Məhkəmə qərarları › İş №2(076)-273/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-273/2024

12.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-273/2024 12.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və sabit pul məbləğində aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «nikahın pozulması və alimentin sabit pul məbləğində tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında xx.xx.2015-ci il tarixdə Şəmkir rayon Qeydiyyat Şöbəsində 89 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, birgə ailə həyatlarından olmuş xx.xx.2016-cı il təvəllüdlü Zeynəb adlı azyaşlı uşaqlarının onun himayəsində olmasına görə uşağın maddi cəhətdən saxlanılması üçün ayda 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin və 50 manat mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə nikahlarını xx.xx.2015-ci il tarixdə Şəmkir rayon Qeydiyyat Şöbəsində 89 saylı akt qeydi ilə rəsmiləşdirməklə evlənib ailə qurmuşlar. Birgə ailə həyatlarından xx.xx.2016-cı il təvəllüdlü Zeynəb adlı uşaqları doğulmuşdur. Cavabdehlə ailə münasibətləri əvvəllər normal olmuş, sonradan onun özünün təqsirindən, onunla xasiyyətləri uyğun gəlməməsinə görə pozulmuşdur. Cavabdehlə nikahlarının pozulması tələbi ilə təxminən bir neçə il əvvəl də məhkəmədə iddia qaldırmış, ancaq qohumların təhrikləri ilə ailə münasibətlərini bərpa etmişlər. Artıq 5 aydır ki, cavabdehlə faktiki olaraq ayrılmışlar, o azyaşlı uşağı ilə birlikdə atası evində yaşayır, cavabdeh isə qeyd olunan ünvanda yaşayır. Cavabdehlə aralarında olan nikah formal xarakter daşıyır. Cavabdehlə nikahlarının pozulması və aliment tələbi ilə Mediasiya Şurasına müraciəti, cavabdehin mediasiya prosesini davam etdirmək istəməməsinə görə ona xx.xx.2023-cü il tarixli 01149 saylı arayış verilmişdir. Cavabdeh fərdi əməklə məşğul olmasına baxmayaraq könüllü olaraq uşağının maddi təminatı üçün heç bir yardım etmir. O, özü isə müəllimə işləsə də, cüzi əmək haqqı özünün və azyaşlı uşağının maddi təminatlarını təmin etmir. Ona görə cavabdehə qarşı nikahın pozulması və aliment tələbinə dair iddia qaldırmalı olmuşdur. Odur ki, cavabdehlə aralarında xx.xx.2015-ci il tarixdə Şəmkir rayon Qeydiyyat Şöbəsində 89 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, birgə ailə həyatlarından olmuş xx.xx.2016-cı il təvəllüdlü Zeynəb adlı azyaşlı uşaqlarının onun himayəsində olmasına görə uşağın maddi cəhətdən saxlanılması üçün ayda 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin və 50 manat mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun ifadə verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, tərəflər arasında barışıq əldə edilməmişdir, uşaq hazırda anasının himayəsindədir. Cavabdeh mediasiyada iştirak etməmiş, ailəsi və uşağı ilə maraqlanmışdır. Cavabdeh fərdi əməklə məşğul olur həmçinin maklerlik edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T 000364 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 arasında xx.xx.2015-ci il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 89 nömrə ilə qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Paşayeva soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-Т 056074 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü Zeynəb adlı uşaqları doğulmuşdur. İşdə olan Şəmkir şəhər İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Şəki şəhəri, T.Meydanı 20 küçəsi, ev-100 də qeydiyyatda olmasına baxmayaraq xx.xx.2023-cü il tarixdən hal-hazıra kimi ünvan 1 ünvanda yaşayır. Məhkəmə iclasında müəyyən edildi ki, iş üzrə tərəflər faktiki evlənməklə xx.xx.2015ci il tarixdə nikahı 89 saylı Şəki rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Onların birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü Zeynəb adlı 1 nəfər uşaqları doğulmuşdur. Bundan sonra ər-arvad ayrılmış və azyaşlı uşaq anasının yanında yaşayır. İddiaçı nikahlarını məhkəmə qaydasında pozulmasını və birgə nikahdan doğulan xx.xx.2016-cı il təvəllüdlü Zeynəb adlı uşağın onun himayəsində qalmasını, cavabdehin hesabından onun nəfinə hər ay bir uşağa 220 manat sabit pul formasında aliment müəyyən olunmasınına dair qətnamə çıxarılmasını xahiş etmişdir, məhkəmə tərəflərə barışmaları üçün üç ay vaxt vermiş, iş məhkəmənin icraatında olan müddətində tərəflər arasında barışıq əldə olunmamaqla iddiaçı nikahın pozulmasında israrlıdır, tərəflərin ailələrinin bərpası qeyrimümkündür. Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə iş üzrə iddiaçını nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq üçün könüllü ittifaqıdır. Həmin Məcəllənin 19.1-ci maddəsinə görə, bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə görə tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə hesab edir ki, tərəflərin ailələrinin bərpası qeyri-mümkündür və nikahda olan şəxslər arasında münasibətlər korlandığından nikahın təməl prinsipi olan könüllülük prinsipi pozulmuş, ayrı yaşamaqla birgə təsərrüfat idarə etmirlər, barışıq üçün vaxt verilməsinə baxmayaraq arvad nikahın pozulmasında israrlıdırlar və bu səbəbdən ərarvada barışıq üçün əlavə vaxtın verilməsinin əhəmiyyəti yoxdur. Məhkəmə nəticəyə gəlir ki, tərəflər arasında olan 89 saylı Şəki rayon Qeydiyyat Şöbəsində xx.xx.2015-ci il tarixdə 89 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə görə, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Məcəllənin 22.2-ci maddəsinə görə isə, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, həmçinin uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmçinin məhkəmə birgə nikahdan doğulmuş uşaqların hansı valideynin yanında qalması və uşaqların saxlanılması üçün alimentin təyin edilməsi ilə bağlı məsələ ilə bağlı qeyd edir ki, birgə nikahdan doğulmuş uşağın uzun müddət atasından ayrı olmaqla anasının yanında qalmasını, uşağın yaşını və ana qayğısına daha çox ehtiyacı olmaqla bağlı olmasını, uşağın anasının yanında qalmasının onların mənafeyinə uyğun olmaması barədə hər hansı bir halın müəyyən edilməməsi, cavabdeh olan atanın uşağın onun yanında qalması barədə xahişinin olmaması nəzərə alınmalı, iş üzrə tərəflərin nikahı məhkəmə qaydasında pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü Zeynəb adlı uşaq yetkinlik yaşına çatanadək anası İddiaçı yanında saxlanılmalı və uşağın saxlanılması üçün aliment təyin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Həmçinin məhkəmə uşağın saxlanması üçün aliment məbləğinin həcmini araşdıraraq, uşaq üçün nəzərdə tutulmuş yaşayış minimumunu, uşağa baxmağın hər iki valideynin borcu olmasını, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, tərəflərin gəlirləri barədə sübutun məhkəməyə təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin müəyyənləşdirilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, alimentin tutulması ərizənin verildiyi xx.xx.2023-cü il tarixdən etibarən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Məhkəmə hesab edir ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Mediasiyaya çəkilən xərci iddiaçı tərəfindən ödənildiyindən, cavabdehin dəvət edilməsinə baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etmədiyindən və iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 50 (əlli) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia ərizəsi verilərkən ödənilmiş 50 manat dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə 89 saylı Şəki rayon Qeydiyyat Şöbəsində bağlanmış akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü Zeynəb adlı uşaq nikah pozulduqdan sonra anası İddiaçı yanında saxlanılsın və uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün atası Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub uşağın anası İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. Cavabdeh 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar