Məhkəmə qərarları › İş №2(076)-217/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-217/2023

09.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-217/2023 09.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Bayramov Vüsal Rafik oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış nikahın pozulması və xx.xx.2008-ci il təvəllüdlü Ağa, xx.xx.2010-cu il təvəllüdlü Elxan və xx.xx.2017-ci il təvəllüdlü Sərxan adlı uşaqlarının onun himayəsinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o cavabdehlə 2007-ci ildə rəsmi evlənib ailə qurmuşdur. Birgə yaşadığı dövrdə üç övladı doğulub xx.xx.2008-ci il təvəllüdlü Ağa, xx.xx.2010-cu il təvəllüdlü Elxan və xx.xx.2017-ci il təvəllüdlü Sərxan adlı uşaqlar. Cavabdehlə əvvəllər mehriban yaşasalar da, sonralar narazılıqlar yaranmışdır, faktiki olaraq ayrılmışlar və ər-arvad münasibətlərini kəsmişlər. Cavabdehlə yenidən ailəni bərpa edib birgə yaşaması mümkün deyil, aralarında olan nikah qeydi formal xarakter daşıyır. Uşaqları onun himayəsindədirlər və ona etirazı yoxdur. Aliment mübahisəsi yoxdur. Nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X8 iddia tələbinə uyğun izahat verərək bildirdi ki, o iddiaçının atası, cavabdeh isə onun gəlinirdir. Oğlu yük maşını srücüsü olduğu üçün xarici dövlətlərə gedir və bu səbəbdən məhkəmə iclasında iştirak edəbilmir. Gəlini evdən oğurluq edən olubdur, qazandıqlarını ona buna dağıdıb. Çörək zavodunda işləyib, ad günlərinə gedib, orada sərxoş olub yıxıla-yıxıla evə gəlib. Oğlunun cavabdehlə nikahından 3 uşağı vardır. Uşaqlar onun yanında olmuşdur, sonra cavabdeh gəlib balaca və ortancıl uşağı aparmış, böyük uşaq Ağa adlı uşaq isə onun yanındadır. Uşaqlara uzun müddət o özü baxmışdır. Tərəflər faktiki olaraq bir ildən artıqdır ayrılıblar və iddiaçı nikahın pozulmasında israrlıdır. Odur ki, iddia tələbinin təmin edilməsini, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış nikahın pozulmasını, birgə nikahdan doğulmuş üç uşağın atasının yanında saxlanılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ifadəsində bildirdi ki, qaynatası yaşlı insandır, əri isə tır şöferi olmaqla aylarla xarici ölkələrdə olur. Balaca oğlu və ortancıl oğlu onun yanındadır, böyük oğlu isə atasının yanında olması üçün getsə də çox vaxt ata babası ilə birlikdə olur və Ağa adlı uşaq nəzarətsiz qalır. Həmçinin iddiaçı özü uşaqları və ailəsi ilə maraqlanmır, xarici dövlətlərdə olur, iddiaçının nümayəndəsi olan qaynatası həqiqəti danışmır və ona böhtan atır. Beləki, iddiaçının nümayəndəsinin söyələdikləri yalan olmaqla heç sübutla təsdiqini tapmır, sadəcə ona aliment ödənilməməsi üçün uşaqları ondan tələb edirlər. O, nikahın pozulmasına razı olsa da, birgə nikahdan doğulmuş üç uşağın onun yanında saxlanılmasını və uşaqların saxlanılması üçün hər bir uşaq üçün hər ay 200 manat sabit pul məbləğində aliment təyin edilməsini istəyir. Məhkəmə iclasında dindirilmiş xx.xx.2008-ci il təvəllüdlü Ağa adlı uşaq izahatında bildirdi ki, sonuncu dəfə bir həftə əvvəllər atasını görmüşdür, təxminən iki həftədən bir atasını görür, lakin daimi olaraq babası Eldar ilə birlikdə yaşayır. O, anasını və qardaşlarını çox istəyir, anası daim onun qayğısına qalmış və ona yaxşı baxmışdır, ondan inciməmişdir. Lakin babası daim ona anasının yanında yox, onunla birlikdə qalmaq istəməsini hər kəsə deməsini bildirmişdir, bu səbəbdən o, anası ilə birlikdə qalmaq istəməməsini demişdir. O, hazırda anası və qardaşları ilə birlikdə qalmaq istəyir, lakin babası imkan vermir onlar bir yerdə qalsınlar. Məhkəmə iclasında dindirilmiş xx.xx.2010-cu il təvəllüdlü Elxan adlı uşaq izahatında bildirdi ki, o istəyirki valideynləri və qardaşlı ilə bir yerdə qalsınlar. Anası dərslərinə nəzarət edir, oxumasına və qidalanmasına fikir verir. O daim anasının yanında qalmaq istəyir. Atasını isə hərdən bir görür. İşdə olan arayışdan görünür ki, İddiaçı Şəmkir rayonu, Dəllər qəsəbəsi, M.Ə.Sabir küçəsi, ev-14 də yaşayır. İş materiallarına əlavə olunmuş Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli nikah haqqında çıxarışdan görünür ki, X11 ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə Şəmkir rayon Dəllər qəsəbə İcra nümayəndəliyində nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 40 nömrə ilə qeyd aparılmış, arvada Hüseynquliyeva soyadı verilmişdir. İşin materiallarına əlavə olunmuş AZ-İİ seriyalı, 121461 nömrəli doğum haqqında şəhadətnamənin surətindən və Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışlardan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü Ağa, xx.xx.2010-cu il təvəllüdlü Elxan və xx.xx.2017-ci il təvəllüdlü Sərxan adlı uşaqları doğulmuşdur. Valideynləri- anası Cavabdeh, atası İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməsi” barədə xx.xx.2022-ci il tarixli, 00850 saylı arayışdan görünür ki, vətəndaş İddiaçı və vətəndaş Cavabdeh ailə münasibətlərindən irəli gələn “nikahın pozulması tələbinə dair” mübahisə üzrə xx.xx.2022-ci il tarixində, saat 11:00-12:00 saatlarında mediator X12 tərəfindən keçirilən “İlkin mediasiya sessiyası”nda iştirak etmişlər. Lakin, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Tərəflər ilkin mediasiya sessiyasının keçirilməsi üçün “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 308 nömrəli Qərarı” ilə təsdiq edilmiş ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci İddiaçı tam ödəmişdir. İş materiallarında olan Şəmkir Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü Ağa adlı uşaq atası İddiaçı, xx.xx.2010-cu il təvəllüdlü Elxan və xx.xx.2017-ci il təvəllüdlü Sərxan adlı uşaqların anaları Cavabdeh himayəsində qalmasını məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarında olan Məhkəmə Espertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, 11/434 saylı ekspert rəyindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 bir-birilərinə, hal-hazırda atası İddiaçı və anası Cavabdeh bağlılıqları üzə çıxmaqla, anası Cavabdeh bağlılıqları daha çoxdur. İddiaçı və Cavabdeh hal-hazırda fərdi-psixoloji xüsusiyyətlərində xx.xx.2008ci il təvəllüdlü X4, xx.xx.2010-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 emosionaliradi sferalarına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. Valideynlərin əxlaqi və mənəvi keyfiyyətlərinə qiymət verilməsi, boşanmadan sonra uşağın hansı valideynin himayəsinə verilməsinin məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixi inkişafına və psixoloji vəziyyətlərinə necə təsir göstərəcəyinin proqnozlaşdırılması məhkəmə-psixoloji ekspertizasının səlahiyyətlərinə aid deyildir. xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2010-ci il təvəllüdlü X6 psixi inkişaflarına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik olmaqla, onların psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamağı seçməklə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. xx.xx.2017-ci il təvəllüdlü X5 psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə maraqlarına toxunan məsələlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik deyildir. Məhkəmə iclasında müəyyən edildi ki, iş üzrə tərəflər rəsmi evlənməklə nikahlarını xx.xx.2007-ci il tarixdə Şəmkir rayon Dəllər qəsəbə İcra nümayəndəliyində rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü Ağa, xx.xx.2010-cu il təvəllüdlü Elxan və xx.xx.2017-ci il təvəllüdlü Sərxan adlı uşaqları doğulmuşdur. Aralarında baş vermiş narazılıqlara görə iş üzrə tərəflər ayrılmışlar və bir gə nikahdan doğulmuş uşaqlardan xx.xx.2008-ci il təvəllüdlü Ağa adlı uşaq atası ilə, xx.xx.2010-cu il təvəllüdlü Elxan və xx.xx.2017-ci il təvəllüdlü Sərxan adlı uşaqlar isə anası ilə birlikdə qalmışdır. İddiaçı nikahlarını məhkəmə qaydasında pozulmasını və birgə nikahdan doğulmuş üç uşağın onun yanında saxlanılmasını xahiş etmişdir, tərəflər arasında barışıq əldə olunmamış, ər-arvad nikahın pozulmasında israrlıdır, tərəflərin ailələrinin bərpası qeyrimümkündür. Cavabdeh nikahın pozulacağı təqdirdə isə birgə nikahdan doğulmuş uşaqların onun yanında saxlanılmasını, İddiaçı xx.xx.2008-ci il təvəllüdlü Ağa, xx.xx.2010cu il təvəllüdlü Elxan və xx.xx.2017-ci il təvəllüdlü Sərxan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 200 manat olmaqla sabit pul məbləğində alimentin iddiaçıdan alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəfləri və birgə nikahdan doğulmuş uşaqları dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq üçün könüllü ittifaqıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.3-cü maddəsinə görə nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında könüllük prinsipi pozulduğundan, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvad nikahlarının pozulmasında israrlıdır və bu səbəbdən əlavə vaxt verilmədən iş üzrə tərəflər arasında Şəmkir rayon Dəllər qəsəbə İcra nümayəndəliyində bağlanılmış xx.xx.2007-ci il tarixli, 40 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmalıdır. Bununla yanaşı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2.2-ci maddəsinə əsasən, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə iş üzrə Şəmkir Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi ilə razılaşmayaraq qeyd edir ki, komissiya rəyi və gəldiyi nəticəni əsaslandırmamış, məhkəmə iclasında xx.xx.2008-ci il təvəllüdlü Ağa adlı uşaq izahatında sonuncu dəfə bir həftə əvvəllər atasını görməsini, təxminən iki həftədən bir atasını gördüyünü, lakin daimi olaraq babası Eldar ilə birlikdə yaşadığını, anası və qardaşlarını çox istəmədiyini, anası daim onun qayğısına qaldığını və ona yaxşı baxdığını, ondan incimədiyini, babası daim ona anasının yanında yox, onunla birlikdə qalmaq istəməsini hər kəsə deməsini bildirməsini və bu səbəbdən o, anası ilə birlikdə qalmaq istəməməsini deməsini, hazırda anası və qardaşları ilə birlikdə qalmaq istəməsini, lakin babası onların bir yerdə qalmasına imkan verməməsini izahatında bildirməsini, iddiaçı atanın işi ilə əlaqədar evi və uşaqları ilə vaxtaşırı maraqlana bilməməsini, uşaqların ana qayğısına daha çox ehtiyacı və ona bağlı olmalarını, uşaqların məhkəmə iclasında verdikləri izahatı, ekspert rəyini və diqqətəlayiq olan halları nəzərə alaraq hesab edir ki, nikah məhkəmə qaydasında pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü Ağa, xx.xx.2010-cu il təvəllüdlü Elxan və xx.xx.2017-ci il təvəllüdlü Sərxan adlı uşaqlar yetkinlik yaşına çatanadək anaları Cavabdeh yanında saxlanılmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, tərəflər faktiki ayrı yaşadığından və xx.xx.2010-cu il təvəllüdlü Elxan və xx.xx.2017-ci il təvəllüdlü Sərxan adlı uşaqlar anasının yanında olduğundan onlara münasibətdə alimentin tutulması ərizənin verildiyi xx.xx.2022-ci il tarixdən etibarən hesablanmalı, xx.xx.2008-ci il təvəllüdlü Ağa adlı uşağa münasibətdə alimentin tutulması uşağın anası Cavabdeh yanında yaşamağa başladığı tarixdən hesablanmalı, qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. Həmçinin məhkəmə uşaqların saxlanması üçün aliment məbləğinin həcmini araşdıraraq, uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, uşağa baxmağın hər iki valideynin borcu olmasını, uşaqların təminatının mümkün qədər maksimal saxlanmasını, tərəflərin gəlirləri barədə sübutun məhkəməyə təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində alimentin müəyyənləşdirilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci və iddia ərizəsinin verilməsi ilə bağlı 50 (əlli) manat dövlət rüsumunu iddiaçı ödəmişdir. Həmin məbləğ iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Uşaqlara münasibətdə iddia tələbi təmin edilmədiyindən, İddiaçı 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X7 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə Şəmkir rayon Dəllər qəsəbə İcra nümayəndəliyində bağlanaraq, 40 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü Ağa, xx.xx.2010-cu il təvəllüdlü Elxan və xx.xx.2017-ci il təvəllüdlü Sərxan adlı uşaqlar nikah pozulduqdan sonra anaları Cavabdeh yanında saxlanılsın və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün ataları İddiaçı hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment tutulub anaları Cavabdeh verilsin. xx.xx.2008-ci il təvəllüdlü Ağa adlı uşağa münasibətdə alimentin tutulması, uşağın anası Cavabdeh yanında faktiki yaşamağa başladığı tarixdən hesablansın. xx.xx.2010-cu il təvəllüdlü Elxan və xx.xx.2017-ci il təvəllüdlü Sərxan adlı uşaqların saxlanılması üçün alimentin tutulması xx.xx.2022-ci il tarixdən tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. İddiaçı 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X7 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar