Məhkəmə qərarları › İş №2(075)-958/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-958/2021

09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-958/2021 09.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı XXX qızının iştirakı ilə İddiaçı XXX qızının Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı XXX qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4212.02 manat pul, 295 manat Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin depozit hesabına köçürülmüş icra ödənişi və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı XXX qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdeh Kəmalə vasitəsilə tanımışdır. Kəmalə ondan Şəlaləyə zamin durmasını xahiş etmişdir. Cavabdeh müxtəlif vaxtlarda "xxxx" ASC-dən kredit götürmüş və bu barədə onunla kredit müqavilələri bağlanmışdır. Eyni zamanda həmin tarixlərdə öhdəliyin təminatı olaraq onunla "xxxx" ASC arasında zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh kreditor qarşısında öhdəliklərini icra etmədiyi üçün Bank of Baku” ASC onlara qarşı ərizə ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli, 2(075)-10147/2016 saylı məhkəmə əmri ilə 223 manat borc və 20 manat dövlət rüsumunun ondan və Cavabdeh müştərək qaydada tutulması əmr edilmişdir. Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli, 2(075)-6083/2017 saylı məhkəmə əmri ilə 1771.02 ABŞ dolları borc və 20 manat dövlət rüsumunun ondan və Cavabdeh müştərək qaydada tutulması əmr edilmişdir. Şəki Rayon Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli, 2(075)-7573/2017 saylı məhkəmə əmri ilə 978.29 manat borc və 20 manat dövlət rüsumunun ondan və Cavabdeh müştərək qaydada tutulması əmr edilmişdir. Məhkəmənin sözügedən əmrləri icraya yönəlmiş və tələblərin könüllü icrası tələb olunmuşdur. Tələblər könüllü icra olunmadığı üçün icra məmuru məcburi icra tədbirlərini həyata keçirmişdir. O, dəfələrlə banka getmiş, pensiyasından tutulmanın dayandırılmasını xahiş etmişdir. Lakin müraciətləri bir nəticə verməmişdir. Sonuncu dəfə banka getdikdə bankın səlahiyyətli şəxsi ona 520 manat və 6.03 manat ödədiyi halda bütün borcun bağlanacağını, tutmaların dayandırılacağını demişdir. O da borc xərc edib pulu düzəltmiş, həmin miqdarda pulu kassaya ödəmişdir. Ondan cəmi 4212.02 manat pul tutularaq "xxxx" ASC-yə və 295 manat icra ödənişi tutularaq Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin depozit hesabına köçürülmüşdür. Ailəsinin yeganə gəlir yeri onun pensiyasıdır və tutulan həmin vəsait onun maddi çətinliklərlə üzləşməyinə səbəb olmuşdur. Cavabdeh ona vurduğu zərəri ödəməsini dəfələrlə xahiş etsə də o, heç bir ödəniş etməmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli, 2(075)-10147/2016 saylı məhkəmə əmrindən görünür ki, Cavabdeh və İddiaçı XXX qızından müştərək qaydada cəmi 223 manat borc və 20 manat dövlət rüsumunun alınaraq "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli, 2(075)-6083/2017 saylı məhkəmə əmrindən görünür ki, Cavabdeh və İddiaçı XXX qızından müştərək qaydada cəmi 1771.02 ABŞ dolları borc və 20 manat dövlət rüsumunun alınaraq "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli, 2(075)-7573/2017 saylı məhkəmə əmrindən görünür ki, Cavabdeh və İddiaçı XXX qızından müştərək qaydada cəmi 978.29 manat borc və 20 manat dövlət rüsumunun alınaraq "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin 12 iyul 2021-ci il tarixli, 6783/3 saylı məktubundan görünür ki, Şəki Rayon Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli, 2(075)-10147/2016 saylı, 26 sentyabr 2017-ci il tarixli, 2(075)- 6083/2017 saylı və 20 dekabr 2017-ci il tarixli, 2(075)-7573/2017 saylı icra sənədləri üzrə icra işlərində olan sənədlərə görə İddiaçı XXX qızından ümumilikdə 2571.86 manat pul tutularaq tələbkar "xxxx" ASC-nin və 212 manat icra ödənişi tutularaq Ədliyyə Nazirliyinin xüsusi fonduna köçürülmüşdür. İş materiallarına əlavə edilmiş 18 mart 2021-ci il tarixli, 2001 nömrəli qəbzdən görünür ki, İddiaçı XXX qızı müştəri Cavabdeh krediti üzrə "xxxx" ASC-yə 3.54 ABŞ dolları = 6.03 manat ödəyərək krediti tam bağlamışdır. İş materiallarına əlavə edilmiş 18 mart 2021-ci il tarixli, 1032 nömrəli qəbzdən görünür ki, İddiaçı XXX qızı müştəri Cavabdeh krediti üzrə "xxxx" ASC-yə 520 manat ödəyərək krediti tam bağlamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh "xxxx" ASC İddiaçı XXX qızının zaminliyi ilə kredit və zaminlik müqavilələrinə əsasən müxtəlif vaxtlarda və məbləğlərdə kredit vermişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən Cavabdeh ona verilmiş kreditləri və ona hesablanmış faizləri kredit müqavilələrinə əlavə edilmiş qrafik üzrə ödəməli olmuşdur. Eyni zamanda "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqavilələri üzrə yaranmış öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə İddiaçı XXX qızı ilə "xxxx" ASC arasında zaminlik müqavilələri bağlanmışdır. "xxxx" ASC kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirərək Cavabdeh kredit versə də, Cavabdeh həmin kredit müqavilələri üzrə öz öhdəliklərini yerinə yetirməmiş, banka olan kredit borclarını ödəməmişdir. Şəki Rayon Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli, 2(075)-10147/2016 saylı icra sənədinə əsasən borclular Cavabdeh və İddiaçı XXX qızından müştərək qaydada 223 manat borc və 20 manat dövlət rüsumunun alınaraq "xxxx" ASC-nin hesabına ödənilməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli, 2(075)-6083/2017 saylı icra sənədinə əsasən borclular Cavabdeh və İddiaçı XXX qızından müştərək qaydada 1771.02 ABŞ dolları borc və 20 manat dövlət rüsumunun alınaraq "xxxx" ASC-nin hesabına ödənilməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli, 2(075)-7573/2017 saylı icra sənədinə əsasən borclular Cavabdeh və İddiaçı XXX qızından müştərək qaydada 978.29 manat borc və 20 manat dövlət rüsumunun alınaraq "xxxx" ASC-nin hesabına ödənilməsi qərara alınmışdır. Mövcud borc məbləğindən 2571.86 manat borc və 212 manat icra ödənişi pensiyaçı İddiaçı XXX qızının pensiyasından hər ay tutmalar hesabına icra edilmişdir. Həmçinin, İddiaçı XXX qızı "xxxx" ASC-yə şəxsən 520 manat və 6.03 manat ödəməklə kreditləri tam şəkildə bağlamışdır. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməməklə iddiaya münasibət bildirməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Göründüyü kimi Cavabdeh "xxxx" ASC-yə ödəməli olduğu borc məbləğləri 2571.86 manat borc və 212 manat icra ödənişi İddiaçı XXX qızının pensiyasından hər ay tutmalar hesabına, həmçinin 520 manat və 6.03 manat şəxsən ödənilməklə, ümumilikdə 3309.89 manat həcmində icra edilmişdir. Beləliklə də, "xxxx" ASC-nin öhdəlik üzrə hüquqları kreditorun tələbini ödədiyi həcmdə Cavabdeh öhdəliyi icra etmiş zamini olan İddiaçı XXX qızına keçmişdir. Buna görə də İddiaçı XXX qızı Cavabdeh 3309.89 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə iddia tələbinin qalan hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən həmin miqdarda pensiyasından tutmalarla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 3309.89 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 3339.89 manat pul alınaraq İddiaçı XXX qızına ödənilməli, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3309.89 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 3339.89 manat pul alınaraq İddiaçı XXX qızına verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar