Məhkəmə qərarları › İş №2(076)-3157/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3157/2024

30.09.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3157/2024 30.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı, onun nümayəndəsi Vəkil Cavabdeh: Şəmkir rayon Zəyəm–Cırdaxan kənd Coşqun Abdıyev adına tam orta məktəbin direktoru Cavabdeh iştirakı ilə İddiaçı cavabdeh Şəmkir rayon Zəyəm–Cırdaxan kənd Coşqun Abdıyev adına tam orta məktəbin qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Şəmkir rayon Zəyəm–Cırdaxan kənd Coşqun Abdıyev adına tam orta məktəbin direktoru Cavabdeh qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tək qadın olaraq Şəmkir rayonu Zəyəm–Cırdaxan kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayır. O, 1982–1985–ci illərdə X1 ibtidai sinif müəllimi ixtisası üzrə təhsil almışdır. 1985– ci ilin yayında həmin texnikomu bitirdikdən sonra xx.xx.1985–ci il tarixdən 2 nömrəli Zəyəm–Cırdaxan kənd orta məktəbində ibtidai sinif müəllimi olaraq pedoqoji fəaliyyətə başlamışdır. Həmin vaxtdan etibarən orta məktəbdə müəllim işləmişdir. 1995–ci ildən pedoqoji fəaliyyət göstərdiyi 2 nömrəli Zəyəm–Cırdaxan kənd orta məktəbinin adı dəyişdirilərək Coşqun Abdıyev adına tam orta məktəb olmuşdur. O, uzun illərdir eyni məktəbdə ibtidai sinif müəllimi olaraq fəaliyyət göstərmiş, fəaliyyət göstərdiyi müddətdə nə məktəbin kollektivi arasında, nə də ki, pedoqoji fəaliyyəti ilə bağlı heç bir narahatçılıqları olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020–ci il tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” təsdiq edilmişdir. Həmin Qaydalara əsasən 23 iyun 2023–cü il tarixdə ibtidai sinif müəllimlərinin sertifikatlaşdırma imtahanı keçirilmişdir. O, həmin imtahanda 29 bal topladığı üçün onun 1 il müddətində iş yeri saxlanılmışdır. Sertifikasiyadan keçməyən ibtidai sinif müəllimləri üçün 08 iyun 2024–cü il tarixdə təkrar sertifikatlaşdırma imtahanı təyin edilmişdir. Lakin o, səhhətində olan narahatçılıqlarla bağlı 01 iyun 2024– cü il tarixdə Bakı şəhərində yerləşən "xxxx" xəstəxanasına müraciət etmiş, xx.xx.2024–xx.xx.2024–cü il tarixlərdə həmin xəstəxanada stasionar müalicə olunduqdan sonra ambulator müalicə olunmaq üçün səhhəti kafi vəziyyətdə evə buraxılmışdır. xx.xx.2024–xx.xx.2024–cü il tarixlərdə stasionar, xx.xx.2024–xx.xx.2024–cü il və xx.xx.2024–xx.xx.2024–cü il tarixlərdə ambulator müalicələrdə olduğundan həmin tarixlərdə işdən azad edilmişdir. Səhhəti ağır vəziyyətdə olduğundan, həmçinin həmin vaxt ambulator müalicədə olduğuna görə 08 iyun 2024–cü il tarixdə təkrar sertifikatlaşdırma imtahanında üzrlü səbəbdən iştirak edə bilməmişdir. Lakin, onun təkrar sertifikatlaşdırma imtahanında üzrlü səbəbdən iştirak edə bilmədiyi nəzərə alınmadan o, Şəmkir rayon Zəyəm–Cırdaxan kənd Coşqun Abdıyev adına tam orta məktəbin direktoru Cavabdeh xx.xx.2024–cü il tarixli, 69 nömrəli əmri ilə təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70–ci maddəsinin “C” bəndinə əsasən ləğv edilmişdir. Hazırda barəsində olan həmin əmri əsassız hesab edir. Belə ki, o, 08 iyun 2024–cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırma imtahanında üzrlü səbəbdən–həmin vaxt səhhətində olan ciddi narahatçılıqlar səbəbindən stasionar və ambulator müalicələrdə olduğu üçün iştirak etməmişdir. Lakin, onun təkrar sertifikatlaşdırma imtahanında üzrlü səbəbdən iştirak etməməyi nəzərə alınmadan onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Həmçinin, qeyd edir ki, “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”–nın 1.5–ci bəndinə əsasən 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Onun isə 10 aprel 2024–cü il tarixdə 60 yaşı tamam olmuşdur. O, 2023–cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanından keçə bilməsə də, hesab edir ki, 10 aprel 2024–cü ildə 60 yaşı tamam olduğundan təkrar sertifikatlaşdırma imtahanında iştirakının da könüllü olması nəzərə alınmalı idi. Hesab edir ki, onun 60 yaşı tamam olduğu halda, həmçinin üzrlü səbəbdən təkrar sertifikatlaşdırma imtahanında iştirak edə bilməməyi onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi üçün əsas deyildir. Odur ki, Şəmkir rayon Zəyəm–Cırdaxan kənd Coşqun Abdıyev adına tam orta məktəbin direktoru Cavabdeh tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli, 69 nömrəli əmrin ləğv edilməsi və onun Şəmkir rayon Zəyəm–Cırdaxan kənd Coşqun Abdıyev adına tam orta məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilməsi haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə etdi, həmçinin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, xx.xx.1985–ci il tarixdən Şəmkir rayon Zəyəm–Cırdaxan kənd Coşqun Abdıyev adına tam orta məktəbində ibtidai sinif müəllimi kimi işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020–ci il tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən 23 iyun 2023–cü il tarixdə ibtidai sinif müəllimlərinin sertifikatlaşdırma imtahanı keçirilmiş, o, həmin imtahanda 29 bal topladığı üçün onun 1 il müddətində iş yeri saxlanılmışdır. Sertifikasiyadan keçməyən ibtidai sinif müəllimləri üçün 08 iyun 2024–cü il tarixdə təkrar sertifikatlaşdırma imtahanı təyin edilmişdir. Lakin o, səhhətində olan narahatçılıqlarla bağlı 01 iyun 2024–cü il tarixdə Bakı şəhərində yerləşən "xxxx" xəstəxanasına müraciət etmiş, xx.xx.2024–xx.xx.2024–cü il tarixlərdə həmin xəstəxanada stasionar müalicə olunduqdan sonra ambulator müalicə olunmaq üçün səhhəti kafi vəziyyətdə evə buraxılmışdır. xx.xx.2024– xx.xx.2024–cü il tarixlərdə stasionar, xx.xx.2024–xx.xx.2024–cü il və xx.xx.2024–xx.xx.2024–cü il tarixlərdə ambulator müalicələrdə olmuşdur. Səhhəti ağır vəziyyətdə olduğundan, həmçinin həmin vaxt ambulator müalicədə olduğuna görə 08 iyun 2024–cü il tarixdə təkrar sertifikatlaşdırma imtahanında üzrlü səbəbdən iştirak edə bilməmişdir. Lakin, onun təkrar sertifikatlaşdırma imtahanında üzrlü səbəbdən iştirak edə bilmədiyi nəzərə alınmadan o, Şəmkir rayon Zəyəm–Cırdaxan kənd Coşqun Abdıyev adına tam orta məktəbin direktoru Cavabdeh xx.xx.2024–cü il tarixli, 69 nömrəli əmri ilə təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70–ci maddəsinin “C” bəndinə əsasən ləğv edilmişdir. Hazırda barəsində olan həmin əmri əsassız hesab edir. Belə ki, o, 08 iyun 2024–cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırma imtahanında səhhətində olan ciddi narahatçılıqlar səbəbindən stasionar və ambulator müalicələrdə olduğu üçün iştirak etməmişdir. Lakin, onun təkrar sertifikatlaşdırma imtahanında üzrlü səbəbdən iştirak etməməyi nəzərə alınmadan onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Həmçinin, qeyd edir ki, “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”–nın 1.5– ci bəndinə əsasən 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Onun isə 10 aprel 2024–cü il tarixdə 60 yaşı tamam olmuşdur. O, 2023–cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanından keçə bilməsə də, hesab edir ki, 10 aprel 2024–cü ildə 60 yaşı tamam olduğundan təkrar sertifikatlaşdırma imtahanında iştirakının da könüllü olması nəzərə alınmalı idi. Hesab edir ki, onun 60 yaşı tamam olduğu halda, həmçinin üzrlü səbəbdən təkrar sertifikatlaşdırma imtahanında iştirak edə bilməməyi onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi üçün əsas deyildir. Odur ki, Şəmkir rayon Zəyəm–Cırdaxan kənd Coşqun Abdıyev adına tam orta məktəbin direktoru Cavabdeh tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli, 69 nömrəli əmrin ləğv edilməsi və onun Şəmkir rayon Zəyəm–Cırdaxan kənd Coşqun Abdıyev adına tam orta məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilməsi haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi Vəkil əsasən nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Şəmkir rayon Zəyəm–Cırdaxan kənd Coşqun Abdıyev adına tam orta məktəbin direktoru Cavabdeh məhkəmə iclası zamanı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020–ci il tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən 23 iyun 2023–cü il tarixdə ibtidai sinif müəllimlərinin sertifikatlaşdırma imtahanı keçirilmiş, məktəbin ibtidai sinif müəllimi İddiaçı həmin imtahanda iştirak etmişdir. Lakin iddiaçı keçid balı olan 30 balı yığa bilməmiş, 29 bal toplamışdır. Bundan sonra iddiaçıya 1 il vaxt verilmiş və o, işinə davam etmişdir. 08 iyun 2024–cü il tarixdə təkrar sertifikatlaşdırma imtahanı təyin edilmiş, lakin iddiaçı həmin imtahanda işitrak etməmişdir. Nəticədə iddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024–cü il tarixdən Əmək Məcəlləsinin 70–ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Həmçinin, qeyd edir ki, “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”–nın 1.5–ci bəndinə əsasən 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olması nəzərdə tutulsa da, iddiaçı xx.xx.1964–cü il təvəllüdlü olmaqla, 23 iyun 2023–cü il tarixdə keçirilmiş imtahan zamanı 59 yaşı olmuşdur. Bundan sonra ona ikinci şans verilsə də, iddiaçı imtahanda iştirak etməmişdir. Bu səbəbdən də onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Hesab edir ki, iddianın təmin edilməsinə heç bir əsas yoxdur. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1985–ci il tarixdə 2 nömrəli Zəyəm–Cırdaxan kənd orta məktəbində ibtidai sinif müəllimi təyin edilmiş, xx.xx.2024–cü il tarixdə təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə keçirilmiş təkrar sertifikatlaşdırmada iştirak etmədiyindən təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edilmiş və onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70–ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli 69 nömrəli əmrdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70–ci maddəsinin “c” bəndinə əsasən– “peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə” maddəsinə əsasən xitam verilmişdir. İşdə olan Şəmkir rayon Zəyəm–Cırdaxan kənd Coşqun Abdıyev adına tam orta məktəbin xx.xx.2024–cü il tarixli “Əmək müqaviləsinin ləğv edilməsi barədə” bildirişdən görünür ki, təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə 08 iyun 2024–cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olıunmuş təkrar sertifikatlaşdırmada iştirak etməyən məktəbin ibtidai sinif müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024–cü il tarixdə ləğv edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş “əmək qabiliyyətinin olmaması vərəqəsi”ndən görünür ki, İddiaçı xx.xx.2024–xx.xx.2024–cü il tarixlərdə, xx.xx.2024–xx.xx.2024–cü il və xx.xx.2024–xx.xx.2024–cü il tarixlərdə ambulator müalicələrdə olduğundan həmin tarixlərdə işdən azad edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024–cü il tarixdə stasionar üzrə mərkəzə daxil olmuş, xx.xx.2024–cü il tarixdə çıxmışdır. İşdə olan Şəmkir Rayon Mərkəzi X2 Həkim Məsləhət Komissiyası tərəfindən verilmiş “əmək qabiliyyətinin olmaması vərəqəsi”ndən görünür ki, İddiaçı xx.xx.2024–xx.xx.2024–cü il tarixlərdə ambulator müalicədə olduğundan həmin tarixlərdə işdən azad edilmişdir. İşdə olan Şəmkir rayon Zəyəm–Cırdaxan kənd Coşqun Abdıyev adına tam orta məktəbin xx.xx.2024–cü il tarixli “Müavinət təyin edən komissiyanın iclas protokolu”ndan görünür ki, İddiaçı xx.xx.2024–cü il tarixdən xx.xx.2024– cü il tarixədək ambulator müalicədə olduğuna görə ona müavinət təyin edilmişdir. İşdə olan Şəmkir rayon Zəyəm–Cırdaxan kənd Coşqun Abdıyev adına tam orta məktəbin xx.xx.2024–cü il tarixli “Müavinət təyin edən komissiyanın iclas protokolu”ndan görünür ki, İddiaçı xx.xx.2024–cü il tarixdən xx.xx.2024– cü il tarixədək ambulator müalicədə olduğuna görə ona müavinət təyin edilmişdir. İşdə olan Şəmkir rayon Zəyəm–Cırdaxan kənd Coşqun Abdıyev adına tam orta məktəbin xx.xx.2024–cü il tarixli 56 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024–cü il tarixdən xx.xx.2024–cü il tarixədək ambulator müalicədə olunduğu üçün onun adına tarifləşmiş dərs yükü məktəbin digər müəllimlərinin dərs yükünə həvalə edilmişdir. İşdə olan Şəmkir rayon Zəyəm–Cırdaxan kənd Coşqun Abdıyev adına tam orta məktəbin xx.xx.2024–cü il tarixli arayışından görünür ki, İddiaçı işlədiyi müddətdə inzibati məsuliyyətə cəlb olunmamışdır. Beləliklə, məhkəmə tərəflərin izahtlarının və iş materiallarına əlavə edilmiş sənədlərin məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı xx.xx.1985–ci il tarixdə 2 nömrəli Zəyəm–Cırdaxan kənd orta məktəbində ibtidai sinif müəllimi təyin edilmiş, xx.xx.2024–cü il tarixdə təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə keçirilmiş təkrar sertifikatlaşdırmada iştirak etmədiyindən təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edilmiş və onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70–ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsaslanaraq hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə əmək müqaviləsinə xitam verilməsi əsaslarının, əmək müqaviləsinin xitam verilməsi haqqında əmrin məzmununun əmək qanunvericiliyinin tələblərinə uyğun olub–olmaması araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68–ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2–ci hissəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları sadalanmışdır. Həmin maddənin 2–ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə, “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarmasına, “c” bəndinə əsasən əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə, “ç” bəndinə əsasən müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar olaraq (bu Məcəllənin 63–cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), “d” bəndinə əsasən tərəflərin iradəsindən asılı olmayan hallara, “e” bəndinə əsasən tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallara görə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 69–cu maddəsində işçi tərəfindən, 70–ci maddəsində isə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları sadalanmışdır. Məhkəmə, hazırkı fərdi əmək mübahisəsinin predmetinin işçi tərəfindən əmək müqaviləsinin Əmək Məcəlləsinin 70–ci maddəsinin “c” bəndi ilə ləğv edilməsi ilə bağlı münasibətlər olduğunu nəzərə alaraq, belə qənaətə gəlir ki, mübahisənin düzgün həll edilməsi üçün Əmək Məcəlləsinin 70–ci maddəsində sadalanan əsasların olub–olmaması müəyyən edilməlidir. Belə ki, həmin Məcəllənin 70–ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72–ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Məhkəmə işin müəyyən edilmiş hallarına və sadalanan hüquq normalarına əsasən hesab edir ki, işəgötürən qismində çıxış edən Şəmkir rayon Zəyəm–Cırdaxan kənd Coşqun Abdıyev adına tam orta məktəbin direktoru tərəfindən iddiaçının işdən azad edilməsinə, yəni əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə istinad etdiyi əsas, Əmək Məcəlləsinin 70–ci maddəsinin “c” bəndində nəzərdə tutulmuşdur. İşin müəyyən olunmuş hallarından da görünür ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020–ci il tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən 23 iyun 2023–cü il tarixdə ibtidai sinif müəllimlərinin sertifikatlaşdırma imtahanında iştirak etmiş, lakin keçid balı olan 30 balı yığa bilməmiş və 29 bal toplamışdır. Bundan sonra iddiaçıya 1 il vaxt verilmiş və o, işinə davam etmişdir. 08 iyun 2024–cü il tarixdə təkrar sertifikatlaşdırma imtahanı təyin edilmiş, lakin iddiaçı həmin imtahanda işitrak etməmişdir. Ona görə də təkrar sertifikatlaşdırmada iştirak etməyən İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi işəgötürən tərəfindən xx.xx.2024–cü il tarixdə ləğv edilmişdir. Göründüyü kimi iddiaçı 23 iyun 2023–cü il tarixdə keçirilmiş sertifikatlaşdırma imtahanından keçə bilmədiyi üçün ona 1 il vaxt verilmiş və təkrar sertifikatlaşdırmada iştirak etmək şansı tanınmışdır. Buna baxmayaraq, iddiaçı təkrar sertifikatlaşdırmada iştirak etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020–ci il tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2–ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmin Qaydaların 5.3–cü bəndinə əsasən təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmin Qaydaların 5.4–cü bənidə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70–ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Şəmkir rayon Zəyəm– Cırdaxan kənd Coşqun Abdıyev adına tam orta məktəbin Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslara uyğun olaraq və müəyyən edilmiş qaydaların tələblərinə əməl edərək iddiaçının əmək müqaviləsinə xitam vermişdir. Göstərilənlərə əsasən məhkəmə, həmçinin hesab edir ki, iddia tələbi əsassızdır və işəgötürən tərəfindən iddiaçı ilə əmək münasibətlərinin ləğv edilməsi Əmək Məcəlləsinin 70–ci maddəsinin «c» bəndinə uyğundur, iddiaçı işdən çıxarılarkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 71, 79, 80, 84, 187 və 189–cu maddələrinin tələblərinə əməl edilmişdir. Həmçinin, iddiaçı 10 aprel 2024–cü ildə 60 yaşı tamam olduğundan təkrar sertifikatlaşdırma imtahanında iştirakının könüllü olmasını qeyd etsə də, nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.1964–cü il təvəllüdlü olmaqla, 23 iyun 2023–cü il tarixdə keçirilmiş imtahan zamanı 59 yaşı olmuşdur. Bundan sonra ona ikinci şans verilsə də, iddiaçı imtahanda iştirak etməmiş, nəticə etibarı ilə keçid balını toplaya bilməmiş və sertifikatlaşdırmadan keçməmiş hesab edilmişdir. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinə dair cavabdeh Şəmkir rayon Zəyəm–Cırdaxan kənd Coşqun Abdıyev adına tam orta məktəbin direktorunun xx.xx.2024–cü il tarixli 69 nömrəli əmri qanuni və əsaslıdır. Məhkəmə öz qəaətini onunla əsaslandırır ki, cavabdeh tərəf iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmr verərkən, qanunun tələblərinə əməl etmiş və əmək müqaviləsinin ləğv edilməsi qaydalarını tənzimləyən Əmək Məcəlləsində göstərilən əsaslar iddiaçıya münasibətdə tam şəkildə mövcud olmuşdur. Məhkəmə işin müəyyən olunmum hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tutduğu vəzifədən azad olunması barədə Şəmkir rayon Zəyəm–Cırdaxan kənd Coşqun Abdıyev adına tam orta məktəbin direktorunun xx.xx.2024–cü il tarixli 69 nömrəli əmri qanuni və əsaslıdır. Ona görə də iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki–Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki– Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı cavabdeh Şəmkir rayon Zəyəm–Cırdaxan kənd Coşqun Abdıyev adına tam orta məktəbin qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar