olunmuşdur. Tələb könüllü icra olunmadığı üçün icra məmuru məcburi icra tədbirlərini həyata keçirmiş, onun əmək haqqının 50%-nə tutma yönəldilmiş, daha sonra pensiyasından tutmalar həyata keçirilmişdir. Əmək haqqından və pensiyasından tutulan həmin vəsaitlər onun maddi çətinliklərlə üzləşməyinə səbəb olmuşdur. Cavabdeh ona vurduğu zərəri ödəməsini dəfələrlə xahiş etsə də, cavabdeh indiyədək cəmi 493 manat ödəniş etmişdir. O, sadəcə öz halal pulunu tələb edir. Odur ki, cavabdeh tərəfindən ödənilmiş 493 manatın cəmi tutmalardan çıxılmasını xahiş edir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, o, şəxsən banka heç bir ödəniş etməmişdir. Yalnız əmək haqqından və pensiyasından tutmalar olmuşdur. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: Şəki Rayon Məhkəməsinin 23 iyun 2015-ci il tarixli, 2(075)-3126/2015 saylı məhkəmə əmrindən görünür ki, Cavabdeh və İddiaçı müştərək qaydada 1115.76 ABŞ dolları əsas, 453.26 ABŞ dolları faiz borcu və 20 manat dövlət rüsumunun alınaraq "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli, 2(075)-2927/2017 saylı qərardadından görünür ki, Şəki Rayon Məhkəməsinin 23 iyun 2015-ci il tarixli, 2(075)- 3126/2015 saylı məhkəmə əmri ləğv edilərək işə iddia icraatında baxılması qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin 05 may 2017-ci il tarixli, 2(075)-2927/2017 saylı qətnaməsindən görünür ki, Cavabdeh və İddiaçı müştərək qaydada 1115.76 ABŞ dolları əsas, 205.75 ABŞ dolları faiz və 49.83 ABŞ dolları cərimə borcu və 20 manat dövlət rüsumunun alınaraq "xxxx" ASC-yə, 10 manat dövlət rüsumunun dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin 15 iyul 2021-ci il tarixli, 6874/3 saylı məktubundan görünür ki, Şəki Rayon Məhkəməsinin 05 may 2017-ci il tarixli, 2(075)- 2927/2017 saylı icra sənədi üzrə icra işlərində olan sənədlərə görə İddiaçı pensiyasından ümumilikdə 881 manat pul tutularaq tələbkar "xxxx" ASC-nin və 165.30 manat icra ödənişi tutularaq Ədliyyə Nazirliyinin xüsusi fonduna köçürülmüşdür. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 06 avqust 2021-ci il tarixli, **********1 saylı məktubundan görünür ki, İddiaçı pensiyasından 01 mart 2020-ci il tarixdən 01 yanvar 2021-ci il tarixədək aylıq 93.28 manat olmaqla, ümumilikdə 881 manat "xxxx" ASC-nin xeyrinə, 01 yanvar 2021-ci il tarixdən 27 fevral 2021-ci il tarixədək aylıq 82.65 manat olmaqla, ümumilikdə 165.30 manat icra ödənişi tutularaq Ədliyyə Nazirliyinin xüsusi fonduna köçürülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Mərləzi Xəstəxanasının 25 yanvar 2018-ci il tarixli, 136 nömrəli məktubunun təsdiq edilmiş surətindən görünür ki, 2016-2018-ci illər ərzində İddiaçı əmək haqqından cəmi 854.40 manat tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh "xxxx" ASC İddiaçı zaminliyi ilə kredit və zaminlik müqavilələrinə əsasən 30 yanvar 2014-cü il tarixdə kredit vermişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh ona verilmiş krediti və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş qrafik üzrə ödəməli olmuşdur. Eyni zamanda "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə İddiaçı ilə "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. Bank of Baku ASC kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirərək Cavabdeh kredit versə də, Cavabdeh həmin kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməmiş, banka olan kredit borcunu ödəməmişdir. Şəki Rayon Məhkəməsinin 23 iyun 2015-ci il tarixli, 2(075)-3126/2015 saylı icra sənədinə əsasən borclular Cavabdeh və İddiaçı müştərək qaydada 1115.76 ABŞ dolları əsas, 453.26 ABŞ dolları faiz borcu və 20 manat dövlət rüsumunun alınaraq "xxxx" ASC-nin hesabına ödənilməsi qərara alınmışdır. Həmin əmrdən etiraz verilmiş, Şəki Rayon Məhkəməsinin 05 may 2017-ci il tarixli, 2(075)-2927/2017 saylı icra sənədinə əsasən borclular Cavabdeh və İddiaçı müştərək qaydada 1115.76 ABŞ dolları əsas, 205.75 ABŞ dolları faiz və 49.83 ABŞ dolları cərimə borcu və 20 manat dövlət rüsumunun alınaraq "xxxx" ASC-yə, 10 manat dövlət rüsumunun dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Mövcud borc məbləğindən cəmi 854.40 manat tibb bacısı İddiaçı əmək haqqından hər ay tutmalar hesabına icra edilmişdir. Həmçinin, sözügedən borc məbləğindən 881 manat borc və 165.30 manat icra ödənişi pensiyaçı İddiaçı pensiyasından hər ay tutmalar hesabına icra edilmişdir. Hal-hazıradək cavabdeh iddiaçıya özünün qeyd etdiyi kimi cəmi 493 manat ödəmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməməklə iddiaya münasibət bildirməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Göründüyü kimi Cavabdeh "xxxx" ASC-yə ödəməli olduğu borc məbləğindən 881 manat borc və 165.30 manat icra ödənişi İddiaçı pensiyasından hər ay tutmalar hesabına, həmçinin 854.40 manat əmək haqqından tutulmaqla, ümumilikdə 1900.70 manat həcmində icra edilmişdir. Cavabdeh həmin pulun cəmi 493 manatını iddiaçıya ödəmişdir. Beləliklə də, "xxxx" ASC-nin öhdəlik üzrə hüquqları kreditorun tələbini ödədiyi həcmdə Cavabdeh öhdəliyi icra etmiş zamini olan İddiaçı keçmişdir. Buna görə də İddiaçı Cavabdeh 1407.70 (1900.70-493.00=1407.70) manat borcun tutulmasını tələb etməkdə haqlıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə iddia tələbinin qalan hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən həmin miqdarda pensiyasından və ya əmək haqqından tutmalarla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 1407.70 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1437.70 manat pul alınaraq İddiaçı ödənilməli, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1407.70 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1437.70 manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar