Məhkəmə qərarları › İş №2(076)-3454/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-3454/2024

27.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-3454/2024 27.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi ilə İddiaçı cavabdeh DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və hüquqların reyestrdə qeydiyyata alınması tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və hüquqların reyestrdə qeydiyyata alınması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı ona verilmiş 0.25 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasını və hüquqların reyestrdə qeydiyyata alınmasını məhkəmədən xahiş etmişdir. Halbuki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquqi sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə ( müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə hesab edir ki, mülkiyyət hüququnun tanınması barədə iddialara ümumi məhkəmələrdə baxılmır, bu səbəbdən iddiaçının hazırki tələbi məhkəmənin səlahiyyətinə aid deyil və iddia ərizəsi yolverilməz əsaslarla Şəmkir Rayon Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası MPM-in 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçının hazırki tələbi barədə ərizə ilə DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə, tələbinin təmin edilməsindən imtina edildikdə isə Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Həmçinin, iddiaçı, Aqrar İslahat Komissiyasının müvafiq qərarı olduğu halda, həmin qərarı da inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçı cavabdeh DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və hüquqların reyestrdə qeydiyyata alınması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, hazırki tələbi barədə ərizə ilə DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə, tələbinin təmin edilməsindən imtina edildikdə isə Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar