Məhkəmə qərarları › İş №2(076)-2180/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2180/2023

04.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2180/2023 04.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmamış 03 fevral 2019-cu ildə Ukrayna Respublikası, Yalta şəhərində anadan olmuş X2 doğum faktının müəyyən edilməklə doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X6 ilə 07 aprel 2017-ci il tarixdə Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan Xidmət” mərkəzində nikahlarını rəsmiləşdirmişlər. İş ilə bağlı ailəsi ilə müvəqqəti olaraq Ukrayna Respublikası, Krım Respublikası Yalta şəhərinə getmişlər. 03 fevral 2019-cu ildə Ukrayna Respublikası, Yalta şəhərində Fərhad adlı uşaqları olmuşdur. Ədliyyə Nazirliyi Krım Respublikasının 99100014 saylı Yalta şəhər VVAQ Departamentinin VVAQ şöbəsində xx.xx.2019-cu ildə X2 Rusiya Federasiyası Krım Respublikası Yalta şəhərində doğulması, atası xx.xx.1983-cü il təvəllüdlü Ərizəçi və anası xx.xx.1994-cü il təvəllüdlü X6 göstərilməklə İ-AYA № 827957 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Məlum olduğu kimi Krım Muxtar Respublikası ərazisində Ukrayna suvereneti və Ukrayna qanunvericiliyi qüvvədədir. Rusiya Federasiyası hakimiyyət orqanları tərəfindən Krım Muxtar Respublikası ilə bağlı tərtib edilmiş sənədlər etibarsızdır. Hazırda F. Əliyevin doğum haqqında şəhadətnaməsinin etibarsız olması onun Azərbaycan Respublikasının vətəndaşına uyğun şəxsiyyəti təsdiq edən sənədin alınmasına, müvafiq təhsil almasına maneçilik törədir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çxıarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirmişdir ki, o, ərizəçinin arvadıdır. 07 aprel 2017-ci il tarixdə nikahlarını rəsmiləşdirmişdilər. 03 fevral 2019-cu ildə Ukrayna Respublikası, Yalta şəhərində Fərhad adlı uşaqları olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirmişdir ki, o, Ərizəçi qaynanasıdır. Nəsimi ilə onun qızı Gülçin xx.xx.2017-ci il tarixdə nikahlarını qeyd etdirməklə ailə qurmuş, birgə nikahdan xx.xx.2019-cu il tarixdə Ukrayna Respublikası Yalta şəhərində Fərhad adlı uşaqları doğulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: AZ-İİ seriyalı, 195434 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X3 arasında 1 saylı Bakı “Asan Xidmət” mərkəzində nikah bağlamışlar. Bu barədə nikah bağlanması haqqında akt qeydlərinin 805 nömrəsi ilə qeyd edilmişdir. İ-АЯ seriyalı, 827957 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 03 fevral 2019-cu ildə Rusiya Federasiyası Krım Respublikası Yalta şəhərində doğulmuşdur. Valideynləri atası - Ərizəçi, anası X5r. Maraqlı şəxs 07 iyun 2023-cü il tarixli 3-16-5/8-311 nömrəli məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 doğumu Ukrayna Respublikası, Krım Respublikası, Yalta şəhərində dövlət qeydiyyatına alındığından doğumun dövlət qeydiyyatına növbəti dəfə alınması mümkünsüzdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndində qeyd edilir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, xx.xx.2019-cu ildə X2 Rusiya Federasiyası Krım Respublikası Yalta şəhərində doğulmuşdur. Krım Muxtar Respublikası ərazisində Ukrayna suvereniteti və Ukrayna qanunvericilityi qüvvədə olduğundan Rusiya Federasiyası hakimiyyət orqanları tərəfindən Krım Muxtar Respublikası ilə bağlı tərtib edilmiş sənədlər etibarsız hesab edilmişdir. İş materiallarında olan sənədlər və şahidlərin izahatları 03 fevral 2019-cu ildə doğulmuş X2 atası Ərizəçi, anası X6 olduğunu təsdiq etdiyindən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X2 atası Ərizəçi, anası X6 olmaqla 03 fevral 2019-cu il tarixdə Ukrayna Respublikasının Yalta şəhərində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar