Məhkəmə qərarları › İş №2(076)-4087/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-4087/2024

17.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-4087/2024 17.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X14 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin rəisi X3 iştirakı ilə İddiaçı cavabdeh Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinə qarşı xx.xx.2024–cü il tarixli 8 nömrəli əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və 55 manat mediasiya xərcinin cavabdehdən alınması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 01 fevral 2020–ci il tarixdən Şəmkir rayonu, Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsində kargüzar vəzifəsinə işə qəbul olunmuşdur. Lakin təşkilatın rəhbəri tutduğu mövqeyindən sui–istifadə edərək onu 8 nömrəli, 19 sentyabr 2024–cü il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndi ilə qanunsuz olaraq xx.xx.2024–cü il tarixdən işdən azad etmiş və həmin tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Əmrdə işdən azad etmənin əsası kimi Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin rəisinin xx.xx.2024–cü il tarixli 7 nömrəli şiddətli tömət barədə əmri qeyd edilmişdir. O, əvvəlcə qanunsuz işdən azad edilməyi barədə Əmək Müfəttişliyinə ərizə ilə müraciət etmişdir. Onların yoxlaması 1 ay müddətində nəticələnmədiyindən, işə bərpa ilə bağlı 1 təqvim ayı müddəti keçməsin deyə iddia ərizəsi ilə məhkəməyə müraciət teməli olmuşdur. Eləcə də şiddətli töhmətin və əmrin nə səbəbdən verilməsi barədə təşkilat tərəfindən ona məlumat verilmədiyindən barəsində olan həmin məlumatları Əmək Müfəttişliyindən öyrənmişdir. Ona şiddətli töhmət DSMF–na təqdim edilmiş siyahıda faktiki sağ olan 29 nəfərin adının qarşısında ölü kimi qeyd etməyi və bu səbəbdən də həmin şəxslərin pensiyalarının müvəqqəti dayandırılmasına görə verildiyi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndi ilə xx.xx.2024–cü il tarixdən işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi iş yerində işçilərin ünvanına nalayiq ifadələr işlətməsi ilə bağlı verildiyi kimi bildirilmişdir. Ona işdən çıxma əmrinin surəti iş yerində poçtalyon tərəfindən xx.xx.2024–cü il tarixədə verildiyindən, o ƏM–nin 296.2–ci maddəsində müəyyən edilmiş 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmə müddətini pozmamışdır. Onun barəsində verilmiş xx.xx.2024–cü il tarixli 7 nömrəli şiddətli töhmət barədə əmr və xx.xx.2024–cü il tarixli 8 nömrəli işdən çıxarılma və əmək müqaviləsinə xitam verilməsi barədə əmrlər qanunsuz və əsassızdır. Çünki o, kargüzarın səlahiyyətlərinə aid olan heç bir vəzifə pozuntusuna yol verməmişdir. DSMF–na siyahı hazırlanması, sistemə vurulması və s. onun vəzifə səlahiyyətlərinə aid deyildir və bu vəzifə daxili əmrlə ona həvalə edilməmişdir. Baxmayaraq ki, işdən çıxarılmasından xəbəri olmadığı üçün xx.xx.2024–cü il tarixədək işdə olmuş, lakin nə əmrlə tanış edilmiş, nə də əmrin surəti ona verilmişdir. Əmək müfəttişliyinin deməsinə görə “DSMF–na təqdim edilmiş siyahıda faktiki sağ olan 29 nəfərin adının qarşısında öldü kimi qeyd etməyi və bu səbəbdən də həmin şəxslərin pensiyalarının müvəqqəti dayandırılması”na görə işə götürən tərəfindən ona xx.xx.2024–cü il tarixli 7 nömrəli əmrlə şiddətli töhmət verilmişdir. Etmədiyi həmin pozuntuya görə o, “şiddətli töhmət” intizam məsuliyyətinə cəlb edilmişdir. Kür qəsəbə Mənzil Təmir İstismar sahəsinin 8 nömrəli, 19 sentyabr 2024–cü il tarixli “intizam tənbehi tətbiq etmə haqqında” əmrinin 3–cü bəndinin alt hissəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndi ilə kargüzar vəzifəsindən azad etmənin və əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Kür qəsəbə Mənzil Təmir İstismar sahəsinin rəisinin xx.xx.2024–cü il tarixli 7 nömrəli şiddətli töhmət verilməsi barədə əmr qeyd edilmişdir. Bu isə ona dəlalət edir ki, əslində qeyd edilən pozuntuya görə (DSMF–na təqdim edilmiş siyahıda faktiki sağ olan 29 nəfərin adının qarşısında öldü kimi qeyd etməyi) eyni zamanda ƏM–nin 70–ci maddəsinin “ç” bəndi ilə kargüzar vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Buradan da belə məlum olur ki, 8 nömrəli, 19 sentyabr 2024–cü il tarixli əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189–cu maddəsinin tələbləri ciddi şəkildə pozulmaqla çıxarılmışdır. Əmək müfəttişliyinin deməsinə görə işə götürən tərəfindən onun xx.xx.2024–cü il tarixli 8 nömrəli əmrlə ƏM– nin 70–ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi iş yerində işçilərin ünvanına nalayiq ifadələr işlətməsi ilə bağlı verilmişdir. Əslində xx.xx.2024–cü il tarixdə ona şiddətli töhmət verilərkən o, müdriyyətə onun səlahiyyətinə aid olmadığı halda nə üçün töhmət verildiyi, səlahiyyəti olan şəxsin cəzalandırılmadığı və s. barədə öz narazılığını bildirmişdir. Bəlkə də həmin vaxt əsəbləşib səsinin tonunu qaldırmışdır. Lakin sonra öz səhvini başa düşərək müdiriyyətin adına rəsmi ərizə yazaq üzr istəmişdir. Lakin ona verilən məlumata görə sonradan sahənin rəisi öz qulluq mövqeyindən istifadə edərək bəzi əməkdaşları işdən çıxarma ilə hədələyərək onun barəsində müxtəlif məzmunlu aktlar tərtib etdirmişdir. Həmin şəxslərlə telefon əlaqəsi saxladıqda, onlar işlərini itirməmək xatirinə bunu etdiklərini bildirmişlər. Tərəfindən 17, 18, xx.xx.2024–cü il tarixlərdə işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı–ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi ilə bağlı heç bir hərəkətə yol verilməmişdir. Əksinə işçilər tərəfindən ona bildirilmişdir ki, 17, 18 və 19–cu il tarixlərində akt tərtib edib, onlara imza etdirmişlər ki, guya o, həmin günlərdə onları təhqir etmişdir. Görünən budur ki, işəgötürən tərəf ona xx.xx.2024–cü ildə intizam məsuliyyəti olaraq şiddətli töhmət verdikdən sonra, onu ƏM–nin 70–ci maddəsinin “ç” bəndi ilə işdən çıxarmaq fikirinə düşmüş və bunun üçün barəsində ƏM–nin 72–ci maddəsinin tərkibini yaratmaq məqsədi ilə 17, 18, 19 sentyabr tarixlərdə saxta aktlar tərtib etdirməyə başlamış və X1 qabaqcadan razılığını almaq üçün xx.xx.2024–cü il tarixdə həmkarlar təşkilatına müraciət etmiş, həmkarların razılığını xx.xx.2024–cü il tarixdə almış və xx.xx.2024–cü il tarixdə xx.xx.2024–cü il tarixdən işdən azad olunması və onunla bağlanmış əmək müqviləsinə xitam verilməsi barədə əmr imzalamışdır. Lakin bu zaman şiddətli töhmət verilmə barədə 7 nömrəli, xx.xx.2024–cü il tarixli əmrin onun saxtakarlığını üzə çıxaracağını hesaba almamışdır. Belə ki, həmin maddədə işçinin təkrarən əmək funksiyasını pozması qeyd edilmişdir. O, 17, 18 və 19 sentyabr tarixlərdə əmək funksiyasını pozan heç bir hərəkətə yol verməmiş, 17–26 sentyabr tarixlərdə əmək funksiyasını yerinə yetirməkdə davam etmişdir. Onun xx.xx.2024–cü il tarixli əmrlə xx.xx.2024–cü il tarixdən işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi ona dəlalət edir ki, X6 Komitəsi tərəfindən bu məsələ araşdırılmadan onun ziddinə qərar verilmişdir. Çünki, düzgün araşdırılma aparılmış olsaydı, o zaman 7 nömrəli, xx.xx.2024– cü il tarixli əmrdəki qeyd edilən əsası, yəni– “Kür qəsəbə Mənzil Təmir İstismar sahəsinin rəisinin xx.xx.2024–cü il tarixli 7 nömrəli şiddətli töhmət əmir”i cümləsini onlarda görmüş olardılar. Hesab edir ki, əmək hüquqları ciddi pozulmaqla işdən azad edilmişdir. Odur ki, xx.xx.2024–cü il tarixli 8 nömrəli əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və 55 manat mediasiya xərcinin cavabdehdən alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə etdi, həmçinin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, 2020–ci il tarixdə Şəmkir rayonu Kür qəsəbə Təmir İstismar Mənzil X15 tərəfindən kargüzar vəzifəsinə təyin edilmişdir. Bir müddət sonra X8 yeni rəis təyin edilmiş, bundan sonra yeni rəis onu yola verməmiş və işdən azad etmişdir. X11 vəzifə səlahiyyətlərindən sui–istifadə etdiyinə görə həbs edilmiş, o isə işinə bərpa olunmuşdur. xx.xx.2023–cü il tarixdən isə X17 rayonu Kür qəsəbə Təmir İstismar Mənzil Sahəsinə rəis təyin edilmişdir. O, işlədiyi müddətdə heç bir nöqsana yol verməmişdir. Buna baxmayaraq, Zakir Bağırov 19 sentyabr 2024–cü il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndi ilə xx.xx.2024–cü il tarixdən işdən azad etmiş və həmin tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Hazırda həmin əmri əsassız və qanunsuz hesab edir. Belə ki, guya onun tərəfindən DSMF– na təqdim edilmiş siyahıda faktiki sağ olan 29 nəfərin adının qarşısında ölü kimi qeyd edilmiş və bu səbəbdən də həmin şəxslərin pensiyaları müvəqqəti dayandırılmış, buna görə də ona şiddətli töhmət verilmiş, həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndi ilə xx.xx.2024–cü il tarixdən işdən azad edilməklə, əmək müqaviləsinə xitam verilmişdir. Eləcə də, o, iş yerində işçilərin ünvanına nalayiq ifadələr işlətmişdir. Halbuki, onun iş yerində heç kimlə pis münasibəti olmamış. əksinə mehriban kollektivləri olmuşdur. Habelə, o, kargüzarın səlahiyyətlərinə aid olan heç bir vəzifə pozuntusuna yol verməmişdir. DSMF–na siyahı hazırlanması, sistemə vurulması və s. onun vəzifə səlahiyyətlərinə aid deyildir və bu vəzifə daxili əmrlə ona həvalə edilməmişdir. Baxmayaraq ki, işdən çıxarılmasından xəbəri olmadığı üçün xx.xx.2024–cü il tarixədək işdə olmuş, lakin nə əmrlə tanış edilmiş, nə də əmrin surəti ona verilməmişdir. Sonradan ona verilən məlumata görə sahənin rəisi öz qulluq mövqeyindən istifadə edərək bəzi əməkdaşları işdən çıxarma ilə hədələyərək onun barəsində müxtəlif məzmunlu aktlar tərtib etdirmişdir. Həmin şəxslərlə telefon əlaqəsi saxladıqda, onlar işlərini itirməmək xatirinə bunu etdiklərini bildirmişlər. Tərəfindən 17, 18, xx.xx.2024–cü il tarixlərdə işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı–ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi ilə bağlı heç bir hərəkətə yol verilməmişdir. Əksinə işçilər tərəfindən ona bildirilmişdir ki, 17, 18 və 19–cu il tarixlərində akt tərtib edib, onlara imza etdirmişlər ki, guya o, həmin günlərdə onları təhqir etmişdir. Görünən budur ki, işəgötürən tərəf ona xx.xx.2024–cü ildə intizam məsuliyyəti olaraq şiddətli töhmət verdikdən sonra, onu ƏM–nin 70–ci maddəsinin “ç” bəndi ilə işdən çıxarmaq fikirinə düşmüş və bunun üçün barəsində ƏM–nin 72–ci maddəsinin tərkibini yaratmaq məqsədi ilə 17, 18, 19 sentyabr tarixlərdə saxta aktlar tərtib etdirməyə başlamış və X1 qabaqcadan razılığını almaq üçün xx.xx.2024–cü il tarixdə həmkarlar təşkilatına müraciət etmiş, həmkarların razılığını xx.xx.2024–cü il tarixdə almış və xx.xx.2024–cü il tarixdə xx.xx.2024–cü il tarixdən işdən azad olunması və onunla bağlanmış əmək müqviləsinə xitam verilməsi barədə əmr imzalamışdır. Halbuki, 17, 18 və 19 sentyabr tarixlərdə əmək funksiyasını pozan heç bir hərəkətə yol verməmiş, 17–26 sentyabr tarixlərdə əmək funksiyasını yerinə yetirməkdə davam etmişdir. Onun xx.xx.2024–cü il tarixli əmrlə xx.xx.2024–cü il tarixdən işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi ona dəlalət edir ki, X6 Komitəsi tərəfindən bu məsələ araşdırılmadan onun ziddinə qərar verilmişdir. Həmçinin, Həmkarlar İttifaqının iclası zamanı ona məlumat verilməmişdir. Hesab edir ki, əmək hüquqları ciddi pozulmaqla işdən azad edilmişdir. Odur ki, xx.xx.2024– cü il tarixli 8 nömrəli əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və 55 manat mediasiya xərcinin cavabdehdən alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı cavabdeh Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin rəisi X9 iddianı qəbul etmədi, həmçinin əlavə olaraq göstərdi ki, Şəmkir rayon İcra Hakimiyyəti başçının xx.xx.2023–cü il tarixli sərəncamı ilə Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinə rəis vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə işçilərə həm bir–biri ilə, həm də vətəndaşlarla xoş rəftar etməyi tövsiyyə etmişdir. Buna baxmayaraq, İddiaçı işçi kollektivi ilə normal münasibət yaratmamış və işçilərlə, o cümlədən idarənin işçisi Zaur Məhərrəmovla mübahisə etmişdir. Nəticədə iş rejmi pozulmuş, həmçinin iddiaçı tərəfindən əmək funksiyası zamanı pozuntulara yol verilmişdir. Bundan sonra iddiaçıya 2 dəfə xəbərdarlıq etmiş, həmçinin şərait yaratmışdır ki, əmək haqqını almaq şərtilə 1 ay işə gəlməsin. Bunu etməkdə məqsədi iddiaçıya güzəşt etmək, həmçinin iş yerində nizam–intizamı qaydaya salmaqdan ibarət olmuşdur. Çünki, hər dəfə idarədən gedib qayıdanda iş yerində səs–küy olması barədə ona məlumat verilmişdir. Bu hal dəfələrlə təkrarlandığı üçün vətəndaşların narazılıqları çoxalmış, bu səbəbdən məcbur olub iddiaçıya şiddətli töhmət vermiş, həmçinin onu işdən azad etmişdir. Əlavə olaraq bildirir ki, İddiaçı barədə imzaladığı əmrləri qanuni vermişdir. İddiaçı ondan X7 Xidmətinə şikayət etmiş və sonuncu onu cərimələmişdir. O, da qanunsuz cərimə ilə bağlı həmin qərardan məhkəməyə şikayət ərizəsi vermişdir. Əmrlər rəsmiləşdirilərkən qaydalara düzgün əməl etməmişdir. Belə ki, qaydaları özü bilməmişdir. Ona demişlər ki, işçiyə 3 dəfə cəza versən, işdən çıxara bilərsən. Ona görə də işdən azad olunma barədə xx.xx.2024–cü il tarixli əmrdə əsas kimi xx.xx.2024 tarixli şiddətli töhmət yazılmışdır. İdarədə yazılı hər hansı bir vəzifə təlimatı mövcud deyildir, lakin təqaüdçülərin siyahısını hazırlamaq pasport qeydiyyatçısının vəzifəsidir. O, iddiaçıya tapşırmışdır ki, pasport qeydiyyatçısına kömək etsin. Həmçinin, İddiaçı həmkarlar ittifaqının iclasına çağırılmamışdır. İntizam tənbehləri verilərkən iddiaçı izahat verməkdən imtina etmiş, lakin onun imtinası aktlaşdırılmamışdır. Əmrlərdə intizam xətasının baş vermə tarixlərinin olmaması barədə onu deyə bilər ki, bu barədə qaydaları biməmişdir. Hazırda hesab edir ki, xx.xx.2024–cü il tarixli 8 nömrəli əmr qanunidir və ləğvi üçün heç bir əsas yoxdur. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024–cü il tarixli arayışdan görünür ki, iddiaçı Tovuz 1 saylı Mediasiya Təşkilatının təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. 55 (əlli beş) manat məbləğində mediasiya xərcini birinci tərəf–iddiaçı tərəfindən ödənilmişdir. İşdə olan Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023–cü il tarixli əmrindən görünür ki, X9 xx.xx.2023–cü il tarixdən Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin rəisi vəzifəsinə təyin edilmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli aktdan görünür ki, İddiaçı işçi X4 ilə iş zamanı söz–söhbət yaratmış və işçini təhqir edərək iş normalarını pozmuşdur. İşdə olan xx.xx.2024–cü il tarixli 1 nömrəli əmrdən görünür ki, İddiaçı və X4 iş vaxtı müəssisə daxilində etik davranış qaydalarını pozduqlarına görə onlara xəbərdarlıq verilmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli 5 nömrəli əmrdən görünür ki, İddiaçı iş vaxtı müəssisə daxilində etik davranış qaydalarını kobud şəkildə pozduğuna görə ona töhmət verilmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli aktdan görünür ki, İddiaçı xx.xx.2024–cü il tarixdə saat 15:45–də şiddətli töhmətlə razılaşmamış, subordinasiya qaydalarını kobud şəkildə pozaraq müəssisəsinin rəisinin ünvanına nalayiq ifadələr işlətmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli 7 nömrəli əmrdən görünür ki, İddiaçı verilmiş tapşırığı yerinə yetirərəkən yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli aktlardan görünür ki, Kür qəsəbə sakinləri X2 və X5 xx.xx.2024–cü il tarixdə müəssisəyə daxil olaraq hansı səbəbdən vəfat etmiş şəxs kimi adlarının yazılmasını soruşmuş, bu zaman İddiaçı illə vətəndaşlar arasında xoşagəlməz mübahisə yaranmış və vətəndaşları təhqir etmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli aktdan görünür ki, İddiaçı sonuncu dəfə xx.xx.2024–cü il tarixdə saat 11:00–da ona verilmiş intizam tənbehindən nəticə çıxarmaq əvəzinə hər gün işçilərlə aqressiv davranıb, onlara nalayiq sözlər demiş və yersiz yerə işçiləri təhqir etmişdir. İşdə olan X1 xx.xx.2024–cü il tarixli iclasının 4 nömrəli protokolundan görünür ki, Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin kargüzarı İddiaçı işdə buraxdığı nöqsanlara görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70– ci maddəsinin “Ç” bəndinə əsasən işdən olunmasına razılıq verilmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli 8 nömrəli əmrdən görünür ki, İddiaçı xx.xx.2024–cü il tarixdən Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin kargüzarı vəzifəsindən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024–cü il tarixdən xitam verilmiş, əsas kimi Mənzil Təmir İstismar Sahəsinin rəisinin xx.xx.2024–cü il tarixli 7 nömrəli şiddətli töhmət əmri göstərilmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli aktdan görünür ki, İddiaçı işdən çıxarılmasına baxmayaraq, müəssisənin rəhbəri tərəfindən imzalamış əmrlə razılaşmayaraq işə gəlib–getməyə davam etmişdir. İşdə olan və xx.xx.2024–cü il tarixdə Kür qəsəbə sakinləri X2 və X5 tərəfindən yazılmış ərizədən görünür ki, İddiaçı onları təhqir etməmişdir. İşdə olan X7 Xidməti Qazax–Tovuz regional şöbəsinin xx.xx.2024–cü il tarixli məktubundan görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilən zaman əmək qanunvericiliyinin tələbləri pozulmuş və bu barədə əmr qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Bu səbəbdən Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin rəisi Zakir Bağırovun barəsində Azərbaycan Respublikası İXM–nin 192.6–cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə tərəflərin izahtlarının və iş materiallarına əlavə edilmiş sənədlərin məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı 2020–ci il tarixdə Şəmkir rayonu Kür qəsəbə Təmir İstismar Mənzil Sahəsinə kargüzar vəzifəsinə təyin edilmişdir. Həmçinin, Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023–cü il tarixli əmri ilə X9 xx.xx.2023–cü il tarixdən Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, xx.xx.2024–cü il tarixli 8 nömrəli əmr əsasında İddiaçı xx.xx.2024–cü il tarixdən Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin kargüzarı vəzifəsindən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024–cü il tarixdən xitam verilmiş, əsas kimi Mənzil Təmir İstismar Sahəsinin rəisinin xx.xx.2024–cü il tarixli 7 nömrəli şiddətli töhmət əmri göstərilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə əmək müqaviləsinə xitam verilməsi əsaslarının, əmək müqaviləsinin xitam verilməsi haqqında əmrin məzmununun əmək qanunvericiliyinin tələblərinə uyğun olub– olmaması araşdırılmalıdr. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68–ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2–ci hissəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları sadalanmışdır. Həmin maddənin 2–ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə, “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarmasına, “c” bəndinə əsasən əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə, “ç” bəndinə əsasən müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar olaraq (bu Məcəllənin 63–cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), “d” bəndinə əsasən tərəflərin iradəsindən asılı olmayan hallara, “e” bəndinə əsasən tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallara görə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 69–cu maddəsində işçi tərəfindən, 70–ci maddəsində isə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları sadalanmışdır. Məhkəmə, hazırkı fərdi əmək mübahisəsinin predmetinin işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı münasibətlər olduğunu nəzərə alaraq, belə qənaətə gəlir ki, mübahisənin düzgün həll edilməsi üçün Əmək Məcəlləsinin 70–ci maddəsində sadalanan əsasların olub–olmaması müəyyən edilməlidir. Belə ki, Həmin Məcəllənin 70–ci maddəsinin «a» bəndinin tələblərinə görə müəssisə ləğv edildikdə, «b» bəndinin tələblərinə görə işçilərin sayı və ya ştatları ixtisar edildikdə, «c» bəndinin tələblərinə görə peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, «ç» bəndinin tələblərinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72–ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, «d» bəndinin tələblərinə görə sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda, həmçinin «e» bəndinin tələbinə görə dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71–ci maddəsinin 2–ci hissəsinə əsasən bu Məcəllənin 70–ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kolektvinin (onun ayrı–ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Eləcə də, Həmin Məcəllənin 72–ci maddəsi ilə işçi tərəfindən əmək vəzifələrini kobud şəkildə pozulması hesab edilən hallar, 73–cü maddəsi ilə müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası, 74–cü maddəsi ilə tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları və 75–ci maddəsi ilə əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi halları müəyyən edilmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına və sadalanan hüquq normalarına əsasən hesab edir ki, işəgötürən qismində çıxış edən Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin rəisi tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə istinad etdiyi əsas qanunda nəzərdə tutulmamış, həmçinin həmin əmr tərtib edilərkən Əmək Məcəlləsində müəyyən edilmiş qaydalara əməl olunmamışdır. Ona görə də həmin əmr ləğv edilməlidir. Belə ki, xx.xx.2024–cü il tarixli 8 nömrəli əmrlə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2024–cü il tarixdən Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin kargüzarı vəzifəsindən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024–cü il tarixdən xitam verilmiş, əsas kimi Mənzil Təmir İstismar Sahəsinin rəisinin xx.xx.2024–cü il tarixli 7 nömrəli şiddətli töhmət əmri göstərilmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76–cı maddəsinin 1–ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75–ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin maddənin 2–ci hissəsinə tələbinə görə əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə, həmçinin müəyyən etdi ki, Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin rəisinin xx.xx.2024–cü il tarixli 8 nömrəli əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84–cü maddəsində müəyyən edilmiş qaydada tərtib edilməmişdir. Belə ki, həmin Məcəllənin 84–cü maddəsinin 1–ci hissəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Həmin maddənin 2–ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin maddənin 3–cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1– ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin rəisi tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə qanunda nəzərdə tutulmayan əsasa istinad edilmişdir. Halbuki, əmək qanunvericiliyində həmin əsas müəyyən edilməmiş, həmçinin həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası və həmin əsasa görə Əmək Məcəlləsində müvafiq maddə, hissə və bənd nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin rəisi Əmək Məcəlləsində nəzərdə tutulmuş əsasları pozaraq, müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, həmçinin qanunda nəzərdə tutulmuş digər zəruri hallara əhəmiyyət vermədən iddiaçının əmək müqaviləsinə xitam vermişdir. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinə dair cavabdeh Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin rəisinin xx.xx.2024–cü il tarixli 8 nömrəli əmri qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Məhkəmə öz qəaətini onunla əsaslandırır ki, cavabdeh tərəf iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmr verərkən əmək müqaviləsinin ləğv edilməsi qaydalarını tənzimləyən heç bir maddi hüquq normasına istinad etməmişdir. Nəticədə, cavabdeh əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Məcəlləsində nəzərdə tutulmuş tələbləri pozmuşdur. Eləcə də, cavabdehin istinad etdiyi əsas əmək qanunvericiliyində nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300–cü maddəsinin 1–ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75–ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76–cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79–cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İddia tələbinin digər əsası ondan ibarət olmuşdur ki, xx.xx.2024–cü il tarixli əmrinin 3–cü bəndinin alt hissəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndi ilə kargüzar vəsifəsindən azad etmənin və əmək müqaviləsinə xitam vermənin əsası kimi Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin xx.xx.2024–cü il tarixli 7 nömrəli şiddətli töhmət barədə əmri qeyd edilmişdir. Bu isə ona dəlalət edir ki, əslində iddiaçı qeyd edilən pozuntuya görə (“DSMF–na təqdim edilmiş siyahıda faktiki sağ olan 29 nəfərin adının qarşısında ölü kimi qeyd etməsi) eyni zamanda Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndi ilə kargüzar vəsifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bununla da 8 nömrəli xx.xx.2024–cü il tarixli əmr Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 189–cu maddəsinin tələbləri ciddi şəkildə pozulmaqla çıxarılmışdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 189–cu maddəsinin 1–ci bəndinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Həmin Məcəllənin 189–cu maddəsinin 3–cü bəndinə əsasən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qeyd olunan halla bağlı bildirmişdir ki, əmrlər rəsmiləşdirilərkən qaydalara düzgün əməl etməmişdir. Belə ki, qaydaları özü bilməmişdir. Ona demişlər ki, işçiyə 3 dəfə cəza versən, işdən çıxara bilərsən. Ona görə də işdən azad olunma barədə xx.xx.2024–cü il tarixli əmrdə əsas kimi xx.xx.2024 tarixli şiddətli töhmət yazılmışdır. Məhkəmə, qeyd olunan halı Əmək Məcəlləsinin 189–cu maddəsinin 1–ci hissəsinin, o cümlədən 76–cı maddəsinin 2–ci hissəsinin pozuntusu kimi qiymətləndirir. Həmçinin, iddiaçı işdən azad edilərkən X1 iclasına dəvət olunmamışdır. Bu faktı məhkəmə iclasında iştirak edən cavabdeh tərəf də təsdiqləmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin rəisi tərəfindən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin heç bir normasına istinad edilmədən, həmçinin, həmin Məcəllənin 68, 69, 70, 73, 74 və 75–ci maddələrində nəzərdə tutulan əsaslar olmadan xitam verildiyindən, həmin əmr ləğv edilməli, iddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki işinə, yəni Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin kargüzarı vəzifəsinə bərpa olunmalıdır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlara qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə həmçinin, iddianın “ödənilmiş 55 manat mediasiya xidmət haqqının cavabdehdən tutulması” hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 36.5–ci maddəsinə əsasən mediasiyaya dair qeyd–şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtləniə zidd olaraq mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki–Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin rəisinin 19 sentyabr 2024–cü il tarixli 8 nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki işinə, yəni Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin kargüzarı vəzifəsinə bərpa edilsin. İddiaçı Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsi tərəfindən 20 sentyabr 2024–cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxdığı müddət üçün aylıq əmək haqqı hesablanaraq ödənilsin. Cavabdeh Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsindən 55 (əlli beş) manat mediasiya xidmət haqqı tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar