Məhkəmə qərarları › İş №2(076)-14/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-14/2025

04.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-14/2025 04.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, onun icarəsində olan və Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 100.0 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması, 7.700 manat maddi, 2.000 manat mənəvi ziyanın və 30 manat dövlət rüsumunun cavabdehlərdən alınması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Gədəbəy rayonu, Novosaratovka bələdiyyəsinin mülkiyyətində olan 100 ha torpaq sahəsinin icarəyə verilməsi məsələsinə iclasda baxılaraq, qərar qəbul edilmişdir. O, həmin hərracda iştirak edərək hərracın qalibi olmuşdur. Sonra torpaq müsabiqəsinin nəticələrinə dair sənədi bələdiyyəyə vermiş və müsabiqənin qalibi kimi bələdiyyə ilə onun arasında xx.xx.2020-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin tarixdə o, icarə haqqı olan 2.700 manatı ödəmişdir. Bundan sonra, yəni xx.xx.2020-ci il tarixdə ona DƏDRX tərəfindən məktub verilmişdir. Lakin, həmin torpaq sahəsini ondan əvvəl istifadə edən cavabdehlər torpaq sahəsindən çıxmamış, hazırda da torpaq sahəsindən istifadə edir və ona heyvanlarını həmin sahəyə aparmağa imkan verməmişlər. Bu hal isə onun hüquqlarını pozur. Eyni zamanda cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Belə ki, o, torpaq sahəsinə dair 2.700 manat pul ödəsə də, cavabdehlərin hərəkətləri nəticəsində torpaqdan istifadə edə bilməmişdir. Həmçinin, o, 100 başa yaxın heyvanları yay aylarında orada saxlamaq niyyəti ilə torpaq sahəsini icarəyə götürmüşdür. Hazırda ondan da məhrum olmuş və heyvanları başqa yerdə saxlayır. Bu hal da əlavə xərcə gətirib çıxarmış və 5.000 manat ziyana düşmüşdür. Bundan başqa cavabdehlərin hərəkəti ona mənəvi ziyan vurmuşdur ki, həmin ziyanı 2.000 manat məbləğində dəyərləndirmişdir. Odur ki, icarəsində olan və Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 100.0 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması, 7.700 manat maddi, 2.000 manat mənəvi ziyanın və 30 manat dövlət rüsumunun cavabdehlərdən alınması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə “iddia tələbinin artırılması barədə” əlavə ərizə təqdim edərək, cavabdehlərin torpaq sahəsindən çıxarılması, cavabdehlərdən 13.100 manat maddi, 2.000 manat mənəvi ziyanın və 30 manat dövlət rüsumunun cavabdehlərdən alınması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, xx.xx.2020-ci il tarixli icarə müqaviləsi əsasında Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 100.0 ha torpaq sahəsi Novosaratovka bələdiyyəsi tərəfindən xx.xx.2035-ci il tarixədək ona icarəyə verilmişdir. O da öz növbəsində illik 2.700 manat icarə haqqı ödəmişdir. Lakin cavabdehlər həmin torpaq sahəsini hələ o, icarə müqaviləsi bağlamamışdan əvvəl özbaşına zəbt edərək oradan təyinatına uyğun istifadə etmişlər. Dəfələrlə cavabdehlərdən icarəsində olan torpaq sahəsindən çıxmalarını tələb etsə də, cavabdehlər ona məhəl qoymamış və qanunsuz hərəkətlərini davam etdirmişlər. Hətta icarə müqaviləsi bağlandıqdan sonra Novosaratovka bələdiyyəsinin nümayəndəsi ilə birlikdə cavabdehlərə torpaqdan çıxmalarını bildirmişlər. Lakin cavabdehlər torpaq sahəsindən çıxmamışlar. Hesab edir ki, cavabdehlərin sahibliyi qanunsuzdur. Ona görə də cavabdeh ona məxsus torpaq sahəsindən çıxarılmalıdır. Həmçinin, cavabdehlərin qanunsuz hərəkəti nəticəsində maddi və mənəvi zərərə məruz qalmışdır. Belə ki, istifadə edə bilmədiyi halda torpaq sahəsinə dair 2.700 manat icarə haqqı ödəmiş, eləcə də, 100 başa yaxın heyvanları başqa torpaq sahəsində saxlamağa məcbur olmuş və əlavə maddi ziyana düşmüşdür. Eləcə də, cavabdehlərin hərəkətləri nəticəsində səbəbindən psixoloji sarsıntı keçirmiş, mənəvi zərərə məruz qalmışdır. Həmin mənəvi zərəri 2.000 manat məbləğinədə dəyərləndirmişdir. Hesab edir ki, qeyd etdiyi maddi və mənəvi ziyan cavabdehlər tərəfindən ona ödənilməlidir. Odur ki, icarəsində olan və Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 100.0 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması, 13.100 manat maddi, 2.000 manat mənəvi ziyanın və 30 manat dövlət rüsumunun cavabdehlərdən alınması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 isə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını, işdə olan sənədləri, həmçinin digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 100.0 ha torpaq sahəsi Novosaratovka bələdiyyəsi tərəfindən xx.xx.2035-ci il tarixədək İddiaçı icarəyə verilmiş, İddiaçı isə illik 2.700 manat icarə haqqı ödəmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı bələdiyyə mülkiyyətinin icarəsinə görə 2.700 manat icarə haqqı ödəmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********19 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 100.0 ha kənd təsərrüfat təyinatlı (örüş otlaq) torpaq sahəsi Novosaratovka bələdiyyəsi tərəfindən xx.xx.2020-xx.xx.2035-ci illər ərzində İddiaçı icarəsinə verilmiş və onun mülkiyyət hüququ Daşınmaz əmlakın dövlət reyestrində 35 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan AA552840 saylı “X3 və Ölçüsü”ndən görünür ki, bələdiyyə mülkiyyətində olan və Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 100.0 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi xx.xx.2020-ci il tarixli icarə müqaviləsi əsasında İddiaçı adına qeyd edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(104)-113/2021 saylı qətnaməsindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Hərracların təşkili üzrə X1 ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına, İddiaçı və Gədəbəy rayonu Novosaratovka Bələdiyyəsinə qarşı torpaq müsabiqəsinin nəticələrinin və icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verilmiş, onun apellyasiya şikayəti təmin edilməmiş və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(104)-8/2023 saylı qətnaməsindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(102)-746/2023 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Hərracların təşkili üzrə X1 ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına, İddiaçı və Gədəbəy rayonu Novosaratovka Bələdiyyəsinə qarşı torpaq müsabiqəsinin nəticələrinin ləğv edilməsi və yenidən torpaq müsabiqəsinin keçirilməsi tələbinə dair iş üzrə qəbul edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və iddiaçının iddiası rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024–cü il tarixli mütəxəssis rəyindən görünür ki, mübahisələndirilən ərazidə tərəflərin iştirakı ilə lazımi ölçülər götürüldü. Lakin ölçü aparılan zaman ərazidə hər hansı heyvan sürüsünə rast gəlinmədi. Həmçinin, cavabdehlər həmin ərazidən istifadə etmədiklərini bildirdilər. Bu səbəbdən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********19 reyestr nömrəli Çıxarış əsasında iddiaçının mülkiyyətində olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 100.0 ha kənd təsərrüfat təyinatlı (örüş otlaq) torpaq sahəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən istifadə olunduğunu müəyyən etmək mümkün olmadı. Eyni zamanda ölçülər aparılan zaman həmin ərazidə (Çıxarışın sərhədləri daxilində) çoban olacağı və xırdabuynuzlu heyvanlar saxlanılan arxac müəyyən olundu. Məhkəmə işində adı keçməyən X2 çoban olacağı və xırdabuynuzlu heyvanlar saxlanılan arxacın ona məxsus olduğunu bildirdi. İşdə olan məhkəmə tikinti–texniki ekspertizasının xx.xx.2024–cü il tarixli 3–16–16/2– 10/7749 nömrəli rəyindən görünür ki, mübahisələndirilən ərazidə tərəflərin iştirakı ilə lazımi ölçülər götürüldü. Lakin ölçü aparılan zaman ərazidə hər hansı heyvan sürüsünə rast gəlinmədi. Həmçinin, cavabdehlər həmin ərazidən istifadə etmədiklərini bildirdilər. Bu səbəbdən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********19 reyestr nömrəli Çıxarış əsasında iddiaçının mülkiyyətində olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 100.0 ha kənd təsərrüfat təyinatlı (örüş otlaq) torpaq sahəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən istifadə olunduğunu müəyyən etmək mümkün olmadı. Eyni zamanda ölçülər aparılan zaman həmin ərazidə (Çıxarışın sərhədləri daxilində) çoban olacağı və xırdabuynuzlu heyvanlar saxlanılan arxac müəyyən olundu. Məhkəmə işində adı keçməyən X2 çoban olacağı və xırdabuynuzlu heyvanlar saxlanılan arxacın ona məxsus olduğunu bildirdi. Beləliklə, məhkəmə təqdim edilmiş sübutları məhkəmə iclasında tədqiq edərək müəyyən etdi ki, xx.xx.2020-ci il tarixli icarə müqaviləsi əsasında Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 100.0 ha torpaq sahəsi Novosaratovka bələdiyyəsi tərəfindən xx.xx.2035-ci il tarixədək İddiaçı icarəyə verilmişdir. xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********19 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən həmin torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququ Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə, həmçinin müəyyən etdi ki, mübahisəli torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmamışdan əvvəl, eləcə də müqavilə bağlanan zaman torpaq sahəsi cavabdehlərin istifadəsində olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisəli torpaq sahəsi cavabdehlərin istifadəsində olduğu halda Novosaratovka bələdiyyəsi iddiaçı ilə icarə müqaviləsi bağlayaraq, həmin torpaq sahəsini iddiaçının icarəsinə vermişdir. Halbuki, bələdiyyə iddiaçıya yüklü deyil, azad torpaq sahəsini icarəyə verməli idi. Belə ki, “Torpaq İcarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1–ci maddəsinə əsasən torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Qanunun 11–ci maddəsinə əsasən icarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Həmin Qanunun 14–cü maddəsinə əsasən torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. Həmin Qanunun 20–ci maddəsinə əsasən icarəyəverənin vəzifələri aşağıdakılardır: icarəyə verilən torpaq sahəsini icarə müqaviləsi və torpaq qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada icarəçiyə təhvil vermək; icarəyə verilmiş dövlət mülkiyyətində olan torpaq sahəsi özəlləşdirilərkən, bu sahənin satın alınmasını ilk növbədə icarəçiyə təklif etmək; icarə müqaviləsinin şərtlərinə əməl etmək, müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, onun razılığı ilə icarəçinin vəsaiti hesabına aparılmış tikinti işlərinin dəyərini ödəmək; qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək. Həmin Qanunun 22–ci maddəsinə əsasən icarəçinin hüquqları aşağıdakılardır: torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək; icarə obyekti özəlləşdirildiyi, başqasına istifadəyə və ya icarəyə verildiyi halda həmin obyektə qoyulmuş investisiyanı icarəyəverəndən tələb etmək; icarə müqaviləsinin uzadılması üçün icarəyəverənə təklif vermək; icarəyəverənin razılığı ilə icarəyə götürülmüş torpaq sahələrində torpaqdan təyinatı üzrə səmərəli istifadə etmək məqsədilə tikililər və avadanlıqlar quraşdırmaq; icarəyə götürülmüş torpağın keyfiyyətinin təbii proseslər nəticəsində pisləşdiyi halda icarə haqqının azaldılmasını icarəyəverəndən tələb etmək; dövlət mülkiyyətində olan torpaq sahəsi özəlləşdirildiyi halda həmin sahənin ilk növbədə ona təklif edilməsini icarəyəverəndən tələb etmək; qonşu torpaq mülkiyyətçilərinin və istifadəçilərinin torpaq sahələrinə torpaq qanunvericiliyi ilə müəyyən edilmiş servitut qoyulmasını tələb etmək; qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Qanunvericiliyin tələbinə əsasən icarəyəverən, yəni bələdiyyə icarəyə verilən torpaq sahəsini icarə müqaviləsi və torpaq qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada icarəçiyə təhvil verməli olduğu halda, bunu etməmiş, mübahisəli torpaq sahəsini cavabdehlərin istifadəsində olduğu vəziyyətdə icarəyə vermişdir. Halbuki, iddiaçı dəyərini ödəməklə torpaq sahəsini icarəyə götürmək və təyinatı üzrə istifadə etmək məqsədilə həmin icarə müqaviləsini bağlamışdır. Həmçinin, qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8–ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 164.1–ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Qeyd edilməlidir ki, qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə qeyd edir ki, hazırki iddia tələbində yuxarıda qeyd olunan normaların tələblərinin pozulması müəyyən edilməmişdir. Belə ki, həmin normalara söykənən tələbin haqlı sayılması üçün həmin ünsürlərin hər biri müəyyən edilməlidir. Başqa sözlə, iddiaçının bildirdiyi hallar (və işin müəyyən edilən halları) göstərilən dispozisiya şərtləri ilə uzlaşdıqda iddia əsaslı sayıla və təmin edilə bilər. Onlardan biri aşkar olunmadıqda sonrakı ünsürlərin araşdırılmasına gərək qalmadan həmin normaya söykənən iddia rədd olunmalıdır. İşin müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçının tələbi Novosaratovka Bələdiyyəsi ilə bağladığı icarə müqaviləsinə əsaslanır. Eyni zamanda icarəyə verən tərəfindən müqavilə öhdəliyi icra edilməklə torpaq sahəsi iddiaçıya təhvil verilməmişdir. Beləliklə, iddiaçının torpaq sahəsinə dair icarə hüququ həmin müqavilədən irəli gələn tələb hüququdur. Bu hüquq üçüncü şəxslərə qarşı deyil, müqavilə tərəfinə qarşı irəli sürülə bilər. Hazırkı işdə iddia müqavilənin tərəfi (icarəyə verən) Novosaratovka Bələdiyyəsinə qarşı deyil, üçüncü şəxslər olan cavabdehlərə qarşı qaldırılmışdır. Belə olan halda iddiaçı cavabdehlərə qarşı hazırki iddianı qaldırmaqda haqlı olmamışdır. Bundan başqa qeyd edilməlidir ki, iddianın maddi və mənəvi ziyanla bağlı hissəsi də əsaslı sayıla bilməz. Belə ki, iddiaçının cavabdehlərə qarşı Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 100.0 ha torpaq sahəsindən çıxarılma tələbi əsassız olduğundan, iddianın maddi və mənəvi ziyanla bağlı hissəsi də əsassız hesab edilərək təmin edilməməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının 13.100 manat maddi, 2.000 manat mənəvi ziyan tələbi əsaslı deyildir. Beləliklə, məhkəmə işin yuxarıda qeyd olunan hallarına əsasən qeyd edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddiaçının vəsatəti əsasında təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 manat məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar