Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1280/2023 11.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi Nümayəndə Cavabdeh: Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərin mülkiyyətində olan, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 1.14 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə cavabdehlərlə onun arasında alqı–satqı müqaviləsinin bağlanmış hesab edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdehlər təmsil etdiyi şəxsin həmkəndliləridir. 2002–ci il tarixdə cavabdeh ümumi birgə mülkiyyətlərində olan, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 2.7475 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.14 hektar hissəsini 3.500 manat müqabilində iddiaçıya satmışlar. Həmin tarixdən mübahisəli torpaq sahəsi təmsil etdiyi şəxsin faktiki istifadəsinə verilmiş və iddiaçı torpaq sahəsindən təyinatına uyğun istifadə etmişdir. Bununla belə cavabdehlər tezliklə torpaq sahəsinə dair notariat qaydada alqı– satqı müqaviləsi bağlayacaqlarına vəd vermişlər. İddiaçı da cavabdehlər tərəfindən torpaq sahəsinin naturada ona təhvil verilməsinə görə cavabdehlərə inanmış və nağd pul ödəməklə torpağı satın almışdır. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq, cavabdehlərlə notarial qaydada müqavilə bağlanmamış və torpaq sahəsinin hüquqi vəziyyəti qeyri–müəyyən formada qalmışdır. Buna baxmayaraq, həmin vaxtdan da mübahisəli torpaq sahəsindən iddiaçı təyinatına uyğun olaraq istifadə etmiş, yəni orada kənd təsərrüfatı məhsulları becərmişdir. Hazırda isə mübahisəli torpaq sahəsi faktiki olaraq onun istifadəsində olsa da, rəsmi olaraq cavabdehlərin adına qeydə alınmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, təmsil etdiyi şəxslə cavabdehlər arasında mübahisəli torpaq sahəsi barədə alqı–satqı müqaviləsi artıq bağlanmışdır. Cavabdehlər öz iradələrini 2002–ci il tarixdə sərbəst şəkildə ifadə etmişlər. Odur ki, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, mübahisəli torpaq sahəsi mərhum anasından miras qalmış və xx.xx.2020–ci il tarixli Çıxarış əsasında onunla digər ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Anasının sağlığından iddiaçı həmin torpaq sahəsini anası ilə birlikdə əkib–becərmişdir. Anasının vəfatından sonra da iddiaçı həmin torpaq sahəsindən təyinatına uyğun istifadə etmiş, ağaclar əkmişdir. O, həmin vaxtlar iddiaçıya müraciət edərək onlara məxsus torpaq sahəsində əkdiyi məhsullardan onların da payını verməsini istəmiş, lakin iddiaçı ona məhəl qoymamışdır. Bir müddət sonra isə iddiaçıdan onlara məxsus torpaq sahəsindən çıxmasını tələb etmiş, lakin iddiaçı torpaq sahəsini anası Zeynəbdən və qardaşı Tahirdən 3.500 manat müqabilində almasını bildirmişdir. Həmin vaxt iddiaçıdan heç yerə şikayət etməmiş, könüllü şəkildə torpaq sahəsini qaytaracağını düşünmüşdür. Buna baxmayaraq, həmin torpaq sahəsi iddiaçı tərəfindən qanunsuz olaraq zəbt edilmiş və onlara qaytarılmamışdır. Bundan sonra məcbur olub iddiaçıya qarşı məhkəmədə iddia qaldırmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli qətnaməsi ilə onun iddiası qismən təmin edilmiş, xx.xx.2020–ci il tarixli Çıxarış əsasında onun və ailə üzvlərinin mülkiyyətində olan, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 2.7475 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.14 hektar hissəsindən İddiaçı çıxarılması qət edilmişdir. Həmin iddiaya baxılan zaman müvafiq ekspertiza da təyin edilmiş və mütəxəssis tərəfindən iddiaçının həqiqətən onlara məxsus 1.14 hektar torpaq sahəsini zəbt etməsi müəyyən edilmişdir. Hazırda iddianı qəbul etmir. Belə ki, o və digər cavabdehlər iddiaçıya heç vaxt torpaq sahəsi satmamış və iddiaçıdan pul almamışlar. İddiaçı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli qətnaməsinin icrasından yayınmaq məqsədilə, qərəzli şəkildə hazırki iddianı qaldırmışdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, həmin cavabdehlər və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə gəlməyən cavabdehlərin və üçüncü şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2020–ci il tarixli Çıxarışdan görünür ki, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 2.7475 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların digər ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. İşdə olan A 477781 saylı “X6 və Ölçüsü”ndən görünür ki, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 2.7475 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 adına qeyd edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamələrdən görünür ki, X1 xx.xx.2012– ci il tarixdə, X2 xx.xx.2012–ci il tarixdə, X3 xx.xx.2017–ci il tarixdə vəfat etmişlər. İşdə olan cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2022–ci il tarixli qərardan görünür ki, Cavabdeh1 müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığı üçün fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(076)– 304/2022 saylı qətnaməsindən görünür ki, xx.xx.2020–ci il tarixli Çıxarış əsasında Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətində olan, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 2.7475 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.14 hektar hissəsindən İddiaçı çıxarılması qət edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 2.7475 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2020–ci il tarixli Çıxarış əsasında Cavabdeh1 və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Hazırda iddiaçı həmin torpaq sahəsinin 1.14 hektar hissəsinin cavabdehlər tərəfindən 2002–ci il tarixdə ona satılmasını iddia edir. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı tərəf qeyd olunan əqdin mövcudluğu barədə hər hansı mötəbər mənbədən əldə edilmiş sübut təqdim etmədiyindən və bu hal cavabdeh tərəfindən təkzib edildiyindən iddia tələbi əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2– ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Hazırki mübahisə üzrə cavabdehlərin birbaşa iradə ifadəsini özündə əks etdirən mübahisəli torpaq sahəsinin alqı–satqısına dair notariat qaydasında və ya sadə yazılı formada bağlanmış müqavilənin mövcudluğunu sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi halları, o cümlədən mübahisəli torpaq sahəsinin cavabdehlər tərəfindən ona satılmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəf isə iddianı qəbul etməyərək, təkzib etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə cıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar 22 mart 2006–cı il tarixli qərarı əsasında formalaşmış hüquqi mövqeyində göstərmişdir ki, göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: –əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; –məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; –əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı–satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, MM–in 647.1–ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alqı–satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alqı– satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: –yazılı formada bağlanması; –notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı–satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alqı–satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, MM–in 335.2–ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddiaçının tələbinin əsaslı olması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 335.2–ci maddəsində nəzərdə tutulmuş şərtlər ayrı–ayrılıqda və ya məcmu halında mövcud deyildir. Əksinə iş materialları ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi xx.xx.2020–ci il tarixli Çıxarış əsasında Cavabdeh1 və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir, iddiaçı mübahisəli torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş, bu səbəbdən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(076)–304/2022 saylı qətnaməsiə əsasən xx.xx.2020–ci il tarixli Çıxarış əsasında Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətində olan, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 2.7475 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.14 hektar hissəsindən İddiaçı çıxarılması qət edilmişdir. Bu hal isə bir daha ona dəlalət edir ki, tərəflər arasında alqı–satqı ilə bağlı hər hansı iradə ifadəsi olmamışdır. İşin müəyyən olunmuş hallarından da görünür ki, cavabdehlər mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir. Onların hüquqları dövlət tərəfindən tanınır və qorunur. Bu baxımdan mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13–cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5–ci maddəsinə müvafiq olaraq mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona sərəncam verə bilər. Göründüyü kimi iddiaçı mübahisəli torpaq sahəsini 3.500 manat müqabilində satın almasını iddia etsə də, işin araşdırılmış hallarından görünür ki, cavabdehlər mülkiyyətçi kimi torpaq sahəsini iddiaçıya satmaq niyyətində olmamış, belə bir iradələrini ifadə etməmişlər. İddiaçı tərəf isə tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia rədd edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-1280/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1280/2023
11.07.2023 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver