Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1194/2023 27.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X11 məxsus olmuş ünvan 1 ünvanda yerləşən miras əmlakın qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bacısı X16 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bacısından ünvan 2 ünvanda yerləşən mənzil miras qalmışdır. O bacısının qanun üzrə vərəsəsidir. Mirası yalnız o qəbul etmişdir. Bacısının digər vərəsələri mirasdan imtina etmişlər. Bacısının birinci növbə vərəsəsi yoxdur, belə ki, bacısının həyat yoldaşı xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Bacısı rəhmətə gedəndən sonra miras mülkü yalnız o qəbul etmiş, faktiki olaraq miras mülkün idarəçiliyini həyata keçirmiş və sahiblik etmişdir. Bu gün də həmin mənzil onun sahibliyində və idarəçiliyindədir. Miras qalmış torpaq sahəsinin onun adına qanun üzrə vərəsəlik qaydasında keçirilməsi üçün mirasın açıldığı və torpaq sahəsinin yerləşdiyi Notariat Kontoruna müraciət etmiş, ancaq notarius tərəfindən vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmişdir. Mirasın onun istifadəsində olması mübahisəsizdir. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, bildirdi ki, bacısı X2 Səməndər Qənbər oğlu ilə ailə qurmuş, lakin birgə nikahdan uşaqları olmamışdır. S. Q. Mollayev xx.xx.2002-ci il tarixdə vəfat etdiyindən bacısının birinci növbə vərəsəsi yoxdur. Qardaşları isə miras əmlakı qəbul etməmişdir. Belə ki, Həcər Mollayevaya sağlığında o baxıb qulluq etdiyindən elə sağlığında H. Ə. Mollayeva evdən istifadə və sahibliyi ona həvalə etmişdir. Bacısı vəfat etdikdən sonra da hazırda həmin miras mülkü o idarə edir. Belə ki, bütün kommunal xərcləri o ödəyir və həmin əmlaka tez tez baş çəkərək vərəsə kimi miras əmlaka sahiblik edir. Bununla da mirası faktiki qəbul etdiyini nümayiş etdirmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X28 bildirdi ki, X16 ilə qonşuluqda Gəncə şəhəri H. Əliyev pr., ev 37, mənzil 53-də yaşayır. X7 həyat yoldaşı Səməndər Mollayev vəfat etdikdən sonra H. Mollayevaya bacısı Ərizəçi tez tez baş çəkmiş, onun qayğısına qalmışdır. Bundan başqa H. Mollayeva vəfat etdikdən sonra ona məxsus miras əmlaka A. Vəliyeva tez tez baş çəkir, kommunal xərcləri A. Vəliyeva ödəyərək faktiki sahibliyi həyata keçirir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və X8 şahid X17 ifadəsinə uyğun ifadə verərək X11 məxsus ünvan 2 ünvanda yerləşən miras əmlaka sahibliyi Ərizəçi həyata keçirməsini bildirmişlər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq belə qənaətə gəlir ki, ərizə təmin edilməli, X7 mülkiyyətində olmuş, ünvan 1 ünvanda yerləşən miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən edilir: AZ-İİ seriyalı, 130688 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 12 noyabr 2020-ci il tarixdə ürək çatmamazlığı səbəbindən vəfat etmişdir. Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X15 01 iyul 1943-cü il tarixdə Şəmkir rayonunun Düyərli kəndində anadan olmuşdur. Bu barədə 27 dekabr 2022-ci il tarixdə Şəmkir rayon Qeydiyyat Şöbəsində 15 nömrəli doğum haqqında bərpa akt qeydi tərtib olunmuşdur. Atası: X25, anası İbrahimova Başxanım İsmayıl qızıdır. AZ-İİ seriyalı, 068549 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 08 aprel 2020-ci il tarixdə beyinə qanaxma səbəbindən vəfat etmişdir. AZ seriyalı, 149010 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 27 avqust 2002-ci il tarixdə baş beyin qan dövranının kəskin pozulması səbəbindən vəfat etmişdir. Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, X18 09 sentyabr 2021-ci il tarixdə kəskin miokard infarkt səbəbindən vəfat etmişdir. Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, X12 01 yanvar 1937-ci il tarixdə doğulmuşdur. İ-ИЕ seriyalı, 968375 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X19 17 may 1960-cı il tarixdə doğulmuşdur. X5, anası İbrahimova Başxanım İsmayıl qızıdır. ИЕ seriyalı, 094504 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X13 xx xxxx 1948-ci il tarixdə doğulmuşdur. X5, anası İbrahimova Başxanım İsmayıl qızıdır. İİİ-ЖГ seriyalı, 251570 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X6 ilə X15 18 oktyabr 1982-ci il tarixdə nikahlarını qeyd etdirməklə evlənmişlər, nikahdan sonra ərə Mollayev, arvada Mollayeva soyadı verilmişdir. Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 aprel 2023-cü il tarixli arayışdan görünür ki, X7 ailə üzvü X3r (27 avqust 2002-ci il tarixdə vəfat edib). Şəmkir rayon Notariat Ofisinin 18 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi qanunla nəzərdə tutulmuş mirasın qəbul müddəti ötürüldüyündən məhkəməyə müraciət olunması izah olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Texniki pasportun təsdiqlənmiş surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, bina 41 ünvanda yerləşən 29 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında X14 məxsusdur. 22 may 2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, Gəncə şəhəri Kəpəz rayonu Heydər Əliyev prospekti bina 41, mənzil 9-da yerləşən ümumi sahəsi 30,9 kv.m olan 1 otaqlı mənzildə yaşamış, xx.xx.2020-ci ildə vəfat etmiş, Mollayeva (İbrahimova) Həcər Əhməd qızının sağlığında onun Şəmkir rayonu Düyərli kəndində yaşayan bacısı Vəliyeva (İbrahimova) Afayət Əhməd qızı qayğısına qalmış, himayəçilik etmiş, X7 xx.xx.2020-ci ildə vəfat etməsindən sonra isə ondan miras qalmış Gəncə şəhəri Kəpəz rayonu Heydəır Əliyev prospekti bina 41, mənzil 29-da yerləşən ümumi sahəsi 30,9 kv.m olan 1 otaqlı mənzilinə bacısı Vəliyeva (İbrahimova) Afayət Əhməd qızı sahiblənmiş, mənzili abad saxlamış və faktiki olaraq idarə edərək kirayə pulundan bəhrələnmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır (MPM. m 307.2.9) Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə ikinci növbədə - ölənin bacıları və qardaşları daxildir. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd edilən normaların tələbinə görə şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal olmaqla iki üsulunu müəyyənləşdirmişdir. Formal üsul vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, qeyri formal üsul isə vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi, eləcə də miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. Yuxarıda qeyd olunan normaların hazırkı mülki iş üzrə tədqiq edilmiş sübutlarla qarşılıqlı təhlilindən belə nəticəyə gəlmək olur ki, ərizəçi qardaşı X10 ölümündən sonra miras qalmış əmlaka, yəni torpaq sahəsinə sahiblik və idarəçiliyi həyata keçirmişdir. X1 birinci növbə vərəsələri sağ olmadığından onun bacısı Ərizəçi miras qoyanın ikinci növbə vərəsəsi kimi mirası faktiki olaraq qəbul etməsi ərizəçinin izahatı ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq olunmuşdur. Mirasın qəbulu faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada (notarius tərəfindən) müəyyən edilməsi imkanı mövcud deyildir. Buna görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X1 mülkiyyətində olmuş, ünvan 1 ünvanda yerləşən miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305- 311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X7 mülkiyyətində olmuş, ünvan 1 ünvanda yerləşən miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1194/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1194/2023
27.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver