Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3356/2024 12.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı və onun nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, onun Cavabdeh yaşadığı Şəmkir rayonu Qasımalılar kəndi X10 küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, verdiyi izahatında göstərdi ki, Cavabdeh onun keçmiş əridir. Cavabdeh ilə 01 yanvar 2000–ci ildə qız toyu mərasimləri, 02 yanvar 2000–ci ildə isə oğlan toyu mərasimləri olmuşdur. Cavabdehlə faktiki evlənərkən o, cavabdehlərin valideynlərinə məxsus Şəmkir rayonu Qasımalılar kəndi X10 küçəsində yerləşən evə gəlin köçürülmüş və ona məxsus cehiz əşyaları isə 28 dekabr 1999–cu ildə həmin evə yerləşdirilmişdir. Cavabdehlə nikahlarını xx.xx.2002–ci ildə 03 nömrə ilə rəsmi qeyd etdirmişlər. Cavabdehlə birgə nikahlarından xx.xx.2001–ci ildə X3 və xx.xx.2004–cü ildə X2 adlı uşaqları doğulmuşdur. O, gəlin köçən vaxtdan cavabdehlə birlikdə mübahisəli evdə yaşamışlar və birgə təsərrüfat idarə etmişlər. Cavabdehin valideynləri vəfat etdikdən sonra mübahisəli fərdi yaşayış evi təsərrüfat başına kitabda cavabdehin adına qeydiyyata alınmışdır. O və övladları da həmin evdə rəsmi qeydiyyatdadırlar. O, mübahisəli evə gəlin köçdükdən sonra yaşadıqları evdə təmir işləri aparmışlar, hətta həyətdə birgə nikah dövründə əlavə fərdi yaşayış evi inşa etdirmişlər. Lakin həmin fərdi yaşayış evinin tikintisini tam başa çatdırmamışlar. Ona məxsus cehiz əşyaları hazırda da gəlin köçdüyü mübahisəli evin ikinci mərtəbəsində yerləşir. O, övladları və keçmiş əri ilə birlikdə mübahisəli evdə daimi qeydiyyatda olmaqla yaşamışlar. Cavabdehlə ilk evləndikləri vaxtlar ailə münasibətləri normal olsa da, sonradan cavabdehin təqsiri ucbatından ailə münasibətləri pozulmuşdur. Son illər artıq cavabdehlə birgə ailə şəraitində yaşamaqları qeyri mümkün olmuşdur. Cavabdeh evdə dava–dalaş yaradaraq 2022–ci ildə onu evdən qovmuşdur. Şəmkir Rayon Məhkəməsinin 13 fevral 2023–cü il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuşdur. Hazırda övladları Bakı şəhərində işləyir və müvəqqəti olaraq orada kirayədə yaşayırlar. O özü isə sonuncu dəfə cavabdeh onu döyüb evdən qovduğu gündən bəri qardaşına məxsus evdə yaşamaq məcburiyyətində qalmışdır. O, yaşadıqları evə qayıtmaq istəsə də cavabdeh onu evə buraxmamışdır. O, nikahın pozulması ilə bağlı müraciət edərkən hətta evə köçürülmə tələbi ilə də Mediasiya Şurasına müraciət etmişdir. Lakin, cavabdeh mediasiya sessiyasında iştirak etmədiyinə görə ona mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. O, hazırda qardışının evindən çıxmış, başqa evdə kirayadə yaşayır. Onun mübahisəli fərdi yaşayış evindən başqa yaşamağa başqa evi və həyətyanı torpaq sahəsi yoxdur. Onlar hətta övladları ilə ona sonradan tikdikləri fərdi yaşayış evinin təmirini başa çatdırıb orada yaşamaqlarına icazə verməsini istəsələr də, cavabdeh onlara imkan verməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbini müdafiə edərək, iddiaçının izahatına uyğun izahat verdi və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir rayon İHB–nin Qasımalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli, 77 saylı nümayəndəliyin təsərrüfatbaşına kitabından Çıxarışdan görünür ki, Şəmkir rayonu Qasımalılar kəndində 15 saylı təsərrüfatın sahibi Cavabdeh təsərrüfatında İddiaçı, X3, X2, X4 və X5 qeydiyyatdadırlar. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 14 oktyabr 2024–cü il tarixli arayışdan görünür ki, Cavabdeh adına Şəmkir rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2003–cü il tarixli, 97 nömrəli qərarına əsasən JN–104 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında 0.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998–ci il tarixli, 51 nömrəli qərarına əsasən JN–101A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında 0.11 a həyətyanı torpaq sahəsi ayrılmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 14 oktyabr 2024–cü il tarixli arayışdan görünür ki, Şəmkir rayonu Qasımalılar kəndi X10 küçəsi 5 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair 11 saylı Şəmkir ərazi İdarəsinin arxivində hər hansı bir məlumat aşkar edilməmişdir. İşdə olan Şəmkir rayon İHB–nin Qasımalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli, 5–76–31/2–33/2024 saylı arayışdan görünür ki, Şəmkir rayonu Qasımalılar kənd sakini Cavabdeh Qasımalılar kəndi X10 küçəsində yaşadığı həyətin daxilində iki ev mövcuddur. Birinci ev təxminən 1980–ci illərdə, ikinci natamam ev isə 2020–ci ildə tikilmişdir. Beləliklə, məhkəmə iclası zamanı iş materiallarının tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 02 yanvar 2000–ci ildə faktiki evlənməklə, nikahlarını 01 dekabr 2002–ci ildə rəsmiləşdirmişlər. İddiaçı cavabdehlə faktiki evlənərkən o, Şəmkir rayonu Qasımalılar kəndi X10 küçəsində yerləşən və Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998–ci il tarixli, 51 nömrəli qərarına əsasən JN–101A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında Cavabdeh mülkiyyətinə verilmiş evə gəlin köçürülmüş və ona məxsus cehiz əşyaları da həmin evə yerləşdirilmişdir. Tərəflərin birgə nikahlarından xx.xx.2001–ci ildə X3 və xx.xx.2004–cü ildə X2 adlı uşaqları doğulmuşdur. Hazırda uşaqları yetkinlik yaşına çatmışdır. Cavabdeh iddiaçı ilə ailə quraraq onunla ümumi təsərrüfata malik olmuş, onun həmin evdə daimi yaşamasına razı olmuşdur. İddiaçının uşaqları da həmin evdə doğulmuş və böyümüşdür. İddiaçı 2022–ci ilə qədər mübahisəli evdə fasiləsiz və etirazsız olaraq yaşamışdır. 2022–ci ildə isə ailədaxili narazılıqlar zəminində mübahisəli evdən çıxarılmışdır. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh məhkəmənin hazırlıq iclasında iştirak edərkən iddiaçının mübahisəli evə köçməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM–nin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Hazırkı iş üzrə iddiaçı 02 yanvar 2000–ci ildən gəlin köçdüyündən tərəflər arasında mülki hüquq münasibəti həmin tarixdən yaranmışdır. Ona görə də mübahisəli hüquq münasibətinə həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001–ci il tarixli qərarında, yaşayış evindən istifadə edilməsi ilə əlaqədar 2000–ci ilin sentyabr ayının 1–dək yaranmış münasibətlərə keçmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123–cü maddəsi, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası MM–nin 228.1 və 228.2–ci maddələrinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123–cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisnin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd–şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53–cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53–cü maddəsinin 3–cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfa aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 54–cü maddəsinin İ hissəsində göstərilmişdir ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həmin maddənin İİİ hissəsinə görə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər istifadə etmək hüququ əldə edirlər. Məhkəmə işin müəyən olunmuş hallarına qiymət verərək hesab edir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən iddiaçının mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüququ əmələ gəlmişdir. Belə ki, mübahisəli fərdi yaşayış evinin sahibi Cavabdeh iddiaçını 02 yanvar 2000–ci ildə mübahisəli evə köçürərək onunla ailə qurmuş və onu ailə üzvü kimi qəbul etmişdir. İddiaçı 2000–2022–ci illər ərzində fasiləsiz olaraq həmin evdə yaşamış, birgə təsrrüfatı idarə etmiş, həmin əsasla onun mübahisəli evin yaşayış sahəsindən digər ailə üzvüləri ilə bərabər şərtlər daxilində istifadə etmək hüququ əmələ gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1–ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3–cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Məhkəmə işin müəyyən olunmuş faktiki halalarına əsasən belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM–nin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı Şəmkir rayonu, Qasımalılar kəndi, X10 küçəsində yerləşən Cavabdeh istifadəsində olan fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-3356/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3356/2024
12.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver