Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2232/2024 30.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında olan xx.xx.1999-cu il tarixli 60 saylı nikahın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə xx.xx.1999-cu il tarixdə 60 saylı aktla nikahlarını rəsmiləşdirmişlər. Onunla rəsmi nikah qeyd etsələr də ailə şəklində yaşamamışlar. Yəni nikahı yalnız formal xarakter daşıyıb. Belə ki, o başqası ilə ailə qurmuş və bu gün də ailəsi ilə yaşayır. Bir gün də olsa bir yerdə yaşamamışlar, ailə olmamışlar. Göstərdikləri əsas verir ki, Cavabdeh ilə aralarında olan nikah etibarsız hesab edilsin. Qeyd edilənlərə əsasən Cavabdeh ilə aralarında olan xx.xx.1999-cu il tarixli 60 saylı nikahın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib bildirmişdir ki, iddiaçı onun oğludur. Belə ki, o cavabdehdən rəsmi nikah qeydi olsa da, onları toy mərasimi olmamışdır. Akifənin qardaşı toy qabağı onlara bildirmişdir ki, Akifə ali təhsili qızdır, çobanla evlənə bilməz. Nikah əvvəlcə olduğundan toy olmamış təxirə salındı. Lakin oğlunun yadından çıxmışdır ki, o rəsmi nikaha olmuşdur. Başqa ailə qurmuşdur, el adəti ilə toy etmişlər. Ona görə iddianı təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli 1068 nömrəli X3 tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı və Cavabdeh xx.xx.1999-cu il tarixdə nikah bağlamışlar. Nikah bağlandan sonra ərə “Kərimov”, arvada “Talıbova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MŞT/MT024/2024-0333 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə saat 10:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarında olan AZ-İ 399520 nömrəli nikah pozulması haqqında arayışdan görünür ki, İddiaçı və X1 ilə Tovuz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixdə pozulmuşdur. Məhkəmə, iddia tələbinə münasibətdə ilk növbədə hüquqi mübahisənin həlli üçün tətbiq ediləcək maddi hüquq normasının müəyyən olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.2 və 1.3-cü maddələrinə görə ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Ailə Məcəlləsinin 2.2-ci maddəsində qeyd olunur ki, ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əssən Həmin Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. İ. Kərimov iddiasını A. Talıbovanın onunla həqiqi ailə qurmaq məqsədi olmadan nikaha daxil olması ilə əsaslandırmışdır. Hesab edir ki, tərəflərin arasında ailə münasibətləri yaranmadığından, yəni nikah bağlansa da bir gün belə bir yerdə yaşamadıqlarından nikah saxta bağlamışdır. Göründüyü kimi tərəflər arasında bağlanmış nikah ailə qanunvericiliyin tələbinə uyğun olaraq bağlanmışdır. İ. S. Kərimov nikaha daxil olarkən ailə qurmaq niyyəti olmuş və cavabdehlə nikah bağlanmışlar, lakin sonradan cavabdehi qardaşının təsiri ilə toy baş tutmamış və cavabdehlə bir gün belə ailə kimi bir yerdə yaşamamışlar. Məhkəmə qeyd edir ki, ailə kimi bir yerdə yaşamamaqları özlüyündə tərəfin nikaha daxil olarkən ailə qurmaq niyyəti daşımamasını müəyyən etmək üçün kifayət deyildir. Bu baxımdan və yuxarıda qeyd olunan normaların tələbləri baxımından da nikahın məhkəmə tərəfindən etibarsız hesab edilməsinə əsas verəcək heç bir hal müəyyən olunmamışdır. Buna görə də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2232/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2232/2024
30.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver