Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2561/2023 26.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması və alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması və alimentin sabit pul məbləğində tutulması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, 16 dekabr 2008–ci il tarixdə doğulmuş Nuray və 20 noyabr 2010–cu il tarixdə doğulmuş Aysel adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2014–cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 220 manat sabit pul məbləği həddində müəyyən edilməsi, 25 avqust 2017–ci il tarixdə doğulmuş Yusif adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin və ödənilmiş 50 manat mediasiya xidmət haqqının tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs Cavabdeh ilə 2007–ci il tarixdə faktiki olaraq evlənməklə, 2008-ci il tarixdə rəsmi nikah bağlamışlar. Birgə nikahdan 16 dekabr 2008–ci il tarixdə Nuray, 20 noyabr 2010–cu il tarixdə Aysel və 25 avqust 2017–ci il tarixdə Yusif adlı uşaqları doğulmuşdur. Ailə münasibətlərinin pozulması zəminində 2013–cü il tarixdə tərəflər ayrılmışlar və ayrıldıqdan sonra Nuray və Aysel adlı uşaqlar iddiaçının yanında qalmışdır. Əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2014–cü il tarixli qətnaməsi ilə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 70 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Həmçinin, sonradan tərəflər ailə münasibətlərini bərpa edərək barışmış, həmin dövrdə, yəni 25 avqust 2017–ci il tarixdə Yusif adlı uşaqları doğulmuşdur. Birgə yaşadıqları dövrdə iddiaçının ərizəsinə əsasən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2014–cü il tarixli qətnaməsi üzrə icraat dayandırılmşdır. Lakin tərəflər yola gedə bilməmiş, nəticədə yenidən ayrılmışlar. Bundan sonra təmsil etdiyi şəxs ərizə ilə məhkəməyə müraciət edərək Şəmkir Rayon Məhkəməsinin xx.xx.2014–cü il tarixli icra sənədinin yenidən icraya göndərilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023–cü il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Hazırda hər üç uşaq iddiaçının himayəsindədir. Mövcud vəziyyətdə təmsil etdiyi şəxs uşaqlarını saxlamaqda çətinlik çəkir. Belə ki, uşaqların geyimi və qidalanması ilə bağlı xərclər mütəmadi şəkildə artmaqda davam edir və uşaqlarını tək başına saxlaya bilmir. Özünün əlavə hər hansı gəliri və ya gəlir gətirən əmlakı yoxdur. Cavabdeh rəsmi olaraq işləməsə də, fərdi əməklə məşğul olur, yaxşı qazanc əldə edir. Onun hər ay kifayət qədər yüksək aliment ödəmək imkanı vardır. Odur ki, iddianın təmin edilərək, 16 dekabr 2008–ci il tarixdə doğulmuş Nuray və 20 noyabr 2010–cu il tarixdə doğulmuş Aysel adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2014–cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 220 manat sabit pul məbləği həddində müəyyən edilməsi, 25 avqust 2017– ci il tarixdə doğulmuş Yusif adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin və ödənilmiş 50 manat mediasiya xidmət haqqının tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 16 dekabr 2008–ci il tarixdə Nuray, 20 noyabr 2010–cu il tarixdə Aysel və 25 avqust 2017–ci il tarixdə Yusif adlı uşaqları doğulmuşdur. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2014–cü il tarixli 2(076)–1557/2014 saylı qətnaməsindən görünür ki, 09 iyun 2014-cü il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü Nuray və xx.xx.2010-cu il təvəllüdlü Aysel adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(076)-1246/2013 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 70 (yetmiş) manat sabit pul məbləği həddində müəyyən edilmiş və Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016–cı il tarixli 8(076)–36/2016 saylı qərardadından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2014–cü il tarixli 2(076)– 1557/2014 saylı icra sənədi üzrə icraat dayandırılmışdır. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli 8(076)–309/2023 saylı qərardadından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2014–cü il tarixli 2(076)– 1557/2014 saylı icra sənədi üzrə icraat təzələnmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər 2007–ci il tarixdə faktiki olaraq evlənməklə, 2008-ci il tarixdə rəsmi nikah bağlamışlar. Birgə nikahdan 16 dekabr 2008–ci il tarixdə Nuray, 20 noyabr 2010–cu il tarixdə Aysel və 25 avqust 2017–ci il tarixdə Yusif adlı uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar və ayrıldıqdan sonra uşaqlar iddiaçının yanında qalmışdır. Əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2014–cü il tarixli qətnaməsi ilə Nuray və Aysel adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 70 manat məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Yusif adlı uşağın isə yetkinlik yaşına çatanadək saxlanması üçün aliment təyin edilməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağlamışdır. İş materiallarının əlaqəli təhlili və işin müəyyən olunmuş halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehdən Nuray və Aysel adlı uşaqlara görə hər ay ödənilən alimentin miqdarının artırılaraq hər uşaq üçün 135 manat sabit pul məbləği həddində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, uşaqlar ananın yanında yaşayır və onların bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Eləcə də, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehdən Yusif adlı uşağa görə hər ay 135 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023–cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların mənafelərini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, hazırda iddiaçının Nuray və Aysel adlı uşaqlarına ödənilən alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə kəskin dərəcədə azdır. Bundan başqa, ötən müddətdə uşaq böyüməklə onun maddi tələbatı da artmışdır. Uşaqların yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Selcan adlı azyaşlı uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşaqların normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşaqların zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşaqların minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan azyaşlı uşaqlar üçün 70 manat miqdarında aliment müəyyən edilməsi, hazırda uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə kəskin dərəcədə azdır və uşağın maddi tələbatlarını təmin etmədiyi açıq–aşkardır. Bundan başqa məhkəmə hesab edir ki, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşaqların maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının hər ay hər uşaq üçün 135 manat sabit pul məbləğində müəyyən edilməsi azyaşlı uşaqların mənafelərinə uyğundur. Həmçinin, yuxarıda qeyd olunduğu kimi nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin borcudur. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşaqların mənafelərini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən Nuray və Aysel adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2014–cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 135 manat sabit pul məbləği həddində müəyyən edilməsi, habelə Yusif adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 135 manat sabit pul məbləğində aliment tutulması azyaşlı uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçının nümayəndəsi məhkəmə iclasında sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddianın qalan hissəsi təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM–in 112.1.3–cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 16 dekabr 2008–ci il tarixdə doğulmuş Nuray və 20 noyabr 2010–cu il tarixdə doğulmuş Aysel adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2014–cü il tarixli 2(076)–1557/2014 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 135 (bir yüz otuz beş) manat sabit pul məbləği həddində müəyyən edilsin və Cavabdeh alınıb İddiaçı verilsin. 13 iyul 2023–cü il tarixdən başlayaraq, 25 avqust 2017–ci il tarixdə doğulmuş Yusif adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 135 (bir yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Cavabdeh 68,60 (altmış səkkiz manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutulub elektron hökümət portalına ödənilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamə 25 avqust 2017–ci il tarixdə doğulmuş Yusif adlı uşağa münasibətdə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-2561/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2561/2023
26.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver