Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1487/2024 20.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi, qanunsuz hərəkətlərə son qoyulması və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Şəmkir rayonu, Xuluf kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılması, üzərində işa edilmiş qanunsuz istilikxananın öz hesabına sökülməsi və torpaq sahəsinin ona təhvil verilməsi, eləcə də ödənilmiş 100 (yüz) manat rüsumun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus Şəmkir rayonu, Xuluf kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi vardır. O həmin torpağı qanuni əsaslarla almışdır. Onun 2020-cu ildən adına DƏDRX-dən çıxarış var. Həmin torpaq sahəsini cavabdeh istifadə edir və istilikxana tikmişdir. Hal-hazırda cavabdeh ona məxsus torpaq sahəsini zəbtdən azad etmir və ona təhvil vermir. Ona görə də, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Eyd edilənləri nəzərə alaraq ona məxsus Şəmkir rayonu, Xuluf kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılması, üzərində işa edilmiş qanunsuz istilikxananın öz hesabına sökülməsi və torpaq sahəsinin ona təhvil verilməsi, eləcə də ödənilmiş 100 (yüz) manat rüsumun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh oğlu məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirdi ki, həmin torpaq sahəsini 10 ildir istifadə edir. Belə ki, həmin torpaq sahəsinin iddiaçıya məxsus olması barədə onun hər hansı məlumatı olmamışdır. O özü torpaq sahəsini əvvəlki bələdiyyədən almışdır. Odur ki, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, ekspertiza rəyini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Bələ ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli ********** saylı qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Xuluf kəndində yerləşən 0.0698 ha torpaq sahəsi **********07 nömrəli daşınmaz əmlakın reyestr nömrəsi ilə İddiaçı tam mülkiyyətindədir. İş materiallarında olan 2-1(114)-2383/2021 saylı xx.xx.2021-ci il tarixli Gəncə İnzibati Məhkəməsinin qərarının surətində görünür ki, iddiaçı Cavabdeh Şəmkir rayonu Keçili Bələdiyyəsinə (üçüncü şəxs X1) qarşı Şəmkir rayonu, Keçili Bələdiyyəsinin qərarının ləğv edillməsi və torpaq sahəsinin ona satılması tələbinə dair iddia ərizəsi mümkün sayılmaması qərar alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-3015/24 saylı DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, Şəmkir rayonu, Xuluf kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0.0698 ha torpaq sahəsinin 0.0665 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3898 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin tərəfindən verilmiş rəydən görünür ki, Şəmkir rayonu, Xuluf kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0.0698 ha torpaq sahəsinin 0.0665 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində məhkəmə müəyyən etdi ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı ilə Şəmkir rayonu, Xuluf kəndi ərazisində yerləşən 0.0698 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Həmin torpaq sahəsini Cavabdeh tərəfindən istifadə edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən 157ci maddəsi əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq, belə qənaətə gəlir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları vardır. Buna baxmayaraq, iddiaçıya məxsus mübahisəli torpaq sahəsini faktiki olaraq cavabdehin istifadəsindədir. Cavabdehin həmin torpaq sahəsinin göstərilən hissəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Bu səbəbdən də, cavabdehin sahibliyi qanunsuzdur. Bununla da mülkiyyətçi olan iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə maneə yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətçi hüquqları, mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, İddiaçı məxsus olan Şəmkir rayonu, Xuluf kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi Cavabdeh zəbtindən azad edilməli, İddiaçı məxsus olan və Cavabdeh tərəfindən zəbt edilmiş Şəmkir rayonu Xuluf kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində cavabdeh tərəfindən inşa olunan istilikxana Cavabdeh vəsaiti hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus olan Şəmkir rayonu, Xuluf kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi Cavabdeh zəbtindən azad edilsin. İddiaçı məxsus olan və Cavabdeh tərəfindən zəbt edilmiş Şəmkir rayonu Xuluf kəndində yerləşən 0,0698 ha həyətyanı torpaq sahəsində cavabdeh tərəfindən inşa olunan istilikxana Cavabdeh vəsaiti hesabına sökülsün. Cavabdeh dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1487/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1487/2024
20.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver