Məhkəmə qərarları › İş №2(076)-1274/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-1274/2023

29.03.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-1274/2023 29.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iş materiallarında iddiaçı tərəfindən cavabdehə mübahisənin məhkəmədən kənar qaydada (pretenziya qaydasında) həll edilməsi məqsədini güdən təklifin (məktubun) göndərilməsi müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏƏSMN yanında X1 Xidməti Abşeron Xızı Regional Şöbəsi tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixli məktub ünvanlanmış məktubla müəyyən edilir ki, iddiaçıya əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət etməsi, işəgötürən tərəfindən bu vəzifə icra edilmədikdə isə məhkəməyə müraciət etməsi izah olunmuşdur. Eləcə də, iş materiallarında olan və iddiaçı tərəfindən cavabdehə ünvanlanmış ərizədən görünür ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş və həmin ərizəni xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə cavabdehə göndərmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2- 1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən bu Qanunun 9.2, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə işəgötürənə, yəni cavabdehə ərizə ünvanlasa da, həmin ərizənin cavabdeh tərəfindən alınmasını təsdiq edən sənəd iş materiallarında aşkar edilməmiş, həmçinin, iddiaçı müraciətinə baxılması müddətini gözləmədən xx.xx.2023cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla da məhkəmə, iddiaçı tərəfindən cavabdehə münasibətdə mübahisənin məhkəmədən kənar həlli qaydasına əməl edilməməsi qənaətinə gəlir və hesab edir ki, həmin qaydaya əməl olunmadığından iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 149.2.4-cü maddəsinə əsasən ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçılara hazırki qərardadda göstərilən nöqsanı aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. İddiaçılara izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar