Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-457/2023 21.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və zəbt edilmiş torpağın qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və zəbt edilmiş torpağın qaytarılması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, JN–227 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında mülkiyyətində olan, Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən 1.25 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.50 ha hissəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinin ona qaytarılması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998–ci il tarixli 52 saylı qərarı ilə ona və digər ailə üzvlərinə Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində 1.25 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN–227 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Lakin cavabdeh ona məxsus həmin torpaq sahəsinin 0.50 ha hissəsini qanunsuz olaraq özbaşına zəbt etmişdir. Dəfələrlə cavabdehə qanunsuz əməllərinə son qoymaq təklif edilsə də, o, buna məhəl qoymamış, ona məxsus torpaq sahəsini zəbtdən azad etməmişdir. Bu səbəbdən məhkəmədə iddia qaldırılmışdır. Odur ki, JN–227 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında mülkiyyətində olan, Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən 1.25 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.50 ha hissəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinin ona qaytarılması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh JN–227 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında onun mülkiyyətində olan, Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən 1.25 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinim 0.50 ha hissəsini özbaşına zəbt edərək təyinatına uyğun istifadə edir. Dəfələrlə cavabdehdən mülkiyyətində olan torpaq sahəsindən çıxmasını, tələb etsə də, cavabdeh ona məhəl qoymamış və qanunsuz hərəkətlərini davam etdirmişdir. Hesab edir ki, cavabdehin sahibliyi qanunsuzdur. Ona görə də cavabdeh ona məxsus torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi ona qaytarılmalıdır. Odur ki, iddianın təmin edilərək, JN–227 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında mülkiyyətində olan, Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən 1.25 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.50 ha hissəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinin ona qaytarılması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh və üçüncü şəxs Mahmudlu Bələdiyyəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan JN–227 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998–ci il tarixli 52 saylı qərarı ilə İddiaçı və digər ailə üzvlərinə Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində 1.25 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022–ci il tarixli mütəxəssis rəyindən görünür ki, JN–227 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında İddiaçı və digər ailə üzvlərinin mülkiyyətində olan, Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən 1.25 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.033 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. İşdə olan məhkəmə tikinti–texniki ekspertizasının xx.xx.2022–ci il tarixli 10/8088 nömrəli rəyindən görünür ki, JN–227 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında İddiaçı və digər ailə üzvlərinin mülkiyyətində olan, Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən 1.25 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.033 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbulediləndir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998–ci il tarixli 52 saylı qərarı ilə iddiaçıya və digər ailə üzvlərinə Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində 1.25 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN–227 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Lakin həmin torpaq sahəsinin 0.033 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. İddiaçı dəfələrlə həmin torpaq sahəsini könüllü olaraq qaytarmağı təklif etmiş, lakin cavabdeh iddiaçıya məxsus torpaq sahəsini qaytarmaqdan imtina etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılması tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, həmin torpaq sahəsinin 0.033 ha hissəsi cavabdehin istifadəsində və sahibliyindədir. Cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84–cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən və iddiaçının mülkiyyətində olan 1.25 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.033 ha hissəsindən cavabdeh çıxarılmalı və torpaq sahəsi iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddiaçının vəsatəti əsasında təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 manat məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. JN–227 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən 1.25 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.033 ha hissəsindən Cavabdeh çıxarılsın və həmin torpaq sahəsi iddiaçıya qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-457/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-457/2023
21.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver