Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-181/2024 06.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X1 və vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh1 (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı “torpaq sahəsin zəbtdən azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus, Şəmkir rayonu Qaracəmirli kəndində 0.10 ha həyatyanı torpaq sahəsinin 0.001 ha hissəsindən Cavabdeh1 çıxarılması, qanunsuz tikilinin öz hesabına sökülməsi, torpaq sahəsinin ona təhvil verilməsi və ödənilmiş 100 (bir yüz) manat rüsumun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona məxsus Şəmkir rayonunun Qaracəmirli kəndində 0.10 ha həyatyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsini uzun illərdir ki, istifadə etmişdir və 2020-ci ildən adına DƏDRX-dən çıxarış vardır. Həmin torpaq sahəsinin 0.001 ha hissəsini Cavabdeh1 tərəfindən zabt edilmiş və qanunsuz tikili tikib istifadə edilir. Dəfələrlə cavabdehə müraciət etsə də cavabdeh ona məxsus torpaq sahəsindən çıxmaqdan imtina etmişdir. Ona görədə hazır ki, iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən ona məxsus, Şəmkir rayonu Qaracəmirli kəndində 0.10 ha həyatyanı torpaq sahəsinin 0.001 ha hissəsindən Cavabdeh1 çıxarılması, qanunsuz tikilinin öz hesabına sökülməsi, torpaq sahəsinin ona təhvil verilməsi və ödənilmiş 100 (bir yüz) manat rüsumun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona məxsus, Şəmkir rayonu Qaracəmirli kəndində 0.10 ha həyatyanı torpaq sahəsinin 15.49 kv.m hissəsindən Cavabdeh1 çıxarılması, qanunsuz tikilinin öz hesabına sökülməsi, torpaq sahəsinin ona təhvil verilməsi və ödənilmiş 100 (bir yüz) manat rüsumun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X5 izahatında bildirir ki, iddiaçıya məxsus torpaq sahəsi əvvəllər başqa şəxsə məxsus olmuşdur. Həmin torpaq sahəsini iddiaçı alandan sonra və əvvəllərdə qonşu ilə sərhədləri müəyyən edərək sərhəd xətti olmuşdur. Sonradan iddiaçı sərhəd xəttində yerləşən dəmir setkanı sökərək onun torpağını zəbt etdiyini bildirmişdir. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh1 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən 0,10 ha həyatyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallraında olan xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/4992 saylı Məhkəmə Ekspertiza Məkəzinin ekspertiza rəyindən görünür ki, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0.10 ha torpaq sahəsinin 15.49 kv.m hissəsi Cavabdeh1 tərəfindən istifadə edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmaları təsbit edilir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (MM 139.3-cü mad). Mülki Məcəllənin 139-1.1.1.-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mülki Məcəllənin 146.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (MM 146.2). Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır (MM 146.3). Mülki Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir (MM 157.5). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (MM 157.8). Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (MM158.2). Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (MM 158.4). Mülki Məcəllənin 148.2.-ci maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Mülki Məcəllənin 180.1.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (MM 180.4). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göründüyü kimi, İddiaçı Şəmkir rayonunun Qaracəmirli kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və onun adına Daşınmaz Əmlakın Dövlət Xidməti tərəfindən çıxarış verilmişdir və o həmin torpaq sahəsinin qanuni sahibidir və onun həmin torpaq sahəsindən öz istədiyi kimi istifadə etmək hüququ vardır. Lakin həmin mübahisəli torpaq sahəsinə dair cavabdehin hər hansı bir hüququnun olmasını təsdiq edən hər hansı bir mötəbər sübut mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, mübahisə predmeti olan Şəmkir rayonunun Qaracəmirli kəndində yerləşən 0.10 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olmasını, Şəmkir rayonunun Qaracəmirli kəndində yerləşən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli Çıxarışda göstərilən 0.10 ha torpaq sahəsinin 15.49 kv.m hissəsi Cavabdeh1 qanuni əsas olmadan istifadəsində olmasını, nəticədə iddiaçının öz mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsindən istifadə edə bilməməsini, bununla da onun sahiblik və istifadə hüquqlarının pozulmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli Çıxarış əsasında İddiaçı mülkiyyətində olan, Şəmkir rayonunun Qaracəmirli kəndində yerləşən 0.10 ha torpaq sahəsinin 15.49 kv.m hissəsindən Cavabdeh1 çıxarılsın, sərhədləri daxilində inşa edilmiş tikililər (təyinatından və xarakterindən asılı olmayaraq) Cavabdeh1 vəsaiti hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli Çıxarış əsasında İddiaçı mülkiyyətində olan, Şəmkir rayonunun Qaracəmirli kəndində yerləşən 0.10 ha torpaq sahəsinin 15.49 kv.m hissəsindən Cavabdeh1 çıxarılsın, sərhədləri daxilində inşa edilmiş tikililər (təyinatından və xarakterindən asılı olmayaraq) Cavabdeh1 vəsaiti hesabına sökülsün. Dövlət rüsumu kimi ödənilmiş 100 manat Cavabdeh1 alınaraq İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-181/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-181/2024
06.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver