Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1577/2025 23.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Həşimov Ağaxan Habil oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2 və Şəmkir rayon 1 saylı Notariat Kontoruna qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi, əkilmiş ağacların çıxarılması və qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh2 və Şəmkir rayon 1 saylı Notariat Kontoruna qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi, əkilmiş ağacların çıxarılması və qanunsuz tikilinin sökülməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Şəmkir Rayon Notariat Ofisində 18 fevral 2006-cı ildə İddiaçı, X1, X4, X7, X8 və Cavabdeh2 arasında bağlanmış saxta alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 ona və ailə üzvlərinə məxsus, Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində yerləşən 1.20 ha torpaq sahəsindən çıxarılması, öz hesabına inşa etdirdiyi qanunsuz istilikxananın və bağın sökülməsi, eləcə də ödədiyi rüsumun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona və ailə üzvlərinə Şəmkir Rayonu Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 51 saylı qərarı, JN 183 KOD 50400048 saylı Dövlət Aktı ilə Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1.20 ha torpaq sahəsi verilmişdir. Onlar öz torpaq sahəsini əkib becərmək məqsədi ilə DƏDRX-nin Şəmkir Ərazi İdarəsinə yaxınlaşdılar. Onlara məxsus torpaq sahəsinin Şəmkir rayonu Şiştəpə kənd sakini, Cavabdeh2 tərəfindən işlətdiyi, onların torpaq sahəsinin zəbt edildiyi və bağ salındığı həmçinin istilikxana inşa edilməsi məlum oldu. Həmçinin ona bir saxta alqı-satqı müqaviləsi təqdim edildi. Onlar torpaq sahəsini satmamışlar, heçkimlə alqı-satqı müqaviləsi bağlamamışlar. Dəfələrlə cavabdehə müraciət etsələr də cavabdeh onlara məxsus torpaq sahəsindən çıxmaqdan imtina edir həmçinin qanunsuz tikilini sökmür. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, Cavabdeh2 ona məxsus torpaq sahəsinin 0.45 ha hissəsindən çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, 1998-ci ildən torpaq sahəsi cavabdehin istifadəsindədir. Torpaq sahəsi dövlət tərəfindən onların mülkiyyətinə verildiyi vaxtdan həmin torpaq sahəsini cavabdeh istifadə edir, cavabdeh ilk əvvəllər onlara bildirmişdir ki, icarə pulu verəcəkdir, lakin sonradan icarə pulu verməkdəndə imtina etmişdir. Sonradan isə onların torpağından çıxmamışdır. O bu barədə aidiyyəti üzrə şikayətlər etmiş, lakin heç bir nəticəsi olmamışdır.Sonradan bilmişdir ki, həmin torpağa dair alqı-satqı müqaviləsi mövcüddür. Mübahisələndirilən torpaq sahəsini nə o, nə də digər ailə üzvləri cavabdehə satmamış, onun belə bir niyyəti olmamışdır. O dəfələrlə torpaq sahəsindən çıxmalarını tələb etmiş, lakin cavabdeh torpaq sahəsindən istifadə etməyə davam etmişdir. Daşınmaz əmlakda ona bildirmişlər ki, torpaq sahəsi başqa şəxsə satılmışdır. Torpaq sahəsini cavabdehə kimin satması barədə məlumatı yoxdur. Cavabdeh2 nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, mübahisəli torpaq sahəsi 2006–ci ildən etibarən cavabdehin istifadəsində və mülkiyyətindədir. Artıq 19 ildir ki, cavabdeh həmin torpaq sahəsindən istifadə edir, orada ağaclar əkmiş, istilikxana qurmuş və əlavə tikililər inşa etmişdir. İddiaçı mübahisəli orpaq sahəsini alqı-satqı müqaviləsi ilə əldə etmişdir. İddiaçının və digər ailə üzvlərinin ötən 19 il ərzində cavabdehə qarşı heç bir etirazları olmamışdır. Hazırda isə iddiaçı məhkəmədə iddia qaldırmışdır. Hesab edir ki, iddiaçı 19 il ərzində susduqdan sonra hazırda iddia qaldırması ilə hüquqdan sui–istifadə edir. Eləcə də, hesab edir ki, iddiaçı uzun illər sonra 18 fevral 2006–cı il tarixli alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edir və bununla o, iddia müddətini ötürmüşdür. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdehlərə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri haqda lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki–Prosessual Məcəlləsinin 185.5–ci maddəsinə əsasən gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri tam və hərtərəfli araşdıraraq, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan xx.xx.2006–cı il tarixli, 4ə–125 reeystr nömrəli müqavilədən görünür ki, satıcılar İddiaçı, X1, X5, X7, X3 Şəmkir rayon AİK–nın xx.xx.1998–ci il tarixli 51 saylı qərarı ilə verilmiş 1.20 ha torpaq sahəsinin JN–183 KOD 50400048 saylı Dövlət Aktı əsasında Şəmkir rayonu, Zəyəm–Cırdaxan kəndində yerləşən 4565.06 kv.m torpaq sahəsini 3.500 manata Cavabdeh2 satmışdır. İşdə olan JN–183 KOD 50400048 olan Dövlət Aktından görünür ki, Şəmkir rayon AİK–nın xx.xx.1998–ci il tarixli 51 saylı qərarı ilə Şəmkir rayonu, Zəyəm– Cırdaxan kəndində yerləşən, təyinatı kənd təsərrüfatı məhsulları istehsalı olan 1.20 ha torpaq sahəsi İddiaçı, X1, X5, X7, X2 paylı mülkiyyətinə verilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəmkir rayonu, Zəyəm Cırdaxan kənd sakini İddiaçı və qeyrilərinin Şəmkir rayonu Zəyəm Cırdaxan kənd bələdiyyəsinin sabiq sədri Xəqani Məmmədov və dövlət notariusu Sadıqov Rövşən barəsində saxta sənədlər tərtib etmələri ilə bağlı qanuni tədbir görülməsi, eləcə də dövlət notariusu Rövşən Sadıqovun notarial qaydada təsdiqlədiyi 18 fevral 2006-cı il tarixli müqavilənin saxta olmasına görə, həmin müqavilənin və onun əsasında tərtib olunmuş digər sənədlərin etibarsız hesab edilməsi ilə bağlı şikayət ərizəsi əsasında ilkin yoxlama aparılmışdır. İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Dövlət Notariat Arxivinin məhkəmə sorğusuna xx.xx.2025–ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, arxivə təhvil verilmiş 2006–cı ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən 4Ə–125 reyestr nömrəli müqavilənin xx.xx.2006–cı il tarixdə digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. İşdə olan DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025–ci il tarixli məktubundan görünür ki, Şəmkir rayonu, Zəyəm–Cırdaxan kəndində yerləşən 1.20 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə verilmiş JN–183 saylı Dövlət Aktı əsasında 1.20 ha torpaq sahəsi xx.xx.2006–cı il tarixli 4Ə–125 reyestr nömrəli alqı–satqı müqaviləsi əsasında Cavabdeh2 satılmışdır. ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İşdə olan DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025–ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN 183 saylı Dövlət Aktının 183Q planşetində göstərilən ümumi sahəsi 4565.06 kv.m təşkil edən torpaq sahəsi Şəmkir rayon 1 saylı Notariat kontorunun xx.xx.2006-cı il tarixli, reyesterdə 4Ə-125 nömrə ilə qeyd edilən müqaviləyə əsasən Cavabdeh2 satılmışdır. Həmin müqaviləyə əsasən DƏDRX tərəfindən alıcı (cavabdeh) Cavabdeh2 adına Hüquqları Dövlət Qeydiyyatına alınaraq DƏDR çıxarış verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2006–cı ilin fevral ayında İddiaçı, X1, X5, X7, X2 paylı mülkiyyətində olan 1.20 ha torpaq sahəsinin 4565.06 kv.m sahəsi Cavabdeh2 satılmışdır. 19 il sonra iddiaçı hazırkı idddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1–ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui–istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 144.1–ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1–ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 222.2–ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Həmin Məcəllənin 357–ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Həmin Məcəllənin 358.1–ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Həmin Məcəllənin 358.2–ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Həmin Məcəllənin 360.2–ci maddəsinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 394–cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 405.1–ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 425.1–ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 560.1–ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2–ci maddəsinə əsasən hüquqdan sui–istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4–cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui– istifadə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1–ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3–cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə, iddiaçının əqdin etibarsız sayılması tələbinin əsası kimi əşyanın satılmasına razılıq verməməsi barədə dəlili barədə onu da bildirir ki, iddianın qanuni əsasını təşkil edən Mülki Məcəllənin 222.2–ci və ya 358.1–ci maddələrinin tələbləri baxımından birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Göründüyü kimi qanunvericilikdə birgə mülkiyyətdə olan əşyaya sərəncam verilməsinə dair müqavilənin bilavasitə bütün mülkiyyətçilər tərəfindən imzalanmasına dair məcburi bir qayda nəzərdə tutulmamışdır. Qanunda birgə mülkiyyətdə olan əşyaya sərəncamın (bir qayda olaraq) bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilməli olduğu göstərilir. Hətta səlahiyyətli şəxsin qabaqcadan razılığı olduqda onun əşyasına (hüququna) səlahiyyətsiz şəxs tərəfindən verilən sərəncam etibarlı sayılır. Razılıq bəyan edildiyi təqdirdə ümumi mülkiyyətçilərin müqaviləni şəxsən imzalamalarına, yaxud əşyaya sərəncam verilməsini etibarnamə ilə satıcıya həvalə etmələrinə gərək yoxdur. Bundan əlavə, iddiaçı torpaq sahəsindən cavabdehin istifadə etməsini görmüş, həmin tarixdən iddia ərizəsi məhkəməyə verilən tarixə kimi hər hansı etirazını bildirməmişdir. İddiaçının torpaq sahəsinin ailə üzvlərinin sahibliyində olmamasını bilməməsi inandırıcı və ağlabatan deyildir. Həmçinin, qeyd edilməlidir ki, ötən müddət ərzində caavbdeh tərəfindən mübahisəli torpaq sahəsində ağaclar əkilmiş, bağ salınmış və istilikxana quraşdırılmışdır. İddiaçının və ya digər ailə üzvlərinin 19 il ərzində həmin görülmüş işlərdən məlumatlı olmaması qeyri– mümkündür. Əksinə iddiaçı özü məhkəmə iclası zamanı təxminən torpaq sahəsinin onlara verildiyi vaxtdan mülkiyyətlərində olan, Şəmkir rayonu, Zəyəm– Cırdaxan kəndində yerləşən 1.20 ha torpaq sahəsinin 4565.06 kv.m hissəsinin Cavabdeh2 tərəfindən istifadə edilməsini gördüklərini və sonradan alqı satqı müqaviləsinin mövcüd olması barədə məlumatlı olmasını bildirmişdir. Məhkəmə, hesab edir ki, iddiaçı 19 il ərzində sözügedən alqı–satqı müqaviləsini mübahisələndirməməklə əqdi bəyənmələrini nümayiş etdirmişdir. İddiaçının tələbi mülki hüquq münasibətlərində rəhbər tutulan dürüstlük qaydasına uyğun gəlmir və hüquqdan sui–istifadə qaydası nəzərə alındıqda iddianın təmin olunması üçün əsas yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında dəfələrlə vurğulamışdır ki, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (B.Qasımovun şikayəti üzrə xx.xx.2019–cu il tarixli qərarı, N.Əsədovanın şikayətinə dair xx.xx.2021–ci il tarixli qərarı). Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021–ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023–cü il tarixli Qərarındakı hüquqi mövqeyinə əsasən “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52–ci maddəsinin 1–ci bəndinə əsasən əsasən torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. Həmin maddənin 2–ci bəndinə əsasən iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222–ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358–ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.” Məhkəmə, hazırkı vəziyyətdə iddiaçının alqı–satqı müqaviləsinin etibarsızlığını irəli sürməsini hüquqdan sui–istifadə kimi qiymətləndirir. Konstitusiya Məhkəməsinin Plenumu “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020–ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair“ qərarında qeyd edir ki; “dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6–cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425–ci maddələrinin göstərişlərindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1–ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3–cü maddəsində hüquqdan sui–istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui–istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui–istifadə edilib– edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb– sığmamasını, aşkar ədalətsizliyə səbəb olub–olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.” Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair konkludent hərəkətlər və rəftar da (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005–ci il tarixli, 4 saylı Qərarının 2.2–ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4–cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh2 qarşı alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi, əkilmiş ağacların çıxarılması və qanunsuz tikilmiş istilikxananın sökülməsinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 107–ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1–ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh2 qarşı alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi, əkilmiş ağacların çıxarılması və inşa edilmiş istilikxananın sökülməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddianın verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməzsə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-1577/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1577/2025
23.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver