Məhkəmə qərarları › İş №2(076)-1142/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-1142/2023

09.03.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-1142/2023 09.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi ilə İddiaçı Cavabdeh ASC–yə qarşı torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh ASC–yə qarşı torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı inzibati orqan olan Cavabdeh ASC–yə qarşı iddia qaldıraraq, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. “İnzibati icraat haqqında” Qanunun 1.1, 1.2 və 3.1-ci maddələrinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan-Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs mənasına malikdir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarda daha sonra göstərilmişdir ki, tərəflərin mülki (öhdəlik) münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələr İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “X1” haqqında xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqan hesab edilir. Eləcə də, Cavabdeh ASC–nin Nizamnaməsinin 1.2-ci bəndində göstərilmişdir ki, cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Göründüyü kimi “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsinə, habelə Nazirlər Kabinetinin “X1” haqqında xx.xx.2007-ci il tarixli Qərarına əsasən inzibati akt qəbul etmək səlahiyyətinə malik olan hüquqi şəxslər inzibati orqan hesab olunur. Buna görə də, qanunvericiliyin qeyd olunan müddəalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh ASC–nin bütün səhmləri dövlətə məxsus olduğundan və həmin orqan inzibati akt qəbul etmək səlahiyyətinə malik hüquqi şəxs olduğundan, iddiaçının ona qarşı yönələn tələbi ümumi (publik) hüquq sahəsindən irəli gələn inzibati hüquq münasibətləri ilə bağlı mübahisədir və bu səbəbdən həmin tələbə inzibati məhkəmələrdə baxılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh ASC–yə qarşı hazırki tələbi məhkəmənin səlahiyyətinə aid deyildir və iddia ərizəsi yolverilməz əsaslarla Şəmkir Rayon Məhkəməsinə verilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı əvvəllər də Cavabdeh ASC–yə və qeyrisinə qarşı su xəttinin, qurğuların sökülməsi, ərazinin boşaldılması, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair məhkəmədə iddia qaldırmış və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-374/2022 saylı qərardadı ilə həmin mülki işin icraatına Cavabdeh ASC–yə münasibətdə xitam verilmiş və iddiaçıya həmin tələbi barədə ərizə ilə Cavabdeh ASC–yə, tələbinin təmin edilməsindən imtina edildikdə isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, həmin qərardad qanuni qüvvəyə minmişdir. Buna baxmayaraq, iddiaçı eyni əsasla eyni cavabdehə qarşı eyni predmet barəsində yenidən Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçının hazırki tələbi barədə ərizə ilə Cavabdeh ASC–yə, tələbinin təmin edilməsindən imtina edildikdə isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçı Cavabdeh ASC–yə qarşı torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, hazırki tələbi barədə ərizə ilə Cavabdeh ASC–yə, tələbinin təmin edilməsindən imtina edildikdə isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar