Məhkəmə qərarları › İş №2(076)-1747/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1747/2023

26.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1747/2023 26.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: X1, onun nümayəndəsi X4 iştirakı ilə İddiaçı X1 Cavabdeh2 qarşı evdən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin uşaqları ilə birlikdə ünvan 1 saylı fərdi yaşayış evindən çıxarılması və evin təhvil verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X7 məhkəməyə “iddia həcminin azaldılması və iddia tələbinin dəqiqləşdirilməsi barədə” əlavə ərizə təqdim edərək, iddianın Cavabdeh1 evdən çıxarlıması hissəsində azaltdığını bildirmiş, Cavabdeh2 xx.xx.2010-cu il təvəllüdlü Nərmin, xx.xx.2016-cı il təvəllüdlü Nərgiz və xx.xx.2021-ci il təvəllüdlü Nəzrin adlı uşaqları ilə birlikdə ünvan 1 saylı fərdi yaşayış evindən çıxarılması və evin təhvil verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X2 məhkəmə iclası zamanı iddanı müdafiə edərək, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh2 onun gləinidir. Belə ki, Cavabdeh2 2010-cu il tarixdə onun oğlu Cavabdeh1la evlənmiş, birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü Nərmin, xx.xx.2016-cı il təvəllüdlü Nərgiz və xx.xx.2021-ci il təvəllüdlü Nəzrin adlı uşaqları doğulmuşdur. Onlar evləndikdən sonra bir müddət Şəmkir rayonu, Kür qəsəbəsində yaşamış, lakin sonradan ona məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsindəki taxtadan inşa edilmiş fərdi yaşayış evinə köçmüşlər. Həmin torpaq sahəsinə dair onun adına ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Bir müddət əvvəl isə cavabdehlə oğlu Əsgərin ailə münasibətləri pozulmuş və cavabdeh oğluna qarşı nikahın pozulması barədə məhkəmədə iddia qaldırmışdır. Bundan sonra dəfələrlə cavabdehdən ona məxsus evdən könüllü çıxmasını təklif etsə də, cavabdeh ona məhəl qoymamışdır. Bu səbəbdən məcbur olub məhkəmədə iddia qaldırmışdır. Belə ki, cavabdeh onun mülkiyyət hüququnu pozur, hüquqa zidd hərəkətlərini davam etdirərək onun evindən sərbəst şəkildə istifadə etməsinə maneçilik yaradır. Odur ki, Cavabdeh2 xx.xx.2010-cu il təvəllüdlü Nərmin, xx.xx.2016-cı il təvəllüdlü Nərgiz və xx.xx.2021-ci il təvəllüdlü Nəzrin adlı uşaqları ilə birlikdə ünvan 1 saylı fərdi yaşayış evindən çıxarılması və evin təhvil verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı X1 nümayəndəsi X7 məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, həmçinin təmsil etdiyi şəxslə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın təmin edilməsini haqda qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və nümayəndəsinin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********14 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”dan görünür ki, ünvan 2 ünvanında yerləşən 0.0889 ha torpaq sahəsi üzərində X1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan A975168 nömrəli “X8 və Ölçüsü”ndən görünür ki, ünvan 2 ünvanında yerləşən 0.0889 ha torpaq sahəsi X1 adına qeydiyyata alınmışdır. İşdə olan iddia ərizəsinin surətindən görünür ki, Cavabdeh2 Cavabdeh1 qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Beləliklə, məhkəmə iddia tərəfin izahatının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, ünvan 2 ünvanında yerləşən 0.0889 ha torpaq sahəsi üzərində X1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bu barədə iddiaçının adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********14 reyestr nömrəli Çıxarış tərtib edilmişdir. Cavabdeh2 2010-cu il tarixdə iddiaçının oğlu Cavabdeh1la evlənmiş, birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü Nərmin, xx.xx.2016-cı il təvəllüdlü Nərgiz və xx.xx.2021-ci il təvəllüdlü Nəzrin adlı uşaqları doğulmuşdur. Onlar evləndikdən sonra bir müddət Şəmkir rayonu, Kür qəsəbəsində yaşamış, sonradan iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsindəki taxtadan inşa edilmiş fərdi yaşayış evinə köçmüşlər. Lakin onların ailə münasibətləri pozulmuş və cavabdeh ərinə qarşı məhkəmədə “nikahın pozulması və aliment” tələbinə dair iddia qaldırmışdır. Hazırda iddiaçı özünə məxsus torpaq sahəsindəki fərdi yaşayış evindən cavabdehin uşaqları ilə birlikdə çıxarılmasını tələb edir. Məhkəmə iddianın düzgün həll edilməsi üçün ilk növbədə iddiaçının cavabdehə qarşı iddia qaldırmaqda subyektiv hüququnun olub-olmaması məsələsinin müəyyən edilməsini zəruri hesab edir. Məhkəmə qeyd ki, mübahisəli fərdi yaşayış evi hüquqi qeydiyyata alınmasa da, yəni hazırda həmin fərdi yaşayış evi özbaşına tikili olsa da, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bu da onu deməyə əsas verir ki, mübahisəli fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyətə qanuni gözlənti hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə, “Qarrax Çexiyaya qarşı” iş üzrə və digər bu kimi qərarlarında X9 məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X3 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də bu məsələyə yuxarıda göstərilən qaydada X9 məhkəməsinin mövqeləri ilə uyğun gələn mövqedən yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010-cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli qərarında və digər qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyətə qanuni gözlənti hüququ olduğundan o, iddia qaldırmaqda subyektiv hüquqa malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Hazırki mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpq sahəsinin mülkiyyətçisi olan və mülkiyyətə, yəni fərdi yaşayış evinə qanuni gözlənti hüququ olan iddiaçının evinin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ olmadığından, cavabdehin hazırda həmin evdə yaşaması iddiaçının öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olunmasına səbəb olur. Məhkəmə hesab edir ki, iddiaçının qanuni gözlənti hüququ olan fərdi yaşayış evindən istifadə hüququ cavabdeh tərəfindən pozulmaqdadır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Beləliklə, müəyyən edilir ki, mübahisəli evlə bağlı hüquq münasibətləri 2009– cu ildən sonrakı tarixdə yaranmışdır. Buna görə də mübahisəli hüquq münasibətlərinə Mülki Məcəllənin 228.1 və 228.2–ci maddələrinin tətbiq edilməsi istisna olunur. Tərəflər arasındakı hüquq münasibətləri 1 oktyabr 2009–cu il tarixdən sonra yarandığından hüquq münasibətlərinə Mülki Məcəllənin 228.5–ci maddəsi də tətbiq edilmir və bu mübahisə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 oktyabr 2013–cü il tarixli qərarına əsasən 1 oktyabr 2009–cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikasının qüvvədə olan Mənzil Məcəlləsinin 30.1–ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2–ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4–cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə həmçinin qeyd edir ki, istifadə hüququ öz–özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir–birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir–birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 16 dekabr 2014–cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30–cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2–ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30–cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15–ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1–ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2–ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3–cü maddəsinə əsasən ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyanın 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyanın 43–cü maddəsinin İ hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. «İnsan Hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1–ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3–cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Əmlak hüquqları sahiblik, istifadə və sərəncam hüquqları ilə yanaşı digər – ipoteka, servitut və digər hüquqlardan ibarətdir. Həmin Məcəllənin 139.1–ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Bu baxımdan məhkəmə iddianı əsaslı hesab edərək qeyd edir ki, iddiaçının cavabdehə qarşı uşaqları ilə birlikdə evdən çıxarılması tələbinə dair iddiası təmin edilməli və cavabdeh uşaqları ilə birlikdə iddiaçıya məxsus olan ünvan 1 saylı fərdi yaşayış evindən çıxarılmalı və ev iddiaçıya təhvil verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh2 xx.xx.2010-cu il təvəllüdlü Nərmin, xx.xx.2016-cı il təvəllüdlü Nərgiz və xx.xx.2021-ci il təvəllüdlü Nəzrin adlı uşaqları ilə birlikdə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********14 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış” əsasında iddiaçı X1 mülkiyyətinə olan və ünvan 2 ünvanında yerləşən 0.0889 ha torpaq sahəsi üzərindəki fərdi yaşayış evindən çıxarılsın və ev iddiaçıya təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar