Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-139/2023 30.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qıznın sədrliyi, Şərifova Səbinə Səvayuş qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu 3 azyaşlı uşaqları ilə birlikdə Cavabdeh2 məxsus Şəmkir rayonu Qədimqala kəndində yerləşən fərdi yaşayış evinə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1la 2010-cu ildə el adəti ilə toy edərək, 2011-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 3 övladları var. Cavabdeh1la öz istəyi ilə ailə qurub və qayınatası Cavabdeh2 məxsus Şəmkir rayonu Qədimqala kəndində yerləşən fərdi yaşayış evinə gəlin köşmüşdür. 2022-ci ilin yanvar ayına kimi həmin evdə yaşamışdır. O cavabdehlər tətəfindən həmin evdən qovulmuşdur.Hazırda valideynlərinə məxsus evdə yaşayır. Cehiz əşyaları da həmin evdədir. Cavabdeh1 uşaqların saxlanması üçün aliment tutulsa da nikahları pozulmamışdır. Cavavdehlərdən 3 uşaqla birlikdə yaşamaq üçün ev tələb etsə də tələbi nəticəsiz qalmışdır. Valideynlərinin evində yaşaması çox acınacaqlıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər biri ayrı-ayrılıqda iddianı qəbul etməyərək, iddiaçının mübahisəli evdən istifadə hüqunun yaranmadığını bildirdilər və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə, iş üzrə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 241,5 kv.m fərdi yaşayış evi və altındakı torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətlərindədir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh1 birgə nikahından xx.xx.2011-ci il tarixdə X3, xx.xx.2013-cü il tarixdə X4 və xx.xx.2022-ci ildə X2 anadan olmuşlar. İş materiallarında olan Şəmkir rayon Məhkəməsinin 2(076)-629/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il tarixdə X3 və xx.xx.2013-cü il tarixdə X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün və iddiaçının hamiləliyi dövründə cavabdehdən iddiaçının xeyrinə alimentin tutulması qət edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 ilə xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuş və iddiaçı Cavabdeh2 məxsus ünvan 1 ünvanına gəlin kimi köçərək orada yaşamışdır. Tərəflər arasında ailə münasibətləri baş tutmadığından onlar faktiki olaraq ayrılmışlar. Hazırda cavabdehlər tərəfindən iddiaçıya uşaqları ilə birlikdə mübahisəli evdə yaşamasına maneçilik törədildiyindən, iddiaçı uşaqları ilə birlikdə həmin evdən istifadə hüququnun olmasına istinad edərək, qeyd olunan evə köçürülməsini tələb edir. Məhkəmə qeyd edir ki, İddiaçı mübahisəli evə köçürülməsi ilə bağlı mübahisə həll edilərkən, ilk öncə onun həmin evdən istifadə hüququnun olub-olmadığı müəyyən edilməlidir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30cu maddəsinin müddəaları tətbiq edilməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2011-ci il tarixdə cavabdehlərdən Rəşad İsmayılovla rəsmi nikaha daxil olmaqla ailə qurmuş və mübahisəli yaşayış sahəsinə köçmüşdür. Həmin yaşayış sahəsinə dair mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə iddiaçının qayınatası – digər Cavabdeh2 adına qeydə alınmışdır. Yaşayış sahəsinin mülkiyyət forması 2022-ci ildən dəyişdiyindən, iddiaçının həmin yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı mübahisə Mülki Məcəllənin 228.1, 228.2-ci maddələri və ya hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından iddiaçı yaşayış sahəsinin mülkiyyətçisi olan Cavabdeh2 münasibətdə onun ailə üzvü hesab olunmur. Belə ki, mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü hesab olunmadığından, ona məxsus yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunurdu. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçinin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Belə müqavilə bağlanmadığına görə, iddiaçının yaşayış sahəsindən istifadə hüququ da əmələ gəlməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı himayəsində olan azyaşlı uşaqları (faktiki olaraq uşaqlar onun yanında saxlanılmışdır) ilə birlikdə Cavabdeh2 məxsus yaşayış sahəsinə köçürülməsinə dair iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-139/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-139/2023
30.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver