Məhkəmə qərarları › İş №2(076)-31/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-31/2025

03.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-31/2025 03.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı Roma oğlunun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Roma oğlunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin naturada ayrılıb təhvil verilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Roma oğlu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüququ şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli, **********34-10301 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" əsasında paylı mülkiyyətdə olan, ünvan 1 ünvanda, yeni qaydalarla: ünvan 2da yerləşən 345.30 kv.m. fərdi yaşayış evindəki və evin yerləşdiyi 0.25 ha həyətyanı torpaq sahəsindəki 1/3 hissə payının naturada ayrılıb ona təhvil verilməsinə və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-782/2022 saylı, 31 mart 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)- 1773/2021 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin edilməsi, məhrum X1 miras qalmış əmlaka görə Şəmkir rayon notariat kontorunda tərtib edilmiş 13 fevral 2013-cü il tarixli 2v- 01-78 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, mərhum X3 miras qalmış əmlaka görə Şəmkir rayon notariat kontorunda tərtib olunmuş 13 fevral 2013-cü il tarixli 2v-01-76 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, miras payın bağışlanmasına dair 13 fevral 20213-cü il tarixli müqavilə və daşınmaz əmlakın bağışlanması haqqında 28 iyul 2013-cü il tarixli 4ǝ-1240 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarışın ləğv olunması, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 345.2 kv.m. olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0.25 ha torpaq sahəsindən ibarət miras əmlakın X4, İddiaçı Roma oğlu və Cavabdeh2 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlak üzərində X2, İddiaçı Roma oğlunun və Cavabdeh2 hər birinin payının 1/3 hissədə müəyyən edilməsi qət edilmişdir. Qətnamədən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 noyabr 2022-ci il tarixli, 2(102)-4417/2022 saylı qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-782/2022 saylı, 31 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qanuni qüvvəsini almışdır. Bundan sonra mənim müraciətim əsasında Şəmkir rayonu, Qaracəmirli kəndi, Füzuli küçəsi, 37, Yeni qaydalarla: ünvan 4 ünvanda yerləşən 345.30 kv.m. fərdi yaşayış evinə və 0.25 ha torpaq sahəsinə dair hər üçünün adına 1/3 hissə olmaqla ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli, **********34-10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və eyni nömrəli Fərdi yaşayış evinin texniki pasportu verilmişdir. O cavabdehlərə könüllü şəkildə sözügedən çıxarış əsasında paylarının naturada bölünməsini təklif etmişdir. Lakin cavabdehlərlə 1/3 hissədə paylar müəyyən olunmuş fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin naturada bölünərək ayrılmasında razılığa gələ bilmirlər. Hazırda paylı mükiyyətin ona düşən hissəsindən tam istifadə edə bilmir. Odur ki, fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin ona düşən hissəsinin naturada ayrılıb təhvil verilməsini istəmişdir. Qeyd edilənlərə əsasən Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüququ şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli, **********34-10301 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" əsasında paylı mülkiyyətdə olan, ünvan 1 ünvanda, yeni qaydalarla: ünvan 2da yerləşən 345.30 kv.m. fərdi yaşayış evindəki və evin yerləşdiyi 0.25 ha həyətyanı torpaq sahəsindəki 1/3 hissə payının naturada ayrılıb ona təhvil verilməsinə və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Roma oğlunun nümayəndə və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, naturada bölgü mümkün olmadığı halda iddiaçının payının dəyəri kimi kompensasiya ödənilməsini tələb etmədiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək əmlakın bölünməsinə razı olmadığını, hazırda həmin fərdi yaşayış evində qalmasını və birinci ekspertiza rəyində torpaq sahəsinin yeganə küçəyə nəqliyyat yolu çıxışı iddiaçının payına aid hissədə qaldığından iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək izahatında bildirdi ki, qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi həyətdə ona məxsus ona aid hissədə istilikxana və eyni zamanda ailəsini saxlamaq üçün təsərrüfatı vardır. Həmin təsərrüfatı saxlamaq üçün onun bir neçə kombayn və nəqliyyat vasitələri vardır. Ekspertizanın birinci rəyində fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən küçəyə nəqliyyat vasitəsi çıxışı iddianın payına aid hissədə qalır. Ona aid hissəyə isə çox kiçik bir nəfərlik piyada çıxışı qoyulur ki, həmin küçəyə çıxış isə onun mülkiyyətində olan nəqliyyat vasitələrindən istifadəsini məhdudlaşdırır. Belə olan halda ona aid hissədə küçəyə nəqliyyat vasitəsi çıxışı olduğu halda naturada bölgüyə razıdır. Bundan başqa iddiaçının payına aid hissənin kompensasiyasını ödəməyə razıdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli, **********34-10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0,25 ha torpaq sahəsi və 345.30 kvadratmetr fərdi yaşayış evi hər birinin 1/3 hissə payı olmaqla İddiaçı Roma oğlunun, X2 və Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-4417/2022 saylı qərarından görünür ki, Cavabdeh2 tərəfində verilmiş kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-782/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texnikası ekspertizasının xx.xx.2023cü il tarixli, 10/6150 nömrəli rəyindən görünür ki, ünvan 5 ünvanda, yeni qaydalarla: ünvan 2ında yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin 1/3 hissəyə naturada bölünməsi texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texnikası ekspertizasının 07 noyabr 2024-cü il tarixli, 10/3894 nömrəli rəyindən görünür ki, ünvan 5 ünvanda, yeni qaydalarla: ünvan 2ında yerləşən torpaq sahəsinin faktiki (mövcud) vəziyyətini, planlı yerləşməsini və digər texniki göstəricilərini (giriş-çıxış qapısının bir ədəd olduğunu, üç tərəfdən qonşu sahələrlə, bir tərəfdən küçə ilə əhatə olunduğunu) nəzərə alaraq, tədqiq olunan həyətyanı torpaq sahəsinin tərəflərin 1/3 hissə payının hər birinə avtomobil giriş-çıxış üçün darvaza yeri nəzərə alınmaqla bölgüsü (istifadə qaydasının müəyyən edilməsi) Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin "Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması"nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərin tələblərinə müvafiq olaraq texniki mümkün deyildir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ünvan 2ında yerləşən mübahisəli fərdi yaşayış evi altındakı torpaq sahəsi ilə birlikdə hər birinin 1/3 hissə payı olmaqla İddiaçı Roma oğlunun, X2 və Cavabdeh2 paylı mülkiyyətindədir. Həmin əmlakda iddiaçının 1/3 hissədə, cavabdehlərin isə hər birinin 1/3 hissədə paylı mülkiyyət hüququ vardır. Hazırda İddiaçı Roma oğlu ona məxsus 1/3 hissədə payın naturada ayrılmasını tələb edir. Eyni zamanda iddiaçının nümayəndəsi iddiaçının payının dəyəri kimi kompensasiya ödənilməsini tələb etmədiyini bildirmişdir. Cavabdeh2 mülkiyyətində ağır texnika maşınlarının olmasını bildirərək torpaq sahəsi və fərdi yaşayış evindən ona ayrıca piyada və nəqliyyat yolu verilmədiyi halda naturada bölgüsünə razı olmadığını, digər cavabdeh X4 isə ümumiyyətlə naturada bölgüyə razı olmadığını bildirmişdir. Məhkəmə tərəfindən tikinti texniki ekspertiza təyin edilmiş, xx.xx.2023-cü il tarixli ekspertiza rəyində hər birinə ayrıca nəqliyyat yolu verilməməklə naturada bölünməsinin mümkün olması qeyd edilmiş, məhkəmə tərəfindən yerli baxış keçirilmiş, baxış zamanı xx.xx.2023-cü il tarixli ekspertiza rəyində qeyd edilmiş bölgü zamanı cavabdehlərə küçəyə nəqliyyat yolu nəzərdə tutulmaması, küçəyə nəzərdə tutulmuş yeganə nəqliyyat yolu çıxışının iddiaçıya aid hissədə qalması müəyyən edilmişdir. Bundan sonra ekspertiza təyin edilmiş və xx.xx.2024-cü il tarixli ekspertiza rəyində isə mülkiyyətçilərin hər birinə ayrıca nəqliyyat yolu nəzərdə tutulmaqla bölgüsü mümkün olmaması qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 220-ci maddəsində deyilir ki, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2024-cü il tarixli qərardadına əsasən Birinci mərhələ üzrə məhkəmə tərəfindən ilk növbədə iddiaçının əşya üzərində mülkiyyət hüququndakı payının naturada bölgüsünün mümkün olub-olmadığı, ayrılan payın vahid daşınmaz əşya konsepsiyasına uyğun gəlib-gəlmədiyi istiqamətində araşdırma aparılmalıdır. Əşyanın xüsusiyyətləri nəzərə alınmaqla onun naturada bölgüsünün aşkar surətdə mümkünsüzlüyü halında məhkəmə hər hansı əlavə araşdırma aparmadan bu mərhələnin yoxlanılmasını yekunlaşdırmaqla, iddiaçının istəyinə uyğun olaraq ikinci mərhələyə keçid etməlidir. Göründüyü kimi, payın naturada ayrılması mümkün olmadıqda ikinci mərhələ üzrə məhkəmə araşdırmasının aparılması iddiaçının iradəsindən asılı olmaqla, yalnız o, digər mülkiyyətçilərdən payının dəyəri kimi ona kompensasiyanın ödənilməsini tələb etdiyi halda mümkündür. İddiaçı payının dəyəri kimi kompensasiya ödənilməsini tələb etmədiyi halda isə məhkəmə araşdırması yekunlaşdırılmaqla ümumi mülkiyyətdən payın naturada ayrılması barədə iddiası rədd olunmalı və ona gələcəkdə ikinci mərhələdən başlanmaqla müvafiq ardıcıllıq üzrə iddia qaldırmaq hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Roma oğlunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin naturada ayrılıb təhvil verilməsi” tələbi barədə iddiası rədd edilməli, gələcəkdə ikinci mərhələ olan mülkiyyətçilərdən payının dəyəri kimi ona kompensasiyanın ödənilməsini tələb etməklə müvafiq ardıcıllıq üzrə iddia qaldırmaq hüququ izah edilməlidir. Belə ki, tərəflərin, yəni paylı mülkiyyətçilərin hər birinin mübahisəli əmlakdan istifadə hüquqları vardır. Lakin, tərəflər ümumi paylı mülkiyyətdə olan evə sahiblik və ondan istifadə barədə razılığa gələ bilmirlər. Həmçinin paylı mülkiyyətçilər tərəfindən mülkiyyətin öz aralarında bölünməsində də razılıq əldə edilməmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının xx.xx.2023-cü il tarixli nəticəsinə görə mübahisəli əmlakın iddiaçının payına müvafiq olaraq naturada ayrılması da mümkün olması qeyd edilsə də, mümkün bölgü cavabdehlərə düşən hissədən küçəyə nəqliyyat yolunun (darvazanın) verilməsi qeydi mümkündür. Belə ki, qeyd edilən bölgü əsasında fərdi yaşayış evindən küçəyə nəqliyyat və piyada yolu yalnız iddiaçıya aid hissədə qalır, cavabdehlərə düşən hissədə isə yalnız fərdi yaşayış evindən küçəyə piyada çıxışı qalır. Belə olan halda cavabdehlər qeyd edilən bölgü ilə razılaşmayaraq onlara aid nəqliyyat vasitələrinin, eyni zamanda ona aid hissədə qalan istilikxanın suvarılması üçün nəqliyyat vasitələrinin həyətə girişi mümkün olmayacağını bildirmişdir. Bundan sonra təkrar ekspertiza təyin edilmiş, ekspertiza tədqiqatının xx.xx.2024-cü il tarixli nəticəsinə görə isə mülkiyyətçilərin hər birinə ayrıca nəqliyyat yolu nəzərdə tutulmaqla bölgüsü mümkün olmaması qeyd edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinə iddiaçının payının dəyəri kimi kompensasiya ödənilməsini tələb edilib edilməməsi təklif edilmiş, iddiaçının nümayəndəsi payının dəyəri kimi kompensasiya ödənilməsini tələb etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin göstərişinə görə hakim işdə iştirak şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. İdidaçı yalnız əmlakda olan payının naturada ayrılmasını tələb etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə təsdiq olunur ki, bu tələbi təmin etmək mümkün deyil. Bundan başqa, MPM-in 115.0.1-ci maddəsinin tələbinə görə, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyindən məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul iddiaçıdan tutalaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Roma oğlunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin naturada ayrılıb təhvil verilməsi” tələbi barədə iddiası rədd edilsin və gələcəkdə ikinci mərhələ olan mülkiyyətçilərdən payının dəyəri kimi ona kompensasiyanın ödənilməsini tələb etməklə müvafiq ardıcıllıq üzrə iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul İddiaçı Roma oğlundan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar