Məhkəmə qərarları › İş №2(076)-134/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-134/2025

15.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-134/2025 15.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı1 və iddiaçıların nümayəndəsi (vəkili) X5 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK tabeliyində DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə “ümumi paylı mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Çıxarışın qismən ləğv edilməsi, həmin torpaq sahəsindəki payının natura halında bölünməsi və faktiki sahibliyinə verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK tabeliyində DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 47 saylı qərarı və JN-686 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında ailəsinə ümumi paylı mülkiyyətinə verilmiş 3,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3,1406 ha hissəsinə dair xx.xx.2010-cu il tarixli ********** nömrəli, 0,05 ha hissəsinə dair xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışların ləğv edilməsi, həmin 3,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 686 A saylı kordinatında yerləşən, 31406,00 kv.m, torpaq sahəsinin 1-ci cavabdehǝ satılmamış qalan 20,006 kv.m hissəsinin və 686 C saylı kordinatda yerləşən 500,00 kv.m torpaq sahələrinin payına düşən hissələrinin faktiki sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 47 saylı qərarı ilə iddiaçıların və ataları-X6, anaları-X13, qardaşları- X3 ibarət ailənin ümumi paylı mülkiyyətinə JN-686 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında 3,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi 686 A saylı Kordinatda 31406,00 kv.m, 686 B saylı kordinatda 5001,08 kv.m, 686 C saylı kordinatda 500,00 kv.m sahələrdə olmaqla Şəmkir rayonu Qapanı kəndinin ərazisində yerləşir. 2006-ci ilin dekabr ayının 06-da həmkəndlilər, 1-ci Cavabdeh1 ilə atası-Nəriman Məmmədov arasında bağlanmış, 4ǝ-820 saylı reyestrlə Şəmkir rayon 1 saylı Notariat Kontorunda qeydə alınmış alqı-satqı müqaviləsi əsasında JN-686 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında ümumi sahəsi 3,69 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 686 A saylı kordinatında yerləşən 31406,00 kv.m, torpaq sahəsinin 1, 14 ha, yəni 11400 kv.m, hissəsi, 686 B saylı kordinatda yerləşən 5001,08 kv.m toraq sahəsi satılmışdır. Həmin alqı-satqı müqaviləsinə iddiaçılar da ərizələri ilə razılıqlarını bildirmişlər. Ancaq, qardaşı Sadıq Məmmədov həmin alqı-satqı müqaviləsi bağlanan zaman hərbi xidmətdə olmasına görə onun həmin torpaq alqı-satqısından xəbəri olmamışdır. Həmçinin, iddiaçılar da 686 A saylı kordinatında yerləşən 31406,00 kv.m, torpaq sahəsinin 1, 14 ha, yəni 11400 kv.m, hissəsinin 1-ci cavabdehǝ satılan hissəsindən qalan 20,006 kv.m torpaq sahəsinin iddiaçıların və qardaşları Sadıq Məmmədovun payına düşən hissəsinin də hələlik tərəfindən istifadə olunmamasına görə Cavabdeh1 tərəfindən müvəqqəti olaraq istiafadə edilməsinə və əvəzində ildə müəyyən qədər pul vəsaiti və ya taxıl məhsulunun verilməsinə şifahi qaydada razılıq bildirmişlər. Ancaq, son vaxtlar iddiaçılar pula ehtiyacı olmasına görə 686 A saylı kordinatında yerləşən 31406,00 kv.m, torpaq sahəsinin satılan 11,400 kv.m torpaq sahəsi çıxılmaqla qalan 20,006 kv.m hissəsindən payına düşən hissəsini satmaq istəmişlər. Bu məqsədlə 1-ci cavabdehə müraciət edərək uzun müddət həmin sahənin onun istifadəsinə verməyinə görə ona satmaq istəməyini bildirdilər. Ancaq, 1-ci cavabdeh JN-686 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında ailənin mükiyyətinə verilmiş cəmisi 3,69 ha torpaq sahəsini 2006-cı ildən onlardan satın almış olmasını və həmin torpaq sahəsinin cəmisi üzərində özünün mülkiyyət hüququna dair Çıxarışların da olmasını bildirdi. Bundan sonra qardaşı Sadıq Məmmədov 1-ci cavabdehə qarşı Şəmkir rayon Məhkəməsində iddia qaldırmaq üçün Dövlət Notariat Arxivindən xx.xx.2006-cı il tarixda Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontorunda 49-820 saylı reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsinə dair notariat işinin təsdiq edilmiş surətini əldə etdi. Həmin notariat işindəki xx.xx.2006-cı il tarixli 49-820 reyestr nömrəli alqı-satq müqaviləsinə və həmin notariat işinə əlavə edilmiş sənədlərə baxış keçirərkən həmin müqavilənin bağlanmasına yǝni, JN-686 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlə Aktı əsasında ümumi sahəsi 3,69 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 31406,00 kv.m, torpaq sahəsinin 1, 14 ha, yəni 11400 kv.m, hissəsinin və 5001,08 kv.m torpaq sahəsinin 1-ci cavabdehǝ satılmış olmasını və iddiaçıların da həmin alqı satqıya razı olmağına dair ərizə imzalamışlar. Ancaq, 1-ci cavabdehin 3,69 ha torpaq sahəsinin hamısına, yəni 0,5001 ha his səsinə **********, 3,1406 ha hissəsinə **********, 0,05 ha hissəsinə ********* qeydiyyat nömrəli, xx.xx.2010-cu il tarixli reystrdən Çıxarışlar tərtib etdirməsini müəyyən edilməsi DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur. Ona görə cavabdehlərə qarşı 1-ci cavabdeh tərəfindən 11 saylı Şəmkir Ərazi İda rəsinə xx.xx.2006-cı il tarixli 40-820 reyestr nömrəli alqı-satqı müqaviləsinin saxtalaşdırılmış şəkildə təqdim edilməsi nəticəsində həmin xx.xx.2010-cu il tarixli, 3,1406 ha hissəsinə **********, 0,05 ha hissəsinə ********** qeydiyyat nömrəli Çıxarışları qismən ləğv edilməsi tələbinə dair məlum iddianı qaldırmalı olmuşlar. Qeyd edilənlərə əsasən Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 47 saylı qərarı və JN-686 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında ailəsinə ümumi paylı mülkiyyətinə verilmiş 3,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3,1406 ha hissəsinə dair xx.xx.2010-cu il tarixli ********** nömrəli, 0,05 ha hissəsinə dair xx.xx.2010cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışların ləğv edilməsi, həmin 3,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 686 A saylı kordinatında yerləşən, 31406,00 kv.m, torpaq sahəsinin 1-ci cavabdehǝ satılmamış qalan 20,006 kv.m hissəsinin və 686 C saylı kordinatda yerləşən 500,00 kv.m torpaq sahələrinin payına düşən hissələrinin faktiki sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X11 və iddiaçıların nümayəsi X15 iddianı müdafiə edərək və iddia ərizəsində göstərilənlərə uyğun izahatlar verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh1 məhkəməyə etiraz ərizəsi verərək etirazında qeyd etmişdir ki, iddianı qəbul etmir. Şəmkir rayon AİK-nın xx.xx.1998-ci il tarixli 47 saylı qərarı ilə JN-686 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında iddiaçılara və digər ailə üzvlərinəataları Nəriman Məmmədova, anaları Nazirə Məmmədova və qardaşları X22 kəndinin ərazisində 3,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 2006-cı ildə o Nəriman Məmmədovun torpağını satmaq istədiyini bildikdə Nərimana müraciət etmiş və 06 dekabr 2006-cı il tarixdə Şəmkir rayon 1 saylı notariat kontorunda torpaq sahəsinin 1,14 ha hissəsinin satılmasına dair aralarında müqavilə bağlamışdır. Onun ailə üzvləri, yəni arvadı və uşaqları, o cümlədən, hazırkı iddiaçılar İddiaçı1 və İddiaçı2 da torpağın satılmasına dair razılıq ərizələrini vermişlər. Onlar müqavilə bağladıqdan sonra elə həmin gün X12 əsgərlikdə yaxşı yerə saldıracağı ilə əlaqədar torpağın qalan hissəsini də satmaq istədiyini bildirdi və onunla 7000 (yeddi min) manat müqabilində 3,69 ha torpaq sahəsinin hamısını ondan almağına dair alqı-satqı müqaviləsi bağladı. Həmin vaxtdan da 3,69 ha torpaq sahəsini bütövlükdə o istifadə etmişdir. 2010-cu ildə o alqı-satqı müqaviləsini Daşınmaz Əmlaka təqdim edərək 3,69 ha torpaq sahəsinə dair Reyestrdən çıxarış almışdır. Alqı satqı müqaviləsinin bağlanmasından 18 il keçdikdən sonra iddiaçılar ona qarşı iddia qaldıraraq ona məxsus çıxarışın qismən ləğv olunmasını tələb edirlər. 2006-cı ildən hazıradək mübahisəli torpaq sahəsini o istifadə edir, 2010-cu ildən torpaq sahəsi onun sahibliyindədir. 2006-cı ilin dekabr ayında 3,69 ha torpaq sahəsi bütövlükdə ona satılmışdır. Odur ki, iddiaçıların iddia tələbinin rədd edilməsinə dair qətnama çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 və üçüncü şəxs Şəmkir rayon 1 saylı Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında etmədiklərindən, Azərbaycan Respublikası MPM-nin 147 və 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan JN-686 KOD 50407038 saylı Dövlət Aktın təsdiqli surətindən görünür ki, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3.69 ha torpaq sahəsi X28 Komissiyasının 29 yanvar 1998-ci il tarixli 29 saylı qərarı ilə X7, X4, X1, X2 və X8 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilən 06 dekabr 2006-cı il tarixli 4Ə-820 nömrəli notariat işinin təsqdiqli surətində olan müqavilə və ərizədən görünür ki, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3.69 ha (JN686 KOD 50407038 Dövlət Aktı) torpaq sahəsinin 1,14 ha hissəsi və 5001,08 kvm sahəsi X16 tərəfindən Cavabdeh1 satılmış, X14, X9, X10 və X17 torpaq sahəsini satılmasına razılıq vermişlər. İş materiallarına əlavə edilən 06 dekabr 2006-cı il tarixli müqavilənin surətindən görünür ki, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3.69 ha (JN686 KOD 50407038 Dövlət Aktı) torpaq sahəsi X16 tərəfindən Cavabdeh1 satılmışdır. İş materiallarında olan MA seriyalı ******* nömrəli Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0.5001 ha **********51 reyestr nömrəli torpaq sahəsi xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 tam mülkiyyətindədir. İş materiallarında olan MA seriyalı ******* nömrəli Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3.1406 ha **********52 reyestr nömrəli torpaq sahəsi xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 tam mülkiyyətindədir. İş materiallarında olan MA seriyalı ******* nömrəli Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0.05 ha **********53 reyestr nömrəli torpaq sahəsi xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 tam mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, Şəmkir rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 47 saylı qərarına əsasən İddiaçı1 və ailə üzvlərinin adına ayrılmış “Torpağa mülkiyət hüququna dair” JN-686 nömrəli Dövlət aktına əsasən 3.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xx.xx.2006-cı il tarixli, 4Ə-820 reyestr nömrəli Şəmkir 1 nömrəli notariat kontorunun alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına xx.xx.2010-cu il tarixli, 0.5001 ha hissəsinə **********, 3.1406 ha hissəsinə **********, 0.05 ha hissəsinə ********** qeydiyyat nömrəli reyestrdən çıxarışlar verilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 06 dekabr 2006-cı il tarixli 4Ə-820 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən 3.69 ha torpaq sahəsinin 1,14 ha hissəsi və 5001,08 kvm sahəsi X16 tərəfindən Cavabdeh1 satılmış, X14, X9, X10 və X17 torpaq sahəsini satılmasına razılıq vermişlər. Bundan sonra həmin tarixli müqavilə ilə torpaq sahəsi bütövlüklə Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3.69 ha (JN686 KOD 50407038 Dövlət Aktı) torpaq sahəsi X16 tərəfindən Cavabdeh1 satılmışdır. xx.xx.2006-cı il tarixdən torpaq sahəsi bütövlüklə cavabdehin istifadəsi və sahibliyindədir. İddiaçılar xx.xx.2006-cı il tarixli müqavilə əsasında verilmiş çıxarışın ləğvini tələb edirlər. Cavabdeh isə əvvəlcə torpaq sahəsinin bir hissəsinin satılması ilə bağlı razılığa gəldiklərini, daha sonra elə həmin tarixdə müqavilə bağlandıqdan sonra torpaq sahəsinin bütövlüklə satılması barədə razılığa gələrək Notariat Ofisində müqavilə bağladıqlarını bildirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbi çıxarışın mübahisələndirilməsi ilə bağlı olduğu üçün mübahisələndirilən çıxarışların verilməsi üçün əsas olmuş əqdin (daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün əsas olmuş əqdin) etibarlılığı da yoxlanılmalıdır. Belə ki, Reyestr qeydiyyatı həqiqi hüquqi vəziyyətə uyğun olduqda əsaslı, uyğun olmadıqda isə əsassız hesab edilir. Bu səbəbdən həmin qeydin (yaxud onun əsasında verilmiş çıxarışın) ləğv edilməsi və ya etibarsız sayılması barədə tələb mahiyyətcə əsaslı olmayan qeydiyyatın düzəldilməsi barədə iddiadır. Hansı sözlə (ləğv və ya etibarsızlıq) ifadə olunmasından asılı olmayaraq, iddia icraatında daşınmaz əmlakın dövlət reyestrinin məzmununun mübahisələndirilməsi sözügedən qeyddə düzəlişin aparılması barədə tələb sayılır. Nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın əsassız olması ilə bağlı iddianın predmetini hüququ pozulmuş şəxsin mənafeyi (subyektiv hüququ) təşkil edir. Bu mənafeyin təmin olunması üçün ayrı-ayrı vaxtlarda irəli sürülən tələblərin “dövlət reyestrinin ləğv edilməsi, etibarsız sayılması, yaxud qeyddə düzəlişin aparılması və s.” kimi ifadə olunması iddianın predmetinin dəyişməsi mənasına gəlmir. Belə tələblərin hamısı eyni predmet hesab edilir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2[102]-4022/2023 nömrəli üç ulduzlu qərarı) Hazırda iddiaçılar çıxarışları bir neçə əsasla mübahisələndirirlər.

1. İddiaçı1 və İddiaçı2 tərəfindən həmin torpaq sahəsinin satılmasına razılıq verməməsidir

2. 06 dekabr 2006-cı il tarixli 4Ə-820 nömrəli müqavilə ilə torpaq sahəsinin yalnız bir hissəsinin satılmasıdır. Məhkəmə ilk əvvəl çıxarışın verilməsi üçün əsas olmuş X18 ilə cavabdeh arasında olan mübahisəli torpaq sahəsinin satılmasına dair müqavilə ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, müqavilə tərəflər arasında öhdəliyin əmələ gəlməsi əsaslarındandır. Mülki hüquqi öhdəliklərin mühüm yaranma əsası kimi müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Bağlanmış müqavilə üzrə tərəflər öz əmlak mənafeləri ilə yanaşı, həmçinin hüquq və vəzifələrini də müəyyən etməlidir. Müqavilə şərtləri həmişə mövcud qanunvericilikdə şərtləndirilmiş imperativ normalara uyğun olmalıdır. Belə ki, müqavilə anlayışı üç vacib elementdən ibarətdir ki, bunlara müqavilənin subyekt tərkibi, məzmunu və forması aiddir. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Beləcə, qanunla müəyyən edilmiş məcburi formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Nəzərə alınmalıdır ki, MM-in 6.1.2-ci maddəsinin tələbinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin prinsip mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Ancaq şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Qanunda bəzi əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) ǝqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil ve s. eşyaların alqı-satqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir. Göründüyü kimi, cavabdehin iddiaçılarla eyni kənddə yaşaması baxımından torpaqdan istifadəyə uzun illər sükut nümayiş etdirməsi, Cavabdeh1 tərəfindən ona göstərilən razılığa, onda yaradılan arxayınçılığa görə də, torpaqdan istifadə etməsi, illərdir həmin torpaqda məhsul becərməsi qeyd edilən torpaq sahəsinə qanuni sahibliyinin göstəricisi sayılmalıdır. Hətta, Mülki Məcəllənin 360.2-ci maddəsinin tələbinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Bundan əlavə, nəzərə alınmalıdır ki, MM-in 404.1 və 404.2-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə iclasında müəyyən edilmiş işin mübahisəsiz faktiki hallarından görünür ki, Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən 3.69 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 2006-cı ildən Cavabdeh1 faktiki istifadəsindədir. Cavabdeh1 həmin torpaq sahəsində müxtəlif növ ağaclar əkmiş, torpaqda yaxşılaşdırma işləri aparmış və daim istifadəsində olmaqla illik əkinlər əkmiş, hazırda torpaq sahəsi onun istifadəsindədir. Bir sözlə, həmin torpaq sahəsi qeyd edilən dövrdən etibarən etirazsız şəkildə cavabdehin istifadəsindədir. Belə ki, F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2023 -cü il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Qeyd edilməlidir ki, "B.Qasımovun şikayəti üzrə" 09 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun qərarında formalaşmış hüquqi mövqeyə görə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "mülkiyyət" anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da "mülkiyyət hüququ" kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından "mülkiyyət" hesab olunmalıdır. "Mülkiyyət anlayışı "mövcud mülkiyyətlə" məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi olan əmlakı da əhatə edə bilər. "Gözlənti" o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze ve başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, $103) Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Öneryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində "mülkiyyət anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da "əmlak hüquqları" və beləliklə, "mülkiyyət" kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və həmçinin əmlakı, o cümlədən ərizəçinin onun mülkiyyət hüququnun səmərəli surətdə həyata keçirilməsinə nail olmaq üçün heç olmazsa ağlabatan və “qanuni ümid”lərə malik olduğunu iddia edə bildiyi tələbləri əhatə edir.” Məhkəmə işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları və yuxarıda qeyd olunan Qanun nomralarına əsasən qeyd edir ki, iddiaçıların ümumi birgə mülkiyyətində olan Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X18 tərəfindən xx.xx.2006-cı il tarixdə Cavabdeh1 satılsa da, torpaq sahəsinin digər mülkiyyətçilərinin həmin alqı-satqıdan məlumatlı olmaları, ötən illər ərzində alqı-satqı ilə bağlı hər hansı etiraz bildirməmələri, torpaq sahəsinin 2006-cı ildən Cavabdeh1 sahibliyinə keçməsi və hazırkı vaxta kimi maneəsiz istifadəsində olması sonuncunun mübahisəli torpaq sahəsi üzrə qanuni gözləntiyə malik olmasına dəlalət edir. Göründüyü kimi, iddiaçının bu sahibliyi torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərindən olan Nəriman Məmmədov ilə torpaq sahəsinin alqı-satqısına dair müqavilə və ondan sonrakı uzun illər ərzində hazırkı iş üzrə iddiaçıların davranışı ilə müəyyən edilən rəftarı və əsl iradə ifadəsində inikasını tapan qanunvericilik normalarına əsaslanır. Eyni zamanda məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsi bütövlüklə iddia qaldırılınadək ötən 18 il ərzində cavabdehin fasiləsiz və etirazsız sahibliyində olmuşdur. İddiaçıların əqd və çıxarış barədə məlumatsız olduğu barədə dəlillərini məhkəmə işin hallarına görə ağlabatan saymır. Belə ki, iddiaçılar və cavabdeh eyni kənddə yaşayırlar. 18 il ərzində qeyd edilən torpaq sahəsinin cavabdehin istifadəsində olması onu təsdiq edir ki, iddiaçılar torpağın cavabdehə satılmasından məlumatlı olmuşdur. Eyni zamanda iddiaçılar torpaq sahəsinin istifadəsinə görə cavabdehlə şifahi razılaşmaya əsasən müəyyən məbləğ müqabilində olmasını qeyd etsə də qeyd edilən halı təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçıların üzərinə düşür. Məhz iddiaçılar iddia ərizəsində göstərilmiş çıxarışın ləğvi üçün əsas olan halları təsdiq edən sübutlarını təqdim etməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sənədləri və tərəflərin izahatlarını nəzərə alaraq hesab edir ki, çıxarışların ləğv edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK tabeliyində DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə “ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Çıxarışın qismən ləğv edilməsi, həmin torpaq sahəsindəki payının natura halında bölünməsi və faktiki sahibliyinə verilməsinə olan maneənin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar