Məhkəmə qərarları › İş №2(076)-3033/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3033/2024

07.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3033/2024 07.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı və onun nümayəndəsi Nümayəndə Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “Aliment borcunun silinməsi, uşaq və aliment tələbi”nə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “Aliment borcunun silinməsi, uşaq və aliment tələbi”nə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2375/2023 saylı qətnaməsi ilə cavabdehin himayəsində saxlanması müəyyən edilmiş xx.xx.2012-ci il təvəllüdlü Zirəddin adlı uşaqlarının onun himayəsində olmasının müəyyən edilməsi və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay uşaq üçün 200 manat sabit pul məbləğində alimentin tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2012-ci il təvəllüdlü Zirəddin adlı uşaqlarının xx.xx.2024-cü il tarixdən onun himayəsində olmasının müəyyən edilməsi və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay uşaq üçün 200 manat sabit pul məbləğində alimentin tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, keçmiş arvadıdır, onunla nikahlarını xx.xx.2008-ci il tarixdə rəsmiləşdirməklə evlənib ailə qurmuşlar. Cavabdehlə birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü Röya, xx.xx.2008-ci il təvəllüdlü Səbinə və xx.xx.2012-ci il təvəllüdlü Zirəddin adlı uşaqları olmuşdur. Cavabdehlə ailə münasibəti pozulmasına görə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-2375/2023 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından olmuş xx.xx.2006-cı il təvəllüdlü Röya, xx.xx.2008-ci il təvəllüdlü Səbinə və xx.xx.2012-ci il təvəllüdlü Zirəddin adlı uşaqları cavabdehin himayəsinə verilməsi, xx.xx.2023-cü il tarixdən başlayaraq həmin uşaqlarının yetkinlik yaşına çatanadək maddi cəhətdən saxlanmaları üçün hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləgində alimentin ondan alınıb cavabdehə verilməsi qət edilmişdir. Ancaq xx.xx.2012-ci il təvəllüdlü Zirəddin adlı uşaqları 2024-cü ilin aprel ayının 26-dan onun himayəsindədir. Dəfələrlə təkid etsə də, Zirəddin adlı uşağı anasının deyil onun himayəsində yaşamaq istəməsini bildirdiyinə görə həmin vaxtdan hal-hazıradək onun himayəsindədir. Bu barədə Mehrili kəndi üzrə İƏD-nin xx.xx.2024-cü il tarixli 78 saylı arayışını ərizəsinə əlavə edir. Uşaqların maddi və mənəvi tələblərinin təmin edilməsi, onların normal şəraitdə tərbiyə edilərək cəmiyyətə təhvil verilməsi üçün valideynlərin üzərinə tələblər qoyulmuşdur. Bu baxımdan o, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi üzrə cavabdehin himayəsinə verilmiş oğlu, Zirəddinin anasının himayəsində yaşamasına cəhd etməyinə baxmayaraq oğlu, Zirəddin heç bir halda buna razı olmadığını, zor tətbiq etməklə anasının himayəsinə verəcəyi halda özünə intihar edəcəyini açıq bildirdiyinə görə onun iradəsinin təmin edilməsi, yəni ailə qanunvericiliyinin tələblərinə müvafiq olaraq uşaqlarla bağlı münasibətlərin zamana müvafiq olaraq dəyişən münasibətlər olmasına əsasən, xx.xx.2012-ci il təvəllüdlü Zirəddin adlı uşaqlarının onun himayəsində olmasının müəyyən edilməsi və himayəsində olan Zirəddin adlı uşaqlarının maddi cəhətdən saxlanması üçün cavabdehdən aliment tələbinə dair hazırkı iddianı qaldırmalı olmuşdur. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edərək izahatında göstərdi ki, 26 aprel 2024-cü il tarixdən azyaşlı uşağı X3 onun yanında yaşayır, uşaq özü anasını istəmir, o nə qədər uşağa izah etsə də, anasının yanında qalması ilə razılaşmır. Ona görə ki, cavabdeh uşaqları ilə kobud davranmış, daha sonra uşaqları onun yanına gəlmiş və onunla birlikdə yaşayır. Bu səbəbdən uşağın onun himayəsində olmasının müəyyən edilməsini istəyir. Həmçinin qeyd edir ki, maddi imkanı olmadığından uşağın tələbatlarını təkbaşına qarşılaya bilmir. Belə ki, onun əlavə hər hansı gəliri və ya gəlir gətirən əmlakı yoxdur. Həmçinin, digər iki uşaqlarının saxlanması üçün cavabdehə hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində aliment ödəyir. Odur ki, izahatında göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi Nümayəndə iddiaçının izahatına uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Üçüncü şəxs Şəmkir Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X6 qanuni qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 iştirakı ilə məhkəmə iclası zamanı dindirilmiş Zirəddin adlı uşaq izahatında göstərdi ki, atası və anası ayrıldıqdan sonra bir müddət anasının yanında qalsa da, 6-7 ay olar ki, atasının yanında yaşayır. Ona görə ki, anası onunla kobud rəftar etmiş, bu səbəbdən atasının yanına gəlmişdir. 2024-cü ilin aprel ayından atası ilə birlikdə yaşayır və bundan sonra da atası ilə yaşamaq niyyətindədir. Çünki atası anasına münasibətdə onunla daha yaxşı davranır, ona qayğı, nəzakət göstərir, bütün problemləri ilə yaxından məşğul olaraq onun tələbtalarını qarşılayır. Cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə, Qurbanova Rüsxarə qızının birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli 2(076)– 2375/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə, Qurbanova Rüsxarə qızı arasında xx.xx.2008–ci il tarixdə Şəmkir rayon Mehrili kənd İƏD üzrə nümayəndəliyində bağlanmış və 10 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydinin pozulması, boşanmadan sonra tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X5 adlı uşağın cavabdeh Qurbanova Rüsxarə qızının yanında qalması qət edilmişdir. İşdə olan Mehrili kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X5 adlı uşaq İddiaçı himayəsində olmaqla həmin kənddə yaşayır. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı tərəflər arasında mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, tərəflər faktiki olaraq evlənməklə, xx.xx.2008–ci il tarixdə rəsmi nikah bağlamışdır. Tərəflərin birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü Röya, xx.xx.2008-ci il təvəllüdlü Səbinə və xx.xx.2012-ci il təvəllüdlü Zirəddin adlı uşaqları olmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-2375/2023 saylı qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü Röya, xx.xx.2008-ci il təvəllüdlü Səbinə və xx.xx.2012-ci il təvəllüdlü Zirəddin adlı uşaqları cavabdehin himayəsinə verilməsi, xx.xx.2023-cü il tarixdən başlayaraq həmin uşaqlarının yetkinlik yaşına çatanadək maddi cəhətdən saxlanmaları üçün hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləgində alimentin ondan alınıb cavabdehə verilməsi qət edilmişdir. Ancaq xx.xx.2012-ci il təvəllüdlü Zirəddin adlı uşaq 2024-cü ilin aprel ayının 26-dan iddiaçının himayəsində yaşayır. Belə olan halda məhkəmə ilk öncə hesab edir ki, iddianın “uşağın himayədə olmasının müəyyən edilməsi” hissəsi əsaslı olduğundan təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü X5 adlı uşağın hal-hazırda atası–İddiaçı yanında olması qalması müəyyən edilməlidir. Məhkəmə bu qənaətə gələrkən həm də, uşağın məhkəmə iclası zamanı verdiyi izahatlarında göstərilənləri də əsas tutur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52–ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib– keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2012-ci il təvəllüdlü X5 adlı uşaq atası X1 himayəsində olduğundan, məhkəmə iclası zamanı da atası ilə birlikdə yaşamaq istədiyini bildirdiyindən atasının himayəsində qalmasını daha məqsədəuyğun hesab edilir və iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə tələbin alimentlə bağlı hissəsini araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçının aliment tələbi təmin olunmamalıdır. Belə ki, iddiaçının uşağa münasibətdə aliment tələbi haqlı deyildir, onun tələb etdiyi miqdarda alimentin alınması cavabdehin real maddi və əmlak vəziyyəti ilə uzlaşmır. Ona görə də iddia həmin hissədə təmin olunmamalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1–ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri–müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Odur ki məhkəmə cavabdeh tərəfin maddi və ailə vəziyyətini, iki azyaşlı uşağın himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay uşaq üçün sabit pul məbləğində alimentin alınması cavabdehi əlverişsiz vəziyyətə salır. Məhkəmə, həmçinin hesab edir ki, cavabdehin daha yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı məhkəmə iclasında sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddianın alimentə dair hissəsi təmin oluna bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü Zirəddin adlı uşağın 26 aprel 2024-cü il tarixdən İddiaçı himayəsində yaşaması müəyyən edilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar