Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2194/2025 17.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X7 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: Qasımzadə (Əhmədova) Gülay Elşad qızının nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə İddiaçı Qasımzadə (Əhmədova) Gülay Elşad qızının Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Qasımzadə (Əhmədova) Gülay Elşad qızı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlə 25 fevral 2025–ci il tarixdə arasında bağlanmış nikahın etibarsız hesab edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qasımzadə (Əhmədova) Gülay Elşad qızının nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs 2023–cü il tarixdə ADA Universitetinin hüquq fakültəsinə qəbul olmuş, hazırda 2–ci kurs tələbəsidir. O, 2024–cü il tarixdə ABŞ–da təhsil almaq üçün vizaya müraciət etmiş və viza müraciəti qəbul olunmuşdur. Cavabdeh isə İqtisad Universitetinin maliyyə fakültəsinin magistratura pilləsində təhsil alır. Cavabdeh iddiaçının ABŞ–da təhsil almaq üçün viza alması barədə məlumat əldə edən kimi sonuncuya müraciət edərək viza almasında ona da köməklik etməsini xahiş etmişdir. İddiaçı cavabdehə necə köməklik edəcəyini bilməmiş, bu barədə maraqlandıqda bunun ancaq rəsmi nikah qeydi bağlamaqla mümkün olacağını demişlər. Bundan sonra tərəflər formal olaraq nikah bağlamaq barədə razılaşmış və 25 fevral 2025–ci il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Lakin bir müddət sonra tərəflərin valideynləri bu barədə məlumatlı olmuş və narazılıqlarını bildirmişlər. Tərəflər də səhv addım atdıqlarını anlamışlar. Bu səbəbdən təmsil etdiyi şəxs məhkəməyə müraciət etmişdir. Hazırda iddianı əsaslı hesab edir. Belə ki, tərəflər ailə münasibətləri qurmaq üçün deyil, cavabdehin ABŞ–a viza alması üçün formal olaraq nikah bağlamışlar. Həmin nikah qeydi etibarsız sayılmalıdır. Odur ki, 25 fevral 2025– ci il tarixdə tərəflər arasında bağlanmış nikahın etibarsız hesab edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh və üçüncü şəxs qismində cəlb edilmiş Şəmkir Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bununla belə cavabdeh xx.xx.2025–ci il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmiş və yazılı ərizə təqdim edərək, niyyətlərinin ailə qurmaq olmadığını, ABŞ–a viza almaq üçün formal olaraq nikah bağladıqlarını bildirmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, İddiaçı onun qızıdır və ADA Universitetinin 2–ci kurs tələbəsidir. Təxminən 2025–ci ilin mart ayında Gülay ona mesaj yazaraq viza aldığını və təhsil üçün ABŞ–a gedəcəyini bildirmişdir. Bundan sonra arvadı ilə birlikdə qızının yanına getmiş, onun sənədlərinə baxanda başqa bir şəxsin də olmasını görmüşdür. Bu barədə qızından soruşmuş, qızı isə Cavabdeh ABŞ– a getməsi üçün onunla formal nikah bağladığını, yəni bu yolla Sərxana viza almaqda köməklik etdiyini bildirmişdir. Belə ki, qızı Sərxana viza verilmədiyini, ancaq nikah akt qeydi bağlamaq yolu ilə onun ABŞ–a gedə biləcəyini, məhz bu məqsədlə nikah bağladıqlarını demişdir. Həmin halı narazılıqla qarşılamış və Sərxanın valideynləri ilə telefon əlaqəsi saxlamışdır. Sərxanın atası oğlunun ABŞ–a qoymayacağını, tərəflərin nikah bağladıqlarından məlumatı olmadığını bildirmişdir. Bundan sonra hər iki tərəfin valideynləri uşaqların səhv addım atdıqlarını qəbul etmiş və nikahın etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmaq barədə razılaşmışlar. Həmçinin, qeyd edir ki, qızı viza və bilet almış, avqust ayında Azərbaycandan gedərək başqa xarici ölkədə təhsil alacaqdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 əri Elşad Qasımovla eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Sərxan onun oğludur. Təxminən 2025–ci ilin mart ayında bilmişdir ki, oğlu ABŞ–da təhsil almaq üçün İddiaçı ilə formal nikah bağlamışdır. Özü və yoldaşı buna qəti narazılığını bildirmişdir. Bundan sonra məhkəməyə müraciət edilmişdir. Qeyd edir ki, tərəflərin əsl niyyəti ailə qurmaq olmamış, ABŞ–da təhsil almaq olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 əri Savalan Əhmədovla eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. İşdə olan nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 25 fevral 2025–ci il tarixdə 7 saylı Bakı “ASAN Xidmət” X1 rəsmi nikah bağlanmış və həmin nikah 447 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra qadına “Əhmədova” soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iddiaçının nümayəndəsinin izahatının, şahid ifadələrinin tədqiqi nəticəsi ilə müəyyən etdi ki, iddiaçı ilə cavabdeh arasında 25 fevral 2025–ci il tarixdə rəsmi nikah bağlanmışdır. Lakin həmin nikah ailə münasibətləri üçün deyil, viza əldə edərək ABŞ–da təhsil almaq məqsədilə formal olaraq bağlanmışdır. Məhkəmə işin araşdırılmış hallarına əsasən qeyd edir ki, tərəflər arasında bağlanmış nikahın etibarsız hesab olmasına əsaslar müəyyən edilmişdir. Məhkəmə ilk öncə şahid ifadələrinə qiymət verərək qeyd edir ki, həm iddiaçının, həm cavabdehin vəsatəti əsasında dindirilmiş şahidlər baş vermiş hadisəni məntiqi ardıcıllıqla və ziddiyyətsiz təsvir edə bilmiş, tərəflərin nikah bağlamaqda əsl niyyətlərinin ailə qurmaq deyil, cavabdehin də viza əldə edərək, ABŞ–da təhsil almasını təmin etməkdən ibarət olmasını konkret olaraq göstərmişlər. Ona görə də məhkəmə, həmin şahid ifadələrinin sübut növü kimi qəbul edilməsini əsaslı hesab edir və mübahisənin düzgün həlli zamanı nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10.1–ci maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Həmin Məcəllənin 11.1–ci maddəsinə əsasən nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13–cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçmələri və onların nikah yaşına çatmaları zəruridir. Həmin Məcəllənin 11.2–ci maddəsinə əsasən bu Məcəllənin 12–ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. Həmin Məcəllənin 12–ci maddəsinə əsasən aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba–nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); 12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər; 12.0.2–1. qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları; 12.0.2–2. bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu; 12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; 12.0.3–1. bu Məcəllənin 13–cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər; 12.0.3–2. ikisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər; 12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. Həmin Məcəllənin 13.7–ci maddəsinə əsasən nikaha daxil olan şəxslərdən biri özündə dəri–zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 25.1–ci maddəsinə əsasən bu məcəllənin 10–12–ci maddələrində və 13.7–ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2–ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.3–cü maddəsinə əsasən nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Həmin Məcəllənin 25.4–cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Həmin Məcəllənin 26.1–ci maddəsinə əsasən aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: 26.1.1. nikah yaşına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha daxil olmaq üçün bu Məcəllənin 10.2–ci maddəsində nəzərdə tutulmuş icazə olmadıqda nikah bağlanarsa — yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı; 26.1.2. nikah bu Məcəllənin 26.1.1–ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa — yalnız həmin 18 yaşlı ər (arvad); 26.1.3. nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad); 26.1.4. nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; 26.1.5. pozulmamış əvvəlki nikah üzrə ər (arvad); 26.1.6. bu Məcəllənin 26.1.4–cü — 26.1.5–ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12–ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı; 26.1.7. saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad); 26.1.8. bu Məcəllənin 13.7–ci maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad). 26.2. Nikah yaşına çatmayan, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərlə bağlanan nikahın etibarsız sayılması barədə işə baxılarkən müvafiq icra hakimiyyəti orqanı işdə iştirak etməyə cəlb olunmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, nikahın etibarsız sayılması üçün qanunvericilikdə müəyyən edilmiş əsasların hazırda mövcudluğu müəyyən edilir. Belə ki, qanunvericiliyə əsasən tərəflərdən hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Hazırki vəziyyətdə də tərəflərin hər ikisinin əsl niyyətləri ailə qurmaq olmamış, onlar cavabdehin asan yolla viza əldə etməsi və ABŞ–da təhsil alması niyyəti ilə formal nikah bağlamışlar. Həmçinin qeyd edilməlidir ki, iddiaçının 2–ci kurs tələbəsi, cavabdehin isə magistr tələbəsi olması bir daha ona dəlalət edir ki, hazırda tərəflər təhsil almaq mərhələsindədir və onların hazırki vəziyyətdə ailə qurmaq kimi niyyətlərinin olması ağlabatan deyildir. Eləcə də, iddiaçının atası məhkəmə iclası zamanı şahid qismində dindirilərkən qızının başqa ölkəyə viza almasını və avqust ayında Azərbaycandan getməsini qeyd etmişdir. Bu hal isə qəti şəkildə onu deməyə əsas verir ki, tərəflərin əsl niyyətləri ailə qurmaq deyil, yalnız təhsil almaq məqsədilə viza əldə etmək və ABŞ–a getməkdən ibarət olmuşdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, nikahın etibarsız hesab edilməsi üçün əsaslar, o cümlədən sübutlar müəyyən edildiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh ilə Qasımzadə (Əhmədova) Gülay Elşad qızı arasında 25 fevral 2025–ci il tarixdə 7 saylı Bakı “ASAN Xidmət” X1 bağlanmış və 447 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi etibarsız sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməzsə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X9
Məhkəmə qərarları › İş №2(076)-2194/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2194/2025
17.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver