Məhkəmə qərarları › İş №2(076)-2294/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2294/2025

02.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2294/2025 02.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-255A (KOD ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında mərhum X1nun, mərhum anası X2 və onun mülkiyyətində olan və Şəmkir rayonu Təzəkənd kəndində yerləşən torpaq sahəsindən Cavabdeh çıxarılaraq, torpaq sahəsinin ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə Şəmkir rayonu Təzəkənd kəndində yaşayır. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 1998-ci il tarixli, 47 saylı qərarı ilə JN-255A (KOD ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında mərhum X1nun, mərhum anası X2 və onun ümumi birgə mülkiyyətində 0.20 ha həyətyanı torpaq sahəsi verilmişdir. X1 xx.xx.2015-ci ildə, anası X7 xx.xx.2007-ci ildə vəfat etmişlər. O mərhum X1nun vərəsəsidir. Hazırda onun və mərhum valideynlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0.20 ha həyətyanı torpaq sahəsini Cavabdeh zəbt edərək, istifadə edir. Ona görə də torpaq sahəsini vərəsəlik qaydasında sənədləşdirib, torpaq sahəmə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ala bilmir. Cavabdeh hazırda onlara məxsus torpaq sahəsindən istifadə edir. Halbuki, həmin torpaq sahəsinə dair cavabdehin heç bir hüquqmüəyyənedici sənədi yoxdur. O cavabdehin qanunsuz hərəkətlərinə son qoymaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, iddinı qəbul etmir. Belə ki, torpaq sahəsi onun nənəsinin olmuş, nənəsi satmışdır iddiaçıya. Ona məxsus 0.55 ha torpaq sahəsi vardır, iddiaçının iddia etdiyi torpaq sahəsi onun mülkiyyətindədir. O iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. İddianı əsassız sayır və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ekspertiza rəyini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Bələ ki, iş materiallarında olan AZ-İ 751704 nömrəli xx.xx.2015-ci il tarixli ölüm haqqında şəhadətnamənin təstiq olunmuş sürətindən görünür ki, X9 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ 239603 nömrəli xx.xx.2007-ci il tarixli ölüm haqqında şəhadətnamənin təstiq olunmuş sürətindən görünür ki, X7 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan JN-255A Kod 50414005 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, X8, X4 və İddiaçı Şəmkir rayon, Yenikənd kəndinin ərizəsindən yerləşən 0.20 ha həyət yanı torpaq sahəsi verilmişdir. İş materiallında olan 1172 nömrəli xx.xx.2023-cü il tarixli Şəmkir rayon notariat ofisi tərəfindən verilmiş məktubundan görünür ki, Şəmkir rayon 1 saylı notariat ofisində, Şəmkir rayonu Təzəkənd kəndində yaşayan, İddiaçı ərizəsinə əsasən mərhum xx.xx.2015-ci ildə vəfat etmiş X5 qalmış miras əmlaka dair ərizəçinin miras qoyanla qohumluq əlaqəsini, habelə mirasın açıldğı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2023-cü il tarixdə 559 saylı vərəsəlik işi açılmış, məhrumun vərəsəsi ilkin olaraq, İddiaçı müəyyənləşmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-2094/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/9856 nömrəli ekspertiza rəyindən görünür ki, Təzəkənd kəndində məxsus kompleks yerquruluşu xəritəsi və tərəflərin faktiki İstifadə vəziyyəti arasında uyğunsuzluqlar vardır. Elektron məlumat bazasının yeni elektron uçot xəritəsinə əsasən JN-255A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunan 0.20 ha sahəsinin 8.09 kv.m-dək (0.00809 ha-dǝk) hissəsi Cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən 157-ci maddəsi əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq, belə qənaətə gəlir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları vardır. Buna baxmayaraq, iddiaçıya məxsus mübahisəli torpaq sahəsi faktiki olaraq cavabdehin istifadəsindədir. Cavabdehin həmin torpaq sahəsinin göstərilən hissəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Bu səbəbdən də, cavabdehin sahibliyi qanunsuzdur. Bununla da mülkiyyətçi olan iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə maneə yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətçi hüquqları, mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, İddiaçı və ailə üzvlərinə məxsus olan Şəmkir rayonu, Təzəkənd (Yeni yol) kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsinin 0.00809 ha hissəsi Cavabdeh zəbtindən azad edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 1998-ci il tarixli, 47 saylı qərarı ilə JN-255A (KOD ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Şəmkir rayonu, Təzəkənd (Yeni yol) kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsinin 0.00809 ha hissəsindən Cavabdeh çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar