Məhkəmə qərarları › İş №2(076)-692/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-692/2023

30.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-692/2023 30.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, X4 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR-nin Publik Hüquqi şəxsi 11 saylı Şəmkir İdarəsinə qarşı “miras qalmış torpaq sahəsi üzərində vərəsəlik hüququnun tanınmasına” dair ərizəsininin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq m ü ə y y ə n e t d i m: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, X7 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR-nin Publik Hüquqi şəxsi 11 saylı Şəmkir İdarəsinə qarşı “miras qalmış torpaq sahəsi üzərində vərəsəlik hüququnun tanınmasına” dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qızı X1 miras qalmış ünvan 1i ünvanda yerləşən paylı mülkiyyət hüququ üzrə miras qalmış torpaq sahəsi üzərində vərəsəlik hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1i ünvanda 0.07 ha həyətyani (26 aprel 2006-cı il tarixli, JN-2366A saylı) torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Ərizəçi5, Ərizəçi1, Ərizəçi3, X5, Ərizəçi2, X3 paylı mülkiyyət hüququ üzrə ayrılmışdır. Paylı mülkiyyətçilərdən olan X6 14 aprel 2021-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra həmin torpaq sahəsi onlar tərəfindən qəbul edilmişdir. Bu baxımdan miras əmlak üzərində vərəsəlik hüquqlarının tanınması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Ərizəyə əlavə edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR-nin Publik Hüquqi şəxsi 11 saylı Şəmkir İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 1ində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinə dair Ərizəçi5, Ərizəçi1, Ərizəçi3, X8, Ərizəçi2 və X2 adlarına ümumi birgə mülkiyyət hüququ ilə 26 aprel 2006-cı il tarixli JN-2366A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. Əsas: Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 56 saylı qərarı. Qeyd edilən torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı 11 saylı Şəmkir Ərazi İdarəsində məlumat yoxdur. Ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən ərizəçilərə geri qaytarılmalıdır. Belə ki, ərizəçilərin dəlillərində göstərilmişdir ki, ərizəçilər yeganə vərəsə olmaqla miras əmlak onların sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsəlik hüquq münasibətlərinə əsasən vərəsəlik işinin açılması, mirasın qəbulu və ondan imtinanın rəsmiləşdirilməsi, habelə vərəsəlik şəhadətnaməsinin verilməsi mirasın açıldığı yer üzrə notariat orqanının səlahiyyətinə aiddir. Məhkəmələr mirasın qəbulu müddətinin uzadılması, mirasın faktiki qəbulu zamanı bu faktın notarius tərəfindən müəyyən edilə bilmədiyi halda mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, eləcə də vərəsələr arasında mirasın bölüşdürülməsi ilə bağlı razılıq əldə olunmadıqda mirasın bölüşdürülməsinə dair mübahisələrə baxırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1322 və 1323-cü maddələrinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməlidir. Ərizəçilər miras əmlaka vərəsəlik hüququnun tanınması barədə tələbini irəli sürsələr də mirasın qəbul edilməsi üçün ilkin olaraq notariat kontoruna müraciət etməmişlər, notariat kontorunun onların mirası qəbul etməsini rəsmiləşdirməsindən imtina etməsi barədə hər hansı sənədi məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310.1.-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Bununla da müəyyən olunur ki, ərizəçilər Notariat kontoruna müraciət etməsinə dair, habelə lazımi sənədləri ərizəçilərin ala bilməməsinə dair heç bir sənədi ərizələrinə əlavə etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.4.-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Həmin Məcəllənin 149.4.-ci maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəllənin 152.1.1 və 152.1.6.-cı maddəsinin tələbinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizəçilərin diqqətinə çatdırılır ki, onlar, mirasın açıldığı yer üzrə notariat orqanına vərəsəlik hüququ haqda şəhadətnamə verilməsi üçün müraciət etməli, bundan imtina olunduğu halda əsaslar göstərilməklə məhkəməyə müraciət edə bilərlər. Həmin Məcəllənin 152.4.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ərizənin geri qaytarılması ilə bağlı göstərilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə təkrar ərizəsi ilə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, X4 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR-nin Publik Hüquqi şəxsi 11 saylı Şəmkir İdarəsinə qarşı “miras qalmış torpaq sahəsi üzərində vərəsəlik hüququnun tanınmasına” dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçilərə izah olunur ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar