Məhkəmə qərarları › İş №2(076)-1896/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1896/2023

02.08.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1896/2023 02.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı, onun nümayəndəsi Nümayəndə Cavabdeh: Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbin direktoru X2 və məktəbin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, 02 noyabr 2017–ci il tarixli əmrin ləğv edilməsi və 50 manat mediasiya xərcinin cavabdehdən alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2005–ci ildən 02..11.2017–ci il tarixədək Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbində xadimə işləmişdir. İşlədiyi müddətdə heç bir qayda pozuntusuna yol verməmişdir. Lakin cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan 02 noyabr 2017–ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70–ci maddəsinin "ç" bəndinə əsasən onun əmək müqaviləsinə xitam vermişdir. Halbuki o, işlədiyi müddətdə işə vaxtında gəlmiş, verilən tapşırıqları layiqincə yerinə yetirmiş, heç bir intizam məsuliyyətinə cəlb olunmamışdır. Buna baxmayaraq, cavabdeh tərəf heç bir əsas olmadan onu işdən azad etmişdir. İşdən azad olunmasını isə bir müddət əvvəl bilmişdir. Belə ki, barəsində 02 noyabr 2017–ci il tarixli əmr verilərkən onun izahatı alınmamış, həmin məsələ həmkarlar təşkilatında müzakirə edilməmiş və bu barədə ona məlumat verilməmişdir. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbin 02 noyabr 2017–ci il tarixli əmrinin ləğv edilməsi və 50 manat mediasiya xərcinin cavabdehdən alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, xx.xx.2005–ci ildən xx.xx.2017–ci il tarixədək Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbində xadimə işləmişdir. İşlədiyi müddətdə heç bir qayda pozuntusuna yol verməmişdir. İşlədiyi müddət işə vaxtında gəlmiş, verilən tapşırıqları layiqincə və vicdanla yerinə yetirmiş, hətta əmək müqaviləsində göstərilən işlərdən əlavə işlər də görməklə, öz fəallığı ilə daim seçilmişdir. Nümunəvi işləməsinə baxmayaraq, cavabdeh idarə heç bir əsaslı səbəb olmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70–ci maddəsinin "ç" bəndinə əsasən onun əmək müqaviləsinə xitam vermişdir. Hesab edir ki, onun işdən azad olunması qanuna uyğun olmamışdır, çünki o, əmək hüquqlarını heç vaxt pozmamış, əksinə işinə məsuliyyətlə yanaşmışdır. Əlavə olaraq qeyd edir ki, cavabdeh tərəf onun uzun müddət qüsursuz işləməsini, nöqsansız fəaliyyətini, kollketivdə nüfuzunu nəzərə almamış və onun işdən azad olunamasına dair qanunsuz əmr vermişdir. Eləcə də, barəsində 02 noyabr 2017–ci il tarixli əmr verilərkən onun izahatı alınmamış, həmin məsələ həmkarlar təşkilatında müzakirə edilməmiş və bu barədə ona məlumat verilməmişdir. Bundan başqa qeyd edir ki, işə getmədiyi müddət məktəb yay tətilində olmuş, ona görə də məktəbdə iş olmaması səbəbindən işə getməmişdir. Hazırda həmin məktəbdə yenidən işləmək və əmək fəaliyyətini orada davam etdirmək fikri yoxdur. Lakin. əmək kitabçasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70–ci maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi qeyd olunması səbəbindən hazırda heç bir idarədə işə qəbul ola bilmir. Bu hal isə onu və ailəsini əlverişsiz vəziyyətə salır. Hesab edir ki, Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbin 02 noyabr 2017–ci il tarixli əmri ləğv edilməlidir. Odur ki, Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbin 02 noyabr 2017–ci il tarixli əmrinin ləğv edilməsi və 50 manat mediasiya xərcinin cavabdehdən alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə edərək, əsasən İddiaçı ilə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbin direktoru X4 məhkəmə iclası zamanı iddianı qəbul etmədi və izahatında təmsil etdiyi hüquqi şəxsin adından göstərdi ki, 02 noyabr 2017–ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70–ci maddəsinin "ç" bəndinə əsasən iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Lakin həmin vaxt o, qeyd olunan məktəbin direktoru vəzifəsində işləməmiş, əmr onun fəaliyyətindən əvvəl verilmişdir. Bununla belə qeyd edir ki, məktəbə direktor təyin edildikdən sonra işçilərin şəxsi işlərini yenidən bərpa etmiş, əmr kitabına əsasən əmək kitabçaları işlənmişdir. Həmçinin, iddiaçının öz ərizəsinə əsasən onun şəxsi işi və əmək kitabçası özünə verilmişdir. İddiaçının mübahisələndirdiyi əmrlə bağlı qeyd edir ki, işçilərin şəxsi işləri araşdırılan zaman məlum olmuşdur ki, İddiaçı işinə məsuliyyətsiz yanaşmış və işə davamiyyət qaydalarını pozaraq özbaşına işdən qalmışdır. Həmin vaxt həmkarlar təşkilatının iclası keçirilmiş və müəyyən edilmişdir ki, İddiaçı heç bir üzrlü səbəb olmdan işə gəlməmiş, bununla da əmək intizamını pozmuşdur. Bundan sonra iddiaçının işdən azad olunması barədə qərar qəbul edilmişdir. Hazırda iddianı qəbul etmir. Belə ki, iddiaçı işinə laqeyd yanaşmış və bilərəkdən məsuliyyətsizliyə, etinasızlığa, bununla da əmək intizamının pozulmasına yol vermişdir. İddiaçı işində yol verdiyi nöqsanlara, əmək müqaviləsi üzrə əmək intizamı istiqamətində vəzifə öhdəliklərini yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndinə əsasən işəgötürən tərəfindən ləğv edilməsi üçün kifayət qədər əsaslar mövcud olmuşdur. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbin nümayəndəsi X3 məhkəmə iclası zamanı iddianı qəbul etmədi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2005–ci il tarixli 248/8 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbdə fəhlə işinə qəbul edilmişdir. İşdə olan və Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, İddiaçı işlədiyi müddətdə işlərin öhdəsində layiqincə gəlmiş, lakin 2017–ci ilin avqust ayında məktəbin təsərrüfat işləri üzrə direktor müavini X5 ilə arasında baş vermiş müabhisə nəticəsində mütəmadi olaraq işə gəlməmiş, bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İşdə olan Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbin həmkarlar təşkilatının xx.xx.2017–ci il tarixli iclas protokolundan görünür ki, İddiaçı 2017–ci ilin iyul ayının 22–dən işdə olmasına baxmayaraq, həmin tarixdən bir gün də olsun işə gəlməmiş və əmək intizamını pozmuşdur. Bu səbəbdən İddiaçı işdən azad edilməsi qərara alınmışdır. İşdə olan və Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbinə aid davamiyyət jurnalından görünür ki, İddiaçı 21 iyul 2017–ci il tarixdən 05 sentyabr 2017–ci il tarixədək işə gəlməmişdir. İşdə olan xx.xx.2017–ci il tarixli, xx.xx.2017–ci il tarixli, xx.xx.2017–ci il tarixli və xx.xx.2017–ci il tarixli məlumatlardan görünür ki, Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbin xadiməsi İddiaçı vaxtlı–vaxtında işə gəlməmişdir. İşdə olan Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbində tərtib edilmiş xx.xx.2017–ci il tarixli, xx.xx.2017–ci il tarixli və xx.xx.2017–ci il tarixli aktlardan görünür ki, məktəbin xadiməsi İddiaçı işə gəlməmişdir. İşdə olan xx.xx.2017–ci il tarixli əmrdən çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan İddiaçı məxsus ******* saylı əmək kitabçasından görünür ki, o, xx.xx.2005–ci il tarixli 248/8 saylı əmrlə Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbdə fəhlə işinə qəbul edilmiş, xx.xx.2017–ci il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbinə aid əmr kitabından görünür ki, xx.xx.2017–ci il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, məhkəmə tərəflərin izahtlarının və iş materiallarına əlavə edilmiş sənədlərin məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı xx.xx.2005–ci il tarixli 248/8 saylı əmrlə Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbdə fəhlə işinə qəbul edilmişdir. İddiaçı işlədiyi müddət ərzində bir sıra nöqsanlara yol vermiş, işə davamiyyət qaydalarını kobud şəkildə pozmuşdur. Belə ki, İddiaçı 2017–ci ilin iyul ayının 22–dən etibarən heç bir üzrlü səbəb olmadan işə gəlməmiş, bu səbəbdən xx.xx.2017–ci il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə əmək müqaviləsinə xitam verilməsi əsaslarının, əmək müqaviləsinin xitam verilməsi haqqında əmrin məzmununun əmək qanunvericiliyinin tələblərinə uyğun olub–olmaması araşdırılmalıdr. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68–ci maddəsinin 1–ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 69–cu maddəsində işçi tərəfindən, 70–ci maddəsində isə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları sadalanmışdır. Məhkəmə, hazırkı fərdi əmək mübahisəsinin predmetinin işəgötürən tərəfindən əmək müqaviləsinin Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi ilə bağlı münasibətlər olduğunu nəzərə alaraq, belə qənaətə gəlir ki, mübahisənin düzgün həll edilməsi üçün Əmək Məcəlləsinin 72–ci maddəsində sadalanan əsasların olub–olmaması müəyyən edilməlidir. Belə ki, həmin Məcəllənin 70–ci maddəsinin “ç” bəndinin tələblərinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72–ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71–ci maddəsinin 2–ci hissəsinə əsasən bu Məcəllənin 70–ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kolektvinin (onun ayrı–ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşin müəyyən olunmuş hallarında da görünür ki, iddiaçı 2017–ci ilin iyul ayının 22–dən etibarən heç bir üzrlü səbəb olmadan işə gəlməmiş, bu səbəbdən xx.xx.2017–ci il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70– ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186–cı maddəsinin 1–ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui–istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 2–ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10–cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4–i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70–ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmaqla xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80–ci maddəsinin 1–ci hissəsinə əsasən bu Məcəllənin 70–ci maddəsinin b və ç bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80–ci maddəsinin 3–cü hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslara uyğun olaraq və müəyyən edilmiş qaydaların tələblərinə əməl edərək iddiaçının əmək müqaviləsinə xitam vermişdir. Göstərilənlərə əsasən məhkəmə, həmçinin hesab edir ki, iddia tələbi əsassızdır və işəgötürən tərəfindən iddiaçı ilə əmək münasibətlərinin ləğv edilməsi Əmək Məcəlləsinin 70–ci maddəsinin «ç» bəndinə uyğundur, iddiaçı işdən çıxarılarkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin müvafiq maddələrinin tələblərinə əməl edilmişdir. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinə dair cavabdeh tərəfin xx.xx.2017–ci il tarixli əmri qanuni və əsaslıdır. Məhkəmə, həmçinin nəzərə alır ki, iddiaçının əmək müqaviləsinə 70–ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsinə dair cavabdeh tərəfindən verilmiş xx.xx.2017–ci il tarixli əmr iddiaçının əmək intizamını dəfələrlə pozması nəticəsində verildiyindən əsaslıdır. Məhkəmə öz qəaətini onunla əsaslandırır ki, cavabdeh tərəf iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmr verərkən, qanunun tələblərinə əməl etmiş və əmək müqaviləsinin ləğv edilməsi qaydalarını tənzimləyən Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndinə göstərilən əsaslar iddiaçıya münasibətdə tam şəkildə mövcud olmuşdur. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2017–ci il tarixli əmrin ləğv edilməsinə əsas ola biləcək sübutları məhkəməyə təqdim etməmiş, eləcə də, həmin əmrin verilməsindən sonra uzun müddət susmuş və heç bir təsdiqedici sübuta əsaslanmadan formal şəkildə iddia qaldırmışdır. Qeyd olunanlara və əlavə edilmiş sənədləşmələrə əsasən belə müəyyən edilir ki, iddiaçı təsadüfi deyil, barəsində tərtib edilmiş əsaslı sənədləşmələr səbəbindən, eləcə də Əmək qanunvericiliyi ilə müəyyən edilmiş vəzifə və öhdəlikləri yerinə yetirməməsi səbəbindən haqlı olaraq işdən azad edilmişdir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının əmək funksiyalarını yerinə yetirmədiyi, habelə əmək vəzifələrini kobud şəkildə pozduğu məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən, Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəb tərəfindən verilmiş xx.xx.2017–ci il tarixli əmri əsasında iddiaçının işdən azad edilməsi, yəni əmək müqaviləsinə Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsaslar üzrə xitam verilməsi barədə əmri qanuni və əsaslıdır. Ona görə də İddiaçı cavabdeh Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı cavabdeh Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vəsitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar