Məhkəmə qərarları › İş №2(076)-1496/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1496/2024

21.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1496/2024 21.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və onun vəkili Nümayəndə1, İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 və onların vəkili X2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən əşyaları ilə birlikdə çıxarılma və evə köçürülmə tələbinə” tələbinə dair ilkin iddiası və Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 və İddiaçı2 qarşı evdən istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 azyaşlı uşaqları və əmlakları ilə birlikdə onlara mülkiyyət hüququ ilə məxsus olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasına, onların iddiaçıların həmin mənzilə köçürülməsinə, 45+1 manat dövlət rüsumunun, 55 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada alınıb onlara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddia üzrə cavabdehlər Cavabdeh2 onların gəlini, Cavabdeh1 oğludur. Cavabdeh2 onların oğlu Cavabdeh1 ilə ailə qurmuşdur. Onların birgə nikahından iki uşaqları doğulub. Cavabdehlərlə yola getmədikləri üçün onu mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarmışlar. Hazırda cavabdehlər onları öz evindən qovub və mülkiyyətində olan evdə yaşamağa icazə vermirlər. Bu səbəbdən də hazırda onlar qohum evlərində yaşayırlar. Cavabdehlərin yaşadığı ev onların tam mülkiyyətindədir. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət edirlər. Köçmək istədiyi və mülkiyyətlərində olan fərdi yaşayış evi bir neçə yaşayış otağından, yaşayış və qeyri yaşayış sahəsindən ibarətdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 azyaşlı uşaqları və əmlakları ilə birlikdə onlara mülkiyyət hüququ ilə məxsus olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasına, onların iddiaçıların həmin mənzilə köçürülməsinə, 45+1 manat dövlət rüsumunun, 55 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada alınıb onlara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə mahiyyəti üzrə baxılmağa başlanana kimi ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 qarşı “evdən istifadə hüqunun tanılması ” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələblərini onunla əsaslandırmışlar ki, Cavabdeh1 cavabdehlərin oğludur və Cavabdeh2 isə onların gəlinidir. Cavabdeh1 Cavabdeh2 ilə xx.xx.2016- cı ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Həmin nikahdan 2 uşaqları vardır. Cavabdeh Arifə Cavabdeh2 Məmmədova ilə yola getmədiyi üçün ailə münaqişəsi yaranmışdır. Məsələnin əsli odur ki, Cavabdeh2 2016-cı ildən ailə həyatı qurduqdan bu günə kimi həmin evdə yaşayır. Cavabdeh İddiaçı2 isə Rusiya Federasiyasında yaşayır. Cavabdeh İddiaçı1 həmin evdə gəlinin yaşamasını istəmədiyi üçün müxtəlif vaxtlarda müxtəlif bəhanələrlə dava-dalaş salmış və oğluna da Cavabdeh2 boşaması üçün təzyiqlər etmişdir. Hətta onların arasında olan dava-dalaşda cavabdeh İddiaçı1 iddiaçı Cavabdeh2 xəsarətlər yetirmiş və bununla bağlı polisdə araşdırma olmuşdur. Təzyiqlərin nəticə vermədiyini görə cavabdeh İddiaçı1 bu dəfə məhkəməyə iki ayrı iddia verərək iddiaçıların həmin mübahisəli evdən çıxarılmasını, həm də Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30000 manat maddi və mənəvi ziyan tələb etmişdir. İddia ərizəsinə əlavə edilən video görüntülər və foto şəkillərdən də müəyyən etmək olar ki, ilk iddiada qeyd olunan hallar tamamilə yalan və uydurmadan ibarətdir. Belə ki, İddiaçı1 qeyd etmişdir ki, guya hazırki iddia tələbi üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 onu həmin evdən qovmuşlar və yaşamasına icazə vermirlər. Qeyd olunan məsələ tamamilə uydurmadır. Çünki heç kim İddiaçı1 həmin evdə yaşamasına maneə yaratmır. İddiaçı1 barəsində axtarış qərarı olmuş və 3 aydan çox müddətə həmin evdə yaşamışdır. Bundan başqa şəkilləri iddia ərizəsinə əlavə edilmiş qapıdan da görünür ki, həmin qapı ümumiyyətlə nasazdır və bağlanmır. Odur ki, İddiaçı1 istədiyi zaman evə gəlib getmişdir. Videogörüntülər onların qeyd edilmiş halları təsdiq edəcəkdir. Həmçinin iddiaçıların istifadə hüququnun tanınmasını tələb etdikləri fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Beləliklə də, hesab edirlər ki, hazırki iddia tələbləri əsaslıdır, Cavabdeh1 və Cavabdeh2 azyaşlı uşaqları ilə birlikdə həmin evdən istifadə hüququ vardır. Göründüyü kimi Cavabdeh1 cavabdehlərin oğludur və onların ailə üzvüdür. Bundan başqa Cavabdeh2 isə onların gəlinidir. Hazırda Cavabdeh1la Cavabdeh2 nikahı pozulmamışdır. Beləliklə də, iddiaçıların qeyd olunan yaşayış evində istifadə hüququ mülki, ailə və mənzil qanunvericiliyinin tələbi baxımdan mövcuddur. Ona görə, Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanda yerləşən evə istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşı iddia üzrə cavabdeh İddiaçı1 və onun vəkili Nümayəndə1 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 azyaşlı uşaqları və əmlakları ilə birlikdə onlara mülkiyyət hüququ ilə məxsus olan, ünvan 1 ünvanında, yeni əsaslarla ünvan 3 yaşayış evindən çıxarılmalarına, onların iddiaçıların həmin mənzilə köçürülməsinə, 45+1 manat dövlət rüsumunun, 55 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada alınıb onlara ödənilməsinə dair, qarşılıqlı iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə, qarşılıqdı iddia üzrə iddiaçılar cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili X4 iddianı qəbul etməyərək, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilərək Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanda, yeni əsaslarla ünvan 3 yaşayış evinə istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan **********50-10301 nömrəli reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Şəmkir şəhəri, ev 81, Yeni qaydalarla : AZ 5700, Şəmkir rayonu, Üzeyir Hacıbəyli küç, giriş 81 ünvanda yerləşən əmlakın tam hüquqi sahibi İddiaçı2dur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞG/MT007/2023-00326 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixə saat 14:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etməmişlər. Təklif, ona mülkiyyət hüququ ilə məxsus olan, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evindən əşyaları ilə və uşaqları ilə birlikdə çıxarılmasına və onları həmin evə köçməyinə şərait yaradılması ilə bağlı olmuşdur. İddiaçı1 mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarında olan xx-xx/3399 nömrəli 1990-ci il tarixli fərdi yaşayış evinin Texniki Pasportun görünür ki, ünvan 6 ünvan sahibi İddiaçı2dur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi Daşınmaz Əmlakın Dövlət Reyestrindən Arayışdan görünür ki, ünvan 7 ünvanda yerləşən 1990-cı il tarixdə inşa edilmiş fırdi yaşayış evinə dair İddiaçı2 adına dekabr 1990-cı il tarixli, 3399 inventar nömrəli texniki pasport tərtib edilmiş, qeyd edilən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, **********50-10301 nömrəli reyestr nömrəli, xx.xx.2024cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində çıxarış əsasında Şəmkir şəhəri, ev-81, yeni qaydalarla ünvan 8 ünvanda yerləşən ev İddiaçı2 mülkiyyətinə verilmişdir. Cavabdeh1 anası olan İddiaçı1 və digər ailə üzvləri arvadı Cavabdeh2 və uşaqları ilə birlikdə mübahisəli evdə yaşayır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 2016-c ildə Cavabdeh1 ilə evləndikdən sonra mübahisəli evə gəlin köçmüşdür. Onların birgə nikahlarından xx.xx.2018-cı il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X1 adlı uşaqları doğulmuşdur. Tərəflər mübahisəli evdə birgə ailə şəraitində yaşamışlar. Sonradan onlar arasında ailə daxili mübahisə yaranmış, ona görə də ilkin iddia üzrə iddiaçı cavabdehlərin yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə yaşayış evindən çıxarılmasını, cavabdehlər isə qarşılıqlı iddia verərək mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun tanınmasını tələb edir. Məhkəmə, ilk növbədə mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətləri əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisənin həlli zamanı əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları tətbiq edilməlidir. Məhkəmə iddiaçının cavabdehlərin evdən çıxarılması tələbinə dair iddiasına qiymət verərkən, ilk növbədə cavabdehlərin mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarının mövcud olub–olmamasının və onun əsasında da iddiaçının subyektiv hüququnun pozulub–pozulması ilə bağlı iddiaçının cavabdehlərə qarşı iddia irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olub–olmaması məsələsinin müəyyən edilməsini zəruri hesab edərək qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə ilkin iddia tələbi Cavabdeh1 münasibətdə əsaslı deyildir. Belə ki, hazırkı iş üzrə İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddiaçıların doğma oğlu olduğundan, mübahisəli evi əldə edildiyi gündən, uzun müddət həmin evdən iddiaçı ilə birgə təsərrüfatı idarə edib yaşadığından, onunla iddiaçı arasında mülki hüquq münasibəti doğulduğu andan, yəni xx.xx.1988-ci il tarixdən yaranmışdır. Ona görə də mübahisəli hüquq münasibətinə Cavabdeh1 münasibətdə 1982– ci il redaksiyalı Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228–ci maddəsinin və Mənzil Məcəlləsinin 123–cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001–ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq qeyd etmişdir ki, 2000–ci il sentyabrın 1– dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM–in 228.1 və 228.2–ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123–cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123–cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd–şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53–cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53–cü maddəsinin 3–cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfa aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 54–cü maddəsinin İ hissəsində göstərilmişdir ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həmin maddənin İİİ hissəsinə görə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Z.Nəsirovanın şikayəti üzrə xx.xx.2018–ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyində qeyd etmişdir ki, hüquq münasibətlərinin yarandığı və davam etdiyi dövrdə qüvvədə olmuş mülki və mənzil qanunvericiliyi normalarının mənasına görə, mənzil sahibinin, yaxud kirayəçinin öz mənzilinə köçürdüyü şəxslərin həmin mənzildən istifadə hüququ əldə edilməsinin müəyyən şərtləri nəzərdə tutulmuşdur. Mənzildən istifadə hüququnun yaranmasının mühüm şərti həmin şəxsin kirayəçinin ailə üzvü olmasıdır. Mənzil Məcəlləsinin 53–cü maddəsinə əsasən, icarədarın ailə üzvləri onun arvadı (əri), uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayan digər şəxslər də onun ailə üzvləri hesab oluna bilər. Kirayəçinin ailə üzvləri sırasına bu şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar ondan asılı olsunlar. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, yuxarıda sadalanan normaların tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddiaçının doğma oğlu olduğundan onun ailə üzvü kimi mübahisəli mənzil əldə edildiyi andan onun həmin mənzilin yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququ əmələ gəlmişdir. Belə ki, Cavabdeh1 həmin vaxt mübahisəli fərdi yaşayış evinin sahibi və istifadəçisi, sonradan isə mülkiyyətçisi olan iddiaçının övladı kimi onun ailə üzvü olmuşdur. Cavabdeh1 mənzil əldə edildiyi vaxtdan hazırkı vaxta qədər fasiləsiz olaraq həmin mənzildə yaşamış və iddiaçı ilə birgə təsrrüfatı aparmış, həmin əsasla onun da mübahisəli mənzilin yaşayış sahəsindən iddiaçı ilə bərabər şərtlər daxilində istifadə etmək hüququ əmələ gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4–cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə, göstərilən hüquq normalarına istinadən iddia tələbinin Cavabdeh1 münasibətdə rədd olunmasına dair özünün mövqeyini onunla əsaslandırır ki, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüququ mütənasib şəkildə tarazlaşdırılmalıdır. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu özünün 26 sentyabr 2007–ci il tarixli Qərarında mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin Qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbində mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən Cavabdeh1 istifadə hüququ yarandığından, cavabdehin kompensasiya verilmədən mübahisəli fərdi yaşayış evindən çıxarılması, qanuni və əsaslı sayıla bilməz. Eyni zamanda qeyd edilən normalara əsasən qarşılıqlı iddia üzrə Cavabdeh1 mübahisəli fərdi yaşayış evindən istifadə hüququ olduğundan qarşılıqlı iddia tələbindəki onun istifadə hüququnun təkrar məhkəmə qətnaməsi ilə müəyyən edilməsi üçün əsas yoxdur. Məhkəmə iddia tələbinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 aid hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənjam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. İş materialları ilə müəyyən olunur ki, mübahisəli mənzil xx.xx.2024-cü il tarixli, **********50-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı2 mülkiyyətinə verilmişdir. Cavabdeh2 ilə iddiaçının oğlu 2016-cı il tarixdə nikahlarını rəsmiləşdirmişdir. Göründüyü kimi tərəflər arasında mübahisəli hüquq münasibəti 01 oktyabr 2009-cu il tarixdən sonra yaranmışdır, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarına əsasən bu halda mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından cavabdeh yaşayış sahəsinin mülkiyyətçisi olan iddiaçı Kifayət Hüseynovaya münasibətdə onun ailə üzvü hesab olunmur. Belə ki, mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü hesab olunmadığından, iddiaçıya məxsus yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunurdu. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçinin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh2 ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Belə müqavilə bağlanmadığına görə, iddiaçının yaşayış sahəsindən istifadə hüququ da əmələ gəlməmişdir. Bundan başqa cavabdehlərin yetkinlik yaşına çatmamış uşaqları xx.xx.2018-cı il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X1 adlı uşaqlara münasibətdə məhkəmə qeyd edir ki, mülkiyyətçinin ailə üzvü kimi Cavabdeh1 öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malik olduğundan həmin hissədə də iddia rədd edilməlidir. Eyni zamanda məhkəmə ilkin iddia tələbinin cavabdehlərin əşyaları ilə birlikdə çıxarılması hissəsinə qiymət verərək bildirir ki, iddia tələbində cavabdehlərə məxsus əşyaların adları qeyd edilmədiyində həmin hissədə tələb qeyri müəyyən olduğundan iddia tələbi həmin hissədə də təmin edilə bilməz. İddia tələbinin iddiaçıların mübahisəli fərdi yaşayış evinə köçürülməsi hissəndə qeyd edir ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Şəmkir rayonu Üzeyir Hacıbəyli küçəsi giriş 81 ünvanda yerləşən daşınmaz əmlak üzərində İddiaçı2 mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə qeyd edilmişdir. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh2 **********50-10301 nömrəli reyestr nömrəli, xx.xx.2024-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında İddiaçı2 mülkiyyətində olan Şəmkir şəhəri, ev-81(Yeni qaydalarla Şəmkir şəhəri, Üzeyir Hacıbəyli küç, giriş 81) ünvanında yerləşən mənzildən çıxarılmalı, iddiaçılar İddiaçı2 və İddiaçı1 mübahisəli fərdi yaşayış evi olan Şəmkir şəhəri, ev-81(Yeni qaydalarla Şəmkir şəhəri, Üzeyir Hacıbəyli küç, giriş 81) ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməli, iddia tələbi qalan hissədə və qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçılar tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 55 manat mediasiya xərci, 45 manat dövlət rüsumu Cavabdeh2 iddiaçıların xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh2 **********50-10301 nömrəli reyestr nömrəli, xx.xx.2024-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında İddiaçı2 mülkiyyətində olan Şəmkir şəhəri, ev-81(Yeni qaydalarla Şəmkir şəhəri, Üzeyir Hacıbəyli küç, giriş 81) ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. İlkin iddianın qalan hissəsi təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Ödənilmiş mediasiya xərci 55 manat və 45 manat dövlət rüsumu Cavabdeh2 tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar