Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-104/2023 12.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qıznın sədrliyi, Şərifova Səbinə Səvayuş qızının katibliyi, Ərizəçi nümayəndəsi (əri) X3 və vəkili X6 iştirakları ilə, Ərizəçi torpağa sahiblik, istifadə və sərəncamverici hüquqların tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Şəmkir rayon Keçili Bələdiyyəsi 26 dekabr 2001-ci il tarixli 12 nömrəli qərarı ilə ayrılaraq satılmış 0.08 ha torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncamvermək faktının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayon Keçili bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 12 saylı qərarına əsasən Şəmkir rayonu, Keçili Bələdiyyəsi tərəfindən bələdiyyənin sahəsindən 0.08 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzrə torpağının plan və ölçüsü hazırlanmış və qeydiyyata aldırmaq üçün tərəfindən ƏMDKY-da DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edilmiş və arxiv sənədinin əsilləri, o cümlədən dövlət rüsumu keçirilmiş və hüququnun qeydiyyata alınmasından həmin sənədlərin itməsi ilə və sənədlərin Arxivdə də tapılmadığından o cümlədən Bələdiyyənin Arxivində də qalmadığından mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində hüquqlarını aldıra bilmir. Belə ki, qeyd edilən sənədlərdən torpaq sahəsinin ona satılması, torpaq sahəsinin ayrılması barədə qərar və torpaq sahəsinin plan ölçü sənədləri itmiş bununla bağlı öhdəlik qoyulması barədə Gəncə İnzibati Məhkəməsinə və Gəncə Apellyasiya Məhkəməsinin X1 şikayəti verilsə də, məhkəmə tərəfindən iddia və şikayəti ona qaytarılmış və mülkiyyətinə verilmiş qeyd olunan sənədlərin itməsi ilə bağlı sənədləri təqdim edə bilmədiyindən təmin edilməmişdir. Maraqlı şəxs tərəfindən torpaq sahəsinə baxış keçirilmiş bələdiyyənin torpaq sahəsi üzrə plandan çıxarış çıxarılmış və torpaq sahəsinin yeri müəyyən edilmiş və qonşuları müəyyən edilmiş, lakin qeyd edilən sənədlərin itməsi ilə bağlı sənədləri təqdim edə bilmədiyindən təmin edilməmişdir. Maraqlı şəxs tərəfindən torpaq sahəsinə baxış keçirilmiş bələdiyyənin torpaq sahəsi üzrə planından çıxarış çıxarılmış və torpaq sahəsinin yeri və qonşuları müəyyən edilmiş lakin qeyd edilən sənədlərin təqdim edə bilmədiyindən torpaq sahəsi üzrə hüquqları qeydə aldıra bilmir. Bu isə onun torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozur. Həmin sənədlərin tapılması üçün Şəmkir rayon arxivindən verilmiş, Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş arayışlardan və sənədlərin tapılması və etibarsızlığı barədə qəzetdə də elan verilmiş həmin sənədləri ərizəsinə əlavə etmişdir. Bu baxımdan hüquqi əhəmiyyətli fakt olaraq torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncamverici hüquqlarının fakt olaraq tanınması ilə bağlı ümumi məhkəməyə müraciət etmək məcburiyyətindədir. Şəmkir rayon Məhkəməsinin qərardadı ilə Şəmkir rayon Keçili Bələdiyyəsi iş üzrə maraqlı şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi (əri) X8 ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi vəkili X9 nümayəndənin dedikləri ilə eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxslər AR ƏMDK-nin Yanında Daşınmaz Əmlak Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə və Şəmkir rayon Keçili Bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndələri məhkəməyə gəlməmişlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin (əri) və vəkilinin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli “Ədalət” nəşriyyatlı qəzetdən görünür ki, Şəmkir rayonu Keçili kənd Bələdiyyəsi tərəfindən X2 adına verilmiş xx.xx.2001-ci il tarixli 2 saylı əmri ilə torpaq sahəsinə aid qərarın əsli, qəbz və alqı-satqı müqaviləsi itdiyi üçün etibarsız sayılması barədə məlumat verilmişdir. İşə əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli 121-39415Y-3221 nömrəli arayışdan görünür ki, Ərizəçi məxsus olan Şəmkir rayonu Keçili kənd bələdiyyəsinin 2001-ci il tarixli 12 nömrəli əmri ilə verilmiş torpaq sahəsinə aid qərarın əsli, qəbz və alqı-satqı müqaviləsini Gəncə şəhərində yaşadığı evdə naməlum şəraitdə itirməsini bildirdiyindən həmin sənədlərin tapılması üçün müvafiq tədbirlər həyata keçirilmiş, ətraf rayon polis idarə və bölmələrinə istiqamətləndirici sorğular göndərilmiş, lakin həmin sənədlər tapılma kimi Gəncə şəhər Nizami RPİ-nə təqdim edilməmişdir. İşə əlavə edilmiş Şəmkir rayon Keçili Bələdiyyəsinin 26 dekabr 2001-ci il tarixli 12 nömrəli qərarının surətindən görünür ki, Şəmkir rayonu Keçili kəndinin bələdiyyə ehtiyat fondunun alqısatqı predmeti olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən alqı-satqı qaydasında Şəmkir rayonu, Keçili kənd sakini X4 həyətyanı məqsədilə 0.08 ha torpaq satılması barədə rayon torpaq şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınması, Keçili kənd sakini X7 bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən həyətyanı məqsədi ilə 0.08 ha torpaq sahəsi satılması qərara alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X5 06 noyabr 2018-ci il tarixli arxiv arayışından görünür ki, X12 Filialında mühafizə olunan Keçili kənd bələdiyyəsinin 26 dekabr 2001-ci il tarixli 12 nömrəli əmri ilə X4 0.08 ha (səkkiz sot) həyətyanı torpaq sahəsi qeyd edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X5 09 dekabr 2021-ci il tarixli arxiv arayışından görünür ki, Şəmkir Filialında mühafizə olunan Keçili Bələdiyyəsinin 26 dekabr 2001ci il tarixli 12 nömrəli əmri ilə X2 adına 008 ha (800 m2) həyətyanı torpaq sahəsi qeyd edilib. Lakin, xx.xx.2001-ci il tarixli 12 nömrəli əmrlə verilmiş torpaq sahəsinin yerquruluşu planı və bələdiyyə ilə vətəndaş arasında bağlanmış həyətyanı torpaq sahəsinə dair alqı-satqı müqaviləsi arxivə təhvil verilmədiyi üçün həmin sənədlərin surətini vermək mümkün olmamışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X5n direktoru Elşən Quliyev tərəfindən təsdiq olunmuş Şəmkir Rayon Keçili Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 12 nömrəli əmrinin surətindən görünür ki, torpağın dəyərini ödədiklərinə görə aşağıda adları göstərilən vətəndaşlara Zəhmət istehsalı kooperativinin sahəsindən Bakı-Tbilisi dəmir yolu alt hissəsindən kəndin gün batan tərəfindən perspektiv inkişaf üçün ayrılmış sahədən fərdi ev tikmək üçün tərtib edilmiş sxematik plana uyğun olaraq 008 ha (800 m2) torpaq sahəsi verilmiş və həmin adları qeyd olunan hissədə X2 adı qeyd edilmişdir. İşə əlavə edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-1118/2021 saylı qərardan görünür ki, Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs Şəmkir rayonu Keçili Bələdiyyəsi) qarşı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiasının rədd olunması qərara alınmışdır. İşə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2021-ci il tarixli 2-1(104)-697/2021 saylı qərarının surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)- 1118/2021 aylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş Şəmkir rayon Keçili bələdiyyəsinin yerquruluşu planından çıxarışda Ərizəçi qanuni istifadəsində olan 0.08 ha həyətyanı torpaq sahəsi olması qeyd olunmuşdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. İşdə olan sübutlardan göründüyü kimi ərizəçi xx.xx.2001-ci il tarixli 12 nömrəli Şəmkir rayon Keçili bələdiyyəsinin qərarından və Şəmkir rayon Keçili Bələdiyyəsinin yerquruluşu planından çıxarışdan başqa yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbinə uyğun hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinə dair torpaqların alqı-satqısına dair akt, ödəniş haqqında qəbz, yerli icra hakimiyyəti orqanının bələdiyyənin satdığı torpaq sahəsinə dair rəyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bələdiyyənin satdığı torpaq sahəsinə dair rəyi, qiymət arayışı, baxış aktı, bələdiyyənin qərarı və baş memarın rəyi əks olunmalıdır. Ərizəçi isə xx.xx.2021-ci il tarixli “Ədalət” nəşriyyatlı qəzetdə Şəmkir rayonu Keçili kənd Bələdiyyəsi tərəfindən X2 adına verilmiş xx.xx.2001-ci il tarixli 2 saylı əmri ilə torpaq sahəsinə aid yuxarıda sadalanan bütün o sənədlərin itdiyi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, iş üzrə təqdim olunmuş sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Şəmkir rayon Keçili Bələdiyyəsi 26 dekabr 2001-ci il tarixli 12 nömrəli qərarı ilə ayrılaraq satılmış 0.08 ha torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncamvermək faktının tanınmasına dair ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Şəmkir rayon Keçili Bələdiyyəsi 26 dekabr 2001-ci il tarixli 12 nömrəli qərarı ilə ayrılaraq satılmış 0.08 ha torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncamvermək faktının tanınmasına dair ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-104/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-104/2023
12.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver