Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1877/2024 16.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “azyaşlı uşaqları ilə birlikdə evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X11 adlı uşaqları ilə birlikfə Cavabdeh mülkiyyətində olan Şəmkir rayonu Aşağı Seyfəli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsində olan fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh keçmiş əridir. O Cavabdeh ilə nikahlarını xx.xx.2009-cu ildə rəsmiləşdirməklə 10 sentyabr 2009-cu ildə cavabdehin valideynlərinə məxsus evə gəlin köçürülmüşdür. Birgə nikahlarından xx.xx.2010-cu ildə X4, xx.xx.2012-ci ildə X10 və xx.xx.2016-cı ildə X11 adlı uşaqları doğulmuşdur. O, gəlin köçdükdən 2 il sonra əri Cavabdeh mülkiyyətinə verilmiş Şəmkir rayonu Aşağı Seyfəli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evi inşa etdirməyə başlamışlar. 2012-ci ildə isə həmin evə köçüb orada yaşamağa başlamışlar. Ona məxsus olan cehiz əşyaları da həmin evə yığılmışdır. Yaşadıqları müddətdə də əlavə tikililər inşa etdirmişlər. Yaşadıqları fərdi yaşayış evi kürsülü olmaqla 5 otaqdan ibartədir. Həmçinin həyətdə 3 otaq və sanitar qovşaqdan ibarət yardımçı tikili də inşa etdirmişlər. Cavabdeh daim ailələrində narazılıqlar yaratmışdır. Ailə münasibətləri pozulmuşdur. Cavabdeh onu azyaşlı uşaqları ilə sonuncu dəfə 2023-cü ilin iyun ayında yaşadıqları evdən qovmuşdur. Azyaşlı uşaqları onun himayəsində qalmışdır. Yaşamağa evi, mənzili və torpaq sahəsi yoxdur. Hazırda müvəqqəti olaraq valideynlərinin yanında yaşayır. Vəziyyəti çox ağırdır. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Onlar mübahisəli fərdi yaşayış evini birgə nikahda olduqları müddətdə inşa etdirmişlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, bildirdi ki, o, İddiaçı ilə nikahlarını xx.xx.2009-cu ildə rəsmiləşdirməklə evlənmişlər. İddiaçı onun valideynlərinə məxsus evə gəlin köçürülmüşdür. Onların birgə nikahlarından xx.xx.2010-cu ildə Səriyyə, xx.xx.2012-ci ildə Səma və xx.xx.2016-cı ildə Kərim adlı uşaqları doğulmuşdur. Sonradan ona məxsus həyətyanı torpaq sahəsində yerləşən evə köçüb orada yaşamışlar. Həmin fərdi yaşayış evi iddiaçı ilə ailə qurmamışdan əvvəl tikilmişdir. İddiaçı gəlin gələn vaxt həmin ev yarımçıq tikili olmuşdur. Onlar sonradan birlikdə hamam tikmişlər. Hazırda iddiaçının ona məxsus evə köçüb yaşamasına etiraz edir. xx.xx.2010-cu il təvəllüdlü Səriyyə, xx.xx.2012ci il təvəllüdlü Səma və xx.xx.2016-cı il təvəllüdlü Kərim adlı uşaqlarının isə ona məxsus evə köçüb onunla birlikdə yaşamalarına heç bir etirazı yoxdur. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddianın azyaşlı uşaqlarının ona məxsus evə köçürülməsi hissəsində təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş AZ-İİ 471766 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 12 iyun 2010-cu ildə anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ 972152 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2012-ci ildə anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ 802952 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 31 iyul 2016-cı ildə anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 501179 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı xx.xx.2009-cu ildə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “Nağıyev”, arvada “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan JN-2834A seriyalı 50412005 kodlu Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh, 0.12 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)- 3041/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Şəmkir Rayon Qeydiyyat Şöbəsində xx.xx.2009-cu il tarixdə qeydə alınmış nikah pozulmuşdur, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı təvəllüdlü X11 nikah pozulduqdan sonra anası-İddiaçı yanında saxlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MŞG/1-04610 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh və İddiaçı xx.xx.2022-ci il tarixdə saat 10:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etmişlər. Tələb nikahın pozulması, birgə nikah dövründə əldə edilmiş əmlaka 1/2 hissədə payın müəyyən edilməsi və evə köçürülməyə razılıq verilməsi ilə bağlı olmuşdur. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh faktiki evlənməklə xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X11 adlı uşaqları doğulmuşdur. Tərəflər ailə qurarkən İddiaçı cavabdehin valideynlərinə məxsus evə gəlin köçürülmüş və ona məxsus cehiz əşyaları da həmin evə yığılmışdır. 2012-ci ildə tərəflər Cavabdeh məxsus Şəmkir rayonu Aşağı Seyfəli kəndində yerləşən torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə köçüb, orada yaşamağa başlamışlar. İddiaçıya məxsus cehiz əşyaları da həmin fərdi yaşayış evinə yığılmışdır. Lakin, iddiaçı ilə cavabdeh arasında mübahisə yaranmış və iddiaçı uşaqları ilə birlikdə həmin evdən çıxmışdır. Tərəflər arasında olan nikah məhkəmə qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar iddiaçının himayəsinə verilməklə, onların saxlanılmaları üçün cavabdehdən aliment tutulmuşdur. Hazırda iddiaçı üç uşaqla valdieynlərinin yanında yaşamağın çətin olduğunu qeyd edərək, azyaşlı uşaqları ilə birlikdə evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan yaşayış evinə iddiaçı və onun uşaqlarının köçürülməsi tələbinə qiymət verilərkən ilk öncə onun və uşaqlarını həmin evdən istifadə hüququnun yaranıb-yaranmaması məsələsinə diqqət edilməlidir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Beləliklə, müəyyən edilir ki, mübahisəli mənzillə bağlı hüquq münasibətləri 2012-ci ildə, yəni tərəflər birlikdə cavabdehə məxsus torpaq sahəsində yerləşən evə köçdükləri vaxtdan yaranmışdır. Belə ki, İddiaçı Cavabdeh ilə ailə qurduqdan sonra bir neçə ilə cavabdehin valideynlərinə məxsus evdə yaşadıqdan sonra onlar birlikdə mübahisəli mənzilə köçmüşlər. Göründüyü kimi tərəflər arasında mübahisəli hüquq münasibəti 01 oktyabr 2009-cu il tarixdən sonra yaranmışdır, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarına əsasən bu halda mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbləri baxımından İddiaçı Cavabdeh keçmiş ailə üzvü hesab olunur. Belə ki, Şəmkir Rayon Məhkəməsinin qətnaməsi ilə tərəflər arasında nikah pozulmuşdur. Nikah pozulduqdan sonra iddiaçı maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə müəyyən müddətə istifadə hüququnun saxlanılması ilə bağlı məhkəməyə müracət edə bilərdi. Hazırda iddiaçı 2 ilə yaxın müddətdir ki, mübahisəli mənzildə yaşamır. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində, eyni zamanda məhkəmə iclası zamanı izahatında mübahisəli əmlakın birgə nikah dövründə tikilməsini qeyd etsə də, cavabdeh həmin halı təsdiq etməmiş, yalnız hamamın iddiaçı ilə birgə nikah dövründə tikildiyini qeyd etmiş, iddiaçı isə qeyd etdiyi halı təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvü olduğundan və özünü yaşayış sahəsi ilə təmin etməyə imkanın olmamasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, iddiaçı gəlin köçən zaman mübahisə predmeti olan yaşayış evi cavabdehin adına dövlət qeydiyyatına alınmadığından, cavabdehin həmin evdə istifadə hüququnun yaranmasına dair nə məhkəmə qətnaməsi nə də notarial qaydada təsdiq olunmuş saziş olmadığından iddiaçının həmin evdən istifadə hüququ yaranmamışdır. Bu səbəbdən onun həmin evə orada yaşayanların iradəsi ziddinə köçürülməsi əsassızdır. Avropa İnsan Hüquqları Məhkəməsi “X2rşı” xx.xx.1986-cı il tarixli Qərarında qeyd etmişdir ki, “İnsan Hüquqları və X9” Konvensiyanın 8-ci maddəsinin mənası baxımından 19 il həmin evdə yaşamayan şəxslər həmin evi öz mənzilləri adlandıra bilərlər. Bu nəticə belə bir fakta əsaslanır ki, uzun müddət həmin evdə yaşamamağına baxmayaraq, ərizəçinin həmişə ora qayıtmaq fikri vardır və həmin əlaqələr onun öz mənzili hesab etmək üçün yetərli idi. Bundan başqa, tərəflərin birgə nikahdan doğmuş uşaqları xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X11 Cavabdeh doğma uşaqları olmaqla uşaqlardan xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X11 mübahisəli evdə doğulduqlarından, xx.xx.2010-cu il təvəllüdlü X4 adlı uşaq isə 2012-ci ildən valideynləri ilə birlikdə köçüb 2022-ci ilin yay aylarına kimi həmin evdə yaşadıqlarından, onlarla cavabdeh arasında mülki hüquq münasibəti Səriyyə Nağıyeyava münasibətdə valideynləri ilə birlikdə ora köçüb yaşadığı vaxtdan, yəni 2012-ci ildən, Səma Nağıyevaya və Kərim Nağıyevə münasibətdə isə doğulduqları andan, yəni Səma Nağıyevaya münasibətdə xx.xx.2012-ci il və Kərim Nağıyevə münasibətdə xx.xx.2016-cı ildən yaranmışdır. Ona görə də həmin mübahisəli hüquq münasibətinə də yuxarıda qeyd edilən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Məhkəmə qeyd edilən qanunvericilik normalarına əsasən hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş Səriyyə Nağıyeva, Səma Nağıyeva və Kərim Nağıyev Cavabdeh ailə üzvüdür (uşaqlarıdır), mübahisəli fərdi yaşayış evi isə cavabdehin adına verilmiş və onun istifadəsində olan torpaq sahəsindən ayrıla bilməyən tərkib hissəsi olmaqla torpaq sahəsi ilə vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. (Mülki Məcəllə 135.4-cü maddəsi) Məhkəmə işin müəyən olunmuş hallarına qiymət verərək hesab edir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən Səriyyə Nağıyeyavanın valideynləri ilə birlikdə mübahisəli evə köçüb yaşadığı vaxtdan, yəni 2012-ci ildən, Səma Nağıyeva və Kərim Nağıyevin isə doğulduqları andan, yəni Səma Nağıyevaya münasibətdə xx.xx.2012-ci il və Kərim Nağıyevə münasibətdə xx.xx.2016-cı ildən mübahisəli evin yaşayış sahəsindən istifadə hüququ əmələ gəlmişdir. Onlar qeyd edilən tarixdən evdən məcburiyyət qarşısında çıxdıqları vaxta qədər, yəni 2022-ci ilin yay aylarına qədər fasiləsiz olaraq həmin evdə yaşamış, həmçinin cavabdehlə birgə təsərrüfatı aparmış, həmin əsasla onların mübahisəli evin yaşayış sahəsindən cavabdehlə bərabər şərtlər daxilində istifadə etmək hüquqları əmələ gəlmişdir. Məhkəmə, tərəflərin birgə nikahından doğulmuş Səriyyə Nağıyevanın cavabdehlə birlikdə mübahisəli evə köçüb yaşamasını, Səma Nağıyevanın və Kərim Nağıyevin isə həmin ünvanda doğulub böyümələrini, cavabdehin ailə üzvü olmalarını və uzun müddət fasiləsiz olaraq mübahisəli evdə yaşamalarını sübut edən hal kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə, həmçinin hesab edir ki, birgə nikahdan doğulmuş uşaqların valideynləri arasında yaranmış mübahisə nəticəsində müəyyən müddətə məcburiyyət qarşısında evdən çıxması, onların daimi yaşamaq üçün köçüb yaşadığı fərdi yaşayış evinə olan hüququnun itirilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinin tələbinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Beləliklə, məhkəmə işin müəyən olunmuş hallarına qiymət verərək belə qənaətə gəlir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən, iddia tələbi İddiaçı münasibətdə rədd edilməsi, iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 münasibətdə isə iddia tələbinin təmin edilməsi üçün işin tədqiq edilmiş halları üzrə kifayət qədər əsaslar mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X1 rayonunun Aşağı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X1 rayonu Aşağı Seyfəli kəndində yerləşən Cavabdeh yaşadığı fərdi yaşayış evinə köçürülsünlər. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1877/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1877/2024
16.07.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver