Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-174/2024 21.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X2 qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, ona məxsus Şəmkir rayonu İsgəndərli kəndi ərazisində 4.62 ha torpaq sahəsinin 2.62 ha hissəsindən cavabdeh X1 çıxarılması və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehin adının Cavabdeh kimi qəbul edilməsini və ona məxsus Şəmkir rayonu İsgəndərli kəndi ərazisində 4.62 ha torpaq sahəsinin 2.62 ha hissəsindən Cavabdeh çıxarılması və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, verdiyi izahatında göstərdi ki, ona məxsus Şəmkir rayonunun Kür qəsəbəsi İsgəndərli kəndi ərazisində 4.62 ha pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsi xx.xx.2021-ci il tarixli, **********85 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında onun mülkiyyətindədir və torpaq sahəsindən uzun illərdir istifadə edir. 2023-cü il aprel ayında DƏDRX-nə rəsmi müraciət edib rüsum ödəmiş və torpaq sahəsinin ölçüləri ona akt şəklində təqdim olunmuşdur. Həmin vaxt məlum olmuşdur ki, ona məxsus torpaq sahəsinin 2.62 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Dəfələrlə cavabdehə zəbt etdiyi torpaq sahəsindən könüllü çıxmasını təklif etsə də, o buna məhəl qoymamış və torpaq sahəsindən çıxmaqdan imtina etmişdir. Bu səbəbdən məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqda lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən məhkəməyə məktub ünvanlanaraq, iş həcminin çoxluğu ilə bağlı məhkəmə prosesində iştirak edə bilməyəcəklərini bildirmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********85 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Şəmkir rayonu İsgəndərli kəndi ərazisində 4.6288 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, A 668148 saylı Torpaq sahəsinin planı və ölçüsünün surətindən Şəmkir rayonu İsgəndərli kəndi ərazisində 4.6288 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, elektron məlumat bazasının yeni elektron uçot xəritəsinə əsasən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonu İsgəndərli kəndi ərazisində yerləşən 4.6288 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2.4539 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. İş materiallarına əlavə edilmiş, məhkəmə tikinti–texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/4067 nömrəli rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonu İsgəndərli kəndi ərazisində yerləşən 4.6288 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2.4539 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********85 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Şəmkir rayonu İsgəndərli kəndi ərazisində 4.6288 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Lakin həmin torpaq sahəsinin 2.4539 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. İddiaçı dəfələrlə həmin torpaq sahəsini könüllü olaraq qaytarmağı təklif etmiş, lakin cavabdeh iddiaçıya məxsus torpaq sahəsini qaytarmaqdan imtina etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub– olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub– olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılması tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. Buna baxmayaraq, həmin torpaq sahəsinin 2.4539 ha hissəsi cavabdehin istifadəsində və sahibliyindədir. Cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ– əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84–cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Şəmkir rayonu İsgəndərli kəndində yerləşən və iddiaçının mülkiyyətində olan 4.6288 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2.4539 ha hissəsindən cavabdeh çıxarılmalıdır. İş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən 100 (bir yüz) manat dövlət rüsumu alınıb iddiaçıya verilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, məhkəmənin təşəbbüsü ilə təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri müştərək qaydada tərəflərdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117.1–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********85 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın əsasında İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu, İsgəndərli kəndində yerləşən 4.6288 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2.4539 hissəsindən Cavabdeh çıxarılsın. İş üzrə ödənilmiş dövlət rüsumu cavabdehaə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı və Cavabdeh müştərək qaydada aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-174/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-174/2024
21.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver