Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-256/2024 31.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkil) X10, Cavabdeh1 nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 (azyaşlı), Şəmkir şəhər Notariat Kontoruna və Cavabdeh3 qarşı «vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi, ləyaqətsiz vərəsə elan edilərək miras paydan mərhum edilməsi, miras əmlak üzərində payların müəyyən edilməsi” tələblərinə dair iddiası üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və azyaşlı Cavabdeh2 adına Şəmkir şəhər Notariat Kontoru tərəfindən verilmiş 08 sentyabr 2021-ci il tarixdə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsini, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanılmış 08 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş Şəmkir şəhərində yerləşən 0,25 hektar torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsini və Cavabdeh1 ləyaqətsiz vərəsə elan edilməsini və miras əmlak olan - Şəmkir şəhərində yerləşən 0,25 hektar torpaq sahəsində miras payından məhrum edilməsi, mərhum X13 miras qalmış Şəmkir şəhərində yerləşən 0,25 hektar torpaq sahəsi üzrə ½ hissədə Cavabdeh2 və ½ hissədə X18 məcburi paylarının müəyyən edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Klara Setkin” adına üzümçülük sovxozu ilkin şərab zavodu olaraq Şəmkir rayonunda fəaliyyət göstərmişdir. “Klara Setkin” adına sovxozun xx.xx.1976-cı il tarixli 76 nömrəli əmri ilə Şəmkir şəhərində yerləşən (hazırda Şəmkir rayon Mərkəzi Xəstəxanasının yeni inzibati binasının yaxınlığında, “Kraz yolu” kimi adlandırılan yola bitişik) 0,25 hektar torpaq sahəsi mərhum X8na verilmişdir. X24 hələ o uşaq ikən dəmiryolu qəzasında vəfat etmiş, anasının vəfatından o ailə quranadək atası ikinci dəfə ailə həyatı qurmamış, ünvan 1 ünvanında yerləşən evlərinin təsərrüfatını atası ilə birlikdə o idarə etmişdir. X8 hələ sağ ikən həmin torpaq sahəsi barədə ona danışmış və torpaq sahəsinin ona məxsus olduğunu, onun adına sənədləşdiricəyini bildirmişdir. Lakin sonradan vəziyyət dəyişmişdir. Belə ki, atası xx.xx.2012-ci ildə Cavabdeh1 ilə ikinci dəfə ailə qurmuşdur. İkinci nikahdan xx.xx.2013-cü il tarixdə Cavabdeh2 adlı uşağı anadan olmuşdur. 04 noyabr 2019-cu il tarixdə X8 qəflətən vəfat etmişdir. Atası vəfat edəndən sonra nə o, nə də ki digər vərəsələr, yəni atasının ikinci arvadı Cavabdeh1 və azyaşlı Cavabdeh2 qanunla müəyyən olunmuş müddətdə və qaydada mirası qəbul etməmişlər. Bu məqamda qeyd edilməlidir ki, atasının qəfil vəfatından sonra sözügedən torpaq sahəsinin çıxarışı olmadığından o mirasın qəbulu üçün notariat kontoruna müraciət etməyin əhəmiyyətsiz olduğunu düşünüb, habelə həyatda yeganə əziz insanın atasının, daha sonra isə qayınatasının qəfil vəfatlarından yaranan mənəvi acı uzun müddət davam etdiyindən, vərəsə kimi sonradan hüquqlarından istifadə edərək aidiyyəti qurumlara müraciət edib torpaq sahəsinə dair çıxarış əldə etməyi və həmin çıxarış əsasında mirası rəsmi qaydada qəbul etməyi planlaşdırmışdı. Torpaq sahəsi ilə bağlı işləri sonraya saxlasa da, yuxarıda qeyd etdiyi kimi ailərinə məxsus ümumi əşyaları deyil, məhz mərhum atasına məxsus şəxsi əşyalarını və atasının sənədlərini 40 mərasimindən dərhal sonra faktiki olaraq qəbul etməklə mirasın qəbul olunmasını şəksiz nümayiş etdirmişdir. Lakin Cavabdeh1 və azyaşlı Cavabdeh2 atasına məxsus olan ünvan 1 ünvanında yaşamağa davam etmişlər. O isə mərhum atasına məxsus ailə şəkillərini, atasına məxsus eynəyi, diş protezini, bir qism şəxsi sənədlərinin əslini xatirə olaraq götürməklə mirası bu yolla faktiki qəbul etmək məcburiyyətində qalmışdır. Lakin sonradan sözün əsil mənasında gözləmədiyi hadisələr baş vermişdir. Belə ki, atasının ikinci arvadı olan Cavabdeh1 Şəmkir şəhər Notariat Kontoruna atasının cəmi iki vərəsəsi olması barədə (yəni özü və azyaşlı uşağı Səma) saxta və bilə-bilə yalan ərizə ərizə verərək, yəni vərəsə kimi onu gizlətməklə 08 sentyabr 2021-ci il tarixdə vərəsəlik haqqında şəhadətnamə əldə edərək miras əmlak olan 0,25 hektar torpaq sahəsini tam şəkildə cəmi 15000 (on beş min) manata dərhal elə həmin gün Cavabdeh3 satmışdır. Göründüyü kimi, dəyəri 80000-100000 (yüz min) manatdan artıq olan bir torpaq sahəsini cəmi 15000 manata alqı-satqısını sənədləşdirmişlər. Belə ki, torpağın dəyəri müstəqil ekspert tərəfindən müəyyən olunmuşdur və bu barədə qiymətləndirmə rəyi iddia ərizəsinə əlavə olunur. Deməli, Cavabdeh1 cəmi 7 il X8 ilə ailəli olmaqla, məhrum anası X3 ilə atası Adil Əliyevin birgə nikah dövründə əldə etdikləri Şəmkir şəhəri, Nizami küçəsində yerləşən 14 nömrəli evi və 0,25 ha torpaq sahəsinə sahiblənmişdir. Mübahisəsizdir ki, bu qanunsuz işdə Cavabdeh1 kömək etmiş vəzifəli şəxslər olmuşlar. Belə ki, ilk növbədə Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli saxta arayışda icra nümayəndəsi onu bilə-bilə gizlətmişdir. Digər tərəfdən icra nümayəndəsi həmin arayışı notariat kontoruna təqdim etmək üçün verdiyini qeyd etmişdir. Daha sonra, Şəmkir rayon Polis Şöbəsinin Q və ŞV bölməsi tərəfindən 2021-ci ilin sentyabr ayında Cavabdeh2 adına verilmiş arayışda Şəmkir şəhəri, Nizami küçəsində yerləşən 14 nömrəli evdə digər şəxslərin qeydiyyatda olmadığı göstərilmişdir. Yəni onu gizlətmişlər. Halbuki, vəkilin sorğusuna əsasən məhz Şəmkir rayon Polis Şöbəsinin Q və ŞV bölməsi tərəfindən verilmiş digər arayışda onun Şəmkir şəhəri, Nizami küçəsində yerləşən 14 nömrəli evdə qeydiyyatda olduğu birmənalı və açıq şəkildə qeyd edilmişdir. Notariat kontoru hansısa maraq xatirinə onu görməzdən gəlmişdir. Belə ki, Notariat Kontoru vahid elektron sistemdə onun varlığı “görməməklə” bərabər, həqiqətin üzə çıxarılması üçün nə Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə, nə Şəmkir rayon Polis Şöbəsinin Q və ŞV bölməsinə mərhum X19 övladları barədə müfəssəl sorğu verməmişdir. Axı Notariat Kontoru dövlət orqanıdır və Cavabdeh1 “saxta ərizələri” Notariat Kontoru üçün “Quran ayəsi” olmamalı idi. Açıq-aydın görünən odur ki, Notariat Kontoru bu iş üçün xüsusi “həvəsləndirilmişdir”. Ümumiyyətlə, qanunvericilik mirasın qəbulunun iki üsulunu, formal və qeyri-formal üsullarını müəyyən etmişdir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Qüvvədə olan qanunvericilik mirasın qəbul olunmasının müddətini və qaydalarını müəyyənləşdirib. Həmin qaydalar vərəsənin mirasın açıldığı yer üzrə notariat kontoruna onu qəbul etdiyi barədə ərizə verməsi, əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktiki başlanmasından ibarətdir. Eyni zamanda vərəsənin mirasın bir hissəsinə sahiblik etməyə və ya onu faktiki idarə etməyə başlaması da mirasın qəbulu kimi qiymətləndirilir. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmələr mülki işə baxarkən hər kəsin məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüquqlarını səmərəli və əlçatan vasitələrlə təmin edərək ədalət mühakiməsini qanunvericiliklə müəyyən edilmiş xüsusi prosessual icraat qaydasında həyata keçirməlidirlər. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun qərarında vurğulanır ki, mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Burada nəzərə almaq lazımdır ki, mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyi onu düşünmyə əsas verir ki, cavabdeh Şəmkir şəhər Notariat Kontoru mirasın açıldığı gündən 2 ildən sonra Cavabdeh1 qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verərməklə qanunvericiliyin tələblərini pozmuşdur. Halbuki, həmin məsələ birmənalı şəkildə məhkəmə qaydasında həll olunmalı idi. Ləyaqətsiz vərəsə məsələsi üzrə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun qərarında vurğulanır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir. Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Cavabdeh1 ləyaqətsiz vərəsə elan edilərək miras əmlakdakı məcburi paydan məhrum edilməsi üçün aşağıdakı əsaslar mövcüdduur: - Cavabdeh1 vərəsələr haqqında notariat kontoruna bilə-bilə yalan məlumat verməklə (məni gizlətməklə) əslində mərhum atasının iradəsinə zidd hərəkətlər etmişdir. Belə ki, atası hələ sağ ikən miras əmlak hesab olunan torpaq sahəsini Cavabdeh1 vəsiyyət etməmiş və yaxud da onun gələcəkdə miras əmlakdakı payımdan mərhum edilməyi barədə bir iradə ifadəsi olmamışdır. Bütün bü hallar onu düşünməyə əsas verir ki, Cavabdeh1 Mülki Məcəllənin 1137-ci maddəsində göstərildiyi kimi mərhum atasının son iradəsinin əleyhinə olaraq onun vərəsə kimi bilə-bilə gizlətməklə özünün və özünə yaxın şəxslərin (azyaşlı qızının) miras paylarının artırılmasına kömək göstərmişdir. - Bundan başqa, müstəqil qaydada əldə edilmiş ekspert rəyinə əsasən mübahisəli torpaq sahəsinin orta bazar qiyməti 80000-100000 manat civarında müəyyən olunmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 isə həmin torpaq sahəsini 15000 manata alqı-satqı etmişlər. Atası sağ ikən həmin torpaq sahəsini satmış olsaydı, yəqin ki, orta bazar qiyməti 80000-100000 manat civarında olan torpaq sahəsini heç vaxt 15000 manata satmazdı. Göründüyü kimi Cavabdeh1 bu hissədə də miras qoyanın iradəsi əleyhinə hərəkət etmişdir. Cavabdeh3 gəlincə ilk baxışdan görünən odur ki, o, pulunu ödəyib torpaq sahəsi almışdır. Lakin məsələ hərtərəfli və obyektiv araşdırılsa “ağlabatan” mühakimə əsasında cavabını tapmaq mümkün olmayan suallar yaranmaqdadır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, orta bazar qiyməti 80000-100000 manat civarında olan torpaq sahəsinin 15000 manata satılması Cavabdeh3 şübhələr yaratmamışdır. Bundan başqa, Cavabdeh3 və Cavabdeh1 arasında bağlanılmış 8 sentyabr 2021-ci il tarixli müqavilənin mətnində açıq şəkildə qeyd edilir və görünür ki, Cavabdeh3 tərəfindən satın alınan torpaq sahəsi artıq dünyasını dəyişmiş şəxsə məxsusdur. Torpaq sahəsini satanlar isə 8 sentyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən satırlar. Torpaq sahəsini satanların 8 sentyabr 2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldıqları elə həmin gün torpaq sahəsini təcili satmaları da Cavabdeh3 şübhələr yaratmamışdır. Sonradan iddiaçı tərəf Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə müvafiq olaraq iddianın əsasının qismən dəyişdirilməsi haqqında ərizə verərək göstərmişdir ki, iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra bir müddət sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddət məsələsi ilə bağlı münasibətləri tənzimləyən qərar qəbul edilmişdir və həmin qərar hazırki mübahisəyə birbaşa tətbiq edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Qərarında belə nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Konstitusiya Məhkəməsinin sözügedən Qərarında xüsusilə vurğulanmışdır ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. İddia ərizəsi üzrə 13 dekabr 2023-cü il tarixdə keçirilmiş hazırlıq iclasında miras qoyan mərhum X13 miras qalan (adları iddia ərizəsində qeyd edilən) əşyaları əyani olaraq təqdim etməklə bu yolla mirası əmlakı faktiki qəbul etdiklərini sübut etməyə çalımışdılar. Həmçinin qeyd edilməlidir ki, iddiaçı ona çatası miras paydan imtina etməmişdir. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Qərarının imperativ tələbindən göründüyü kimi, mərhum X19 övladı, yəni birinci dərəcə vərəsəsi kimi iddiaçının miras qalmış əmlakı hansı yolla qəbul edib-etməməsinin xüsusi olaraq araşdırılmasına artıq heç bir zərurət qalmamış və birinci dərəcə vərəsə kimi iddiaçının birmənalı olaraq miras payı müəyyən olunmalıdır. Azərbaycan Respubliukası MPM-nin 53cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) X21 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Vəkil Hidayət oğlu iddia ərizəsinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Şəmkir şəhər Notariat Kontoruna və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq notariat orqanının nümayəndəsi və Cavabdeh3 məhkəməyə gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdırararaq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş xx.xx.1992-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1992-ci ildə anadan olmuş X18 X8, anası X4r. İş materiallarına əlavə olunmuş xx.xx.1983-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X26 ilə X2 nikahları Şəmkir VVAQ şöbəsində xx.xx.1983-cü il tarixdə 260 nörmə ilə qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında arayışın təsdiq edilmiş surətindən görünür ki, X26 04 noyabr 2019-cu ildə Şəmkir şəhərində vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında arayışın təsdiq edilmiş surətindən görünür ki, X7 10 yanvar 2008-ci Tovuz rayonu Alakol kəndində vəfat etmişdir. İş materiallarına əlavə olunmuş DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı, X7, X5, X11, X27, X14, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Şəmkir ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Şəmkir şəhərində yerləşən 0.25 ha həyatyanı torpaq sahəsinə dair X19 adına xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış veilmişdir. Həmin çıxarışın verilməsinə əsas Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialının xx.xx.2021-ci il tarixli K-1-288 saylı arxiv arayışı (“Klara Setkin” adına sovxozun xx.xx.1976-cı il tarixli 76 nömrəli əmri). Şəmkir rayon İcra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin və Şəmkir şəhər Bələdiyyəsinin sədrinin möhürü və imzası ilə təsdiqlədiyi Şəmkir Bələdiyyəsinin yerqurluşu planından çıxarış. Qeyd edilən torpaq sahəsi Şəmkir rayon 1 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli 2V-1125 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında Cavabdeh1 və Cavabdeh2 adlarına özgəninkiləşdirilmişdir Onlarda öz növbəsində miras paylarını tam olaraq Şəmkir rayonu 1 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli 3M-693 reyestr nömrəli alqı-satqı nüqaviləsi əsasında X1 adına özgəninkiləşdirilmiş və ona xx.xx.2021-ci il ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. İş materiallarına olan vərəsəlik işinə əlavə olunmuş Cavabdeh1 məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına olan vərəsəlik işinə əlavə olunmuş DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına olan vərəsəlik işinə əlavə olunmuş Şəmkir rayon İHB-nın Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli arayışıdan görünür ki, mərhum X6 şəhəri Nizami küçəsi 14 saylı ünvanda vəfat edənə qədər (xx.xx.2019-cu ilə kimi) Cavabdeh1 (həyat yoldaşı) və Cavabdeh2 (qızı) ilə birlikdə yaşamışdır. Arayış Şəmkir rayon Dövlət Notariat Kontoruna təqdim etmək üçün verilmişdir. İş materiallarına olan vərəsəlik işinə əlavə olunmuş xx.xx.2012-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X26 ilə Cavabdeh1 nikahları Şəmkir rayon qeydiyyat şöbəsində xx.xx.2012-cü il tarixdə 168 nörmə ilə qeydə alınmışdır. İş materiallarına olan vərəsəlik işinə əlavə olunmuş xx.xx.2021-ci il tarixli **********67 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Şəmkir şəhərində yerləşən 0.25 ha həyatyanı torpaq sahəsi X19 mülkiyyətinə verilmişdir. İş materiallarına olan vərəsəlik işinə əlavə olunmuş xx.xx.2021-ci il tarixli 2V-1125 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 mərhum X19 vərəsələri tanınmış və X20 məxsus Şəmkir şəhərində yerləşən 0.25 ha həyatyanı torpaq sahəsinə Cavabdeh1 və Cavabdeh2 ½ hissədə payları müəyyən edilmişdir. İş materiallarına olan alqı-satqı müqaviləsi üzrə notariat işinə əlavə olunmuş xx.xx.2021-ci il tarixli 3M-693 reyestr nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 mərhum X13 miras qalmış Şəmkir şəhərində yerləşən 0.25 ha həyatyanı torpaq sahəsini Şəmkir rayon 1 saylı notariat kontoru tərəfindən verilmiş 2V- 1125 nömrəli xx.xx.2021-ci il tarixli qanun üzrə vərəslik hüquq haqqında şəhadətnaməyə əsasən 15000 (on beş min) manat məbləğində pula Cavabdeh3 satmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respubilkası "xxxx" MMC tərəfində verilmiş Şəmkir şəhərində yerləşən 0.25 ha torpaq sahəsinin bazar dəyərinin hesablanması haqqında xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatında görünür ki, mərhum X20 məxsus Şəmkir şəhərdinə yerləşən 0.25 ha həyatyanı torpaq sahəsinin xx.xx.2022-ci il tarixinə olan bazar dəyəri 75000 (yetmiş beş min) manatdır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikası MPM-in 4.1 və 4.2-ci maddəsində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145 və 1146-cı maddələrinə əsasən miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4-cü maddəsinə əsasən sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Qərarında belə nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Konstitusiya Məhkəməsinin sözügedən Qərarında xüsusilə vurğulanmışdır ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı birinci növbə vərəsə olmasına, mərhum X8ndan miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olmasına baxmayaraq, Cavabdeh1 notariat orqanına ərizə ilə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alarkən iddiaçıya bu barədə məlumat verməmiş, notariat orqanına təqdim etdiyi ərizədə digər vərəsə kimi özünün və azyaşlı Cavabdeh2 adını göstərsə də, hansısa səbəbdən bilə-bilə iddiaçının adını qeyd etməmişdir. Halbuki, miras şərikləri bir-birinə zəruri məlumat verməklə, vərəsəliyə çağırıldıqlarını bir-birinə bildirməlidirlər. Eynilə cavabdeh Şəmkir Notariat kontoru da mərhum X19 vərəsələrinin dairəsini müəyyən etməyə cəhd etməmiş, bu isə iddiaçının miras payının əsassız olaraq digər vərəsələr tərəfindən qəbul edilməsi ilə nəticələnmişdir. Göründüyü kimi, Şəmkir şəhəri Notariat Kontoru tərəfindən Cavabdeh1 və Cavabdeh2 adına verilmiş 08 sentyabr 2021-ci il tarixli, 2V-1125 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsızdır. Çünki, iddiaçı qanun üzrə vərəsələrdən biri olduğu, miras qalmış əmlakdan imtina etməsi barədə notariat orqanına ərizə vermədiyi, anası vəfat edəndən sonra mərhum X8 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamasına baxmayaraq, cavabdeh notariat orqanına ərizə verərkən vərəsələrin dairəsini tam göstərməməklə (gizlətməklə), iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur, qanun üzrə vərəsəlik almalı olan şəxslərin dairəsi tam göstərilməmişdir və iddiaçının da atasından miras qalmış əmlakdan irs almaq hüququ var. Bu səbəbdən, iddia – Şəmkir şəhəri Notariat Kontoru tərəfindən Cavabdeh1 və Cavabdeh2 adına verilmiş 08 sentyabr 2021-ci il tarixli, 2V-1125 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair hissədə əsaslıdır və təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, şəxs ləyaqətsiz vərəsə hesab edilərək qanun və vəsiyyət üzrə vərəsəlik hüququndan bu şərtlə məhrum edilə bilər ki, o, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş olsun və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş olsun. Miras qoyanın son iradəsi və ya vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törədilməsi dedikdə, məsələn digər vərəsələri miras əmlakdan imtina edilməsinə məcbur etmə, vəsiyyətnamənin saxtalaşdırılması və ya miras qoyanı vəsiyyətnamənin ləğv edilməsi və ya dəyişdirilməsinə məcbur edilməsi kimi hərəkətlər başa düşülür. Bu əməllərin törədildiyi məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə iddia tələblərinin 08 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsini və bunun əsəsında Cavabdeh3 verilmiş çıxarışın ləğv edilməsi hissəsində münasibət olaraq bildirir ki, həmin hissədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 149.2-ci maddəsini hazırki mübahisəyə tətbiq edilməlidir Belə ki, həmin normaya əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, Mülki Məcəllənin 140-cı maddəsində də əqdin həqiqi sayılması üçünreyestrdəki əldə edən şəxsin xeyrinə olan qeydə dair etirazın reyestrə daxil edilməməsi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas şərtdir. Başqa sözlə, əqd o vaxt həqiqi sayılmır ki, bu qeydə dair etiraz reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyridəqiq olmasını bilmiş olsun. Mülki qanunvericilikdən göründüyü kimi müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndirilmişdir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir və daşınmaz əmlakı özgəninkiləşdirənlə əvvəllər bağlanmış əqdin etibarsızlığı restitusiya qaydasında əmlakın ilkin mülkiyyətçisinə qaytarılması hüquqi nəticəsini doğurmur. Qeyd edilməlidir ki, mulkiyyət hüququna dair reyestrdəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mulkiyyətcisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların muəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir («S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi). Lakin məhkəmə qeyd edir ki, iddiaçının atasının vəfatından sonra miras əmlaka qanun üzrə vərəsəlik şəhadətnaməsi verilən zaman payı müəyyən edilmədiyindən, hazırda isə sözügedən əmlak artıq vicdanlı üçüncü şəxsin mülkiyyətində olduğundan, ilk olaraq imtina etməyən iddiaçının və digər vərəsələrin miras əmlakda hər birinin 1/3 payı müəyyən olunmalı, iddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən miras əmlaka dair payına mütənasib olaraq, yəni 1/3 hissəyə uyğun olaraq yalnız ona dəymiş ziyanın əvəzini cavabdehlərdən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Şəmkir şəhəri Notariat Kontoru tərəfindən Cavabdeh1 və Cavabdeh2 adına verilmiş 08 sentyabr 2021-ci il tarixli, 2V-1125 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli; X13 miras qalmış Şəmkir şəhərində yerləşən 0,25 hektar torpaq sahəsi üzərində qanun üzrə vərəsələr İddiaçı, Cavabdeh1 və Cavabdeh2 hər birinin 1/3 hissədə payı tanınmalı, iddia qalan hissələrdə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şəmkir şəhəri Notariat Kontoru tərəfindən X13 miras qalmış Şəmkir şəhərində yerləşən 0,25 hektar torpaq sahəsinə dair Cavabdeh1 və Cavabdeh2 adına verilmiş 08 sentyabr 2021-ci il tarixli, 2V-1125 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. X13 miras qalmış Şəmkir şəhərində yerləşən 0,25 hektar torpaq sahəsi üzərində qanun üzrə vərəsələr İddiaçı, Cavabdeh1 və Cavabdeh2 hər birinin 1/3 (üçdə bir) hissədə payları tanınsın. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-256/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-256/2024
31.01.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver