Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3187/2024 28.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı2 və İddiaçı3 nümayəndəsi, həmçinin özü İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə məxsus və istifadəsində olan, Şəmkir rayonu, Düyərli kəndində yerləşən fərdi yaşayış evinə köçürülmələri haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı1 2000–ci il tarixdə cavabdehin oğlu Anar Məhərrəmovla qeyri–rəsmi ailə quraraq evlənmiş, toy günü cavabdehə məxsus olan Şəmkir rayonu, Düyərli kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. 4 nəfər uşaqları da həmin evdə doğulmuşdur. Anar Məhərrəmovla nikahlarını 2010–cu il tarixdə rəsmiləşdirmişlər. Sonradan cavabdeh qayınanası onu əri və uşaqları ilə birlikdə evdən qovmuşdur. Daha sonra cavabdehin oğlu məhkəmədə ona qarşı “nikahın pozulması” tələbinə dair iddia qaldırmışdır. Hazırda onun uşaqları ilə yaşamağa evi yoxdur, kirayələrdə yaşayırlar. Onlar cavabdehə məxsus evdə təsərrüfatbaşına kitabda ailə üzvü kimi qeydiyyatdadırlar. Bu səbəbdən məhkəmədə hazırki iddianı qaldırmışlar. Odur ki, cavabdehə məxsus və istifadəsində olan, Şəmkir rayonu, Düyərli kəndində yerləşən fərdi yaşayış evinə köçürülmələri haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçı2 və İddiaçı3 nümayəndəsi, həmçinin özü İddiaçı1 məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, həmçinin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh onun qayınanası olmuşdur. Belə ki, o, 2000–ci il tarixdə cavabdehin oğlu Anar Məhərrəmovla faktiki olaraq evlənmiş, 2010–cu il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Toy günü cavabdehə məxsus olan Şəmkir rayonu, Düyərli kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Birgə nikahdan xx.xx.2002–ci il tarixdə Gülcan və xx.xx.2004–cü il tarixdə Bibixanım adlı uşaqları da mübahisəli evdə doğulmuşdur. Evləndikləri ilk vaxtlar münasibətləri normal olmuş, lakin sonradan münasibətləri pozulmuşdur. Nəticədə cavabdeh qayınanası onu, ərini və uşaqlarını evdən qovmuşdur. Daha sonra əri məhkəmədə ona qarşı “nikahın pozulması” tələbinə dair iddia qaldırmış, ailəsinə baxmaqdan imtina etmişdir. Hazırda onun digər iddiaçılarla, yəni uşaqları ilə yaşamağa evi yoxdur, kirayələrdə yaşayırlar. Kirayədə yaşamaq və uşaqları saxlamaq olduqca çətindir. Başqa yerdə yaşamağa isə evi və yaşayış sahəsi yoxdur. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, o, cavabdehin razılığı ilə daimi yaşamaq üçün həmin evə köçmüş və həmin evdə birgə təsərrüfat aparmışdır. Hazırda ona və uşaqlarına məxsus bütün əmlaklar orada qalmışdır. Cavabdehlə münasibətləri pozulduğuna görə o, onların evdən istifadə hüquqlarını məhdudlaşdırmış və evə köçüb yaşamalarına maneə yaratmışdır. Hesab edir ki, onlar həmin evə köçürülməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamədən görünür ki, X1 ilə İddiaçı1 arasında xx.xx.2010–cu il tarixdə rəsmi nikah bağlanmışdır. İşdə olan doğum haqqında arayışlardan görünür ki, X1 ilə İddiaçı1 birgə nikahından xx.xx.2002–ci il tarixdə Gülcan və xx.xx.2004–cü il tarixdə Bibixanım adlı uşaqları doğulmuşdur. Beləliklə, məhkəmə iddiaçının izahatının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı1 ilə cavabdehin oğlu X1 2000–ci il tarixdə faktiki olaraq evlənməklə, xx.xx.2010–cu il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Toy günü iddiaçı cavabdehin yaşadığı, Şəmkir rayonu, Düyərli kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. X1 ilə İddiaçı1 birgə nikahından xx.xx.2002–ci il tarixdə Gülcan və xx.xx.2004–cü il tarixdə Bibixanım adlı uşaqları doğulmuşdur. Lakin iddiaçılar yaranmış ailədaxili narazılıq səbəbindən mübahisəli evdən çıxmışlar. Mübahisəli ev cavabdehin istifadəsindədir. Yaşayış sahəsinin istifadəçisi ilə iddiaçılar arasında hər hansı bir yazılı razılaşma olmamışdır. Hazırda iddiaçılar həmin evə köçürülmələrini tələb edirlər. Məhkəmə ilk öncə mübahisənin düzgün həll edilməsi üçün mübahisəli evin hansı hüquqi statusda olmasının müəyyən edilməsini zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin mübahisəli fərdi yaşayış evi üzərində heç bir hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Lakin işin müəyyən olunmuş halları ilə, yəni iddiaçının izahatı ilə təsdiq edilir ki, mübahisəli ev cavabdehin istifadəsindədir. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumu “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018–ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 noyabr 2018–ci il tarixli qərarında qeyd etmişdir ki,...“yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir”. Məhkəmə hesab edir ki, iddiaçılar cavabdehdən faktiki olaraq ayrıldıqlarından və onlar arasında ailə bağları (ailə münasibətləri) kəsildiyindən, o cümlədən iddiaçılar hazırki iş üzrə mübahisəli evdə birgə təsərrüfatı idarə etmələrinə dair heç bir sübutu məhkəməyə təqdim edə bilmədiklərindən, həmçinin mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından və həmin ev mənzil münasibətinin obyektinə çevrilmədiyindən iddia təmin edilə və iddiaçılar həmin evə köçürülə bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçıların mübahisəli evə köçürülməsi üçün onların ilk öncə həmin evdə istifadə hüququnun yaranması şərti olmalıdır. Belə ki, evə köçürülmənin mahiyyəti əslində evdən istifadə hüququ əldə etmək, yaxud bu hüququn realizəsini təmin etməkdir. Məhkəmə iclasında isə müəyyən olunmuşdur ki, iddiaçılar mübahisəli evdən istifadə hüququ yaranmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin, mübahisəli evə dair heç kimin mülkiyyət hüququ tanınmamışdır. Odur ki, iddiaçıların mübahisəli evə istifadə hüququ yaranmadığı halda, həmin evə köçürülmələri də məntiqi baxımından düzgün deyildir. Bundan başqa məhkəmə iclasında tərəflərin ailə bağlarının qopması, cavabdehin oğlunun İddiaçı1 qarşı məhkəmədə “nikahın pozulması” tələbinə dair iddia qaldırması artıq tərəflər arasında ilə münasibətlərinin kəskin hal almasına dəlalət edir. Ona görə də, tərəflər arasında bir–birinə qarşı aqressiyanın mövcudluğu şəraitində iddiaçıların mübahisəli evə köçürülməsi yeni münaqişələrin yaranması ehtimalı ilə əlaqədar mənəviyyat tələbləri baxımından da yol verilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29–cu maddələrin müddəaları). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1–ci maddəsində göstərilir ki, “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1–ci maddəsinə əsasən Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 228.1–ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5–ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Bundan başqa məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün həmçinin iddiaçıların cavabdehin ailə üzvü olub–olmaması məsələsi də müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014–cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30–cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15–ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1–ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə Məcəlləsinin 13 və 15–ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir–birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin və nəvələr “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin, qayınananın gəlini və nəvələri saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddiaçıların cavabdehlə birlikdə mübahisəli fərdi yaşayış evində onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yaranmamışdır. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, iddiaçıların mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə cavabdehlə onların arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, iddiaçıların mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4–cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə təqdim olunmuş sübutları tam və hərtərəfli araşdıraraq, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına diqqət yetirərək belə qənaətə gəlir ki, iddiaçılar cavabdehin ailə üzvü olmadığına görə özünün saxlanmasını tələb etmək və yaşayış sahəsindən istifadə etmək hüququ yaranmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçılar ilə cavabdeh arasında mübahisəli yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən hər hansı bir razılaşma bağlanmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5–ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4– cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013–cü il tarixli Qərarında göstərilmişdir ki, 1 oktyabr 2009–cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4–cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Məhkəmə, işin müəyyən olunmuş həqiqi hallarına uyğun olaraq hesab edir ki, iddiaçılar cavabdehin ailə üzvü olmadığına, onlar arasında hər hansı bir razılaşma bağlanmadığına, iddiaçıların mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmə hüququnun yaranması üçün kifayət qədər əsaslar mövcud deyildir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-3187/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3187/2024
28.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver