Məhkəmə qərarları › İş №2(076)-294/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-294/2023

15.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-294/2023 15.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı Şəmkir rayon X1 Cavabdeh qarşı torpağın zəbtdən azad edilməsi, şiferin sökülməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Şəmkir rayon X4 Cavabdeh qarşı torpağın zəbtdən azad edilməsi, şiferin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonu Dəllər-Cəyir kəndindən, Dəllər-Cırdaxan kəndinə gedən yolun sağ hissəsində yerləşən bələdiyyə mülkiyyəti olan, ümumi istifadə örüş torpaq sahəsini Cavabdeh zəbtindən azad edilməsi və qanunsuz tikilmiş dəmir şiferini cavabdehin vəsaiti hesabına sökülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şəmkir rayonu Dəllər-Cəyir kəndindən, Dəllər-Cırdaxan kəndinə gedən yolun onarında yerləşən, Dəllər-Cəyir bələdiyyəsinin mülkiyyəti olan, ümumi istifadə orüş torpaq sahəsidir. Cavabdeh bələdiyyənin mülkiyyəti olan, ümumi istifadə örüş torpaq sahəsinin 0.08 hektar torpaq sahəsini zəbt edərək dəmir şiferlə hasara almışdır. Ümumi istifadədə olan 0.08 ha örüş torpaq sahəsinin cavabdeh könüllü qaydada azad edilməsi məqsədi ilə dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilmiş, lakin o qanunsuz hərəkətlərini davam etmişdir. Cavabdehin dəmir şiferlə hasara aldığı ümumi istifadədə olan 0.08 ha örüş torpaq səhəsini zəbtdən azad edilməsi üçün şiferin sökülməsi üçün tədbir görülməsini xahiş edirlər. Cavabdehlə dəfələrlə danışıqlar aparılmasına baxmayaraq, o torpaq sahəsini zəbtdən azad etməyəcəyini və dəmir şiferin sökməyəcəyini bildirmişdir. Cavabdeh bələdiyyənin mülkiyyəti olan, ümumi istifadə örüş torpaq sahəsini 2 aydan artıqdır ki, özbaşına tutaraq qeyri - qanuni istifadə edir. Cavabdeh ona torpaq sahəsinin ayrılması barədə bələdiyyəyə müraciət etməmiş, bələdiyyənin qərarı ilə həmin ərazidə ona torpaq sahəsi ayrılmamışdır. Cavabdeh qanunun tələblərini kobud şəkildə pozmuşdur. Onun zəbt etdiyi ümümi istifadədə olan örüş torpaq sahəsini əvvəlki vəziyyətinə qaytarılmalıdır. Məhkəmə iclasında iddiaçı Şəmkir rayon X1 sədri X5 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia tələbində göstərilən həmin torpaq sahəsinin xəritəsi və Şəmkir rayon X1 mülkiyyətində olmasına dair onlarda heç bir sənəd yoxdur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, istifadəsində olan toraq sahəsini zəbt etməmişdir. Onun istifadəsində olan torpaq uzun illərdir onun istifadəsindədir və həmin torpaq sahəsinin qonşuluğunda 8 nəfərin istifadəsində olan torpaq sahələri var və onlarda onun kimi eyni istiqamətdə şiferlə torpaq sahəsinin ətrafını hasarlayıblar. O, heç bir torpaq sahəsini zəbt etməmişdir və həmin ərazinin bələdiyyə torpağı olması barədə ona rəsmi olaraq bildirilməmişdir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İşdə olan Şəmkir rayon X4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh zəbt etdiyi örüş torpaq sahəsini azad edərək Bələdiyyə geri qaytarılması xahiş olunmuşdur. Məhkəmə iş üzrə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçının qeyd edilən torpaq sahəsinə hüququ olmasını və tələbinin əsaslılığını təsdiq edən sübutları təqdim etmədiyindən iddiası rədd edilməlidir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər (Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri). Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Eyni zamanda, Konstitusiyanın 29-cu maddəsinin Vİ hissəsində müəyyən edilmişdir ki, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Mülki Məcəllənin 6-cı maddəsi mülki qanunvericiliyin mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı, mülki hüquqların məhkəmə müdafiəsi və s. prinsiplərini təsbit etmişdir. Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Mülki Məcəllənin mülkiyyət hüququnun anlayışını və məzmununu müəyyən edən 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keşməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir; Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir; Аzərbаycаn Rеspublikаsı Tоrpаq Məcəlləsinin 5-ci mаddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Аzərbаycаn Rеspublikаsı Tоrpаq Məcəlləsinin 47-ci mаddəsinin 2-ci və 3-cü hissələrinə görə bələdiyyə mülkiyyətinin torpaqları mumi istifadədə olan torpaqlar, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlar və ehtiyat fondu torpaqlarına ayrılır. Həmin Məcəllənin 47-ci maddəsinin 7-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır, çünki iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Hazırkı iş üzrə isə iddiaçının mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilərək tikinti işləri görülməsini bildirməsinə baxmayaraq, göstərilən ərazinin ümumi istifadədə olan örüş torpaq sahəsi olması, ümumiyyətlə iddiaçının mülkiyyətində olan torpaq sahəsi olması, cavabdeh tərəfindən zəbt edilərək tikinti işlərinin görüldüyü ərazinin Şəmkir Bələdiyyəsinin mülkiyyətində olan örüş torpaq sahəsi olmasına dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş, ümumiyyətlə sözügedən torpaq sahəsinin hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, Şəmkir rayon X1 hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisə etdiyi torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Şəmkir rayon X1 Cavabdeh qarşı torpağın zəbtdən azad edilməsi, şiferin sökülməsi tələbinə dair iddiası subyektiv hüquq olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, qətetdi: İddiaçı Şəmkir rayon X1 Cavabdeh qarşı torpağın zəbtdən azad edilməsi, şiferin sökülməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən. Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar