Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1350/2024 11.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsində cavabdeh tərəfindən əkilmiş ağacların cavabdehin vəsaiti hesabına çıxarılaraq, zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsində cavabdeh tərəfindən əkilmiş ağacların cavabdehin vəsaiti hesabına çıxarılaraq, zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndinin ərazisində yerləşən, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 may tarixli 51 saylı qərarı ilə JN:0038 KOD: 50400048 saylı Dövlət Aktına əsasən onun mülkiyyətinə verilmiş 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,28 ha hissəsinin zəbtdən azad edilərək, Şəmkir rayonunun Zəyəm- Cırdaxan kənd sakini Cavabdeh alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını, məhkəmə rüsumunun və ekspertiza xərcinin Cavabdeh alınıb, ona veriməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Şəmkir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 may tarixli, 51 saylı qərarı ilə Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndinin ərazisində JN:0038, KOD: 50400048 saylı Dövlət aktına əsasən, verilmiş 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun mülkiyyətindədir. Mülkiyyətində olan həmin torpaq sahəsinin 0,28 ha hissəsini Şəmkir rayonunun Zəyəm-Cırdaxan kənd sakini cavabdeh X5 iki ildən çoxdur ki, ona məxsus həmin torpaq sahəsini, onun icazəsi olmadan qanunsuz, əsassız olaraq zəbt edib, orada ağac və əkin əkərək, özbaşına qanunsuz olaraq torpağından istifadə edir. Cavabdehə dəfələrlə torpaq sahəsindən çıxması barədə xəbərdarlıq etməyinə baxmayaraq, ona məxsus torpaqdan könüllü olaraq çıxmaq istəmir və ona ziyan vurur. Bu səbəbdən də o və ailə üzvləri mülkiyyətində olan, cavabdeh tərəfindən zəbt edilmiş 0,26 ha kənd təsərrüfatı təyinatlı əkin sahəsindən istifadə edə bilmirlər. O, cavabdehin torpaq sahəsini zəbt etməsi barədə, kənd bələdiyyəsinə, müxtəlif təşkilatlara müraciət etmiş, orada ona tövsiyə etdilər ki, məhkəməyə müraciət etsin. Ona görə də o məhkəməyə müraciət etməli oldu. Bununla əlaqədar o Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin Layihə Tədqiqat idarəsinə də müraciət etmiş, həmin idarənin işçiləri torpaq sahəsinə baxış keçirmiş, torpağının zəbtdən azad edilməsini tövsiyyə etmişlər. Lakin, cavabdeh torpaq sahəni könüllü qaytarmaqdan imtina edir. Hazırda o torpaq sahəsinə görə vergi ödəyir, lakin, torpağının xeyrini cavabdeh görür. Qeyd edilənlərə əsasən Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndinin ərazisində yerləşən, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 may tarixli 51 saylı qərarı ilə JN:0038 KOD: 50400048 saylı Dövlət Aktına əsasən onun mülkiyyətinə verilmiş 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,28 ha hissəsinin zəbtdən azad edilərək, Şəmkir rayonunun Zəyəm-Cırdaxan kənd sakini Cavabdeh alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını, məhkəmə rüsumunun və ekspertiza xərcinin Cavabdeh alınıb, ona veriməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia əsasız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan JN-0038 KOD 50400048 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 51 saylı qərarı ilə Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində yerləşən 0,36 ha torpaq sahəsi İddiaçı, X1, X2, X3 və X4 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-3938/2024 nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7 11 Saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Şəmkir rayonu, Zəyəm -Cırdaxan kəndi ərazisində yerləşən İddiaçı və ailə üzvlərinə məxsus 0.28 ha torpaq sahəsi bütünlüklə Cavabdeh qardaşı X6 tərəfindən istifadə olunur. İş materiallarında olan 3-16-16/2-10/6973 nömrəli xx.xx.2024-cü il tarixli Şəmkir rayon Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(076)-1350/2024 nömrəli qərardadı ilə təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyindən görünür ki, Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndi ərazisində yerləşən İddiaçı və ailə üzvlərinə məxsus 0.28 ha torpaq sahəsi bütünlüklə Cavabdeh qardaşı X6 tərəfindən istifadə olunur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, JN-0038 KOD 50400048 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı və onun ailə üzvlərinə Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində 0,36 ha torpaq sahəsi verilmişdir. Mülki iş materiallarına əlavə edilmiş mütəxəssis və ekspertiza rəylərindən müəyyən edilir ki, həmin torpaq sahəsinin 0.28 ha hissəsi X6 tərəfindən istifadə olunur. İddiaçı məhkəməyə müraciət edərək iddia etmişdir ki, Cavabdeh onun torpaq sahəsinin 0.28 ha hissəsini zəbt edərək həmin torpaq sahəsindən çıxmasından imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər (50.1). İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (50.3). Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə baxışı zamanı İddiaçı tələbini Cavabdeh qarşı irəli sürdüyünü israr etməklə, cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməmişdir. Odur ki, iddia tələb hüququ olmayan şəxsə qarşı verildiyindən, iddia tələbi də təmin edilə bilməz. Digər tərəfdən isə məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından İddiaçı və ailə üzvlərinə məxsus torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilməsi halını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1.və 76.2. maddələri). Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, cavabdehin tələbi mülkiyyətində olan torpaq sahəsinin zəbtdən azad edilməsi ilə bağlı olduğundan həmin münasibətlərə mülki və torpaq qanunvericiliyinin torpağa mülkiyyət hüququ ilə bağlı münasibətləri tənzimləyən normalar tətbiq edilməlidir. Məhkəmə bununla bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Kostitutsiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Kostitutsiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-si maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə baxışı zamanı xüsusi bilik tətbiqinə ehtiyac olduğu üçün iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir rayon ərazi idarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən və Məhkəmə Ekspertiza Mərkəzinin tərəfindən verilmiş ekspertin rəyindən məlum olmuşdur ki, Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndi ərazisində yerləşən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0.28 ha hissəsini Cavabdeh qardaşı X6 tərəfindən istifadə olunur. Göründüyü kimi məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehin mübahisəli torpaq sahəsini zəbt etməsi sübuta yetirilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və cavabdehin ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsində cavabdeh tərəfindən əkilmiş ağacların cavabdehin vəsaiti hesabına çıxarılaraq, zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1350/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1350/2024
11.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver