Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-454/2023 15.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: Şəmkir rayonu Keçili Bələdiyyəsinin sədri X1 Cavabdeh: Cavabdeh və onun nümayəndəsi X2 iştirakı ilə İddiaçı Şəmkir rayonu Keçili Bələdiyyəsinin Cavabdeh qarşı bələdiyyə mülkiyyətinə aid zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə işə açıq məhkəmə hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Şəmkir rayonu Keçili Bələdiyyəsi Cavabdeh qarşı bələdiyyə mülkiyyətinə aid zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Şəmkir rayonu Keçili Bələdiyyəsinin mülkiyyətində olan və cavabdehin üzərində 3.37 ha qeyri–qanuni göl yaratdığı 5.0 ha örüş təyinatlı torpaq sahəsinin cavabdehin qanunsuz zəbtindən azad edilməsi və torpağın bələdiyyənin sahibliyinə qaytarılması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, cavabdeh müvafiq VÖEN–ə malik olmaqla, mübahisəli torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Məhkəmənin hazırlıq iclası zamanı iddiaçı Şəmkir rayonu Keçili Bələdiyyəsinin sədri X3 işin aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Cavabdeh məhkəmənin hazırlıq iclası zamanı məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğuldur, vergi ödəyicisi kimi Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmış və ona VÖEN verilmişdir. Belə ki, Şəmkir rayonu, Keçili kəndində yerləşən mübahisəli 5.0 ha torpaq sahəsində süni göl yaratmış, həmin göldə balıq yetişdirir və balıqların satışı ilə məşğuldur, bununla da sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Belə olan halda hesab edir ki, onlar arasında olan mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olduğundan hazırki iş Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Odur ki, hazırki işin Gəncə Kommersiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi X4 məhkəmənin hazırlıq iclası zamanı hazırki işin Gəncə Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iş məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan və 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş Şəhadətnamədən görünür ki, Cavabdeh vergi ödəyicisi kimi xx.xx.2010–cu il tarixdə Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmış və ona ********** VÖEN verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1–ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 25.1–ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmçinin, MPM–in 26.1–ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 30–cu maddəsinə əsasən bir–biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Bundan başqa, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 46–1–ci maddəsinə əsasən, kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019–cu il tarixli “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019–cu il 9 iyul tarixli 1632–VQD nömrəli Qanununun tətbiqi haqqında” Sərəncamının 7–ci bəndinə əsasən bu Sərəncamın 1–3–cü hissələri 2020–ci il yanvarın 1–dən qüvvəyə minir. Yuxarıda qeyd edilənlərdən aydın görünür ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019–cu il tarixli Sərəncamına əsasən, kommersiya məhkəmələrinin təşkil edilməsi qərara alınmış, Sərəncamın kommersiya məhkəmələrinin təşkili ilə bağlı hissələri 2020–ci il yanvarın 1–dən qüvvəyə minmiş, kommersiya məhkəmələri və onların səlahiyyətləri müəyyən edilmiş, həmçinin kommersiya məhkəmələri və ümumi məhkəmələrin səlahiyyətləri fərqləndirilmişdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020–ci il tarixli Qərarının 23–cü bəndində göstərilmişdir ki, mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı məhkəmələrə izah edilmişdir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan, həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44.2.2–ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə iş aidiyyəti üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45.2–ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəmələrə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21–ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə tərəflər arasında olan mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olduğundan, yəni Cavabdeh müvafiq VÖEN–ə malik olmaqla, eləcə də, mübahisəli torpaq sahəsində süni göl yaratmaqla və həmin göldə balıq yetişdirməklə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğundan, iddiaçı Şəmkir rayonu Keçili Bələdiyyəsinin Cavabdeh qarşı bələdiyyə mülkiyyətinə aid zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işin aidiyyatı Gəncə Kommersiya Məhkəməsinə aiddir. Belə olan halda iddia ərizəsi məhkəmə aidiyyətinin pozulması ilə icraata qəbul edildiyindən mülki iş baxışı iclasından aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35, 44, 45 və 263–264 və 267–268–ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Şəmkir rayonu Keçili Bələdiyyəsinin Cavabdeh qarşı bələdiyyə mülkiyyətinə aid zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-454/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-454/2023
15.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver