Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2330/2023 19.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçınnu Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı cehiz əşyaları ilə birlikdə evdən çıxarılma tələbinə dair ddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən cehiz əşyaları ilə birlikdə çıxarılma tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 2011-ci il tarixdə onun qardaşı Şəmsi Rüstəmovla evlənmiş və ona məxsus evə gəlin köçmüşdür. 2012ci il tarixdə onlar məhkəməyə qaydasında ayrılmış və cavabdeh öz valideynlərinin yanına getmişdir. Lakin 2021-ci il tarixdə öz razılığı ilə cavabdehə evində sığınacaq vermiş və cavabdeh azyaşlı uşağı ilə birlikdə yenidən ona məxsus evə qayıtmışdır. Lakin hazırda cavabdeh qoca anası ilə yola getmir, onu tez-tez döyür. Dəfələrlə cavabdehin barəsində polisə şikayət etmiş, hazırda da polisdə araşdırma davam edir. Ona görə də cavabdehin özünə məxsus əşyaları ilə birlikdə evindən çıxmasını istəyir. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh 2011-ci il tarixdə onun qardaşı Şəmsi Rüstəmovla evlənmiş və ona məxsus evə gəlin köçmüşdür. 2012-ci il tarixdə onlar məhkəməyə qaydasında ayrılmış və cavabdeh öz valideynlərinin yanına getmişdir. Lakin 2021-ci il tarixdə öz razılığı ilə cavabdehə evində sığınacaq vermiş və cavabdeh azyaşlı uşağı ilə birlikdə yenidən ona məxsus evə qayıtmışdır. Lakin hazırda cavabdeh qoca anası ilə yola getmir, onu tez-tez döyür. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh cehiz əşyaları ilə birlikdə ona məxsus evdən çıxmamışdır. Hazırda o, özünə məxsus fərdi yaşayış evinin tərkib hissəsindən sərbəst şəkildə istifadə edə bilmir, cavabdeh isə könüllü olaraq evdən çıxmaq istəmir. Halbuki, cavabdehlə qardaşının ailə münasibətləri çoxdan pozulmuş, buna baxmayaraq, cavabdeh onun evində yaşayır. Həmçinin, qeyd edir ki, cavabdehlə aralarında aqressiv münasibətləri var, demək olar ki, hər gün aralarında mübahisə, dava–dalaş yaşanır. Cavabdehin onlarla birlikdə yaşaması faciəvi nəticələrə səbəb ola bilər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehin hərəkətləri əsaslı deyil, onun mülkiyyət hüquqları pozulmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilərək, cavabdehin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən cehiz əşyaları ilə birlikdə çıxarılması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərdi ki, həqiqətən 2011-ci il tarixdə iddiaçının qardaşı Şəmsi Rüstəmovla evlənmiş və iddiaçıya məxsus evə gəlin köçmüşdür. Cehiz əşyaları da həmin evə yığılmışdır. Mübahisəli evdə iddiaçı ilə birlikdə birgə ailə şəraitində yaşamış, uşağı da həmin evdə doğulmuşdur. X1 ailə münasibətləri pozulduğundan ayrılmışdır. Buna baxmayaraq iddiaçıya məxsus evdə yaşamağa davam edir. Hesab edir ki, iddiaçı ilə birgə təsərrüfat apardığı üçün onun azyaşlı uşağı ilə birlikdə evdən istifadə hüququ tanınmalıdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, vəkilin çıxışını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2020–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********05–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir rayonu, Sabirkənd kəndi, Asif Şərifov küçəsi, 47 ünvanında yerləşən 0,15 ha torpaq sahəsi və fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 56 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Texniki Pasportun surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2020–ci il tarixdə ***-**-** inventar nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh 2011–ci il tarixdə iddiaçının qardaşı Şəmsi Rüstəmovla evlənmiş və toy günü iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, cehiz əşyaları da həmin evə yığılmışdır. Lakin tərəflər arasında ilə münasibətləri pozulmuş və cavabdehlə iddiaçının qardaşı ilə məhkəmə qaydasında boşanmışlar. Buna baxmayaraq, cavabdeh özünə məxsus cehiz əşyaları ilə birlikdə iddiaçıya məxsus evdə qalmaqda davam edir. Həmçinin, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Şəmkir rayonu, Sabirkənd kəndi, Asif Şərifov küçəsi, 47 ünvanında yerləşən 0,15 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeyd edilmişdir. Məhkəmə iddia tələbini araşdıraraq və aşağıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməklə, iddiaçının adına xx.xx.2020–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********05–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” verilmişdir. Azərbaycan Respublikası MPM–nin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, hazırki iddiaya qiymət verərkən hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia tələbi əsaslıdır. Məhkəmə iddianın düzgün həll edilməsi üçün ilk növbədə iddiaçının cavabdehə qarşı iddia qaldırmaqda subyektiv hüququnun olub–olmaması məsələsinin müəyyən edilməsini zəruri hesab edir. Məhkəmə qeyd ki, mübahisəli fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bu da onu deməyə əsas verir ki, mübahisəli fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ vardır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ olduğundan o, iddia qaldırmaqda subyektiv hüquqa malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1–ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Hazırki mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçının evinin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ olmadığından, cavabdehin iddiaçıya məxsus evdə yaşaması və ona məxsus cehiz əşyalarının mübahisəli evdə saxlanılması iddiaçının öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olunmasına səbəb olur. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququ olan fərdi yaşayış evindən istifadə hüququ cavabdeh tərəfindən pozulmaqdadır. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh cehiz əşyaları ilə birlikdə iddiaçının mülkiyyətində olan evdə qalmaqda davam edir. Məhkəmə işin müəyyən olunmuş faktiki hallarından çıxış edərək hesab edir ki, məhkəmə araşdırması nəticəsində cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququna malik olmadığı müəyyən edildiyindən, iddiaçının cavabdehə qarşı cehiz əşyaları ilə birlikdə evdən çıxarılması tələbinə dair iddiası təmin edilməli və cavabdeh cehiz əşyaları ilə birlikdə iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılmalıdır. Çünki cavabdehin həmin mübahisəli fərdi yaşayış evi üzərində heç bir hüquqları qeydə alınmamışdır. Eləcə də, iddiaçı ilə cavabdeh arasında etibarlı ailə münasibətləri olmamışdır. Ona baxmayaraq cavabdeh hazırda da iddiaçıya məxsus evdən istifadə etməklə bərabər, sahiblik edir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə cavabdehin mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun yaranması əsasları, yəni cavabdehin iddiaçının ailə üzvü olub–olmaması məsələsi müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1–ci maddəsində göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2–ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014–cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30–cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15–ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1–ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə Məcəlləsinin 13 və 15–ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlər uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında cavabdeh hazırki statusuna görə “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin şəxsin qardaşının keçmiş arvadını saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, iddiaçı ilə cavabdeh arasında ailə qanunvericiliyi əsasında heç bir yaxın qohumluq münasibəti olmadığından, cavabdehin mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli fərdi yaşayış evi mülkiyyətçisi ilə onun arasında notariat qaydasında təsdiqlənən müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, cavabdehin iddiaçı ilə birlikdə mübahisəli fərdi yaşayış evində onun ailə üzvü kimi yaşamaq və yaxud özünün saxlanılmasını tələb etmək, həmçinin mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququ yaranmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının hazırda mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış, onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Lakin cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüquqlarını pozmuşdur. Ona görə də məhkəmə, mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətləri əsas olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub– olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, həmin fərdi yaşayış evi cavabdehin istifadəsində və sahibliyindədir. Cavabdehin həmin mübahisəli fərdi yaşayış evi üzərində heç bir əşya hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, cavabdeh cehiz əşyaları ilə birlikdə mübahisəli fərdi yaşayış evindən çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh özünə məxsus yataq dəsti, balaca şkaf və paltaryuyan maşından ibarət cehiz əçyaları ilə birlikdə ünvan 1 ünvanda yerləşən və İddiaçı məxsus olan fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-2330/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2330/2023
19.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver