Məhkəmə qərarları › İş №2(076)-160/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-160/2025

25.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-160/2025 25.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətində olan kənd təsərrüfatı torpaq sahəsinin zəbtdən azad edilməsi və özbaşına inşa edilmiş tikilərdin sökülməsı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonu Yeni Həyat kəndinin “Bağ yeri” adlanan ərazisində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 2 metr uzununda, 7 metr enində olmaqla Cavabdeh1 tərəfindən inşa edilmiş “çardağın” cavabdehlərin vəsaiti ilə sökülməsi, qalan hissəsinin isə meyvə ağaclarının çıxarılaraq zəbtindən azad edilməsi; mülkiyyətində olan 0,50 ha torpaq sahəsinin 0,07 ha hissəsinin Cavabdeh3 meyvə ağacları əkilməklə etdiyi zəbtindən ağacların cavabdehlərin vəsaiti ilə çıxarılaraq azad edilməsi; mülkiyyətində olan 0,35 ha torpaq sahəsinin 0,20 ha hissəsinin Cavabdeh2 tərəfindən yonca əkilməklə zəbtindən azad edilməsi və həmin sahələrin faktiki sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, AR ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin xx.xx.2017-ci il tarixli 241 nömrəli Hərrac Şəhadətnaməsi, Şəmkir rayon 1 saylı Xüsusi Notariat Ofisində xx.xx.2017-ci il tarixli 3M-340 nömrə ilə qeydə alınmış icarə müqaviləsi əsasında 25 il müddətinə xx.xx.2017-ci il tarixli ANo217276 saylı X5 və ölçüsü, yüklü edilən əmlakın reyestr nömrəsi **********05, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2017-ci il olan, RX seriyalı ******* No-li HDQH DƏDRdən Çıxarış Əsasında icarəmə 0,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi Şəmkir rayonu Yeni Həyat kəndində «Bağ yeri» adlanan sahədə yerləşir. Eyni zamanda Şəmkir rayon 1 saylı Xüsusi Notariat Ofisində xx.xx.2024-cü il tarixli 40-171 reyestr nömrəli alqı-satqı müqaviləsi və qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan HDQH DƏDR-dən Çıxarış əsasında 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satın alaraq mülkiyətinə keçirmiş və həmin torpaq sahəsi də Şəmkir rayonu Yeni Həyat kəndində «Bağ yeri» adlanan sahədə yerləşir. Cavabdehlərdən Cavabdeh1 mülkiyyətində olan 0,50 ha torpaq sahəsinin 2 metr uzununda və 7 metr enində olan hissəsini özbaşına zəbt edərək 2x11 metr hissəsində çardağ inşa etdirmiş, qalan hissəsində isə meyvə ağacları əkməklə istifadə edir. Cavabdeh- Cavabdeh3, mülkiyyətimdə olan 0,50 ha torpaq sahəsinin 0,07 ha hissəsini özbaşına zəbt edərək meyvə ağacları əkməklə istifadə edir. Cavabdeh- Cavabdeh2, mülkiyyətimdə olan 0,35 ha torpaq sahəsinin 0,20 ha hissəsini özbaşına zəbt edərək yonca əkməklə istifadə edir. Dəfələrlə cavabdehlərdən torpaqlarının bir hissəsini zəbtindən azad etmələrini və həmin torpaq sahəmdə özbaşına inşa etdilmiş tikilinin sökülməsini tələb etməyimə baxmayaraq cavabdeh-Cavabdeh1 özbaşına tikilini sökərək zəbtdən azad etməkdən imtina etmiş, üstəlik Ünvan Reyestr Xidmətinin əməkdaşlarının torpağımı ölçərək ona təqdim etdikdən sonra aralığa basdırdığım beton stolbalarıümı çıxarıb aparmışlar və zəbti davam etdirmişlər. Ona görə cavabdehlərə qarşı məlum iddianı qaldırmalı olmuşdur.. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahatında göstərdi ki, bələdiyyə iddiaçıya torpağı icaraya vermişdir. Həmin torpağın bir qismi onun istifadəsindədir. Həmin torpaq sahəsində ağaclar və parnikin bir hissəsi iddiaçının torpağına düşmüşdür. Həmçinin qeyd etdi ki, həmin torpaq sahəsində yol mövcuddur. İddiaçının məqsədi yolu bağlamaqdır. İddianın təmin edilməsinə etirazı yoxdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatını, ekspertiza rəyini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli, ********** saylı qeydiyyat nömrəli, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəmkir rayon, X4 mülkiyyətində olan, Şəmkir rayonunun Yeni Həyat ərazisində yerləşən, 0,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (əkin) 15 il müddətinə (yüklülük müddəti xx.xx.2017-xx.xx.2032) İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəmkir rayonunun Yenihəyat kəndində yerləşən, 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,429 ha hissəsi İddiaçı, 0,071 ha hissəsi isə X1 mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-21-3-40/2-7022/24 saylı DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyindən və onun əsasında xx.xx.2024-cü il tarixli 10/971 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspertiza rəyindən görünür ki, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********05 reyestr nömrəli Çıxarış əsasında iddiaçının istifadəsinə verilmiş Şəmkir rayonu, Yeni Həyat kəndində yerləşən 0.35 ha torpaq sahəsinin 0.1160 ha-dək hissəsi Cavabdeh3 tərəfindən istifadə olunur. xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli Çıxarış əsasında iddiaçının mülkiyyətində olan Şəmkir rayon, Yeni Həyat kəndində yerləşən 0.50 ha torpaq sahəsinin 0.0924 ha-dək hissəsi Cavabdeh3 tərəfindən, 0.0470 ha-dək hissəsi Cavabdeh2 tərəfindan və 0.002989 ha-dək hissəsi Cavabdeh1 tərəfindən istifadə olunur; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21- 3-40/2-7022/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli **********71 reyestr nömrəli Çıxarış əsasında iddiaçının mülkiyyətində olan Şəmkir rayon, Yeni Həyat kəndində yerləşən 0.0470 ha-dək torpaq sahəsində və Cavabdeh1 tərəfindən istifadə olunan 15.91 kv.m-dək torpaq sahəsində ağaclar əkilmişdir. Eyni zamanda Cavabdeh1 məxsus istilikxananın 13.98 kv.m-dək hissəsi həmin torpaq sahəsində yerləşir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində məhkəmə müəyyən etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Şəmkir rayonunun Yeni Həyat kəndi ərazisində yerləşən 0,35 ha torpaq sahəsi iddiaçıya icarəyə verilmiş, həmçinin həmin kənd ərazisində yerləşən 0,50 ha torpaq sahəsinin 0,42 ha hissəsi iddiaçının mülkiyyətindədir. xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********05 reyestr nömrəli Çıxarış əsasında iddiaçının istifadəsinə verilmiş Şəmkir rayonu, Yeni Həyat kəndində yerləşən 0.35 ha torpaq sahəsinin 0.1160 ha-dək hissəsi Cavabdeh3 tərəfindən istifadə olunur. xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli Çıxarış əsasında iddiaçının mülkiyyətində olan Şəmkir rayon, Yeni Həyat kəndində yerləşən 0.50 ha torpaq sahəsinin 0.0924 ha-dək hissəsi Cavabdeh3 tərəfindən, 0.0470 ha-dək hissəsi Cavabdeh2 tərəfindan və 0.002989 ha-dək hissəsi Cavabdeh1 tərəfindən istifadə olunur. Şəmkir rayon, Yeni Həyat kəndində yerləşən 0.0470 ha-dək torpaq sahəsində və Cavabdeh1 tərəfindən istifadə olunan 15.91 kv.m-dək torpaq sahəsində ağaclar əkilmişdir. Eyni zamanda Cavabdeh1 məxsus istilikxananın 13.98 kv.m-dək hissəsi həmin torpaq sahəsində yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən 157-ci maddəsi əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehlərin sahibliyində olmalı və cavabdehlərin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehlərin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq, belə qənaətə gəlir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları vardır. Buna baxmayaraq, iddiaçıya məxsus mübahisəli torpaq sahəsini faktiki olaraq cavabdehlərin istifadəsindədir. Cavabdehlərin həmin torpaq sahəsinin göstərilən hissəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Bu səbəbdən də, cavabdehlərin sahibliyi qanunsuzdur. Bununla da mülkiyyətçi olan iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə maneə yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətçi hüquqları, mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********05 reyestr nömrəli çıxarış əsasında iddiaçının istifadəsinə verilmiş, Şəmkir rayonu, Yeni Həyat kəndində yerləşən 0,35 ha torpaq sahəsinin 0,1160 ha-dək hissəsindən Cavabdeh3 çıxarılmalı, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli çıxarış əsasında iddiaçının mülkiyyətində olan, Şəmkir rayonu, Yeni Həyat kəndində yerləşən 0,50 ha torpaq sahəsinin 0.0924 ha hissəsindən Cavabdeh3, 0.0470 ha hissəsindən Cavabdeh2 və 0.002989 ha hissəsindən Cavabdeh1 çıxarılmalıdır. İddia tələbinin Cavabdeh1 tərəfindən inşa edilmiş “çardağın” cavabdehlərin vəsaiti ilə sökülməsi, Cavabdeh1 tərəfindən istifadə edilən torpaq sahəsində meyvə ağaclarının çıxarılaraq zəbtindən azad edilməsi, Cavabdeh3 tərəfindən istifadə edilən torpaq sahəsində ağacların cavabdehlərin vəsaiti ilə çıxarılaraq azad edilməsi tələbinə aid hissədə məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından qeyd edilən torpaq sahəsində çardağın olmasının, çardağın cavabdehlər tərəfindən inşa edilməsinin, həmin torpaq sahələrində ağacların cavabdehlər tərəfindən əkilməsinin həqiqiliyini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı iddia ərizəsində göstərilən torpaq sahəsində çardağın olmasına, çardağın cavabdehlər tərəfindən inşa edilməsinə, həmin torpaq sahələrində ağacların cavabdehlər tərəfindən əkilməsinə dair sübutlarını iddia ərizəsinə əlavə etməmiş, məhkəmə iclası zamanı iddianı qeyd olunan hissədə təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Lakin iddiaçı torpaq sahəsində çardağın olmasına, çardağın cavabdehlər tərəfindən inşa edilməsinə, həmin torpaq sahələrində ağacların cavabdehlər tərəfindən əkilməsinə dair sübutlarını iddiaçı məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 100 manat pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********05 reyestr nömrəli çıxarış əsasında iddiaçının istifadəsinə verilmiş, Şəmkir rayonu, Yeni Həyat kəndində yerləşən 0,35 ha torpaq sahəsinin 0,1160 ha-dək hissəsindən Cavabdeh3 çıxarılsın. xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli çıxarış əsasında iddiaçının mülkiyyətində olan, Şəmkir rayonu, Yeni Həyat kəndində yerləşən 0,50 ha torpaq sahəsinin 0.0924 ha hissəsindən Cavabdeh3, 0.0470 ha hissəsindən Cavabdeh2 və 0.002989 ha hissəsindən Cavabdeh1 çıxarılsın. İddianın qalan hissəsi təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul məbləği cavabdehlər Cavabdeh3 Fermayıl oğlu və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən etibarən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar