Məhkəmə qərarları › İş №2(076)-2937/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2937/2024

23.09.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2937/2024 23.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı, onun nümayəndəsi Nümayəndə1 Cavabdeh: Şəmkir rayon Kür qəsəbə 2 saylı H.Z.Tağıyev adına tam orta məktəbin direktoru Nümayəndə3 və onun nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə X4–Tovuz Regional Təhsil İdarəsinə və Şəmkir rayon Kür qəsəbə 2 saylı H.Z.Tağıyev adına tam orta məktəbin qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə X4–Tovuz Regional Təhsil İdarəsinə və Şəmkir rayon Kür qəsəbə 2 saylı H.Z.Tağıyev adına tam orta məktəbin qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2006–cı ildən Şəmkir rayonu Kür qəsəbə H.Z.Tağıyev adına 2 saylı tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq işləyir. Ailə vəziyyətilə əlaqədar olaraq 2016–2023– cü illərdə analıq məzuniyyətində, sonradan qismən ödənişli sosial məzuniyyətlərdə olmuşdur. X1 ümumi nitq inkişafı ləngiməsi olduğu üçün uzun müddət onun müalicəsi ilə məşğul olmuş, buna görə də fiziki, psixoloji yorğunluq və ailəsində olan digər problemlərə görə işdən çıxmaq qərarına gəlmişdir. xx.xx.2023–cü il tarixdə öz istəyi ilə işdən çıxması barədə ərizə təqdim etmişdir. Lakin sonradan ailə üzvləri və yaxınları ilə məsləhətləşdikdə onların dəstəyi ilə işdən çıxmamaq və işə qayıtmaq barədə fikri dəyişmişdir. xx.xx.2023–cü il tarixdə direktor Nümayəndə3 ilə telefon əlaqəsi saxlayıb işdən çıxmamaq qərarına gəldiyini və ərizəsinin geri götürülməsini xahiş etmiş, həmçinin işə qayıtması ilə bağlı ikinci bir ərizə yazmaq üçün məktəbə gələcəyini bildirmişdir. Nümayəndə3 isə narahat olmamasını, heç bir ərizəyə ehtiyac olmadığını, bütün sənədləşməni özü yoluna qoyacağını, ona 16 saat dərs yazacağını bildirmişdir. O da məktəb direktoru Nümayəndə3 sözlərinə inanıb və etimad edib övladının müalicəsi ilə məşğul olmuşdur. Sonra övladının 1–ci sinif qəbulunu elektron portalda qeydiyyatda keçirib, məktəb və müəllim seçimi üçün işlədiyi məktəbə getmişdir. Düşünmüşdür ki, həmin iş fəaliyyətini davam etdirər, həm də övladı bu məktəbədə təhsil alar. 15, 16, 17 may 2024–cü il tarixlərində məktəbə gəldiyi zaman başqa bir halla qarşılaşmışdır. Direktor onu işdən çıxartdığını deyib bəzi sənədləri əmək müqaviləsinə xitam verilmə ilə bağlı əmək müqaviləsi bildirişini və əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023–cü il tarixli 155 saylı əmrdən çıxarışı ona təqdim etmişdir. xx.xx.2023–cü il tarixli 155 nömrəli əmr o, tələb etdiyi tarixdə, yəni xx.xx.2024–cü il tarixdə onun yanında yazılaraq Şəmkir rayon Kür qəsəbə H.Z.Tağıyev adına tam orta məktəbin direktoru R.Rəfıyeva tərəfindən imzalanmış, sonra isə əmr kitabına yazılmışdır. Ona isə əmrin surəti deyil, əmrdən çıxarış təqdim edilmişdir. Bundan başqa ərizəni xx.xx.2023–cü il tarixdə təqdim etmiş, xx.xx.2023–cü il tarixdə isə onun işdən çıxması barədə əmr verilmişdir. Göründüyü kimi işdən çıxma əmri 1 ay 1 gündən sonra çıxarılmışdır. Həmçinin məktəb direktoru xx.xx.2023–cü il tarixdən növbədən kənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar olaraq məntəqə sədri kimi seçkilərə cəlb edildiyi üçün müvəqqəti olaraq direktor vəzifəsini məktəbin tədris (təlim–tərbiyə) işləri üzrə direktor müavini Aygün Hüseynova icra etmişdir. Lakin ona verilən əmrdən çıxarışa imza edən A.Hüseynova deyil, məktəb direktoru R.Rəfıyevadır. Göründüyü kimi həmin vaxt əmri R.Rəfıyeva deyil, A.Hüseynova imzalamalı, ona əmrin surətini göndərməli, son haqq–hesabatın aparılması üçün məktəbə dəvət olunmalı idi. Ancaq işdən çıxarılma əmri dekabr ayında deyil, 2024–cü ilin mart–aprel aylarında verilmiş və elektron portalda həmin tarixdə işlənilmişdir. Lakin onun əmək müqaviləsinə elektron portalda xx.xx.2024–cü il tarixdə xitam verilmiş və xx.xx.2024–cü il tarixdə isə imzalanmışdır. Göründüyü kimi məktəb direktoru qanunun tələblərini kobud şəkildə pozaraq onu işdən azad etmişdir. Belə ki, ilkin olaraq ərizəni xx.xx.2023–cü il tarixdə vermiş, işdən çıxarılma əmri isə xx.xx.2023–cü il tarixdə çıxarılmışdır. Yəni, işdən çıxarılma əmri ərizənin verdiyi tarixdən 1 ay bir gün sonra verilmişdir. İkinci olaraq xx.xx.2023–cü il tarixdə verilmiş işdən çıxarılma əmri xx.xx.2024–cü il tarixdə elektron portala işlənilmiş və xx.xx.2024–cü il tarixdə imzalanmışdır. Üçüncü isə işdən çıxarılması ilə bağlı ona heç bir məlumat verilməmiş, həmin əmr isə xx.xx.2024–cü il tarixdə verilmiş, lakin əmək kitabçası ona verilməmiş və onun son haqq–hesabı aparılmamışdır. Qeyd olunanlardan göründüyü kimi məktəb direktoru onu qərəzli olaraq işdən azad etmişdir. Bu hal əmrin ona verilməməsi, işdən çıxması barədə elektron sistemdə məlumatın işlənilməsi, əmr və əmək kitabçasının ona verilməsi və işə götürənin onunla son haqq– hesab barədə heç bir hesabat aparmamasında öz təsdiqini tapmaqdadır. Onun işdən çıxarılma əmri xx.xx.2023–cü il tarixdə deyil, mart–aprel aylarında yazılmış və elektron sistemə həmin tarixdə işlənilmişdir. O, işinə bərpa olub yenidən işləmək niyyətindədir. Belə, ki, o, uzun müddətdir ki, həmin işdə işləyir və ailəsinin dolanışığını təmin edir. Odur ki, onun işdən çıxarılması ilə bağlı Şəmkir rayonu Kür qəsəbə H.Z.Tağıyev adına 2 saylı tam orta məktəbin xx.xx.2023–cü il tarixli 155 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki iş yerinə bərpa edilməsi və məcburi iş buraxılma dövrləri üçün əmək haqqının ödənilməsi haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə etdi, həmçinin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, 2006–cı ildən Şəmkir rayonu Kür qəsəbə H.Z.Tağıyev adına 2 saylı tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq işləyir. Ailə vəziyyətilə əlaqədar olaraq 2016–2023–cü illərdə analıq məzuniyyətində, sonradan qismən ödənişli sosial məzuniyyətlərdə olmuşdur. Zülfıqar adlı uşağnın səhhətində problemlər olduğundan uzun müddət onun müalicəsi ilə məşğul olmuş, bundan sonra işdən çıxmaq qərarına gəlmişdir. xx.xx.2023–cü il tarixdə öz istəyi ilə işdən çıxması barədə məktəbə ərizə təqdim etmişdir. Lakin sonradan ailəsinin təkidi ilə işə qayıtmaq barədə fikri dəyişmişdir. xx.xx.2023–cü il tarixdə direktor Nümayəndə3 ilə telefon əlaqəsi saxlayıb işdən çıxmamaq qərarına gəldiyini və ərizəsinin geri götürülməsini xahiş etmiş, həmçinin işə qayıtması ilə bağlı ikinci bir ərizə yazmaq üçün məktəbə gələcəyini bildirmişdir. Nümayəndə3 isə narahat olmamasını, heç bir ərizəyə ehtiyac olmadığını, bütün sənədləşməni özü yoluna qoyacağını, ona 16 saat dərs yazacağını bildirmişdir. O da məktəb direktoru Nümayəndə3 sözlərinə inanıb və etimad edib övladının müalicəsi ilə məşğul olmuşdur. Lakin 15 may 2024–cü il tarixdə məktəbə gəldiyi zaman direktor tərəfindən işdən çıxarılmasını bilmişdir. xx.xx.2024–cü il tarixdə ona əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023–cü il tarixli 155 saylı əmrdən çıxarış təqdim edilmişdir. Həmin əmr isə xx.xx.2024–cü il tarixdə onun yanında yazılaraq Şəmkir rayon Kür qəsəbə H.Z.Tağıyev adına tam orta məktəbin direktoru R.Rəfıyeva tərəfindən imzalanmış, sonra isə əmr kitabına yazılmışdır. Ona isə əmrin surəti deyil, əmrdən çıxarış təqdim edilmişdir. Göründüyü kimi işdən çıxma əmri 1 ay 1 gündən sonra çıxarılmışdır. Həmçinin, məktəb direktoru xx.xx.2023–cü il tarixdən növbədən kənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar olaraq məntəqə sədri kimi seçkilərə cəlb edildiyi üçün müvəqqəti olaraq direktor vəzifəsini məktəbin tədris (təlim– tərbiyə) işləri üzrə direktor müavini Aygün Hüseynova icra etmişdir. Lakin ona verilən əmrdən çıxarışa imza edən A.Hüseynova deyil, məktəb direktoru R.Rəfıyeva olmuşdur. Göründüyü kimi həmin vaxt əmri R.Rəfıyeva deyil, A.Hüseynova imzalamalı, ona əmrin surətini göndərməli, son haqq–hesabatın aparılması üçün məktəbə dəvət etməli olduğu halda, bunların heç biri edilməmişdir. İşdən çıxarılma əmri də dekabr ayında deyil, 2024–cü ilin mart– aprel aylarında verilmiş və elektron portalda həmin tarixdə işlənilmişdir. Göründüyü kimi məktəb direktoru qanunun tələblərini kobud şəkildə pozaraq onu işdən azad etmişdir. Belə ki, ilkin olaraq ərizəni xx.xx.2023–cü il tarixdə vermiş, işdən çıxarılma əmri isə xx.xx.2023–cü il tarixdə çıxarılmışdır. Yəni, işdən çıxarılma əmri ərizənin verdiyi tarixdən 1 ay bir gün sonra verilmişdir. İkinci olaraq xx.xx.2023–cü il tarixdə verilmiş işdən çıxarılma əmri xx.xx.2024– cü il tarixdə elektron portala işlənilmiş və xx.xx.2024–cü il tarixdə imzalanmışdır. Üçüncü isə işdən çıxarılması ilə bağlı ona heç bir məlumat verilməmiş, həmin əmrdən çıxarış isə xx.xx.2024–cü il tarixdə ona təqdim edilmişdir. Hesab edir ki, o əsassız şəkildə işdən azad edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi Nümayəndə1 əsasən nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Şəmkir rayon Kür qəsəbə 2 saylı H.Z.Tağıyev adına tam orta məktəbin direktoru Nümayəndə3 məhkəmə iclası zamanı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı xx.xx.2023–cü il tarixdə işdən azad edilməsi barədə ərizə təqdim etmiş, onun ərizəsi məktəbin vətəndaşların müraciəti haqqında kitabında xx.xx.2023–cü il tarixli 216 nömrəli ilə qeydiyyata alınmışdır. O, xx.xx.2023–cü il tarixdən növbədən kənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar olaraq məntəqə sədri kimi seçkilərə cəlb edildiyi üçün müvəqqəti olaraq direktor vəzifəsini məktəbin tədris (təlim–tərbiyə) işləri üzrə direktor müavini Aygün Hüseynova icra etmişdir. İddiaçı ərizəsində əsasən Aygün Hüseynova tərəfindən xx.xx.2023–cü il tarixdə məktəbin əmr kitabında 155 nömrəli əmr əsasında iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Lakin həmin tarixdə Aygün Hüseynovanın ƏMAS–da əməliyyat aparmaq üçün “ASAN İmza”sı olmadığı üçün əmək müqaviləsinə elektron portalda xx.xx.2024–cü il tarixdə onun tərəfindən xitam verilmiş, xx.xx.2024–cü il tarixdə isə həmin müqavilə imzalanmışdır. xx.xx.2024–cü il tarixdə isə əmək kitabçası İddiaçı təqdim edilmişdir. Hesab edir ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən heç bir qanun pozuntusuna yol verilməmiş, iddiaçı öz ərizəsinə əsasən işdən azad edilmişdir. Əksinə, iddiaçının ərizə verməsindən sonra əlavə 1 ay ona güzəşt edərək gözləmişlər, lakin iddiaçı ərizəsini geri götürməmişdir. Bundan sonra xx.xx.2023–cü il tarixli 155 nömrəli əmr əsasında iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Əlavə olaraq qeyd edir ki, iddiaçı ərizəsinin geri götürülməsi ilə bağlı ona müraciət etməmiş və buna görə onlar arasında heç bir telefon danışığı olmamışdır. Hesab edir ki, iddianın təmin edilməsinə heç bir əsas yoxdur. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Nümayəndə3 nümayəndəsi Nümayəndə2 əsasən nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə X4–Tovuz Regional Təhsil İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan əmək müqaviləsindən görünür ki, Şəmkir rayon Kür qəsəbə 2 saylı H.Z.Tağıyev adına tam orta məktəbin direktoru Nümayəndə3 ilə Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı arasından xx.xx.2016–cı il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və sonuncu həmin tarixdən etibarən məktəbdə işə başlamışdır. İşdə olan və xx.xx.2023–cü il tarixdə İddiaçı tərəfindən Şəmkir rayon Kür qəsəbə 2 saylı H.Z.Tağıyev adına tam orta məktəbin direktoru Nümayəndə3 yazılmış ərizədən görünür ki, o, azyaşlı uşaqlarının ana qayğısına ehtiyacı olduğu üçün öz istəyi ilə işdən azad edilməsini xahiş etmişdir. İşdə olan Şəmkir rayon Kür qəsəbə 2 saylı H.Z.Tağıyev adına tam orta məktəbin xx.xx.2023–cü il tarixli 155 nömrəli əmrindən çıxarışdan görünür ki, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı xx.xx.2023–cü il tarixli ərizəsi nəzərə alınmaqla, öz istəyinə əsasən məktəbin müəllimliyindən azad edilmişdir. İşdə olan “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, elektron portalda xx.xx.2024–cü il tarixdə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68–ci maddəsinin 2–ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş, xx.xx.2024–cü il tarixdə isə həmin bildiriş imzalanmışdır. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli arayışdan görünür ki, X2 2022–ci ilin may ayından "xxxx" MMC–də konsultasiya olunmuş və pasiyentdə psixoloji və nitq geriləməsi əlamətləri müşahidə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə X4–Tovuz Regional Təhsil İdarəsinin xx.xx.2024–cü il tarixli məktubundan görünür ki, Qazax–Tovuz Regional Təhsil İdarəsinin xx.xx.2023–cü il tarixli əmri ilə Şəmkir rayon Kür qəsəbə 2 saylı H.Z.Tağıyev adına tam orta məktəbin direktoru növbədən kənar Prezident seçkiləri ilə əlaqədar seçkiyə cəlb edildiyi üçün xx.xx.2023–cü il tarixdən xx.xx.2024–cü il tarixədək işdə olmadığı müddətdə direktor vəzifəsinin icrası məktəbin tədris (təlim–tərbiyə) işləri üzrə direktor müavini X3 müvəqqəti olaraq həvalə edilmişdir. İddiaçı xx.xx.2023–cü il tarixdə işdən azad edilməsi ilə bağlı məktəb rəhbərliyinə ərizə ilə müraciət etmiş və xx.xx.2023–cü il tarixli, 155 nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan və məktəb üzrə əmr kitabına dair jurnaldan çıxarışdan görünür ki, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı xx.xx.2023–cü il tarixli ərizəsi nəzərə alınmaqla, öz istəyinə əsasən məktəbin müəllimliyindən azad edilmişdir. İşdə olan və xx.xx.2024–cü il tarixdə Şəmkir rayon Kür qəsəbə 2 saylı H.Z.Tağıyev adına tam orta məktəbdə tərtib edilmiş aktdan görünür ki, İddiaçı əmək kitabçası təqdim olunsa da, o, əmək kitabçasını götürməkdən imtina etmiş, yalnız işdən çıxması ilə bağlı əmrin surətini götürmüşdür. Beləliklə, məhkəmə tərəflərin izahtlarının və iş materiallarına əlavə edilmiş sənədlərin məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı xx.xx.2016–cı il tarixdə Şəmkir rayon Kür qəsəbə 2 saylı H.Z.Tağıyev adına tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi işə başlamışdır. İddiaçı xx.xx.2023–cü il tarixdə məktəb rəhbərliyinə ərizə ilə müraciət edərək, öz istəyi ilə işdən azad edilməsini xahiş etmiş, xx.xx.2023–cü il tarixli 155 nömrəli əmrlə İddiaçı xx.xx.2023–cü il tarixli ərizəsi nəzərə alınmaqla, öz istəyinə əsasən məktəbin müəllimliyindən azad edilmişdir. Bundan sonra, yəni xx.xx.2024–cü il tarixdə İddiaçı əmək müqaviləsinə elektron portalda xitam verilmiş, xx.xx.2024–cü il tarixdə isə həmin bildiriş imzalanmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsaslanaraq hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə əmək müqaviləsinə xitam verilməsi əsaslarının, əmək müqaviləsinin xitam verilməsi haqqında əmrin məzmununun əmək qanunvericiliyinin tələblərinə uyğun olub–olmaması araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68–ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2–ci hissəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları sadalanmışdır. Həmin maddənin 2–ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə, “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarmasına, “c” bəndinə əsasən əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə, “ç” bəndinə əsasən müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar olaraq (bu Məcəllənin 63–cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), “d” bəndinə əsasən tərəflərin iradəsindən asılı olmayan hallara, “e” bəndinə əsasən tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallara görə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 69–cu maddəsində işçi tərəfindən, 70–ci maddəsində isə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları sadalanmışdır. Məhkəmə, hazırkı fərdi əmək mübahisəsinin predmetinin işçi tərəfindən əmək müqaviləsinin Əmək Məcəlləsinin 68–ci maddəsinin “a” bəndi ilə ləğv edilməsi ilə bağlı münasibətlər olduğunu nəzərə alaraq, belə qənaətə gəlir ki, mübahisənin düzgün həll edilməsi üçün Əmək Məcəlləsinin 69–cu maddəsində sadalanan əsasların olub–olmaması müəyyən edilməlidir. Belə ki, həmin Məcəllənin 69–cu maddəsinin 1–ci hissəsinin tələblərinə görə işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69–cu maddəsinin 2–ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq– hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69–cu maddəsinin 4–cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Məhkəmə işin müəyyən edilmiş hallarına və sadalanan hüquq normalarına əsasən hesab edir ki, işəgötürən qismində çıxış edən Şəmkir rayon Kür qəsəbə 2 saylı H.Z.Tağıyev adına tam orta məktəbin direktoru tərəfindən iddiaçının işdən azad edilməsinə, yəni əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə istinad etdiyi əsas, Əmək Məcəlləsinin 69–cu maddəsinin 1–ci və 4–cü hissələrində nəzərdə tutulmuşdur. İşin müəyyən olunmuş hallarından da görünür ki, iddiaçı xx.xx.2023–cü il tarixdə rəsmi qaydada ərizə ilə işəgötürənə müraciət edərək işdən azad olunmasını xahiş etmişdir. İddiaçı, həmçinin ərizə verdikdən dərhal sonra əmək funksiyalarını dayandırmış və işə gəlməmişdir. İddiaçının yerinə yetirdiyi vəzifə isə orta məktəbdə xüsusi əhəmiyyətə malik olmuşdur. Ona görə də işəgötürən tərəfindən iddiaçının ərizəsi nəzərə alınaraq əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin, qeyd edilməlidir ki, yuxarıda göstərilən qanun normasına əsasən müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Buna baxmayaraq, iddiaçı həmin müddət ərzində ərizəsini geri götürmək barədə məktəb rəhbərliyinə ərizə ilə müraciət etməmişdir. İddiaçı, xx.xx.2024–cü il tarixdə məktəbin direktoru ilə danışmasını bildirsə də, bununla bağlı mötəbər mənbədən əldə edilmiş sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, iddiaçı xx.xx.2023–cü il tarixdə öz sərbəst iradəsini ifadə etməklə öz istəyi ilə işdən çıxması barədə ərizə təqdim etmiş, bundan sonra o, məktəbə getməmiş və əmək haqqı almamışdır. Bu isə ona dəlalət etmişdir ki, iddiaçı işdən çıxması halını qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Şəmkir rayon Kür qəsəbə 2 saylı H.Z.Tağıyev adına tam orta məktəbin direktoru Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslara uyğun olaraq və müəyyən edilmiş qaydaların tələblərinə əməl edərək iddiaçının əmək müqaviləsinə xitam vermişdir. Göstərilənlərə əsasən məhkəmə, həmçinin hesab edir ki, iddia tələbi əsassızdır və işəgötürən tərəfindən iddiaçı ilə əmək münasibətlərinin ləğv edilməsi Əmək Məcəlləsinin 68–ci maddəsinin 2–ci bəndinin «a» bəndinə uyğundur, iddiaçı işdən çıxarılarkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 71,79, 80, 84, 187 və 189–cu maddələrinin tələblərinə əməl edilmişdir. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinə dair cavabdeh Şəmkir rayon Kür qəsəbə 2 saylı H.Z.Tağıyev adına tam orta məktəbin direktorunun xx.xx.2023–cü il tarixli 155 nömrəli əmri qanuni və əsaslıdır. Məhkəmə öz qəaətini onunla əsaslandırır ki, cavabdeh tərəf iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmr verərkən, qanunun tələblərinə əməl etmiş və əmək müqaviləsinin ləğv edilməsi qaydalarını tənzimləyən Əmək Məcəlləsinin 68–ci və 69–cu maddələrində göstərilən əsaslar iddiaçıya münasibətdə tam şəkildə mövcud olmuşdur. Məhkəmə işin müəyyən olunmum hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının öz ərizəsinə əsasən tutduğu vəzifədən azad olunması barədə Şəmkir rayon Kür qəsəbə 2 saylı H.Z.Tağıyev adına tam orta məktəbin direktorunun xx.xx.2023–cü il tarixli 155 nömrəli əmri qanuni və əsaslıdır. Ona görə də iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki–Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki– Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə X4–Tovuz Regional Təhsil İdarəsinə və Şəmkir rayon Kür qəsəbə 2 saylı H.Z.Tağıyev adına tam orta məktəbin qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar